Məhkəmə qərarları › İş №2-2(106)-110/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-110/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-110/2023 12.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-2(121)-61/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Yelo Bank” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 20.202,10 manat əsas borc, 6.425,63 manat faiz borcu, 480,64 manat cərimə borcu olmaqla, ümumilikdə 27.108,37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə "Yelo Bank” ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "Yelo Bank” ASC-dən illik 25 faizlə 24 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixədək, xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2021-ci ilədək Cavabdeh1 banka xx.xx.2020ci il tarixli kredit müqaviləsi üzrə 20202.1 manat əsas borc, 6425.63 manat faiz borcu və 480.64 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27108.37 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Masallı Rayon Məhkəməsinin 2(050)-3113/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə "Yelo Bank” ASC arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 20202.1 manat əsas borc, 6425.63 manat faiz borcu və 48 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26675.73 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Yelo Bank” ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1837/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(050)-3113/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı "Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X7 Məhkəməsinin icraatında olan zaman iddiaçı "iddia ərizəsinə əlavə” ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək "Yelo Bank” ASC-nin xeyrinə 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 19.602,1 AZN əsas borcun, 12.497,95 AZN faiz borcun, 6.816,49 AZN cərimə borcun, 301,2 AZN illik 5% hesablanmış əldən çıxmış fayda olmaqla, ümumilikdə 39.217,74 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 ilə "Yelo Bank” ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-2(121)-61/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19.602,10 manat məbləğində əsas borc, 10.987 manat məbləğində faiz borcu, 700 manat məbləğində cərimə borcu, illik 5 faizlə hesablanmış 301,20 manat faiz borcu və 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 31.610,30 (otuz bir min altı yüz on manat, otuz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manatının müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 50 (əlli) manatının isə iddiaçı "Yelo Bank” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi, faiz və cərimə borcunun azaldılaraq real olaraq müqavilə şərtlərinə əsasən təkrar ekspertiza keçirilməklə, yenidən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Yelobank ASC-dən 24 ay müddətinə illik 25 faizlə 20.000 manat kredit götürmüşdür. Sonradan bağlanmış sazişlərə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin 2022-ci ilin mart ayında COVİD 19 pandemiyası yarandığı üçün o, işləyə bilməmişdir və krediti ödəyə bilməmidir. Lakin kreditdən müəyyən ödənişlər olmuşdur. Lakin məhkəmə araşdırması düzgün aparılmamışdır. Bank ilkin olaraq ona qarşı Masallı Rayon Məhkəməsinə müraciət etmiş və cavabdehdən 6425,63 manat faiz borcu tələb olunmuşdur. Sonradan iş aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilmiş və tələb olunan faiz borcu şişərək 12.497,95 manat olmuşdur. Halbuki, faiz borcu müqavilə müddətinin son tarixinə kimi hesablana bilərdi. Lakin fazi borcu həddindən artıq yüksək hesablanmışdır. Müqavilə ümumilikdə 2 il müddətinə bağlanmışdır, 2 il 25 faizlə faiz borcu cəmi hesablasaq 8.000 manat edir, cavabdehin ödənişlərinin çox hissəsi faizdən çıxılmışdır ki, belə olan halda faiz borcu daha aşağı olmalıdır, lakin hazırda cavabdehdən 10.987 manat faiz borcu tutulmuşdur. Belə məbləğin yaranması mümkün və real deyildir. Lakin məhkəmə qeyd olunan halları araşdırmamış, ondan artıq pul tutmuşdur. Halbuki, o, götürdüyü öhdəlik qarşılığında cavabdehlik daşıyır. Öhdəliyindən artıq ondan pul tutula bilməzdi. Bu hal həm müqavilə həm də qanunun şərtlərinə uyğun deyildir. Həmçinin, iş materiallarından görünür ki, müqavilə müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, lakin ekspert rəyindən görünür ki, borc xx.xx.2022-ci il tarixə hesablanmışdır. Buda ekspertiza tədqiqatının düzgün aparılmadığını göstərir. Bundan başqa, cərimə borcu həddindən artıq yüksəkdir, maddi vəziyyətim pisdir, cərimə borcunun silinməsini istəyir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, təkrar olara ekspertiza tədqiqatı keçirilməmişdir. Halbuki, borc məbləği müqavilə müddəti bitdikdən sonra hesablana bilməzdi. İş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası keçirilməlidir. - işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlər məcmusunu, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəfləri hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. - işin hallarının tədqiqinin tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. Bunun üçün hakim maddi hüquq normalarına uyğun olaraq tədqiqat predmetini (sübutetmə predmetini) müəyyən etməli və sübutların adiliyini və mümkünlüyü qaydalarını rəhbər tutaraq işə bütün zəruri sübutları cəlb etməlidir. Əks təqdirdə, tədqiqatın tamlığını təmin etmək qeyri-mümkündür. Əgər hakim mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmazsa və ya sübutlarla təsdiq olunmayan hər-hansı halları tanıyarsa, iş üzrə halların tədqiqinin tamlığı tələbi pozulmuş olacaqdır. - İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi həm də məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, həm də iş üçün əhəmiyyət kəsb edən digər hallarını araşdırılmasında əhatə edir. Eyni zamanda hakim tərəflərin iş üçün əhəmiyyət kəsb edən hər-hansı hal barəsində təqdim etdiyi məlumatları yoxlamaqdan və ya araşdırmaqdan imtina edə bilməz. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləinin tam əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə iştirak etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi, faiz və cərimə borcunun azaldılaraq real olaraq müqavilə şərtlərinə əsasən təkrar ekspertiza keçirilməklə, yenidən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni qismən- faiz və cərimə borcuna dair hissələrdə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 24-MZ2-2-0-53-20 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 25 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 20.000 manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "Yelo Bank” ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 24 MZ2-2-0-53-20(1) saylı və 31 yanvar 2020-ci il tarixli, 24-MZ2-2-0-53-20(2) saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əlavə sazişdən görünür ki, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 24-MZ2-2-0-53-20 nömrəli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqavilə ilə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Eyni tarixdə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə də zaminlik müqavilələri yenilənmişdir. İş materiallarında olan "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əlavə sazişdən görünür ki, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 24-MZ2-2-0-53-20 nömrəli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqavilə ilə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Eyni tarixdə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə də müqavilə yenilənmişdir. İş materiallarında olan "Yelo Bank” ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 19.602.1 manat əsas, 12.497,95 manat faiz və 6.816,49 manat cərimə borcu olmaqla, ümumilikdə 39.217,74 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumatlandırılmışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli, 9/630 saylı ekspert rəyində qeyd edilmişdir ki, 31 yanvar 2020-ci il tarixli, 24 MZ2-2-0-53-20 saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə Cavabdeh1 "Yelo Bank” ASC-nə olan borcu 30.891,72 manat (əsas kredit borcu 19.602,1 manat, faiz borcu 10.987 manat, faiz borcu 5% ilə 302,62 manat) müəyyən edilir. Qeyd edilən ekspertizanın xərci 150 manat təşkil etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və ekspert rəyinə əsasən də, iddianı qismən təmin etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Eyni zamanda apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəf faiz və cərimə borcunun düzgün hesablandığını qeyd etsə də, müraciətini tam olaraq əsaslandırmamış və zəruri sübutlarını şikayətinə əlavə etməmişdir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-2(121)-61/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar