Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-112/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğlunun katibliyi iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-2(121)-50/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, DC00399229-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11015.11 manat əsas borc, 877.92 manat faiz borcu, 167.54 manat cərimə olmaqla, cəmi 12060.57 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən DC00399229-02 saylı maliyyələşdirmə üçün ərizəəyə əsasən 11015.11 manat əsas borc, 1158.80 manat faiz borcu, 272.33 manat cərimə olmaqla, cəmi 12446.24 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında 13 dekabr 2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-06058LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 16 may 2022-ci il tarixli DC00399229-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 16 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 14000 (on dörd min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit verilmişdir. Bundan başqa bankla borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00399229-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh1 arasında 13 may 2022-ci il tarixli DG**********905 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 5 mart 2024-cü il tarixli e-2-2(121)-50/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, DC00399229-02 saylı müqaviləyə əsasən 11015.11 manat əsas borc, 1087.50 manat faiz borcu, 20 manat cərimə və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 12322.61 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan faiz borcu və cərimə pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Müqavilənin şərtinə uyğun olaraq DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1158.80 manat faiz borcu təmin edilməli idi. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə üzrə iddia tələbini müdafiə etmişdir. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyirik ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyirik ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. Məhkəmə öz qətnaməsində ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 220.1 və 220.4-cü maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı və qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin bu normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz borcunu tam tutmamış və cərimə məbləği əsassız surətdə azaldılmışdır. Belə ki, ekspert rəyində qeyd edilən faiz borclarına silinmələrin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda faiz borcuna silinmələr üzrə uyğun olmamış, bu səbəbdən faiz borcu məbləğində fərq yaranmışdır. İş üzrə borc məbləğinin düzgün hesablanmasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin ekspertiza rəyindən göründüyü kimi, faiz borc məbləği düzgün hesablanmamışdır. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən faiz borcu məbləği əsaslı hesab edilə bilməz. Cərimə borcunun 20 manat məbləğində müəyyən edilməsi 288 gün gecikmə gününə mütənasib deyildir. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Şİkayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bu barədə yuxarıda kifayət qədər dəlil göstərilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, OnGTC-06058LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli, 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalamışlar. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DC00399229- 02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh2 MMC-yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32 % olmaqla dövriyyə vəsaitinin artırılması məqsədilə 14.000 (on dörd min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli, DG**********905 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zamin bankla borcalan arasında xx.xx.2022-ci il tarixli, DC00399229- 02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023- cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00399229-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11015.11 manat əsas borc, 877.92 manat faiz borcu, 167.54 manat cərimə borcu olmaqla, cəmi 12060.57 manat təşkil edir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 205 manat məbləğində mediasiyaya dair xərc İddiaçı ASC tərəfindən ödənilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 yanvar 2024-cü il tarixli 9/9811 saylı ekspert rəyində qeyd olunur ki, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 16 may 2022-ci il tarixli DC00399229-02 saylı maliyyələşdirmə ərizəsi şərtləri əsas götürülməklə Cavabdeh2 MMC-nin 31 avqust 2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 11015.11 manat, faiz borcu üzrə 1087.50 manat müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü müqavilə müddəti ərzində hesablanan əsas borc, faiz borcu hissədə tələbi qanuni və əsaslıdır. Bununla belə kreditor borc alana qarşı 14 avqust 2023-cü il tarixində məhkəmədə iddia qaldırmaqla müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını bəyan edərək, borcun qalıq məbləğinin tam olaraq ödənilməsini tələb etdiyindən, kredit müqaviləsi kreditor tərəfindən həmin tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab olunur və belə olan halda sonrakı tarix üçün faiz borcunun və cərimənin kredit müqaviləsindəki faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair məhkəmədə iddia qaldırdığı tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. İşə baxan birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə almadan təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilə müddətini nəzərə alaraq, tələbin həcmi artırılandan sonra verilən maliyyə arayışının tarixinə, yəni 31 avqust 2023-cü il tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyinə uyğun əsas borc və faiz borc məbləğlərini müəyyən etmişdir. Halbuki kreditor borc alana məhkəmədə iddia qaldırılan tarixədək verdiyi bildirişlərində yalnız gecikmədə olan borclarının ödənilməsini tələb etmiş, 14 avqust 2023-cü il tarixdə isə məhkəmədə iddia qaldıraraq 6 iyul 2023-cü il tarixinə hesablanan qalıq borcun (əsas borc, faiz və cərimə) tam ödənilməsini tələb etməklə, müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını bəyan etmişdir və belə olan halda kredit müqaviləsi kreditor tərəfindən məhkəmədə iddia qaldırdığı tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab olunur. Odur ki, birinci instansiya məhkəməsi təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında iddia tələbinin həcmi artırılandan sonra verilən maliyyə arayışının tarixinə olan borcun müəyyən edilməsi ilə bağlı deyil, məhkəmədə iddia qaldırılarkən verilmiş 6 iyul 2023-cü il tarixli maliyyə arayışında göstərilən borc məbləğinin düzgün hesablanıbhesablanmaması sualını qoymalı idi. Nəqədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçı tərəfindən faiz borcunun təmin olunmayan hissəsində mübahisələndirilir, yuxarıda sadalanan maddi hüquq normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından apellyasiya şikayəti əsaslı hesab edilmir. Apellyasiya şikayətinin dəlillərini qətnamənin cərimə məbləğinin təmin olunmayan hissəsində ləğvinə dair hissədə tədqiq edən kollegiya aşığıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti (1158.8-1087.5=71.3; 272.33-20=252.33; 71.3+252.33=323.63) 323.63 manat təşkil etməklə 10000 manatdan az olduğundan, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 5 mart 2024-cü il tarixli e-2-2(121)-50/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-112/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-112/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver