Məhkəmə qərarları › İş №2-2(106)-133/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-133/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-133/2024 22.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2-2(121)-1657/2024 saylı qərardadadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və X1 vəkili Vəkil xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, baxılan iş üzrə cavabdeh hüquqi şəxslər olan Cavabdeh1 MMC və Cavabdeh3 MMC-nin hüquqi ünvanlarının müvafiq olaraq Sumqayıt şəhəri və Abşeron rayonu olduqlarını, digər cavabdehlər olan fiziki şəxslər X3, Cavabdeh2 və Cavabdeh4 Laçın rayonunda pasport qeydiyyatında olsalar da, həmin ərazilərdə hələ məskunlaşma olmadığından faktiki olaraq Bakı şəhərində yaşadıqlarını nəzərə alaraq İddiaçı ASCnin Cavabdeh1 MMC, X3, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsinin və əlavə olunmuş sənədlərin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsinə etiraz edərək ərizələrin təmin olunmamasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və X1 vəkili Vəkil tərəfindən verilmiş işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizələr təmin edilməmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli e-2-2(121)-1657/2024 nömrəli qərardadının ləğv edilməsi və işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in 35.2-ci maddəsinin pozuntusuna yol verərək nəzərə almamışdır ki, cavabdeh hüquqi şəxslər olan Cavabdeh1 MMC və Cavabdeh3 MMC-nin ünvanının olduğu yer müvafiq olaraq Abşeron rayonu və Sumqayıt şəhəridir, belə olan halda isə iddia ərazi aidiyyətinə görə Sumqayıt Kommersiya məhkəməsində baxılmalı idi. Məhkəmə nəzərə almamışdır ki, şəxslərin məhkəməyə əlçatanlığının təmin edilməsi üçün cavabdehlərin ərizələrini təmin etməli, işi ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya məhkəməsinə göndərməli idi. Belə ki, cavabdeh olan fiziki şəxslər X3, Cavabdeh2 və Cavabdeh4 Laçın rayonunda pasport qeydiyyatında olsalar da, həmin ərazilərdə hələ məskunlaşma olmadığından faktiki olaraq Bakı şəhərində yaşayırlar, onların da Şirvan şəhərinə gəlib getməsi xeyli çətinlik yaradır, məhkəməyə əlçatanlığı təmin etmək üçün işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə heç bir maneə olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1657/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 MMC-nin şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1657/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 35.2-ci maddəsinə görə Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-in 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Habelə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsindən görünür ki, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar və Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Həmin maddənin tələbinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyətinə əməl edilməklə Şirvan Kommersiya Məhkəməsinə verilmiş və hazırda işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi üçün heç br hüquqi əsas yoxdur. Diqqətə çatdırılmalıdır ki, MPM-in 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və X1 vəkili Vəkil tərəfindən verilmiş işin ərazi aidiyyəti üzrə göndərilməməsi barədə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1657/2024 saylı qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2-2(121)-1657/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar