Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-135/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı – borcun ödənilməsi barəsində iddiasına dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: vurulmuş ziyandan yaranan - pul tələbi. Şirvan şəhəri, 14 avqust 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X5 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı - borcun ödənilməsi barəsində iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(121)-716/2025 saylı qətnaməsindən (hakim Namidar Misirzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq Kollegiya aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı – 50.000 manat məbləğində pulun və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Ağcabədi şəhər sakini Cavabdeh iddiaçıya vurduğu maddi zərərin əvəzi kimi 50.000 manat pulu qaytarması üçün rəsmi qaydada pretenziya göndərilmişdir. Eyni zamanda aralarında olan pul mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya sessiyası keçirilməsi təklif edilmişdir. Lakin cavabdeh iddiaçının təkliflərinə əhəmiyyət verməmiş, mediasiya sessiyasında iştirak etməmiş, həmçinin pretenziyaya da cavab verməmişdir. Belə ki, iddiaçı 2019-cu ildə Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şah” market ticarət obyektini icarəyə götürüb mağazaya 239.000 manatlıq ərzaq alıb həmin məhsulların satışını həyata keçirmək məqsədilə marketə yerləşdirmişdir. Ərzaq məhsullarını marketə yığdıqdan sonra əvvəllər dostluq münasibəti olan cavabdehlə razılaşmışlar ki, cavabdeh mağazanı işlətsin və gələcəkdə böyüməsini təşkil etsin. Mağazanı iddiaçı icarəyə götürsə də, bütün sənədləşmə işləri cavabdehin adından getmişdir. Cavabdeh işə başladıqdan sonra il yarım ərzində ona hər ay 800, 1000 və 1200 manat əmək haqqı ödənilmişdir. İddiaçı 2019-cu il tarixdə mağazanı təhvil verəndə 239.000 manat dəyərində malları birlikdə hesablayıb cavabdehə təhvil vermiş və o, 2022-ci ilin sonuna kimi mağazanı işlətmişdir. Eyni zamanda cavabdeh özü mağazaya 4 nəfər işçi gətirib hər ay işçilərə 450- 500 manat əmək haqqı verməklə işlətmişdir. Sonuncu dəfə mağazada 2023-cü ilin yanvar ayında ümumi hesablama aparılanda 135.000 manat ərzaq mallarının əskik gəldiyi müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehdən mənimsənilən 135.000 manat pulu tələb etməyə başlamış, 2023-cü ildə cavabdeh özünə məxsus “Ford” markalı avtomobili 17.000 manatın əvəzi kimi iddiaçıya verərək borcundan çıxmasını bildirmişdir. İddiaçı da bununla razılaşmış və avtomobili adına keçirmişdir. Qalıq qalan 118.000 manat pulu isə cavabdeh geri qaytarmamışdır. Ona görə də cavabdeh barəsində tədbir görülməsi üçün Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət edilmişdir. Polis şöbəsində araşdırma aparılaraq Yalçının izahatı alınmış, o, iddiaçıya 50.000 manat pul borcu olduğunu bildirərək maddi imkanı olmadığından qaytara bilmədiyini bildirmiş, həmçinin həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin polis şöbəsində Yalçının barəsində heç bir tədbir görülməmiş, aralarında olan pul haqq hesabı mülki məsələ olduğu üçün xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh həmin vaxtdan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, ödəməli olduğu pulu qaytarmamışdır. İddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq, 50.000 manat ödəməsinə razılaşsa da, cavabdeh həmin pulu da ödəməkdən yayınmışdır. Cavabdehin həmin 50.000 manat pulu da könüllü olaraq ödəmək fikri yoxdur. Ona görə də həmin pulun məhkəmə qaydasında alınıb iddiaçıya verilməsi xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(121)-716/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş və 50.000 manat məbləğində pul vəsaiti və 240 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-716/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun iddiaçıya 50000 manat borcu olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə işin faktiki hallarına əsasən iddiaçının ona borclu olması ilə bağlı işdə kifayət qədər sübutlar olsa da, məhkəmə qərəzli olaraq prosessual qanunvericliyin tələblərinə əməl etmədən qeyri obyektiv və qərəzli qətnamə çıxarmışdır. Hakim müşavirəyə gedərkən işin nəticəsinin hansı əsasla xx.xx.2025-ci il tarixində deyil, məhz xx.xx.2025-ci il tarixində elan edilməsinin zəruriliyini izah etməmişdir. Hazırki iş materialları ilə müəyyən edilir ki, qarşı tərəf heç bir hüquqi əsası və sübutu olmayan sadə bir iddia vermiş, iddianı təsdiq edən sübutlar olmadığı halda, əksinə iddianı təkzib edən sübutlar məhkəməyə təqdim etdiyi halda heç bir xüsusi mürəkkəbliyi olmayan iş üzrə işin nəticəsinin dərhal elan edilməməsi, bir gün sonra isə tamamilə qərəzli mövqeydən çıxış edən qətnamə elan edilməsi prosessual qanunvericiliyin qeyd edilən normasının kobud pozulması ilə nəticələnmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı polis əməkdaşları ilə yaxın münasibətindən istifadə edərək ona təzyiqlər edərək güya onun iddiaçıya 50000 manat borcunun olması ilə bağlı etirafedici ifadə almışdır. Polis şöbəsində iddiaçının cavabdehdən etdiyi şikayət ərizəsi araşdırılarkən ona təzyiqlər və hədələr edilmişdir. Bundan başqa cavabdeh sonradan Apellyasiya şikayətinə əlavə etmiş və əlavəsində eyni məzmunlu arqumentlərə istinad etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil verilən apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinə və ona edilən əlavələrin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı Ağcabədi şəhərində bir neçə yanacaqdoldurma məntəqəsi işlədir. Buna görə də rayonda pois əməkdaşları ilə yaxın münasibətləri vardır. Bundan istifadə edən iddiaçı Şöbədə etmiş olduğu şikayət üzrə araşdırma aparılarkən hədə və təzyiqlər nəticəsində cavabdehdən etirafedici ifadələr almağa nail olmuşdur. Əslində isə mağazaya iddiaçı ilə yanaşı cavabdeh də pul vəsaiti qoymuş və onlar mağazanı şərikli işlətmişlər. Buna görə də iddiaçının da cavabdehə verəcək borcu yaranmışdır. Buna görə də mövcud olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan şikayət etmişlər və həmin qərar iki dəfə ləğv edilmişdir. Hesab edir ki, ilkin vaxtlarda cavabdehdən alınmış yazılı ifadələr təzyiq altında alınmışdır. Bu səbəbdən də qeyd edir ki, iddiaçı cavabdehin ona 50000 manat borcunun olmasını əlavə heç bir sübutla təsdiq edə bilməmişdir. Buna görə də qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, cavabdehə heç bir təzyiq etməmiş və ya onu hədələməmişdir. Mağazada sayım keçirildikdən sonra cavabdehin ona 135000 manat borcunun yaranması müəyyən edilmişdir. Cavabdeh həmin borcun bir qisminin qarşılığında 17000 manat dəyərində avtomobilini onun adına keçirmiş, həmçinin qalan borcunun da hissə-hissə ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh sözünə əməl etmədiyindən məcbur olub polis şöbəsinə şikayət etmişdir. Polisdəki araşdırma zamanı cavabdeh ona 50000 manat borcunun almasını etiraf etmişdir. Halbuki, həmin vaxt cavabdehin ona 118000 manat borcu olmuşdur. Lakin insanlıq xətrinə cavabdehdən 50000 manat pul tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə də onun iddiasını təmin etmişdir. Cavabdehi heç bir halda hədələməmiş, ona təzyiqlər edilməmişdir. Bu hal prokurorluq tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Bu səbəbdən də apellyasiya şikayətini əsassız hesab edir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə cavabdehə münasibətdə tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsində birbaşa şərikli ticarət (biznes) fəaliyyəti ilə bağlı münbasibətləri tənzimləyən müqavilə konstruksiyası nəzərdə tutulmamışdır. Lakin, Mülki Məcəllənin 6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 11.1 və 11.2-ci maddələrinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 64.1 və 64.2-ci maddələrinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Qeyd edilən Məcəllənin 69.1-ci maddəsinə əsasən, ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Belə ki, iş materiallarından görünür ki, Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru İlham Quliyevin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh dostu İddiaçı icarəyə götürüb işlətməsi üçün ona verdiyi “Şah” market işlətdiyi müddət ərzində marketdə olunan alverin pulundan mənimsəməsi xüsusatı sübuta yetmədiyinə görə və toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Ağcabədi rayon sakini Cavabdeh 7-8 il olar ki, tanıyır, aralarında dostluq münasibəti var. 2019-cu ilin noyabr ayında Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şah” marketi icarəyə götürüb işlətmək istəmiş, həmin vaxt mağazaya 239.000 manat dəyərində ərzaq alıb yığmış, mağazanın işlədilməsini və gələcəkdə işin böyüdülməsini Yalçına tapşırmışdır. Yalçınla aralarında olan ilkin razılığa görə ona hər ay əmək haqqı verəcəyini bildirsə də, mağaza işləyəndən sonra Yalçına hər ay 800, 1000 və 1200 manat əmək haqqı vermişdir. 2019-cu ildə mağazanı Yalçına təhvil verəndə hər ikisi 239.000 manat dəyərində malları hesablamış və Yalçına vermişdir. Yalçın mağazaya 4 nəfər işçi gətirmiş, işçilərə hər ay qazancdan 400-500 manat əmək haqqı verilmişdir. 2022- ci ilin dekabr ayının sonuna kimi mağazanı işlətmişlər. Buna səbəb hər ay ümumi malların hesabın aparan zaman Yalçının ona verilən malların əskik olması olmuşdur. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında mağazada ümumi hesablaşma aparanda 135.000 manat pulun əskik gəldiyini müəyyən etmişdir. Mağazanı o, icarəyə götürsə də, bütün sənədləşmə Yalçının adından getmişdir. Buna görə də, Yalçından mənimsədiyi 135.000 manat pulu tələb etməyə başlamışdır. 2023-cü ilin fevral ayında Yalçın özünə məxsus “Ford Fujin” markalı avtomobili 17.000 manata verib borcdan çıxmasını demişdir. O da razılaşmış və Yalçından aldığı avtomobili 15.000 manata satmış, lakin aralarında olan razılığa görə borcdan 17.000 manat çıxmışdır. Bundan sonra Yalçın mənimsədiyi və ona ümumilikdə qalan 118.000 manat borcun hissə-hissə qaytaracağına söz versə də, hal-hazıra kimi müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan imtina etmişdir. Hətta son vaxtlarda pulu ondan tələb edəndə ona sözlə hədə-qorxular gəlmişdir. O, “Şah” marketi hər ay 1.000 manat verməklə icarəyə götürüb Yalçına versə də, aralarında heç bir müqavilə olmamışdır. Dörd il ərzində “Şah” marketdən ümumi qazancdan cəmi 27.000 manat, Yalçın isə 33.000 manat pul götürmüş, həmin pulları ayrıca kitabçalarda qeyd etmişlər. O, izahatında daha sonra göstərmişdir ki, marketin istifadəsi konkret olaraq Yalçına verilmiş, qardaşı Ariz isə marketdə satıcı kimi işləmişdir. Əvvəllər malları özü alıb gətirib mağazaya yığmış, sonradan isə Yalçın özü şirkətlərlə müqavilə bağlayıb malları almışdır. Hazırda Yalçının ona 118.000 manat borcu olsa da, o, Yalçından 110.000 manat tələb etdiyini bildirmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh araşdırma zamanı izahatında göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində tanışı İddiaçı ilə öz aralarında danışıb razılaşmışlar ki, Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şah” marketi İddiaçı icarəyə götürüb ona versin. Aralarında rəsmi müqavilə olmadan firmalardan nağd pulla 178.000 manat dəyərində mal alıb mağazaya yığmışlar. Həmin pulun hamısın Vüqar özü vermiş, mağazanı isə özü işlətmişdir. Hər ay mağazanın 1000 manat icarə pulun mağazanın gəlirindən götürüb vermişdir. İşlədikləri müddət ərzində mağazanın gəlirindən 26.000 manat Vüqara vermişdir. 2023-cü ilin yanvar ayında isə mağazanı bağlamışlar. 223.000 manat dəyərində ərzaq məhsullarını aralarında rəsmi sənədləşmə olmadan Vüqara təhvil vermiş, borclu qaldığı pulun əvəzində isə özünə məxsus “Ford Fujin” markalı avtomobili Vüqara vermiş, 50.000 manat Vüqara borclu qalmış, hazırda maddi imkanı olmadığına görə pulu Vüqara ödəyə bilməmişdir. O, həmin 50.000 manat borcun gələcəkdə Vüqara ödəyəcəyinə söz vermişdir. Mağazanın alverinə Vüqarın aidiyyəti olmamış, bütün malları şirkətlərdən özü almış, qaimələr onun adına yazılmış, alverdə ziyan etdiyi üçün Vüqara 50.000 manat borcu yaranmışdır. Qərardan eyni zamanda görünür ki, X2 oxşar məzmunlu izahat verərək, qardaşı Cavabdeh izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziya məktubları göndərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı xx.xx.2025-ci il tarixli şikayətin məzmunundan aydın olur ki, 2019-cu ildə Vüqar ona birlikdə mağaza açaraq işlətməyi təklif etmiş, mağazanın öz qoruması altında olacağını, polisdə dostlarının olduğunu, dəyib-dolaşan olmayacağını bildirmişdir. Bir müddət düşündükdən sonra Vüqarın təklifi ona maraqlı gəlmiş və birlikdə mağaza açmağa qərar vermişdir. 2019-cu ildən İddiaçı ilə aralarında olan razılaşmaya əsasən, birlikdə “Şah” marketi icarəyə götürərək kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Marketin açılmasında 40.000 manat Vüqarın vəsaiti, 40.000 manat isə onun vəsaiti olmuşdur. Mağaza fəaliyyət göstərdiyi müddət ərzində cəmi 2 dəfə onun iştirakı ilə sayım keçirilmiş, 3-cü sayım isə onun iştirakı olmadan Vüqar tərəfindən keçirilmişdir. Birinci sayım 2021-ci ildə keçirilmiş, nəticələri məqbul olmuşdur. İkinci sayım isə xx.xx.2023-cü il tarixdə olmuş, nəticəsi müsbət olmuşdur. İkinci sayım keçirilməzdən əvvəl Vüqar artıq mağazanı bağlamaq istədiyini, sayım nəticəsində müəyyən edilmiş malların yarı hissəsinin ödənişini ona verəcəyini bildirərək mağazanın açarlarını ondan almış və ona olan borcunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Yalçın səhəri gün mağazaya getmiş və mağazanın açarlarının Vüqar tərəfindən dəyişdirildiyini görmüşdür. Vüqar ilə görüşmüş və qapının açarlarını niyə dəyişdiyini dəqiqləşdirdikdə mağazada olan məhsulların dəyərinin yarı faizini ona ödənişini verəcəyini vəd verərək narahat olmamağını bildirmişdir. Yalçın Vüqara fəaliyyət göstərdikləri müddət ərzində məhsul götürdüyü şirkətlərə və sahibkarlara olan borcları ödəməyi, daha sonra yerdə qalan vəsaitin aralarında bərabər şəkildə bölünməsini tələb etmiş, Vüqar onunla razılaşmış və onu əmin etmişdir ki, guya borclar ödəniləcək, sonra yerdə qalan məbləğ ədalətli şəkildə bölünəcəkdir. Daha sonra, Vüqar gecə saatlarında mağazadan malları götürmüşdür. 2023-cü ilin yanvar ayının təxminən 7-də Yalçın mağazaya getdikdə, mağazada müxtəlif şəxsləri görmüşdür. Nə baş verirdiyini Vüqardan soruşduqda, şirkətlərdən götürülmüş malları bacardığı qədər geri qaytarmağa çalışdığını, hazırda isə onlara mane olmamağı, iş yekunlaşdıqda ona xəbər edəcəyini bildirərək Yalçını yola salmışdır. Yalçın təxminən 2-3 gün keçdikdən sonra Vüqarla əlaqə saxlamışdır, Vüqar isə mağazada sayım keçirib və mağazada cəmi 110.000 manatlıq məhsulun aşkar edilmədiyini, həmin vəsaiti ona ödəməli olduğunu bildirmişdir. Yalçın buna etiraz edərək birlikdə mağazada sayım keçirdiklərini ona xatırladaraq mağazada heç bir çatışmazlıq olduğunu bildirmiş, lakin buna baxmayaraq onun etirazlarına məhəl qoymayan Vüqar Yalçına hədə-qorxu gəlməyə başlamış və ondan pul tələb etmişdir. Vüqar tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını müşahidə edərək, onun tələbi ilə razılaşmaq məcburiyyətində qaldığı üçün istifadəsində olan, lizinqə götürülmüş “Ford Fusion” markalı avtomobili onun adına rəsmləşdirərək avtomobili ona təhvil vermişdir. Vüqar ona hədə-qorxu gələrkən bildirmişdir ki, onun kəsdiyi başa sorğu-sual yoxdur, polisdə də dostları var, lazım olsa polisin əli ilə təzyiq göstərə, şərləyərək həbs elətdirə bilər. Daha sonra da, onun tapşırığı əsasında Yalçını polis idarəsinə çağırmışlar və orada ona sənədlər təqdim edərək, imzalamağı, diktə etdikləri kimi izahat verməyi tələb etmişdirlər. Yalçın onu təhdid edən Vüqara polis şöbəsində yalvarmış, lakin bu yalvarışları nəzərə almayan İddiaçı və onun dostu və qohumu Ağcabədi RPŞ-nin müstəntiqi İlham Quliyevlə birlikdə onu təhqir etməkdə, izahatı diktə olunmuş şəkildə ifadə verməyə məcbur etmişdirlər. Yalçın məcbur qalaraq həmin sənədləri imzalamış, diktə olunmuş şəkildə izahat yazmışdır. Ağcabədi rayon PŞ-nin, TBnin təhqiqatçısı Ramil Quliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, guya Yalçının Vüqara 50.000 manat borcu var, bununla bağlı izahat vermişdir, həmin izahat həqiqəti əks etdirmir. İşin əsl tərəfi isə ondan ibarətdir ki, faktiki olaraq mağaza açılarkən Vüqar da, Yalçın da 40000 manat pul qoyaraq işə başlamışlar. Vüqar özü bildirir ki, mağazada 106.000 manatlıq məhsul mövcud olmuşdur. Bununla yanaşı şirkətlərə 79.652 manat ümumilikdə borc yaranmış, həmin borclar isə Yalçının adına rəsmiləşdirilmiş, faktiki olaraq həmin borclar Yalçından tələb olunur. Lakin şirkətlərə olan borcun yarı hissəsi ilə bağlı öhdəlik məhz Vüqara aiddir, Yalçından tələb olunduğu üçün həmin borcun yarı faizini, yəni (79652:2=39852) 39852 manat Vüqar Yalçına ödəməlidir. Fəaliyyət göstərdikləri müddət ərzində Vüqar mağazadan ümumilikdə 57.000 manat pul və mal götürmüşdür. Bununla yanaşı Vüqarın hədə-qorxusu nəticəsində Yalçın Vüqara 20000 manat dəyərində olan 2015-ci il buraxılışı olan “Ford Fusion” markalı minik avtomobilini vermişdir. Belə olan halda aşağıdakı riyazi hesablama nəticəsində tərəflər arasında vəsait bölünməlidir. 1. Mağazada olan mallar Vüqarda olduğu üçün həmin vəsaitin yarısı (106000:2=53000) yəni 53000 manatı Vüqar tərəfindən Yalçına ödənilməlidir. 2. Mağazanın şirkətlərə olan ümumilikdə 79652 manat borcu məhz Yalçının adına rəsmiləşdirildiyi üçün onun şəriki Vüqar həmin öhdəliyədə şərik olduğuna görə öhdəliyin yarısını, yəni (79652:2=39852) 39852 manat Vüqar Yalçına ödəməlidir. 3. Fəaliyyət göstərilmiş müddət ərzində ümumilikdə 57000 manat vəsait Vüqar tərəfindən götürüldüyü üçün həmin vəsaitin yarı faizi, yəni (57000:2=28500) 28500 manat vəsait Vüqar tərəfindən Yalçına qaytarılmalıdır. 4. Bununla yanaşı Yalçına edilmiş hədə-qorxu nəticəsində Vüqara verdiyi 2015-ci il tarixli buraxılış ili olan “Ford Fusion” markalı avtomobilin dəyəri 20000 manat və hədə-qorxu ilə aldığı 15000 manat, ümumilikdə 35000 manat vəsaiti Vüqar Yalçına qaytarmalıdır. Göründüyü kimi 53000+39852+28500+35000=121352 manat məbləğində Vüqarın Yalçına borcu var, Yalçının isə borcu yoxdur. Lakin Vüqarın yaxın dostu olan, Ağcabədi rayon Polis Şöbəsinin, TB-nin təhqiqatçısı Ramil Quliyev və İddiaçı tərəfindən polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, guya 50000 manat Vüqara borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qalmışdır. Məhkəmə proseslərinə İddiaçı (hədələrə görə Vüqarın onu tapmaması üçün Ağcabədi rayonundan qaçmaq, ailəsi və özünün təhlükəsizliyini təmin etmək məcburiyyətində qalmış) qorxduğu, ehtiyat etdiyi üçün gələ bilmədiyini, vəkilinin iştirakı ilə işə baxılaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Ağcabədi rayon prokuroru baş ədliyyə müşaviri Vüqar Hacıyevin xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarının surətindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar əməliyyat tapşırığı verilmədiyi, həmçinin icarə müqaviləsi olub-olmaması ilə əlaqədar aidiyyəti qurumlara sorğu verilmədiyi, müsbət halda həmin müqavilənin surəti materiala əlavə edilmədiyi, bundan başqa Cavabdeh məxsus “Ford Fusion” markalı avtomobilin mövcud olub-olmaması və həmin avtomobilin həqiqətən də satılıb-satılmaması məsələsi müəyyənləşdirilmədiyi, mağazada olan malların adları və qiymətləri mütəxəssisin iştirakı ilə dəqiqləşdirilmədiyi üçün HK-1/805 nömrəli material üzrə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, İlham Quliyevin cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi xx.xx.2023-cü tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Ağcabədi rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru Elçin Piriyevin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, toplanmış materialda cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon prokuroru baş ədliyyə müşaviri Vüqar Hacıyevin xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarının surətindən görünür ki, ilkin yoxlama zamanı təhqiqatçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması və yuxarıda qeyd edilən xüsusatların hərtərəfli, tam və obyektiv araşdırılması və nəticəsindən asılı olaraq hüquqi qiymət verilməsindən ötrü Ağcabədi rayon X4 bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 HK-1/805 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək material üzrə əlavə yoxlama aparılması Ağcabədi rayon X4 bölməsinə həvalə edilməsi qərara alınmışdır. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh onun xalası oğludur. Bir ildir ki, Yalçın ailəsi ilə birlikdə Bakı şəhərinə onun yanına gələrək, ondan kömək istəmişdir. Yalçının Kürdəxanı yolunda təxminən 60.000- 70.000 manat dəyərində olan yarımtikili bir obyekti var idi. Həmin obyekti 50.000 manata ona satmışdır. Belə ki, o, 40.000 manat verərək, biriki ilə qalan məbləği də verəcəyini bildirmiş və razılaşmışlar. Sonradan qalan 10.000 manatı da Yalçına vermiş və hazırda aralarında borc yoxdur. Həmin vaxt Yalçın Vüqar adlı şəxslə biznes qurmaq istədiyini bildirərək, 40.000 manatı ona verəcəyini bildirmişdir. Sonradan o, qalan borcu Yalçına qaytaranda Vüqar adlı şəxsin ona hədə-qorxu gəldiyini bildirmişdir. O, Yalçına polisə şikayət etməsini məsləhət görmüş və ailəsi ilə Bakıya gəlməsini söyləmişdir. Yalçın da ailəsi ilə birlikdə Bakıya, onun yanına köçmüşdür. Yalçının şirkətlərə çoxlu borcu var və buna görə ona tez-tez zənglər gəlir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2019-cu ildən tərəflər şərikli (ortaq) fəaliyyət göstərmələrinə dair razılığa gəlmişlər. İddiaçı ilə cavabdeh arasında şərikli (ortaq) fəaliyyət faktiki mövcud olmuş olsa da, şərikli (ortaq) fəaliyyət haqqında onlar arasında yazılı razılaşma olmamışdır. Belə ki, iddiaçı 2019-cu ildə Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şah” market ticarət obyektini icarəyə götürüb ərzaq məhsulların satışını həyata keçirmək məqsədilə marketə yerləşdirmişdir. Ərzaq məhsullarını marketə yığdıqdan sonra əvvəllər dostluq münasibəti olan cavabdehlə razılaşmışlar ki, cavabdeh mağazanı işlətsin və gələcəkdə böyüməsini təşkil etsin. Cavabdeh tərəfindən marketin fəaliyyətinə görə hər hansı bir vəsait qoyulmasa da, marketin cari fəaliyyətini həyata keçirdiyindən, o, əldə edilmiş gəlirə (qazanca) şərik olmuşdur. 2023-cü ilin yanvar ayında marketdə ümumi hesablama aparılan zaman ərzaq məhsullarının əskik gəldiyi müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehdən çatışmayan məhsullara görə 135.000 manat pulu tələb etməyə başlamış, cavabdeh özünə məxsus “Ford Fusion” markalı avtomobili 17.000 manatın əvəzi kimi iddiaçıya verərək borcundan çıxmasını bildirmişdir. İddiaçı da bununla razılaşmış və avtomobili adına keçirmişdir. Qalıq qalan 118.000 manat pulu isə cavabdeh geri qaytarmamışdır. Ona görə də iddiaçı cavabdeh barəsində tədbir görülməsi üçün Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət edilmişdir. Polis şöbəsində araşdırma aparılaraq cavabdehin izahatı alınmış, o, iddiaçıya 50.000 manat məbləğində borcunun olduğunu bildirərək maddi imkanı olmadığından qaytara bilmədiyini bildirmiş, həmçinin həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan, xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Sonradan həmin qərar Ağcabədi rayon prokurorunun qərarı ilə ləğv edilmişdir. Lakin, cavabdeh məhkəməyə ünvanladığı etirazında (həmçinin, prokurorluğa ünvanladığı şikayətində) iddiaçı tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını, həmçinin polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, iddiaçıya 50000 manat borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qaldığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı şərikli (ortaq) fəaliyyət göstərməsinə dair cavabdehlə razılığa gəlmişdir. Marketdə satışı aparılan bütün məhsullar iddiaçının vəsaiti hesabına alınmışdır. Lakin, marketdən gələn gəlirə (qazanca) tərəflər şərik olmuşlar. Göründüyü kimi, tərəflərin razılaşmasına əsasən iddiaçının şərikli ticarət üçün qoyduğu mayaya (kapital) münasibətdə cavabdeh yalnız birgə fəaliyyət nəticəsində əldə edilən gəlirə ortaq olması nəzərdə tutulmuşdur. Məhkəmə müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında şifahi əqd bağlayaraq şərikli ticarət fəaliyyəti barədə razılığa gəlmişlər. Lakin, iddiaçının marketdə şərikli ticarət üçün qoyduğu mayaya (kapitala) münasibətdə ümumi hesablama aparılan zaman ərzaq məhsullarının əskik gəldiyi müəyyən edildiyindən, cavabdeh həmin məhsullara görə 50.000 manat məbləğində borcunun olmasını bildirərək, həmin vəsaiti iddiaçıya geri qaytarması barədə öhdəlik götürmüşdür. Göründüyü kimi məhkəmə iddianı təmin etmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili cavabdeh iddiaya etirazında və prokurorluğa verilmiş şikayətində iddiaçı tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını, həmçinin polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, iddiaçıya 50 000 manat borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qalmasından ibarətdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağcabədi rayon X4 Bölməsinin xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli qərarlarından və həmin qərarlara əlavə edilmiş cavabdeh tərəfində yazılmış izahatlardan məlum olur ki, cavabdeh iddiaçıya 50000 manat borcunun qalmasını etiraf etmişdir. Apellyasiya baxışında sorğu edilərək işə əlavə edilmiş HK-1/805 (RM-1605) saylı materialı təhlil edilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli qərarlar ləğv edilmiş olsalar da, cavabdeh iddiaya etirazında və prokurorluğa verilmiş şikayətində iddiaçı tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını, həmçinin polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, iddiaçıya 50000 manat borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qalması ilə bağlı ona hədə-qorxu edilməsi, bunun nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yəni, qeyd edilən qərar(lar)da göstərilən hallar məhkəmə üçün məcburi olmasa da, iddiaçı bu halları sübut etmək yükündən azad olmuş, həmin halların əksinin sübuta yetiririlməsi vəzifəsi cavabdehə keçmişdir. Cavabdeh isə bunları sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda bəhsi keçən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(121)-716/2025 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-135/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-135/2025
14.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver