Məhkəmə qərarları › İş №2-2(106)-11/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-11/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-11/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlərdən Cavabdeh3 vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli e-2(121)-444/2023 saylı qətnaməsindən (hakim Zaur Abbasov) Cavabdeh3, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 10 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 43102.25 manat əsas borc, 2210.72 manat faiz borcu və 21.73 manat cərimə olmaqla, cəmi 45334.7 manat məbləğində borcun, 200 manat mediasiya ödənişinin, 26 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sabirabad şəhəri, Füzuli küçəsi, Dalan 2, ev 22A, Yeni qaydalarla AZ5400 Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 279.6 kv.m ümumi, 103.2 kv.m yaşayış sahəsindən, 176.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sabirabad şəhəri, Füzuli küçəsi, Dalan 2, ev 22A, Yeni qaydalarla AZ5400 Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 279.6 kv.m ümumi, 103.2 kv.m yaşayış sahəsindən, 176.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Sabirabad şəhəri, Füzuli küçəsi, Dalan 2, ev 22A, Yeni qaydalarla AZ5400 Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 279.6 kv.m ümumi, 103.2 kv.m yaşayış sahəsindən, 176.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini 10 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranan borcun məbləgi hissədə artıraraq, 43102.25 manat asas borc, 4673.56 manat faiz borcu vǝ 394.74 manat cərimə olmaqla, cəmi 48170.55 manat məbləğində borcun tutulmasını, əvvəl verilmiş iddianın digər hissələrdə olduğu kimi təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair 4-MGZ2-2-0-1604-20 №-li müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASCnin Sumqayıt filialı tərəfindən 120 ay müddətinə, faiz dərəcəsi 30% olmaqla 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 21 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki Sabirabad şəhəri, Füzuli küçəsi, Dalan 2, ev 22A, Yeni qaydalarla AZ5400 Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 279.6 kv.metr ümumi, 103.2 kv.metr yaşayış sahəsindən, 176.4 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 21 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 21 sentyabr 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Əlavə olaraq bankla Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanaraq notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 21%-lə 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2026-cı il tarixinədək uzadılmışdır. 2022-ci il noyabrın 25-dək Cavabdeh3 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 43102.25 manat asas borc, 4673.56 manat faiz borcu vǝ 394.74 manat cərimə olmaqla, cəmi 48170.55 manat borcu vardır. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka qoyan cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli e-2-2(121)-444/2023 nömrəli qərardadı əsasında “Cavabdeh1 məxsus olan Sabirabad şəhəri, Füzuli küçəsi, Dalan 2, ev 22A Yeni qaydalarla AZ5400 Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 279.6 kv.m ümumi, 103.2 kv.m yaşayış sahəsindən, 176.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi” hissəsi üzrə işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli e-2-2(121)-444/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604020\2 nömrəli kredit müqaviləsi üzrə 43102.25 manat əsas borc, 4197.14 manat faiz borcu, 50 manat cərimə, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, 26 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 47620.39 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Sabirabad şəhəri, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 279.6 kv.metr ümumi, 103.2 kv.metr yaşayış sahəsindən, 176.4 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə ilkin satış qiyməti 70300 manat müəyyən edilməklə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 47620.39 manat məbləğində borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh3, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604-20/2 saylı kredit verilməsinə dair razılaşmanın təyinatına əsasən Cavabdeh3 biznes məqsədi üçün 50000.00 manat məbləğində kredit vəsaiti verilməli idi. Lakin Cavabdeh3 bank tərəfindən təqdim edilmiş cari hesabından çıxarış məlumatlarına əsasən 50000.00 manat məbləğində kredit vəsaiti bank tətəfindən Cavabdeh3 hesabına köçürülmüş və həmin məbləğin 35808.34 manatı ayrı kredit ödənişinə silinmiş, 13802.00 manatı nəğd olaraq Cavabdeh3 verilmiş və qalan 388.02 manatı isə komissiya haqlarına tutulmuşdur. Lakin kredit razılaşması üzrə 35808.34 manatın ayrı kredit ödənişinə silinməsinə dair Cavabdeh3 ödəniş tapşırığı və ya razılıq ərizəsi təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604-20/2 saylı kredit verilməsinə dair razılaşmanın şərtlərinə əsasən Cavabdeh3 bank tərəfindən 13802.00 manat məbləğində kredit vəsaiti verilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq izahatında göstərdi ki, iş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə tanış olmuşlar. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu, iş materialları ilə təsdiqini tapmadığını bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər məhkəmədə üzürlü səbəblər olmadan iştirak etməmişlər, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh3 (borc alan), onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri borc məbləğinin müəyyən olunması hissədə qətnamənin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları borcun müəyyən olunması hissədə kifayət qədər araşdırmamış, həmin hissədə mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4-MGZ2-2-0-1604-20 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin surətindən görünür ki, Cavabdeh3 illik 30 faiz dərəcəsi ilə 120 ay müddətinə, kredit üzrə illik cərimə 72% olmaqla, 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4-MGZ2-2-0-1604-20 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2020-ci il tarixli 4-MGZ2-2-0-1604-20 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4-MGZ2-2-0-1604-20 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2020-ci il tarixli 4-MGZ2-2-0-1604-20 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604-20 nömrəli ipoteka müqaviləsindən görünür ki, Sabirabad şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4-MGZ2-2-0-1604-20 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 45000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, ünvan 2 fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604-20/2 nömrəli kredit verilməsinə dair razılaşmanın surətindən görünür ki, Cavabdeh3 faktiki illik 21.52 faiz dərəcəsi ilə 24 ay müddətinə, kredit ödənişinin gecikdirilməsi halında illik 0.20% cərimə tətbiq edilməklə, 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604-20/2 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, borc alan tərəfindən xx.xx.2023-cü il tarixədək 50000 manat əsas, 11662.77 manat faiz borcu olmaqla, cəmi 61662.77 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan “Hesabdan çıxarış”ın və xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixədək ümumilikdə əsas borc üzrə 8804.92 manat, faiz üzrə 5747.09 manat ödəniş həyata keçirilmişdir, qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 43102.25 manat, faiz borcu 4673.56 manat, cəriməsi 394.74 manat olmaqla, cəmi borc məbləği 48170.55 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604-20/2 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC-nin ərizəsinə əsasən xx.xx.2022- ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirak etməmişdirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 9 saylı X1 Bank ASC-nin İçərişəhər filialında olan hesabına 200 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh1 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(121)-444/2023 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/2558 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MGZ2- 2-0-1604-20/2 nömrəli krеdit müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2023- cü il tarixə əsas borcu üzrə 43215.62 manat, faiz borcu üzrə 4197.14 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh1 məxsus, Sabirabad şəhəri, M.ünvan 1-da, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 279.6 kv.m, yaşayış 103.2 kv.m, yardımçı sahə 176.4 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 80804 manat, likvid dəyəri 70300 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri tam şəkildə ödənilmişdir. Kommersiya mübahisəsinə apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının 9.02.2024-cü il tarixli 9/9797 saylı rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli 4-MGZ2- 2-0-1604- 20/2 nömrəli krеdit verilməsinə dair razılaşmanın və 26 may 2022-ci il tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh3 18 oktyabr 2022-ci il tarixə banka olan əsas və faiz borcu 45161.54 manat məbləğində müəyyən edilir. O cümlədən əsas borc üzrə 44734.69 manat, faiz borcu üzrə 426.86 manat. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MGZ2- 2-0-1604-20/2 nömrəli krеdit verilməsinə dair razılaşma və 26 may 2022-ci il tarixli 01 saylı əlavə saziş üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli 4-MGZ2- 2-0-1604- 20/2 nömrəli krеdit verilməsinə dair razılaşmanın və 26 may 2022-ci il tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh3 18 oktyabr 2022-ci il tarixə müəyyən edilmiş banka olan 45161.54 manat məbləğində əsas və faiz borrcundan xx.xx.2022-ci il tarixdə ödənilmiş 1000 manat çıxıldıqda, Cavabdeh3 18 oktyabr 2022-ci il tarixə banka olan faiz borcu tam ödənilmiş, əsas borcu isə 44161.54 manat məbləğində müəyyən edilir; İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh3 krediti üzrə banka xx.xx.2023-cü il tarixindən sonra xx.xx.2023-cü il tarixədək 920 manat məbləğində ödəniş aparılmışdır. Hazırki tədqiqatla kredit müqaviləsi üzrə borc qalığının hesablanması xx.xx.2023-cü il tarixədək aparıldığından, sonradan ödənilən 920 manat məbləğində kredit ödənişi hazırki hesablamada nəzərə alınmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə kreditor borc alana xx.xx.2022-ci il tarixində verdiyi bildirişində müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını bəyan edərək borcun qalıq məbləğinin tam olaraq ödənilməsini tələb etdiyindən, kredit müqaviləsi kreditor tərəfindən həmin tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab olunur və belə olan halda bildirişin verildiyi tarixdən sonra faiz borcunun və cərimənin kredit müqaviləsindəki faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. İşə baxan birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə almadan təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilə müddətini nəzərə alaraq maliyyə arayışının verildiy tarixə, yəni xx.xx.2023-cü il tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyinə uyğun əsas borc və faiz borc məbləğlərini müəyyən etmişdir. Halbuki kreditor borc alana xx.xx.2022-ci il tarixində verdiyi bildirişində müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını bəyan edərək borcun qalıq məbləğinin tam olaraq ödənilməsini tələb etmişdir ki, belə olan halda kredit müqaviləsi kreditor tərəfindən həmin tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi borc məbləğinin müəyyən olunması hissədə dəyişdirilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulacaq kredit öhdəliyinin məbləği apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan tarixədək edilmiş ödəniş nəzərə alınmaqla 44161.54 manat (qırx dörd min yüz altmış bir min manat əlli dörd qəpik) məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan tarixdən sonra isə edilən ödəniş qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604-20/2 saylı kredit verilməsinə dair razılaşmanın təyinatına əsasən Cavabdeh3 bank biznes məqsədi üçün 50000.00 manat məbləğində kredit vəsaiti verməli idi. Cavabdeh3 bank tərəfindən təqdim edilmiş cari hesabından çıxarış məlumatlarına əsasən 50000.00 manat məbləğində kredit vəsaiti bank tətəfindən Cavabdeh3 hesabına köçürülmüş və həmin məbləğin 35808.34 manatı ayrı kredit ödənişinə silinmiş, 13802.00 manatı nəğd olaraq Cavabdeh3 verilmiş və qalan 388.02 manatı isə komissiya haqlarına tutulmuşdur. Lakin kredit razılaşması üzrə 35808.34 manatın ayrı kredit ödənişinə silinməsinə dair Cavabdeh3 ödəniş tapşırığı və ya razılıq ərizəsi təqdim edilməmişdir. İddiaçı ASC-nin İdarə heyətinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusunun 8-ci bəndində qeyd olunur ki, müştərinin bank qarşısında öhdəliyi olduqda və ya hesabına dair müvafiq məhkəmə qərarı mövcud olduqda, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda müştərinin razılığı və sərəncamı olmadan onun bankda olan istənilən hesablarındakı pul vəsaiti öhdəlik həcmində bank tərəfindən silinə bilər. Kreditorla borc alan Cavabdeh3 arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilənin 11-ci bəndində qeyd olunur ki, müştəri bu müqaviləni imzalamaqla bəyan edir və təsdiq edir ki, bu müqaviləyə əlavə edilən hüquqi şəxslər və fərdi sahibkarlar üçün bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusunu oxudu, tanış oldu və qeyd edilən şərtləri tam qəbul edir. Müqavilənin 13-cü bəndinə əsasən bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusu müqavilənin ayrılmaz tərkib hissəsidir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2021-ci il tarixli 4-MGZ2-2-0-1604-20/2 saylı kredit verilməsinə dair razılaşmanın təyinatına əsasən Cavabdeh3 biznes məqsədi üçün verilməli olan 50000.00 manat məbləğində kredit vəsaitinin 35808.34 manatının ayrı kredit ödənişinə silinməsi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn bir hal olmuşdur. Belə ki, borc alanın özünün tanış olaraq təsdiq etdiyi şərtlər toplusuna əsasən onun razılığı və sərəncamı olmadan bankda olan istənilən hesablarındakı pul vəsaiti öhdəliyi həcmində bank tərəfindən silinə bilər. Bundan başqa əgər bank xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşma əsasında borc alana verməli olduğu 50000 manat kredit məbləğinin 35808.34 manat hissəsinin ayrı kreditin ödənişinə silinməsi halı ilə borc alan razılaşmış, bununla bağlı kreditora qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı hər hansı bir tələb irəli sürməmiş, yalnız kreditor hazırki iddianı qaldıran zaman əks arqument olaraq səsləndirmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində iştirak etmiş cavabdehin vəkili, eyni zamanda nümayəndəsi iddianı əsas borc məbləği hissədə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir; 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir; 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir; 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir; 307.6-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır; 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir; 317.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka), 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur, 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir, 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır, 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur, 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir, 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər, 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır, 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Kollegiya iş materiallarını sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqe baxımından tədqiq edərək belə nəticəyə gəlir ki, tutmanın ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal iş materialları ilə müəyyən olunmur. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrində bütün mühüm zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmiş, ipoteka müqaviləsi notariat qaydada təsdiq olunmuş və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehlərə də bununla bağlı müvafiq bildirişlər verilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi kimi arqumentlər apellyasiya şikayətinin dəlilləri sırasında yer almamışdır. Bununla belə cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini istədiyindən həmin hissədə də, araşdırma aparılmış və müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirməsini həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş qiymətləndirmə rəylərinə nəzər yetirsək, qiymətləndiricinin rəyi bilavasitə əmlaka baxış keçirməklə, təmir vəziyyəti (fotoşəkillər əlavə olunmuşdur) və sair hallar nəzərə alınmaqla verilmişdir. Apellyasiya şikayətində işdəki ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək bir əsaslandırma gətirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli e-2(121)-444/2023 saylı qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 43102.25 manat əsas borc, 4197.14 manat faiz borcu, 50 manat cərimənin müştərək qaydada tutulması hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 44161.54 manat (qırx dörd min yüz altmış bir manat, əlli dörd qəpik) məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İsmayıl Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar