Məhkəmə qərarları › İş №2-2(106)-124/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-124/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-124/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun zamindən tələb edilməsi. Şirvan şəhəri, 29 may 2025-cü il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7, (sədrlik edən, məruzəçi) Əliyev Qasım Vəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-77/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızı tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 055R********** saylı krеdit razılaşması üzrə 14320.25 manat məbləğində krеdit bоrcu, 4827.46 manat məbləğində faiz bоrcu və 3886.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23034 manat 23 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 159.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Həsənov Şakir Əlif oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 055L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şakir Əlif oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 055R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə,aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Həsənov Şakir Əlif oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Həsənov Şakir Əlif oğlu götürdüyü krеdit bоrcundan 679.75 manat ödəmiş, onun 14320.25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həsənov Şakir Əlif oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 729 gün üçün hesablanmış faiz borcu 4827.46 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 729 gün üçün hеsablanmış cərimə 3886.52 manat təşkiledir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şakir Əlif oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Həsənov Şakir Əlif oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İş materialların a əlavə edilmiş ölüm haqqında şəhadətnamədən borclu Həsənov Şakir Əlif oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********74 saylı məktubuna əsasən, Həsənov Şakir Əlif oğlunun (ümumbirgə pay) adına Saatlı rayonu, Ağarəhimli kəndində 0.30 ha həyətyanı torpaq sahəsi JN-156A saylı şəhadətnaməyə əsasən qeydiyyatdan keçmişdir və hal hazırda mülkiyyətindədir. Bununla bağlı, Saatlı rayon İcra Hakimiyyətinə sorğu verilmiş, Saatlı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06/30 saylı məktubuna əsasən məlum olmuşdur ki, X12 Əlif oğlunun (ümumbirgə pay) adına Saatlı rayonu, Ağarəhimli kəndində 0.30 ha həyətyanı torpaq sahəsi hazırda hər hansı şəxsin istifadəsində olmadığı bildirilmişdir. Həsənov Şakir Əlif oğlu VÖEN-dən istifadə edərək "xxxx" QSC iəl xx.xx.2021-ci il tarixli 055R********** saylı kredit razılaşması bağlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olaraq iddiaçı "xxxx" QSC tərəfindən məhkəməyə verilmiş iddia tələbini əsassız hesab etdiyini, sözügedən iddiaya qarşı etiraz etdiyini, Həsənov Şakir Əlif oğlunun xx.xx.2021-ci ildə "xxxx" QSC-nin Sabirabad Filialı ilə 055R********** saylı kredit müqaviləsi bağlayaraq, 18 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit götürdüyünü, kreditin 1 ayını banka ödədiyini, X14 Əlif oğlunun 14 noyabr 2021-ci ildə vəfat etdiyini, X12 Əlif oğlunun kredit götürəndə 68 yaşımda olduğu, bu yaşda olan insanlar risk qrupuna aid olduğu üçün banklar tərəfindən kredit veriləndə kredit məbləğinin sığorta edildiyini, lakin X12 Əlif oğlu kredit götürəndə götürdüyü kreditin sığorta olunmadığını, bank əməkdaşları bank adından verilən krediti sığortalamadıqları üçün məsuliyyətə cəlb edilməli olduqlarını, "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 sentyabr 2023-cü il tarixli, № 46/4 Qərarının 5.2.1.2ci maddəsinə əsasən, borcalanın yaşı və iş təcrübəsi nəzərə alınmalı olduğunu, iddia ərizəsində kedit borcunun hesablama qaydasında səhvə yol verildiyini, belə ki, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 sentyabr 2023-cü il tarixli, № 46/4 Qərarının, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"-nın 2 nömrəli əlavəsinə görə, faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması qaydasının göstərildiyini, cavabdehlər X6 və Cavabdeh2 18 ay müddətində, X12 Əlif oğluna zamin durduqlarını, 18 ay müddətindən əlavə olaraq 1 il keçdiyini, zaminlik müddətinə xitam verilməli olduğunu, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsində borclu mərhum Şakir Həsənovun adına əmlaklar mövcud olduğunun göstərildiyini, borc tələbi üzrə mərhum Şakir Həsənovun vərəsələrinin müəyyən edilməli olduğunu, əmlaklar qiymətləndirildikdən sonra, həmin tələbin qiymətləndirilmiş hissədə vərəsələrə yönəlməli olduğunu, iddiaçı təşkilatın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qəranna zidd hərəkət etdiyini bildirmiş və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X9 etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmənin suallarına cavab verərək təmsil etdiyi Cavabdeh1 ilə rəsmi nikahda olmaqla onun əri olduğunu, digər cavabdeh isə Cavabdeh1 əmisi oğlu olduğunu bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Həmçinin Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək, mərhum Şakir Həsənovun adına olan əmlakların müəyyən edilməsi və onun vərəsələrinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-77/2025 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşması üzrə 14268,33 manat məbləğində əsas borc, 4667,33 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu və ödənilmiş 146,81 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19282,47 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı QSC tərəfindən artıq ödənilmiş 12,29 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılması, Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-77/2025 saylı qətnaməsini tam ləğv edilməsini, iddiaçı "xxxx" QSC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı, müştərək qaydada 055R********** saylı krеdit razılaşması üzrə 14320.25 manat məbləğində krеdit bоrcu, 4827.46 manat məbləğində faiz bоrcu və 3886.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23034 manat 23 qəpik məbləğində bоrcun və ödənilmiş 159.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Həsənov Şakir Əlif oğlu xx.xx.2021-ci ildə, İddiaçı-ın Sabirabad Filialı ilə 055R********** saylı kredit müqaviləsi bağlayaraq, 18 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit götürüb. O kreditin 1 (bir) ayını banka ödəmişdir. X14 Əlif oğlu 14 noyabr 2021-ci ildə vəfat etmişdir. X12 Əlif oğlu kredit götürəndə 68 (yaşı olub. Bu yaşda olan insanlar risk qrupuna aid olduğu üçün banklar tərəfindən kredit veriləndə kredit məbləği sığorta edilir. Lakin X12 Əlif oğlu kredit götürəndə götürdüyü kredit sığorta olunmayıb. Kredit borcunun qaytarılması 18 (on səkkiz) ay müddətində olub və o X12 Əlif oğluna bu müddət ərzində zamin durmuşdur. 18 ay müddətindən əlavə olaraq təqribən 2 (iki) il keçib. Hesab edirik ki, zaminlik müddətin xitam verilməlidir. Hesab etmişdir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən, zaminliyə xitam verilməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərib ki, borclu mərhum Şakir Həsənovun adına əmlaklar mövcuddur. Hesab etmişdir ki, borc tələbi üzrə mərhum Şakir Həsənovun vərəsələri müəyyən edilməlidir. Əmlaklar qiymətləndirildikdən sonra, həmin tələb qiymətləndirilmiş hissədə vərəsələr yönəlməlidir. Bundan sonra zaminlər borcun qalan hissəsində cavabdehlik daşıya bilərlər. İddiaçı təşkilat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarına zidd hərəkət edib. Hesab etmişdir ki, məhkəmə appelyasiya şikayətini tam və hərtərəfli araşdırıb, ədalətli qərar qəbul etməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara diqqət yetirməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, X6 vəfat etmiş əsas borclu Həsənov Şakir Əlif oğlunun nəvəsi Faiq Həsənovun arvadıdır. X9 məhkəmədə arvadı Nobatın nümayəndəsi kimi iştirak edən zaman bəzi şəxslərin babasına olan borclarını ona ödədiyini bildirmişdir. Buna görə də Faiq Şakirin vərəsəsi hesab olunur və buna görə də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh X6 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdeh X5 münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminin məsuliyyətinin əsaslarını və həcmini müəyyən edən Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1), əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinin hüquqi təbiətinə aydınlıq gətirərək qeyd etmişdir ki, kreditor və borclu arasında bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi birtərəfli, konsensual müqavilə olmaqla kreditorla zamin arasında əsas öhdəliyə münasibətdə aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-77/2025 saylı qətnaməsi Həsənova (Hüseynova) Nobat Ceyfun qızına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Həsənov Şakir Əlif oğluna 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr Bank və Həsənov Şakir Əlif oğlu arasında 06 oktyabr 2021-ci il tarixdə Sabirabad şəhərində bağlanmış 055L**********27 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşması, Bank qarantiyası verlməsi haqqında müqavilə, Akkreditiv açılması üçün razılaşma və Bank hesabının kreditləşdirilməsi barədə razılaşma forması bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 300000 manat, Uzunmüddətli Kredit Müqaviləsinin müddəti :120 ay, Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi 28 %, ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055R********** nömrəli krеdit razılaşmasına əsasən, Bank məbləği 15000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167% olmaqla 18 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Həsənov Şakir Əlif oğlunun bank hesabına xx.xx.2021-ci il tarixdə 150 manat komissiya haqqı çıxılmaqla, 15000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 055R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixə əsas borc 14320,25 manat, faiz borcu 4836,61 manat, cərimə borcu 3889,39 manat məbləğində olmaqla, cəmi borc məbləği 23046,25 manat təşkil edir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Həsənov Şakir Əlif oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 23034,23 manat məbləğində (14320,25 manat əsas, 4827,46 manat faiz, 3886,52 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(121)-1944/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9215 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə cavabdeh Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən Həsənov Şakir Əlif oğlunun xx.xx.2023-cü il tarixə əsas borc üzrə 14268,33 manat, faiz borcu üzrə 4667,33 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 14268,33 manat, faiz borcu üzrə 6855,14 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cavabdehlərdən Həsənova (Hüseynova) Nobat Ceyfun qızı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Hesab etmişdir ki, borc tələbi üzrə mərhum Şakir Həsənovun vərəsələri müəyyən edilməlidir. Əmlaklar qiymətləndirildikdən sonra, həmin tələb qiymətləndirilmiş hissədə vərəsələrə yönəlməlidir. Bundan sonra zaminlər borcun qalan hissəsində cavabdehlik daşıya bilərlər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Həsənov Şakir Əlif oğlunun ölümündən sonra zaminlər həmin müqavilə üzrə öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Həsənov Şakir Əlif oğluna kredit verməsi və sonuncunun həmin krediti alması, həmçinin kredit üzrə ödənişlərin xx.xx.2021-ci il tarixdən etibarən ödənilməməsi işin mübahisəsiz hallarını təşkil edir. İşdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan görünür ki, Həsənov Şakir Əlif oğlu ilə bağlanılmış kredit müqviləsi üzrə əsas və faizdən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda göstərilən nəticəyə gəlməkdə yanlışlığa yol vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Həsənov Şakir Əlif oğlu ilə bank arasında olan kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış, eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şakir Əlif oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 eyni - xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İşdə olan (səh-13) ödəniş qrafikindən görünür ki, Həsənov Şakir Əlif oğlu kredit müqaviləsi üzrə ilk ödənişini 996 manat olmaqla xx.xx.2021-ci il tarixdə ödəməli olmuşdur. Həmçinin işdə olan hesabdan çıxarışdan görünür ki, Həsənov Şakir Əlif oğlu bəhsi keçən kredit müqaviləsi üzrə ilk ödənişini ödəməli olduğu vaxtdan 4 gün öncə yəni, xx.xx.2021-ci il tarixdə (400+600=1000) 1000 manat ödəmişdir. Göründüyü kimi Həsənov Şakir Əlif oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun kreditinin ödənilməsinin növbəti vaxtı isə ödəniş qrafikinə uyğun olaraq xx.xx.2021-ci il tarixi olmuşdur. Deməli, əsas borclu Həsənov Şakir Əlif oğlu sağ olduğu dövrdə xx.xx.2021-ci il tarixinədək kredit müqaviləsi üzrə kredit ödənişini vaxtında etmiş və onun tərəfindən öhdəliyin icra edilməsinin hər hansı pozulması halı baş verməmişdir. Lakin hazırda iddiaçı olan bank borcalandan miras qalan əmlakları müəyyən edib iddianı əsas borcalanın vərəsələrindən tələb etməli olduğu halda bunları etməyərək iddianı birbaşa zaminlərə qarşı yönəltmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. -Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi Həsənov Şakir Əlif oğlu sağ olduğu dövrdə -xx.xx.2021-ci il tarixinədək kredit müqaviləsi üzrə kredit ödənişini vaxtında etmiş və onun tərəfindən öhdəliyin icra edilməsinin hər hansı pozulması halı baş verməmişdir. Mövcud durumda müəyyən edilir ki, borc alan Həsənov Şakir Əlif oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borclu Həsənov Şakir Əlif oğlu kredit ödənişini vaxtında etdiyindən və onun tərəfindən öhdəliyin pozulması hallarına yol verilmədiyindən iddiaçı Bank ilk növbədə əsas borclunun vərəsələrini müəyyən edərək onlara qarşı tələb irəli sürməli olduğu və yalnız vərəsələr tərəfindən öhdəlik pozulduqda və ya vərəsələrin miras payları borcun ödənilməsinə kifayət etmədiyi halda zaminlərə, yəni onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Lakin, iddiaç Bank əsas borclu Həsənov Şakir Əlif oğlunun vərəsələrinin dairəsini, mərhumun əmlakının hansı vərəsə və ya vərəsələr tərəfindən qəbul edilməsini müəyyən etməmiş, onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmədən birbaşa olaraq zaminlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinin hüquqi təbiətinə aydınlıq gətirərək qeyd etmişdir ki, kreditor və borclu arasında bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi birtərəfli, konsensual müqavilə olmaqla kreditorla zamin arasında əsas öhdəliyə münasibətdə aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Zaminlərin ölmüş şəxsin öhdəliklərinə görə mülki məsuliyyətinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında da ətraflı şərh olunmuşdur. Həmin Qərarda göstərildiyi kimi, “Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.” Adı çəkilən qərarda xüsusilə vurğulanmışdır ki, “Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.” Kollegiya həmçinin qeyd edir ki, digər Cavabdeh2 qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-77/2025 saylı qətnaməsi iddia tələbinin və məhkəmə xərcinin cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızından tutulmasının qət edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi və məhkəmə xəricinin cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızından tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-77/2025 saylı qətnaməsi iddia tələbinin və məhkəmə xərcinin cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızından tutulmasının qət edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi və məhkəmə xəricinin cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızından tutulması hissəsində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar