Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-116/2023 02.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 9 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1099/2023 saylı qərardadından İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 28 iyun 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunu cavabdehdən alınaraq ona verilməsi barədə ilkin iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ilkin iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanılmış 28 iyun 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən 400 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən ilkin iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən əkilmiş əkinlərin Cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi, 28 iyun 2022-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, sözügedən ərazidə cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abbasov X2 İnqilab Turab oğuna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 iyun 2022-ci il tarixli subicarə müqaviləsinə əsasən icarəsində olan 400 ha torpaq sahəsindən istifadə etməsi ilə bağlı İddiaçı oğu tərəfindən yaradılmış maneələrin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında mövcud olmuş xx.xx.2021-ci il tarixli razılaşmanın aralarında bağlanmış torpağın subicarə müaviləsinin bağlandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 9 avqust 2023-cü il tarixli e-2-2(121)-1099/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 28 iyun 2022-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi, iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi barəsində ilkin iddiası “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi” hissədə baxılmamış saxlanılmışdır. X3 Məhkəməsinin 9 avqust 2023-cü il tarixli e-2-2(121)-1099/2023 saylı qətnaməsi ilə digər hissələrdə mübahisəyə baxılaraq mahiyyəti üzrə həll edilmiş, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı 28 iyun 2022-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi və cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 25 sentyabr 2021-ci il tarixli razılaşmanın aralarında bağlanmış torpağın subicarə müqaviləsinin bağlandığı tarixdən, yəni 28 iyun 2022-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə iddiaları rədd edilmişdir. İlk iddia üzrə İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Vəkil qeyd edilən qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış iddianın dəqiqləşdirilməsi ilə bağlı 17 iyul 2023-cü tarixli sənədə əsasən, iddia tələbi dəqiqləşdirilmişdir. Belə ki, İddiaçı tərəfindən əkilmiş əkinlərin Cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiya ödənilməsi, 28 iyun 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, sözügedən ərazidə Cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi barədə qətnamənin qəbul edilməsi Şirvan Kommersiya Məhkəməsindən xahiş edilmişdir. Bununla bağlı yenidən mediasiya təşkilatına müraciət edilmiş, lakin mediasiya prosesi uzandığından müvafiq sənədlər adı çəkilən məhkəməyə vaxtında təqdim edilməmişdir. Mediasiya sessiyası barədə 2 avqust 2023-cü il tarixli sənədin elektron məhkəmə sisteminə yüklənməsinə baxmayaraq, bu hal hakim tərəfindən nəzərə alınmamışdır. Bir məsələ də qeyd edilməlidir ki, hakim e-2-2(121)-1099/2023 saylı 9 avqust 2023-cü il tarixli qərardadını məhkəmə gedişində elan etməmiş, sonradan elektron məhkəmə sisteminə yükləmişdir. Bununla prosessual hüquq pozuntusuna yol vermişdir. Buna görə də sözügedən qərardad ləğv edilməlidir. İş üzrə icraatın dayandırılması əsaslarından biri “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlanmasıdır. Lakin qərardad qəbul edilərkən bu nüans düzgün qiymətləndirilməmişdir və qanunazidd qərardad qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 254.1.7-ci maddəsində nəzərdə tutulan halda barışıq sazişi və ya mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək icraat dayandırılır. Lakin işin hallarından da göründüyü kimi Şirvan Kommersiya Məhkəməsi iş üzrə icraatı dayandırmamaqla və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməklə prosessual pozuntu törətmişdir. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur. Qərardadın məhkəmə iclasında səsləndirilməməsi, sonradan elektron məhkəmə sisteminə yüklənməsi kobud hüquq pozuntusu olub, qanunun tələblərini pozmuşdur. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin işin hallarından da göründüyü kimi, Şirvan Kommersiya Məhkəməsi qərardadı qəbul edərkən bu məqama nəzər yetirməmiş və iddia tələbi üzrə mediasiya prosesi tamamlanmadığı üçün ərizəni icraata qəbul etməmiş, iş üzrə icraatı dayandırmamış və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 avqust 2023-cü il tarixli e-2-2(121)-1099/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ilk iddia ərizəsini Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə istinadla “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi” hissədə baxılmamış saxlamışdır. Məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə istinadla hesab etmişdir ki, ilkin iddia ərizəsinin “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi” hissəsi sonradan artırıldığından, lakin, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl ilkin iddianın göstərilən hissəsində mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair müvafiq təsdiqedici sənəd məhkəməyə təqdim edilmədiyindən, ilkin iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 21.1-ci maddəsinə əsasən mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 28.1-ci maddəsinə əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İşin müəyyən olunan hallarına əsasən ilk iddia üzrə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində verilmişdir. Kollegiya şikayətin dəlilləri üzrə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsinə dair subicarə müqaviləsinin ləğvi, həmin ərazidə inşa olunmuş tikililərin sökülməsi və torpaq sahəsindən istifadə nəticəsində yetirilmiş real zərərin əvəzinin ödənilməsi tələbləri bir-biri ilə bağlı olan tələblərdir, iddiaçı müqavilənin ləğvi tələbi ilə mediasiyaya müraciət etmiş və “mediasiya sessiyasında iştirak edilməməsi barədə” 5 may 2023-cü il tarixli arayışı birinci instansiya məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi tərəflər mediasiya sessiyasında mübahisənin məhkəmədənkənar qaydada həllinə nail olmamışlar. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq isə iddiaçının hüququdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə: “Mediasiya haqqında” Qanunun 5.3-cü maddəsinə müvafiq olaraq, mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28 və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər; Qanunun 7.2-ci maddəsinə əsasən, mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır; Beləliklə, mediasiya tərəflər arasında yaranan mübahisənin məhkəməyə müraciət etmədən daha qısa müddətdə və az məsrəflə, qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədini daşımaqla, məhkəmələrin iş yükünü azaldaraq onların daha səmərəli fəaliyyət göstərməsinə səbəb olur; Odur ki, tərəflər ilkin iddia ərizəsini məhkəməyə verməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisənin mediasiya yolu ilə həll edilməsinə cəhd göstərdiklərindən və heç bir nəticə əldə etməyərək ədalət mühakiməsi vasitəsi ilə münasibətlərinin tənzimlənməsi üsulunu seçdiklərindən, yenidən ilkin iddia ilə bağlı olan qarşılıqlı iddia üzrə də mediasiya tələbi formal xarakter daşımaqla, mediasıya institutunun hüquqi təyinatı və məqsədi ilə ziddiyyət təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həlli yolu olmaqla tərəflər arasında münaqişə səviyyəsinin azaldılması, məsələlərin tərəflərin öz iradə və istəklərinə uyğun, qarşılıqlı kompromis əsasında həll edilməsi məqsədini daşıyır. Bu səbəbdən, ilk iddia üzrə mediasiya prosesinin keçirilməsi və barışığın əldə edilməməsi qarşılıqlı iddia üzrə yenidən mediasiyanın keçirilməsi zərurətini aradan qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqedən çıxış edərək hesab edir ki, ilk iddia üzrə iddiaçı iddia ərizəsini məhkəməyə verməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə arasındakı mübahisənin mediasiya yolu ilə həll edilməsinə cəhd göstərdiyindən və heç bir nəticə əldə etməyərək ədalət mühakiməsi vasitəsi ilə münasibətlərinin tənzimlənməsi üsulunu seçdiyindən, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq isə iddiaçının hüququ olduğundan şikayət təmin edilməli, “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi” hissədə iddianın baxılmamış saxlanmasına dair Şirvan Kommersiya Məhkəməsinin qərardadı ləğv edilərək, iş həmin hissədə mübahisəyə mahiyyəti üzrə baxılıb həll olunmasından ötrü həmin məhkəməyə qaytarılmalıdır. Kollegiya onu da qeyd etməyi zəriuri hesab edir ki, nəqədər ki, iş üzrə artıq qətnamə qəbul edilmişdir və bir iş üzrə iki qətnamənin qəbul edilməsi yolverilməzdir, birinci instansiya məhkəməsinin baxılmamış saxladığı hissədə tələbə mahiyyəti üzrə baxıb qiymət verəcəyi yekun məhkəmə aktı əlavə qətnamə formasında olmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Vəkil nun şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 9 avqust 2023-cü il tarixli e-2-2(121)-1099/2023 saylı qərardadı ləğv edilsin. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı tələbi “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi” hissədə mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Tofiq Heydərov Samir Həsənov
Məhkəmə qərarları › İş №2-2(106)-116/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-116/2023
02.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver