Məhkəmə qərarları › İş №2-2(106)-133/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-133/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-133/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 12 iyun 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) X5 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Oktay oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-2(121)-68/2025 saylı qətnaməsindən (hakim. Z.Abbasov) Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 22983 manat krеdit bоrcu, 2859.03 manat faiz bоrcu və 564.68 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26406 manat 71 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 170 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027L**********96 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 20% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 7017 manat ödəmiş, onun 22983 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 125 gün üçün hesablanmış faiz borcu 2859.03 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 125 gün üçün hеsablanmış cərimə 564.68 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Oktay oğlu iddianı qismən qəbul etdiklərini bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-2(121)-68/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 22852,21 manat məbləğində əsas borc, 2859,03 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu və ödənilmiş 170 manat dövlət rüsumu olmaqla, cəmi 25911,24 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-68/2025 saylı qətnaməsinin qismən - əsas, faiz, cərimə borcunun müəyyən edildiyi hissələrdə ləğv edilməsinə, əsas və faiz borcunun düzgün müəyyənləşdirilməsinə, cərimə borcu hissəsində isə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi borc məbləğinin müəyyən edildiyi hissədə gəldiyi nəticəni düzgün əsaslandırmamış, həmin hissədə əsassız olaraq iddia tələbini qismən təmin etməklə, əsas və faiz borclarının məbləğlərini düzgün müəyyən etməmişdir. Bütün məhkəmələr üçün məcburi olan bu qərarın tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, əsas və faiz borc məbləği real borc məbləğinə uyğun hesablanmamış, əsassız olaraq cərimə borcu hesablanmışdır. Tərəflərindən müvafiq vəsatət verilərək, hazırkı mülki iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilsə də, əsassız olaraq vəsatətləri təmin edilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında iştirak edən Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermişdir. Göstərmişdir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları düzgün hesablanmamışdır. Buna görə də mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi xahiş etmişdir. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - əsas, faiz, cərimə borcunun müəyyən edildiyi hissələrdə ləğv edilməsinə, əsas və faiz borcunun düzgün müəyyənləşdirilməsinə, cərimə borcu hissəsində isə iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti Cavabdeh1 münasibətdə qətnamənin əsaslılığını qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin vəkili (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027L**********96 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda, zamin Cavabdeh2 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, illik faiz dərəcəsi 20 % оlmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 bank hesabına xx.xx.2022- ci il tarixdə 150 manat komissiya haqqı çıxılmaqla, 30000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə bağlanmış xx.xx.2023-cü il tarixli 027R**********S nömrəli sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 027R**********S nömrəli saziş üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixə əsas borc 22983 manat, faiz borcu 2859,03 manat, cərimə borcu 564,68 manat məbləğində olmaqla, cəmi borc məbləği 26406,71 manat təşkil edir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə əsas borc 22983 manat, faiz borcu 3857,45 manat, cərimə borcu 1005,95 manat məbləğində olmaqla, cəmi borc məbləği 27846,40 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 27846,40 manat məbləğində (22983 manat əsas, 3857,45 manat faiz, 1005,95 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-1847/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7381 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 22852,21 manat, faiz borcu üzrə 3545,94 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehlərə qarşı məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş, qətnamədən Cavabdeh1 narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmamasıdır. Apellyator kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmamasını göstərsə də bunlar müvafiq sübutlarla əsaslandırmamışdır. Əksinə birinci instansiya məhkəməsi zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7381 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 22852,21 manat, faiz borcu üzrə 3545,94 manat borcunun olması müəyyən olunmuşdur. İşdən müəyyən olunur ki, cavabdehlərə xəbərdarlıq bildirişi xx.xx.2024-cü il tarixdə verilmiş və qalıq borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin iddiaçı xəbərdarlıq bildirişindən 3 ay əvvələ yəni, xx.xx.2023-cü il tarixə olan əsas və faiz börcunu tələb etmişdir ki, bu da iddiaçının hüququdur. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 22852,21 manat, faiz borcu üzrə 3545,94 manat borcunun olması müəyyən olunsada birinci instansiya məhkəməsi iddianı iddia tələbinə uyğun həddə qismən, yəni, 22852,21 manat məbləğində əsas borc, 2859,03 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu hissədə təmin etmişdir. Göründüyü kimi iddia tələbində cərimə məbləği 564.68 manat olaraq tələb edilmişdir. Məhkəmə isə bu məbləği 18.8 dəfə azaldaraq 30 manat həddində saxlamışdır. Kollegiya hesab edir ki, cərimə kimi saxlanılan 30 manat ağlabatandır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-2(121)-68/2025 saylı qətnaməsi Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar