Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-134/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, X11 qızının katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2-2(121)-814/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. müəyyənetdi: İşin halları: İlkin olaraq İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 45041 manat pul manat borcun və 226 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 45267 manat məbləğində pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini borc məbləği hissədə azaldaraq 36267 manat məbləğində borcun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir ki, topdan və pərakəndə xalça satışı ilə məşğul olur. Cavabdeh səyyari olaraq xalça satışı ilə məşğul olur və iddiaçının həmkəndlisidir. Cavabdeh özünə məxsus avtomobil ilə respublika ərazisində iddiaçının anbarından götürdüyü xalçaların satışı ilə məşğul olur. İddiaçı özünə məxsus anbardan cavabdehə nisyə xalça vermişdir, cavabdeh də həmin xalçaları satdıqdan sonra iddiaçının pulunu qaytarmışdır. Həmin alqı-satqı münasibətlərindən cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh borcunu tam şəkildə qaytarmadığı üçün İddiaçı dəfələrlə cavabdehə zəng etmiş və görüşmüşlər. Lakin cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı Hüseynov X4 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Cavabdeh ona hazırda 45041 manat pul borcunun olduğunu bildirmişdir. Cəlilabad Rayon Polis Şöbəsində Cavabdeh izahatı alınmış və Cavabdeh İddiaçı 45041 manat pul borcunun olmasını etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçı ilə həmkəndlidirlər, onunla bir müddət alver etmişlər. Əsasən iddiaçının qardaşı X1 mal götürmüş və malın pulunu ona ödəmişdir, son olaraq hissə-hissə olmaqla iddiaçıdan ümumilkdə 50000 ABŞ dolları dəyərində xalça götürmüş, həmin xalçaların dəyərindən 76000 manat pulu nədğ qaydada hissə-hissə ödəmiş, qalan 9000 manat məbləğində borcunun əvəzində isə iddiaçıya avtomobil vermişdir. İddiaçıya borcu yoxdur. Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2-2(121)-814/2025 saylı qətnaməsi ilə (hakim Zaur Abasov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 329.3, 385.1, 425.1, 427.3, 442, 567, 597.1, 600.1, 600.4-cü maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətlərinə dair mülki hüquq normalarının tələblərinə əsasən, alınan malın dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olaraq alıcı (baxılan işdə - cavabdeh) ödənişi həyata keçirdiyini sübut etməklə mükəlləfdir. Baxılan işdə də cavabdeh aldığı malın dəyərinin onun tərəfindən tam şəkildə ödənildiyini mötəbər dəlillərlə sübut etməlidir. Alınan malların dəyərinin tam şəkildə ödənilməsini cavabdeh sübut edə bilməmişdir. Cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəməsinə dair öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün şahid ifadələrinə və bank kredit müqavilələrinə istinad edir. Lakin, məhkəmə iclasında dindirilmiş cavabdeh tərəfindən dəvət olunmuş şahidlər cavabdehin iddiaçıdan ümumilikdə 50000 ABŞ dolları məbləğində mal aldığını təsdiq etsələr də, həmin məbləğdə ödənişin həyata keçirildyini ifadə etməmişlər. Şahid ifadələri ilə cavabdeh tərəfindən alınmış malların müqabilində iddiaçıya 40000 manat və ya 45000 manat pul vəsaiti və avtomobil verildiyi bildirilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş şahidlər isə cavabdehin aldığı mallara görə ödənilməmiş 40000 manat ətrafında borcunun olduğunu təsdiq etmişlər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, iş materiallarından məlum olur ki,öhdəliyin yaranması üçün malın qiyməti barədə hər iki tərəf razılığa gəlməlidir. Lakin iddiaçının vermiş olduğu mal ilə tələb etdiyi məbləğ arasında kəskin ziddiyyətlər mövcuddur. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdehlə arasında olan alver münasibətində cavabdehin ona konkret olaraq nə qədər borclu qalması ilə bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında olan borc məbləği tam dəqiqləşdirilməmişdir. Məhkəmə yalnız iddiaçının deməsinə və iş üzrə dindirilmiş şahidlərin təxminən bildirdikləri məbləğə əsaslanmışdır. O ki, qaldı cavabdehin qeyd etmiş olduğu məbləğə, o da, həmin məbləğin təxmini olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə tərəflər arasında olan nisyə alqı-satqı həyata keçirilərkən iddiaçının cavabdehə vermiş olduğu malların qaimələrini və ödənilmiş olan pulun məbləğini dəqiqləşdirməli idi. İddiaçının cavabdehə həqiqətən 50000 ABŞ dolları məbləğində mal verməsi və həmin malların hansı formada qiymətləndirilməsi birinci instansiya məhkəməsində sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə qətnamədə iddiaçının verdiyi malların dəyərinin tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirə bilməməsi qənaətinə gəlsədə, qalan məbləğin hansı formada sübut olunmasını əsaslandırmadığı üçün işin halları ilə uyğun gəlmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən borcun etiraf edilməsi faktı iş materialları ilə öz əksini tapmışdır. Cavabdeh məhkəmədə bildirsə də ki, kredit götürüb mübahisə ilə bağlı olan borcunu ödəmişdir, lakin borcun ödənilməsini əslində həyata keçirməmişdir. Verdiyi izahat düzgünlüyü əks etdirmir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iddiaçının qardaşıdır və onunla birlikdə işləyir. 2022-ci ildən cavabdehlə ticarət etmişlər, cavabdeh malı onlardan nisyə ödənilmək şərti ilə almış, son olaraq aldığı mallara görə 40000-ə yaxın borcu qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçıya məxsus olan anbarda malların satışı üzrə müdir vəzifəsində işləyir. Cavabdeh onların müştərisidir və onlardan nisyə mal götürmüşdür. Hazırda cavabdehin ödənilməmiş 26500 ABŞ dolları məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, cavabdehin qardaşıdır və onunla birlikdə iddiaçıyla alver etmişlər. İddiaçıya ümumilkdə 50000 ABŞ dolları məbləğində borcları olmuş və bankdan götürdükləri kreditlərin hesabına 40000 manat pul ödəmişlər. Əlavə olaraq dəyəri 23000-24000 manat olan avtomobili borcun əvəzi olaraq iddiaçıya vermişlər. Hazırda iddiaçıya borcları yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, cavabdehin dayısıdır və onunla şərikli alver edirlər. İddiaçıdan aldıqları malların dəyərini ödəmək üçün Tamerlarnın və Afiyəddinin bankdan kredit götürərək iddiaçıya 2000 ABŞ dolları, 13600 manat, 8000 manat və iki dəfə 10000 manat ödəniş etmişlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. Cəlilabad rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X13 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh və İddiaçı bir-birlərinə qarşı şikayətləri əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və şikayətçilərə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, İddiaçı izahatında Cavabdeh ümumilkdə 64395.23 ABŞ dolları dəyərində xalça verdiyini, bunun əvəzində Cavabdeh ona 14600 manat pul ödədiyini, borcunun bir hissəsinin qarşılığında isə “KİA” markalı minik avtomobili ona verdiyini, lakin həmin avtomobilin 22 ay müddətinə hər ay 700 manat lizinq ödənişinin qaldığını, hazırda Cavabdeh ona 26415 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmişdir. Cavabdeh isə izahatında 2022-ci ildən etibarən İddiaçı ilə alver etdiyini, bir il ərzində Turalın anbarından təxminən 50000 ABŞ dolları dəyərində xalça götürdüyünü, həmin malların dəyərini sonradan ödədiyini, Turala qalmış yalnız 9000 manat borcu qarşılığında 2024-cü ilin sentyabr ayında qardaşı Afiyəddinin lizinqlə əldə etdiyi “KİA K5” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili Turalın işçisi X6 adına keçirdiyini, avtomobilin 22 ay müddətində aylıq 778 manat ödənişinin qaldığını, avtomobilin ödənişini qardaşı Afiyəddinin adından çıxartdığına görə etmədiyini, Turala borcunun qalmadığını bildirmişdir. "xxxx" MMC-nin direktoru X10 (Satıcı) ilə X8 (Alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4430 nömrəli “Əşyanın nisyə alqı-satqısı haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 1 ədəd minik avatomobilinin nisyə alqısatqısıdır. 1.3-cü bəndinə əsasən, tərəflər arasında imzalanmış olan bu müqavilənin şərtinə əsasən Satıcı özünə məxsus minik avtomobilini Alıcıya nisyə olmaqla satır, Alıcı isə həmin minik avtomobilinin dəyərini hissə-hissə olaraq Satıcıya ödəyir. 4.1-ci bəndinə əsasən, minik avtomobilinin dəyəri tərəflərin razılaşmasına görə Kia Optima modelli 36697,1 manat məbləğində müəyyən edilir. 4.2-ci bəndinə əsasən, alıcı avtomobilin dəyərindən 9000 manatını ilkin olaraq dərhal ödəmişdir. "xxxx" MMC-nin direktoru X10 (Satıcı) ilə X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4430 nömrəli zaminlik müqaviləsinə əsasən, zaminliklə təmin olunan öhdəlik Satıcı ilə X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4430 nömrəli alqı-satqı müqaviləsi üzrə X3 öz öhdəliklərini tam şəkildə yerinə yetirənədək zaminin borc ödəyənlə birlikdə satıcı qarşısında tam məsuliyyət daşıması barədədir. İş materiallarında olan tərəflər arasında baş tutmuş telefon danışığının yer aldığı elektron daşıyıcıda olan səs yazısından görünür ki, Cavabdeh iddiaçıya 48000 manat məbləğində borcunun olduğunu inkar etmir, həmin borcu ödəyəcəyini bildirir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu cəmi 45041 manat məbləğində pulun 5 iş günü müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyən edilmiş və mübahisəyə sübutlar, sübutetmə yükünün bölüşdürülməsi baxımından düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh iddiaçıdan ümumilikdə 50000 ABŞ dolları məbləğində mal aldığını etiraf etdiyindən, alınan malların dəyərinin ödənlməsi öhdəliyi də cavabdehin üzərinə düşmüş olur. Lakin cavabdeh tərəfindən alınan malların dəyərinin tam olaraq ödənilməsini təsdiq edən sübutlarını birinci instansiya məhkəməsinə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iapellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2-2(121)-814/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2-2(106)-134/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-134/2025
16.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver