Məhkəmə qərarları › İş №2-2(106)-13/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-13/2025

22.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-13/2025 22.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış13.040,17 manat əsas borc, 685 manat faiz borcunun və 200 manat mediasiya xərcinin, ümumilikdə 13.925,17 manatın cavabdehdən tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh M M C ilə aralarında xx.xx.2022-ciil tarixli xidmət müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMCcavabdeh şirkətin əməkdaşlarını yeməklə təmin etmək, cavabdehin isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric nahar yeməyi üçün 4,50 manat məbləğində xidmət haqqı ödəmək barədə öhdəlik götürmüşdür. İddiaçı cavabdehi həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüş, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil xx.xx.2022-ci il tarixli 389173 nömrəli elektron qaiməyə əsasən 1943.46 manat, xx.xx.2023-ci il tarixli 501304 nömrəli elektron qaiməyə əsasən 6111.81 manat, xx.xx.2023ci il tarixli 085322 nömrəli elektron qaiməyə əsasən 4826.79 manat, xx.xx.2023-ci il tarixli 045916 nömrəli elektron qaiməyə əsasən 3090.42 manat olmaqla, ümumi 13.040,17 manat dəyərində xidmət göstərilmişdir. İddiaçının xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsi və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Cavabdehin ƏDV daxil 13.040,17 manat ödənilməmiş borcu vardır. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri cavabdeh tərəfindən hər növbəti ayın ilk 10 günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. İddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023ci il tarixli pretenziya məktubu göndərilmiş, yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmişdir. Cavabdeh pretenziya məktubuna da cavab verməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar borcun ödənilməsindən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsində cavabdehin təmsilçisi iştirak etmədiyindən iddiaya dair onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin (hakim N.Misirzadə) 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İşə İddiaçı MMC-nin apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər C.İmanov, T.Kərimov və M.Həsənov ) 2- 2(106)-40/2024 saylı, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə İddiaçı MMC-nin kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər B.Qəribov, Z.Babayev və M.Əhmədova) 2-2(102)-319/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı MMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin İddiaçı MMC-nin və Cavabdeh MMCnin nümayəndələri tərəfindən imzalanmadığına istinad etmişdir. Lakin İddiaçı MMC müqaviləni tərtib edərək imzalı və möhürlü formada Cavabdeh MMC-yə göndərmiş, Cavabdeh MMC tərəfindən isə müqavilə imzalanıb möhürlənməsinə baxmayaraq İddiaçı MMC-yə göndərilməsi unudulmuşdur. Müqavilənin imzalı və möhürlü forması iddiaçıda olmaması müqavilənin bağlanmaması demək deyil. Müqavilənin bağlanmasına dair kifayət qədər tutarlı sübutlar mövcuddur. Bildirilməsi zəruri olan sübutlardan biri isə tərəflər arasında mülki dövriyyənin mövcud olması ilə bağlıdır. İddiaçı tərəfindən cavabdehə 18 noyabr 2022-ci il tarixli xidmət müqaviləsinə əsasən 501304 nömrəli EBCM seriyalı 6111.81 manatlıq elektron qaimə təqdim edilmişdir. Eektron qaimə tədqim edildiyi gündən 12 gün sonra yəni xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən 2000 manat əsas borcdan, 932,32 AZN ƏDV borcundan ödəniş edilmişdir. Bunu iş materiallarına əlavə olunmuş elektron qaimədən və ödəniş tapşırığından aydın şəkildə görmək olar. Bu sübut iddiaçının cavabdehə xidmət göstərməsinin, cavabdehin isə bunun qarşılığında ödəniş etməsinin ümumilikdə sözügedən müqavilə tərəfləri arasında hüquqi münasibət olmasını təsdiq edir. Bu sübutların bank tərəfindən təsdiq edilməsinin çox çətin proses olmadığı hər kəsə aydındır. X3 Məhkəməsinin mübahisəni tam araşdıraraq ədalətli qərar vermək niyyəti olsa idi pul köçürməsini həyata keçirən Banka yəni Kapital Banka sorğu verməsi yetərli idi. Tərəflər arasında mülki münasibətin (iqtisadi dövriyyə) olmasını nəzərə alaraq tərəflərin şifahi müqavilə bağladığı qənaətinə gələ bilərik. Məhkəmə tərəfindən bağlanılmış müqavilənin yalnız zahiri tərəfi nəzərə alınmışdır. Bağlanılmış müqavilənin həqiqi tərəfini görmək üçün isə tərəflərin iradə və niyyətlərinə nəzər yetirilməsi yetərlidir. Sözügedən qətnamədə qeyd olunur ki, “iddiaçı ilə cavabdehin nümayəndələri arasında aparılmış yemək sifarişləri ilə bağlı whatsapp yazışmalarının kimə məxsus olması və kiminlə aparılması müəyyən olunmamışdır”. Bunun isə tam absurd bir əsaslandırma olması göz önündədir. Təqdim edilmiş sübutların məhkəmə tərəfindən heçə sayılması sanki iddianı təmin etməmək üçün bütün subutların kölgə altına alınmasına hesablanmışdır. Məhkəmə nə təqdim edilmiş sübutlardakı nömrə ilə nə də ki cavabdeh ilə əlaqə yaradıb bu nömrənin sahibinin Cavabdeh MMC-nin əməkdaşı olub-olmaması ilə bağlı heç bir məlumat almamışdır. Ümumiyyətlə yazışma aparan subyektin şəxsiyyətinin araşdırma apararaq müəyyən olunması məhkəmənin üzərinə düşən bir öhdəlikdir. Bununla yanaşı hakimin icraatında olan işlə bağlı hüquq qaydalarını tərəflərin irəli sürüb-sürmədiyindən asılı olmayaraq özünün birbaşa tətbiq etməsi onun qanuni vəzifəsidir. Məhkəmə isə üzərinə düşən öhdəliyi lazımi qədər yerinə yetirməyərək ədaləti təmin etmək əvəzinə tam əksinə bir qətnamə qəbul edir. Sözügedən qətnamədə Mülki Məcəllənin 329.2-ci maddəsi birmənalı olaraq nəzərə alınmamışdır. İzahatlar Tərəflərin nümayəndələri apellyasiya baxışında iştirak etməmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının və cavabdehin təmsilçiləri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarından görünür ki: 2022-ci il 18 noyabr tarixli xidmət müqaviləsinə uyğun olaraq İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə dəyəri 1.943,46 manat olan 2022-ci il 3 dekabr tarixli, EBCK seriyalı, 389173 nömrəli; dəyəri 6.111,81 manat olan 2023-cü il 6 yanvar tarixli, EBCM seriyalı, 501304 nömrəli; dəyəri 4.826,79 manat olan 2023-cü il 3 fevral tarixli, EBCO seriyalı, 085322 nömrəli; dəyəri 3.090,42 manat olan 2023-cü il 3 mart tarixli, EBDB seriyalı, 045916 nömrəli, ümumilikdə 4 ədəd elektron qaimə göndərilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBCM seriyalı, 501304 saylı, 2023-cü il 6 yanvar tarixli elektron qaimə üzrə 932,31 manat ödəniş edilmişdir (əsas: 2023-cü il 18 yanvar tarixli ödəniş tapşırığı (müvafiq qaydada təsdiq olunmamış)). Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına EBCM seriyalı 501304 saylı elektron qaimə üzrə 2000 manat ödəniş edilmişdir (əsas: 2023-cü il 18 yanvar tarixli **********/544387395 nömrəli ödəniş qəbzi). İddiaçı hazırki tələbində Cavabdeh MMC-dən aralarında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 13.040,17 manat əsas borcu, 685 manat faiz borcunu tələb etmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində aparılmış əməliyyatlar barədə müvafiq məlumatlar apellyasiya baxışında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlə Baş İdarəsi tərəfindən təqdim edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı onunla cavabdeh arasında 2022-ci il 18 noyabr tarixdə xidmət müqaviləsinin bağlandığını iddia etsə də, həmin müqavilə iddiaçının və cavabdehin nümayəndələri tərəfindən imzalanmamış, eyni zamanda onların möhürü ilə təsdiq edilməmişdir. Bununla belə iddiaçı tərəflərin imzalamadığı müqavilə əsasında cavabdehə elektron qaimələr göndərmişdir. Bundan başqa, iddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş xidmətlərin cavabdehə göstərilməsini və onların təhvil-təslimini təsdiqləyən hər hansı mötəbər sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticəni əsassız sayır və hesab edir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasəbn, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753-cü maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəflər arasında müqavilə münasibətlərinə əsaslanaraq borcunu tələb etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə bağlandığı müəyyən edilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş digər sübutlara düzgün qiymət verməmiş, bununla da məhkəmə MPM-in 14.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, tərəflər podrat müqavilə münasibətlərində olmuşlar. İşin hallarından görünür ki, iddiaçı MMC-yə cavabdeh MMC tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. (6 yanvar tarixli, EBCM seriyalı, 501304 nömrəli elektron qaiməyə əsasən 2023-cü il 18 yanvar tarixdə ayrı-ayrılıqda 2000 manat və 932,31 manat məbləğində ödənişlər həyata keçirilmişdir- i/v 41, 64). Bununla bağlı kollegiya qeyd edir ki, əgər həqiqətən iddiaçı cavabdehə xidmət göstərməsəydi və onlar arasında heç bir müqavilə münasibətləri olmasaydı cavabdeh 2023-cü il 6 yanvar tarixli, EBCM seriyalı, 501304 nömrəli elektron qaimə üzrə hissəvi ödənişlər etməz, o cümlədən iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bunlar isə tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə münasibətlərinin olmasına dəlalət edir. Həmçinin cavabdeh məhkəmə iclaslarından kifayət qədər məlumatlı olsa da, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında iştirak etməmiş və iddiaya öz münasibətini bildirməmişdir. Bundan başqa, iş materiallarında özündə yemək sifarişi və icrası məzmununu ifadə edən çoxsaylı “whatsapp” yazışmaları mövcuddur. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilədən irəli gələn münasibətlər olmadığı halda cavabdeh tərəfindən hansı əsasla ödənişlərin aparılması faktına hüquqi qiymət verməmiş, iddiaçı tərəfindən təqdim olunan “whatsapp” yazışmalarının həqiqiliyi, o cümlədən onların tərəflər arasındakı münasibətlərə aidiyyətının olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış, lazım olduğu halda bu və yuxarıda qeyd olunan digər hallarla bağlı cavabdehin mövqeyinin dəqiq öyrənilməsi üçün onun iştirakı ilə bağlı kifayət qədər tədbirlər görməmişdir. İddiaçının istinad etdiyi SMS yazışmaları apellyasiya baxışında araşdırılmışdır. Apellyasiya baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində iddiaçı və cavabdeh şirkətləri tanıdığını, Cavabdeh MMC şirkəti adından İddiaçı MMC şirkətinə yemək sifarişləri verdiyini, telefonla ***-***-**-** nömrəsidən SMS vasitəsi ilə sifarişlər verdiyini, həmin nömrənin ona məxsus olduğunu, sifarişləri həmin telefonla verdiyini, özünün Cavabdeh MMC şirkətdə işlədiyini, ofisə və ərazidə işləyən fəhlələrə də yemək sifarişləri verdiyini, bildiyinə görə cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyini bildirmişdir. Apellyasiya baxışında iddiaçı və cavabdeh şirkətlər arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində aparılmış əməliyyatlar barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlə Baş İdarəsi tərəfindən təqdim edilmiş materiallar, edilmiş ödənişlər barədə iddiaçı tərəfindən təqdim edilmiş məlumatlar nəzərə alınmaqla cavabdeh şirkətin borcunun olub-olmaması, olduğu halda borcun miqdarının müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 9/9502 nömrəli ekspert rəyinə görə İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində aparılmış əməliyyatlar barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlə Baş İdarəsi tərəfindən təqdim edilmiş materiallar, eləcə də edilmiş ödənişlər barədə iddiaçı tərəfindən təqdim edilmiş məlumatlar nəzərə alınmaqla elektron qaimələr üzrə göstərilmiş xidmət ilə ümumilikdə yaranmış 15.972,48 manat (ƏDV-siz) borc məbləğinin olduğunu nəzərə alaraq həmin borc üzrə cavabdeh tərəfindən ödənilmiş ümumilikdə 2.932, 31 manat (2000,0 + 932,31 manat) məbləğində ödənişlər nəzərə alınmaqla Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcunun 13040,17 manat məbləğində olduğu müəyyən edilir. Təqdim edilmiş sübutlar belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, cavabdeh tərəfindən ödənilmiş ümumilikdə 2.932,31 manat (2000,0 + 932,31 manat) məbləğində ödənişlər nəzərə alınmaqla Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcunun 13040,17 manat məbləğində olduğu müəyyən edilir. Kollegiya hesab edir ki, həmin məbləğ cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı əsas borcdan əlavə faiz borcunu da tələb etmişdir. Qanunun tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə ən azı illik beş faizin ödənilməsini tələb edə bilər. İşin hallarından görünür ki, cavabdeh məhkəmə iclaslarından kifayət qədər məlumatlı olsa da, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında iştirak etməmiş və iddiaya, o cümlədən faiz borcu tələbinə hər-hansı münasibət bildirməmişdir. Kollegiya hesab edir ki, cavabdeh MMC 2023-ci ilin yanvar ayından başlayaraq borcunu gecikdirdiyinə görə iddiaçı gecikdirilmiş vaxt üçün faiz tələb etməkdə haqlıdır. Müqavilə şərtlərinə görə, xidmətlərin dəyəri hər ay başa çatdıqdan sonra 10 iş günü ərzində ödənilməli idi. Bu baxımdan, ödənilməmiş 1.943,46 manat borc- 2023-cü ilin yanvar ayından, 3179,5 manat borc- 2023-cü ilin fevral ayından, 4826,79 manat borc- 2023-cü ilin mart ayından və 3090,42 manat borc- 2023-cü ilin aprel ayından gecikdirilmişdir. İddia verilən vaxta illik 5 faiz hesabı ilə 1.943,46 manat borca görə- 56,7 manat, 3179,5 manat borca görə- 15,9 manat, 4826,79 manat borca görə- 100,6 manat, 3090,42 manat borca görə- 51,5 manat olmaqla iddia verilən vaxta gecikdirilməyə görə cəmi 224,7 manat borc yaranmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bunlar da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia əsaslı olduğundan yuxarıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 13.040,17 manat əsas borc, 224,7 manat faiz borcu və 200 manat mediasiya xərci, ümumilikdə 13.464,87 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Apellyasiya şikayəti əsasən təmin edildiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. Ekspertiza xərcinə görə Cavabdeh MMC-dən 100 manat tutularaq Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-2(121)-1837/2023 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 13.040,17 manat əsas borc, 224,7 manat gecikdirilməyə görə faiz borcu və 200 manat mediasiya xərci, ümumilikdə 13.464,87 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin hesabına köçürülsün. Ekspertiza xərcinə görə Cavabdeh MMC-dən 100 manat tutularaq Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar