Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-110/2024 16.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Komersiya Kollegiyası hakimlər X15 (sədrlik edən və məruzəçi), X18 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X21 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu X14 Cavabdeh qarşı mübahisəli torpaq sahəsindən çıxarılma və digər tələblərinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-16/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Abşeron rayonu X17 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (X5) Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha torpaq sahəsi, 2.24 ha torpaq sahəsi və 0.3120 ha torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, 1.3182 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 2 № icarə müqaviləsinin, 2.24 ha torpaq sahəsi icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 1№ icarə müqaviləsinin, 0.3120 ha torpaq sahəsi icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli 8 № icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına (X5) icarə hüquqlu verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması və ödənilməmiş 12352 manat icarə haqqının və ödənilmiş olan 210 manat mediasiya haqqının Cavabdeh (X5) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon X17 tərəfindən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 2.24 ha torpaq sahəsi 99 il müddətində xx.xx.2011-ci il tarixli 1 № icarə müqaviləsi əsasında, 1.3182 ha torpaq sahəsi 99 il müddətində xx.xx.2011-ci il tarixli 2 № icarə müqaviləsi əsasında, 0.3120 ha torpaq sahəsi 99 il müddətində xx.xx.2011-ci il tarixli 8 № icarə müqaviləsi əsasında Cavabdeh (X5) icarəyə verilmiş, cavabdeh həmin icarə müqavilələrinə uyğun olaraq ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli icarə hüquqlu çıxarışlar əldə etmişdir. Lakin cavabdeh həmin torpaq sahələrindən nə təyinatı üzrə istifadə etmiş, nə də aylıq icarə haqlarını vaxtında ödəmişdir. Hal-hazırkı dövrə cavabdehin ödənilməmiş icarə haqqı 12352 manat məbləğ təşkil etməkdədir. Torpaq sahələri uzun illərdir ki, təyinatı üzrə istifadə edilmədiyindən həmin torpaq sahələri eroziyaya uğrayır. Bu isə kənd təsərrüfatlı torpaqların məhsuldarlığını aşağı salır. Bələdiyyə ərazisində olan torpaqlara nəzarəti həyata keçirir. Torpaq sahəsinin mülkiyyətçisi kimi bu nəzarət daha güclüdür. Bu səbəbdən Bələdiyyə həmin torpaq sahələrinin təyinatı üzrə istifadəsində maraqlıdır. Bu istifadə uzun illər ərzində həyata keçirilmədiyindən eyni zamanda icarə haqları vaxtında ödənilmədiyindən həmin icarə müqavilələri ləğv edilməli, müvafiq çıxarışlar ləğv edilməli və ödənilməmiş icarə haqqı ödənilməldir. İddiaçı tərəfindən işin kommersiya məhkəmələrinə aidiyyatını nəzərə alaraq müvafiq mediasiya təşkilatına müraciət edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli “İlkin mediasiyya sessiyasında iştirak edilməməsi barədə” Arayış iddiaçıya təqdim edilmişdir Bundan sonra iddiaçı tərəfindən cavabdehin “VÖEN” hesabına pretenziya məktubu göndərilmiş və 3 gün vaxt qoyulmuşdur. Lakin bu günə kimi heç bir cavab tədbiri görülməmişdir. Cavabdeh X5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək X8 qarşı qaldırdığı 12352 manat məbləğ icarə haqqının şişirdilmiş olduğunu qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslanmışdır ki, iddiaçı Abşeron rayonu X13 cavabdeh X3 qarşı qaldırdığı iddia ilə əlaqədar bildirir ki, həqiqətən Abşeron rayon X17 ilə onun arasında xx.xx.2011-ci il tarixdə Abşeron rayonu X13 mülkiyyətində olan 2.24 ha., 1.3182 ha. və xx.xx.2021-ci il tarixdə 0.3120 ha. torpaq sahələrini 99 il müddətinə icarəyə götürmüşdür. İcarəyə götürdüyü torpaq sahəsində (0.31 ha.) kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə sahəsi 300 m2 olan tövlə və sahəsi 200 m2 olan naxırçı evi tikmək üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, Abşeron RİH xx.xx.2011-ci il tarixli 518 saylı sərəncamı ilə ona bu icazəni vermişdir. Abşeron ərazisində fəaliyyət göstərən "xxxx" Mənzil-Tikinti Kooperativi müvafiq eskiz layihəsi hazırlamışdır. Tikintiyə başlamaq məqsədi ilə tikintinin koordinatlarını müəyyən etmək üçün X13 və Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin Abşeron ərazi idarəsinin nümayəndələrini həmin əraziyə dəvət etmişdir. 0.31 ha. torpağın koordinatların müəyyən edərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi ona təhvili verilərkən səhvə yol verilibmiş. Torpaq faktiki olaraq Müşviq qəsəbəsindən axıb gələn çirkab sularının altında qalır. Bu səbəbdən orada heç bir tikinti işləri aparmaq və təsərrüfat işləri ilə məşğul olmaq mümkün deyil. Ona söz verdilər ki, digər sahədən torpaq ayrılacaqdır. Uzun müddət X12 yeni yararlı torpaq sahəsi ayırmaq üçün verdiyi vədlərə əməl etmədi. Hər il 3171 manat olmaqla, bir neçə il icarə haqqım ödəmişdir. X17 15 fevral 2021-ci il tarixli 06 saylı protokounun 04 saylı qərarına əsasən ondan 14513,60 manat borcun ödənilməsi haqqında tələb irəli sürmüşdür. O bu məbləğin şişirdilmiş olduğuna görə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsi (iş 2-1(118)-203\2022) xx.xx.2022-ci il tarixli iclasında onun etirazı ilə bağlı ekspertiza təyin edilməsi haqqında qərar vermişdir. İqtisadi ekspertizalar şöbəsinin böyük eksperti 1-ci dərəcəli ədliyyə qulluqçusu X16 24 iyun 2022-ci il tarixdə ekspert rəyini Sumqayıt inzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə təqdim etdi. Ekspertiza rəyində bildirilir: Abşeron rayon X13 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarı ilə X1 barəsində hesablanmış borc məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanmaması müəyyən edildi. Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərə məhkəmə iclası təyin etməyinə baxmayaraq, X13 nümayəndəsi iclaslara gəlməmişdir. Ekspert rəyi onları qane etmədiyindən bu işin Sumqayıt İnzibati Məhkəməsinidə baxışda olmasına baxmayaraq, X19 Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-16/2024 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia qismən təmin edilərək iddiaçı Abşeron Rayonu X17 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 2 saylı, xx.xx.2011-ci il tarixli 1 saylı və xx.xx.2011-ci il tarixli 8 saylı icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən Abşeron Rayonu X13 mülkiyyətində olan 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələrinin üzərində istifadə hüququna xitam verilməsi, Cavabdeh tərəfindən Abşeron Rayonu X13 mülkiyyətində olan 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələrinin iddiaçı Abşeron Rayonu X17nə geri qaytarılması, Cavabdeh 9264 manat məbləğində icarə haqqı və mediasiya xərci olaraq ödənilmiş 210 manat olmaqla, ümumilikdə 9474 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Abşeron Rayonu X17nə ödənilməsi, iddianın 3088 manat icarə haqqının cavabdehdən tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayət onunla əsaslandırılmışdır ki, videoçəkilişlə aparılan məhkəmə islası zamanı o, məhkəmə qarşısında şifahi vəsatət qaldıraraq hazırkı iş baxılması üçün ya Abşeron Rayon Məhkəməsinə, ya da işin məhkəmə tərəfindən kommersiya işi kimi qiymətləndirdiyi halda, baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Təəssüf ki, məhkəmə vəsatəti bağlı heç bir tədbir görməmiş, heç bir hüquqi qiymət verməmişdir. İddia ərizəsi məhkəmə aidiyyəti üzrə verilməmiş və məhkəmə də öz növbəsində məhkəmə aidiyyəti ilə bağlı prosessul normaları kobud surətdə pozmaqla işi qəbul edərək baxılmağa qərar vermişdir. Məhkəmə araşdırması zamanı da işin həmin məhkəməyə aidiyyəti olmadığını yəqin etməsinə baxmayaraq, bununla bağlı vəsatətinin olduğunu nəzərə almadan işə baxmağı davam etmiş və qanunsuz qətnamə qəbul etmişdir. Odur ki, bu qanunsuz qətnamə ləğv edilməli və prosessual qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə baxılması üçün göndərilməlidir. Birinci növbədə nəzərə almaq lazımdır ki, tərəflər arasındakı yaranmış mübahisə icarə müqaviləsi və ondan irəli gələn öhdəliklərin icrası ilə bağlı mübahisədir. Məlum olduğu kimi icarə müqaviləsi sırf mülki hüquqi münasibətlərdir. Odur ki, bu münasibətlərdən yaranmış mübahisələrin həlli mülki hüquqi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Müqavilənin torpaq icarəsi ilə bağlı olduğu nəzərə alınsa, daşınmaz əmlakın yerləşdiyi ərazinin məhkəməsi tərəfindən, konkret olaraq Abşeron Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Ərizənin cavabdehin faktiki yaşadığı yer üzrə verilməsi halında da iş Şirvan Şəhər Məhkəməsi tərəfindən deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdir. Belə ki, faktiki yaşadığı ünvan Yasamal rayonu ərazisində yerləşir. İkinci, mülki işin ümumi məhkəməyə aid olmasını təsdiq edən mühüm bir faktı da qeyd etmək istəyir ki, onun da mühümlüyü məhz iddiaçının özü tərəfindən yazılı olaraq qeyd etməsi faktıdır. Belə ki, iddiaçının vəkilinin köməkliyi ilə tərtib etdiyi iddia ərizəsində “alt kateqoriya” qrafası qarşısında: “icarə müqaviləsi üzrə mübahisələr” sözləri aşkar surətdə qeyd edilmişdir. Deməli yaranmış bu mübahisə mülki hüquqi münasibətlərdən yaranmış mübahisə olmaqla ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə əlaqədar yaranmış mübahisənin məzmunundan da göründüyü kimi, icarəçi icarəyə verənin icarə müqaviləsindən irəli gələn öhdəliyə əsasən götürdüyü icarə haqlarını ödəmədiyinə görə icarə müqaviləsinə xitam verilməsini və haqlarının ödənilməsini ərizəsində xahiş etmişdir. Belə olduğu təqdirdə, burada hansı sahibkarlıq fəaliyyətindən söhbət gedə bilər? Deməli bir daha təsdiq olunur ki, bu iş mülki mübabisə olmaqla ümumi məhkəmələr tərəfindən baxıla bilər. Tutaq ki, bu iş kommersiya məhkəmələrinə aiddir. Hətta bu halda da iş Şirvan Kommersiya Məhkəməsində deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Birinci, ona görə ki, tərəflər arasında müqavilə Abşeron rayon ərazisində bağlanmışdır ki, ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə aid olacaqdır. İkinci, icarə müqaviləsinin predmetinin daşınmaz əmlak olan torpaq sahəsi təşkil edir ki, buna görə də bununla bağlı mübahisə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilər. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətinin əsasını birinci olaraq şikayətdə qeyd etdiyi aidiyyət məsələsi təşkil edir. İkincisi, birinci instansiya məhkəməsi zamanı ekspertiza təyin olunsa da, ekspert qarşısına 4 sual qoyulmuş, suallardan 3-ü texniki suallardan ibarət olmuş, ekspert 4-cü sualı cavabsız qoymuşdur. Üçüncü məsələ ondan ibarətdir ki, qarşı tərəf ondan hüquqi cəhətdən son 3 il üçün 9000 manat məbləğində pul tələb edir. 13 ildir ki, torpaq onun istifadəsindədir. 2012, 2013, 2014-cü illərdə ödənişlər etsə də, son 10 ildir ki, heç bir ödəniş etməmişdir. Belə ki, həmin torpaq sahəsində kanal var və üfunət iyindən orada qalmaq mümkün deyil. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və orada mal-qara üçün tövlə tikmişlər. Orada tövlə tikə bilər və bununla bağlı müvafiq sərəncam var. Kanaldan üfunət iyi gəlirdi deyə o da ödəniş etməməyə qərar vermişdir. Torpaq sahəsini 2011-ci ildə almış, 50000 manata torpağı özəlləşdirmişdir. Ona 4 ha torpaq sahəsi vermişlər. Torpağın sahibi yox idi və ona torpağı Abşeron Rayon İcra Hakimiyyətindən vermişlər. Torpaq sahəsi ona icarə müqaviləsi əsasında verilmişdir. Torpaq sahəsini alan kimi icarə haqqı ödənilmir. 1 il sonra ödənilir. 0.31 ha torpaq sahəsində tövlə tikmək istəmişdir. 2011-ci ildə torpaq sahəsinin göstərildiyi yerdə yox, kanalın yanında olmasını müəyyən etmişdir. Bununla bağlı şifahi müraciətləri olmuşdur. Torpaq sahəsi zibilliyin yanına düşdüyü üçün tikinti işləri apara bilməmişdir. Ona görə ödəniş etməmişdir. Rəsmi müraciəti olmuşdur. Lakin Bələdiyyədə kargüzarlı işləri zəif olduğu üçün müvafiq sənədləri tapa bilmirlər. Hazırda əlində bu barədə sənəd yoxdur. Bələdiyyə sədrinə müraciətləri olmuşdur. Onda bu barədə sənədlərin olub-olmamasını dəqiq bilmir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, aidiyyət məsələsi mülki prosessual qanunvericiliklə tənzimlənir. Qanunvericiliyin tələblərinə əsasən cavabdeh Laçın rayonunda qeydiyyatda olduğu üçün işə Şirvan Kommersiya Məhkəməsinə baxılmışdır. İcarə haqqı ilə bağlı qeyd edir ki, qanunveriliciyin tələblərinə və Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən 3 il təşkil edir. Onlar da onu tələb etmişlər. Əlavə olaraq qeyd edir ki, torpaq təyinatı üzrə istifadə edilməmiş, icarə haqqı ödənilməmiş, onlar da bu səbəbdən iddia qaldırmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-16/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışdan görünür ki, 0.3120 ha torpaq sahəsi Abşeron rayonu X13 mülkiyyətindədir. İşdə olan Abşeron rayonu X17 ilə X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 0.3120 ha torpaq sahəsi 99 il müddətinə, icarə haqqı illik 260 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.3120 ha torpaq sahəsi üzrə icarə hüququ X2 xeyrinə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, 1.3182 ha torpaq sahəsi Abşeron rayonu X13 mülkiyyətindədir. İşdə olan Abşeron rayonu X17 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 1.3182 ha torpaq sahəsi 99 il müddətinə, icarə haqqı illik 1080 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha torpaq sahəsi üzrə icarə hüququ Cavabdeh xeyrinə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, 2.24 ha torpaq sahəsi Abşeron rayonu X13 mülkiyyətindədir. İş materiallarında olan Abşeron rayonu X17 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 2.24 ha torpaq sahəsi 99 il müddətinə, icarə haqqı illik 1837 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 2.24 ha torpaq sahəsi üzrə icarə hüququ Cavabdeh xeyrinə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli rəyindən görünür ki, istənilən torpaq sahəsi bələdiyyənin ehtiyat fondunda olmaqla, torpaq uçot materiallarında yararsəz torpaq sahəsi kimi qeydiyyata alınmışdır. Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məqədilə açıq torpaq müsabiqəsi vasitəsilə icarə qaydasında uzun müddətli icarəyə verilməsinə DTXK-nın Abşeron rayon şöbəsi etiraz etmir. İş materiallarında olan 4 saylı Abşeron Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən cavabdeh X4 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən cavabdeh X4 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar katqeoriyasına aidir (sahibkarlıq). Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X4 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi sənəd üzrə X4 icarəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən cavabdeh X4 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsinin koordinatları daxilində ev, anbar tikililəri mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2023- cü il tarixli 3-16-16/2-10/7935 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-12576/23 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən cavabdeh X1 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasında əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən cavabdeh X1 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir (sahibkarlıq). Mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən cavabdeh X1 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsinin sənəd üzrə X1 icarəsində olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən cavabdeh X1 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsinin koordinatları daxilində ev, anbar tikililərin mmövcud olmadığı müəyyən edilir. İş materiallarında olan Abşeron rayonu X17 tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli 1 saylı icarə müqaviləsi, xx.xx.2011-ci il tarixli saylı icarə müqaviləsi və xx.xx.2011-ci il tarixli 8 saylı icarə müqaviləsi əsasında ümumi göstərilməklə cavabdehin 2019-2022-ci illər üzrə icarə haqqı borcu 12352 manat təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abşeron rayonu X17 tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 0.3120 ha torpaq sahəsinin illik icarə haqqının 260 manat, xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 1.3182 ha torpaq sahəsinin illik icarə haqqının 1080 manat və xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 2.24 ha torpaq sahəsinin illik icarə haqqının 1837 manat olması barədə razılığa gəlmişlər. Bundan əlavə, iddiaçının təqdim etdiyi maliyyə arayışında cavabdehin ümumilikdə 12352 manat borcunun olduğu qeyd olunsa da, iddiaçının nümayəndəsi - vəkilinin məhkəmə iclasında verdiyi izahatında cavabdehdən 9264 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə həmçinin, iddianın müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün Abşeron rayonu X17 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 2 saylı, xx.xx.2011-ci il tarixli 01 saylı və xx.xx.2011-ci il tarixli 8 saylı icarə müqavilələrinin ləğv edilməsi hissəsini əsaslı hesab edir. Belə ki, Abşeron rayonu X17 ilə Cavabdeh arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayonu X13 mülkiyyətində olan 2.24 ha, 1.3182 ha və 0.3120 ha torpaq sahəsi 99 ilədək icarəyə verilməsi ilə bağlı icarə müqavilələr bağlanılmışdır. Cavabdeh Abşeron rayonu X17 ilə icarə müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, icarə haqqını qeyd edilən müqavilələrdə göstərilən müddətdə və miqdarda icarəyəverənə ödənilməsini təmin etməmişdir. Bu hal cavabdehin məhkəmə iclasında verdiyi izahatla da öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2011-ci il tarixli 1 saylı, xx.xx.2011-ci il tarixli 2 saylı və xx.xx.2011-ci il tarixli 8 saylı icarə müqavilələrinin ləğv edilməsinə əsas kimi cavabdehin həmin müqavilələr üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsinə, yəni icarə haqqının ödənilməməsinə istinad etmişdir. Məhkəmə, eyni zamanda müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdeh isə iddiaya dair etiraz təqdim edərək müqavilənin ləğvi üçün əsasların olmadığını ifadə etmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab etmişdir ki, mübahisə olunan icarə müqaviləsi məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilələrin ləğv edilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış icarə müqavilələrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh icarə müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərlə tərəflər arasında sözügedən torpaq sahələrinin icarəyə verildiyi barədə müqavilələrin bağlandığı müəyyən olunur. Cavabdeh icarə müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, icarə haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda icarəyə verənə ödənilməsini təmin etməmiş və nəticədə cavabdehin 9264 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, cavabdehin icarəyə götürdüyü torpaq sahələrindən istifadəyə görə borcunun yarandığı işin mübahisəsiz halını təşkil edir. Belə olan təqdirdə, cavabdehin Abşeron rayonu X13 mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələrinin iddiaçıya təhvil verməsi üçün hüquqi əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının “cavabdeh tərəfindən Abşeron rayonu X13 mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələrinin iddiaçıya təhvil verilməsi” tələbi təmin edilməli və cavabdeh Abşeron rayonu X13 mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələri iddiaçıya geri qaytarmalıdır. Məhkəmə iddianın “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha torpaq sahəsi, 2.24 ha torpaq sahəsi və 0.3120 ha torpaq sahəsi üzərində cavabdehin istifadə hüququna xitam verilməsi” hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müvafiq icarə müqavilələrinin ləğvi üçün əsaslar mövcud olduğundan və həmin torpaq sahələri iddiaçıya geri qaytarılmalı olduğundan iddiaçının qeyd olunan tələbi təmin edilərək Cavabdeh Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən Abşeron Rayonu X13 mülkiyyətində olan 1.3182 ha, 2.24 ha və 0.3120 ha torpaq sahələri üzərində istifadə hüququna xitam verilməlidir. Məhkəmə cavabdehin etirazını və yuxarıda sadalanan halları birgə araşdıraraq hesab edir ki, etirazda qeyd olunan hallar iddianın rədd olunması üçün əsaslı deyildir. Çünki, cavabdeh X1 xeyrinə yüklü edilən 0.3120 ha torpaq sahəsinin həm sənəd üzrə, həm də ekspert rəyi ilə X1 icarəsində olduğu müəyyən edilir. Bununla yanaşı, cavabdeh tərəfindən 0.3120 ha torpaq sahəsinin iddiaçıya geri qaytarıldığı, habelə həmin torpaq sahəsi ilə bağlanmış icarə müqaviləsinin ləğv edildiyi işdə olan sənədlərlə müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 6.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-in 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. MM-in 712.3-cü maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. MM-nin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. MM-in 713-cü maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (TM) 4-cü maddəsinin 3-cü bəndinə görə torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cü maddəsinin 1-ci bəndinə əsasən torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Bundan başqa, TM-in 11-ci maddəsinin 1-ci bəndinin tələbinə görə torpaq sahələrinin məhdudiyyətli istifadəsi - torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Məhkəmə kollegiyası bütün bunlarla yanaşı, diqqətə çatdırır ki, TM-in 73-cü maddəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsaslarının göstərmişdir ki, onlardan biri də torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsidir. Məhkəmə kollegiyası bununla yanaşı, diqqətə çatdırır ki, “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddəsinin tələblərinə görə torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən torpaqların təyinatı üzrə istifadə edilməsi şərtlərinə əməl edilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən icarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı qətnamənin ləğvi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, hazırkı iş mülki iş kimi qiymətləndirildiyi halda baxılması üçün Abşeron Rayon Məhkəməsinə, kommersiya işi kimi qiymətləndirildiyi təqdirdə isə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, hazırkı iş kommersiya işidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırkı halda, tərəflərin subyektiv tərkibinə gəldikdə bələdiyyə (VÖEN: **********) və hüquqi şəxs yaratmadan sahibkarlıq fəlaiyyəti ilə məşğul olan (VÖEN: **********) fiziki şəxsdir. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından isə qeyd edilməlidir ki, iddiaçı tələbində torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, müqavilələrin və çıxarışların ləğvi, torpaq sahəsinin qaytarılması və ödənilməmiş icarə haqqının iddiaçıya ödənilməsini xahiş etmişdir. İşdən də göründüyü kimi, mübahisə predmeti olan müqavilələrdə torpaq sahələri məhz sahibkarlıq fəaliyyəti üçün verilmişdir. Məhkəmə kollegiyası eyni zamanda, diqqətə çatdırır ki, məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Nəzərə alınmalıdır ki, MPM-in 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Habelə həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin normanın məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Ancaq hazırkı kommersiya işinə müstəsna aidiyyətə aid olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti məhkəmədə baxılmışdır. Məhkəmə kollegiyası eyni zamanda, diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına düzgün qiymət vermişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən (aidiyyətlə bağlı və digər) formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 16/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-16/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-110/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-110/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver