Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-136/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)-24/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 10255,86 manat əsas borc, 1337,7 manat faiz borcu olmaqla cəmi 11593,56 manat borcun və 200 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 21000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh3 və Cavabdeh2 (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icrа еtməlidirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)-24/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 8979.52 manat əsas borc, 1018.25 manat faiz olmaqla, cəmi 9997.77 (doqquz min, doqquz yüz doxsan yeddi manat, yetmiş yeddi qəpik) manat məbləğində borc və çəkilmiş mediasiya xərcinə görə ödənilmiş 171.44 (bir yüz yetmiş bir manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayəti verərək dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi araşdırmanı səthi aparmış, iddiaçının işin halları ilə bağlı mövqeyi nəzərə alınmamış, nəticədə hüquq və mənafelərinin pozulması ilə nəticələnən yekun akt qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla mülki iş üzrə işin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/3627/2024 saylı rəylə pretenziyanın göndərildiyi tarixə cavabdehlərin banka olan borcu əsas borc üzrə 8979.52 manat, faiz borcu üzrə 1018.25 manat müəyyən olunmuşdur. Ekspert hesablama aparan zaman kredit borcunun gecikdirilməsi səbəbilə hesablanan və həyata keçirilmiş ödənişlərdən silinən cərimə borclarına aid edilməli olan məbləğləri qismən əsas, qismən faiz borcundan çıxdığı üçün düzgün olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmənin hazırlıq iclasında təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə əsaslandırılmış vəsatət məhkəməyə təqdim edilib. Həmin vəsatətdə cərimə borcuna hesablanmalı olan məbləğlərin həcmi və təyinatı ilə bağlı ekspert qarşısında sual qoyulması məhkəmədən xahiş olunmuş, həmçinin bankın daxili informasiya sistemindən alınmış məlumatları əks etdirən cədvəl vəsatətə əlavə edilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilmiş, lakin təkrar ekspertizanın təyin olunması barədə qərardadda təqdim olunmuş suallar öz əksini tapmamış, nəticədə düzgün olmayan ilkin rəylə tam eynilik təşkil edən və işin həlli üçün formal cəhət istisna olmaqla digər heç bir əhəmiyyət kəsb etməyən ikinci rəy əldə edilmişdir. Bir daha iddiaçı həmin mövqe ilə razılaşmayaraq xx.xx.2025-ci il tarixdə təqdim olunmuş rəydəki boşluqlar və digər suallarla bağlı ekspertin dindirilməsi haqqında vəsatət təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin vəsatətə ümumiyyətlə münasibət bildirilməmişdir. Göstərilən hallar və həmin halların mahiyyətində nümayiş olunan səthi yanaşma yekunda əsassız olaraq qismən cavabdehlərin xeyrinə, iddiaçının isə əleyhinə qətnamə qəbul olunmasına səbəb olmuşdur. Məhkəmə icraatının prinsipal nəticəvi fəaliyyətinin yönəldiyi hüquqi həqiqət prinsipinə nail olmaq üçün prosessual icraat zamanı ən zəruri elementiv tərkib hissəsi sayılan çəkişmə prinsipinə əməl olunması xüsusi zərurət kəsb edən məsələdir. Lakin məhkəmə tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması ilə bağlı qərardadda iddiaçının təqdim etdiyi sualların qeyd edilməməsi, bununla bağlı əsaslı mövqe irəli sürülməməsi, ekspertin dindirilməsi barədə vəsatətin isə ümumiyyətlə heç bir əsas göstərilmədən nəzərə alınmaması bu prinsiplə uzlaşmamaqla, işin obyektiv və ədalətli həllini də istisna etmiş olur. Məhkəmə tərəfindən ilkin məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə tam eyni məzmunda olan, işin həlli üçün əhəmiyyət kəsb edən hal və faktları düzgün müəyyən etməyən təkrar rəyin tədqiqat üsulları, əldə olunmuş nəticəyə gəlinməsinə səbəb olan hallar aydınlaşdırılmamış, iddiaçının qeyd olunanların müəyyən olunmasına yönələn müraciətləri və prosessual cəhdləri nəticəsiz qalmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil olunmamış, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etməklə, qətnaməni qismən, iddianın təmin olunmayan hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin (borc alan) apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/21588/81/1 saylı Kredit Sazişindən görünür ki, həmin kredit Sazişinə əsasən cavabdehə illik 24 faiz ödəmək şərti ilə 36 ay müddətinə 21000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, zaminlər Cavabdeh3 və Cavabdeh2 qeyd edilən kredit sazişi üzrə borcalan Cavabdeh1 öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin ödənilməsi ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 10255,86 manat əsas, 1337,7 manat faiz borcu vardır. “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli kredit sazişi üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” bildirişlərin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 (əsas borclu), Cavabdeh3 və Cavabdeh2 (zaminlər) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişinə əsasən yaranmış 10255,86 manat məbləğində əsas, 1039,68 manat məbləğində faiz borcunun dərhal ödənilməsi tələb olunmaqla yanaşı, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3627 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 02 noyabr 2023-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8979,52 manat, faiz borcu üzrə 1018,25 manat, 15 yanvar 2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) X6” ASC-yə olan borcu əsas borc üzrə 8979,52 manat, faiz borcu üzrə 655,25 manat müəyyən edilir. Aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9511 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 02 noyabr 2023-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8979,52 manat, faiz borcu üzrə 1018,25 manat, 15 yanvar 2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) X6” ASC-yə olan borcu əsas borc üzrə 8979,52 manat, faiz borcu üzrə 1473,67 manat müəyyən edilir. Aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02899 nömrəli arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 205 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. Apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 9/3666 saylı rəyinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/21588/81/1 saylı kredit sazişi ilə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 8462,68 manat məbləğində, o cümlədən əsəs borc üzrə 8462,68 manat, faiz borcu üzrə 00,00 mant müəyyən edilmişdir. Aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur, 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarında olan 2 noyabr 2023-cü il tarixli bildirişdən (işin 12-ci vərəqi) görünür ki, kreditor borc alana kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca və vaxtında icra etmədiyini, gecikdirilmiş borc məbğləğinə əlavə olaraq cərimə hesablandığını, 10255.86 manat əsas, 1039.68 manat faiz, 598.7 manat cərimə borcunun yarandığını, bu səbəbdən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirərərək, banka olan bütün borc məbləğini dərhal ödəməyi təklif etmiş, əks təqdirdə eyni tələblə məhkəməyə müraciət ediləcəyini borc alanın nəzərinə çatdırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı 2 noyabr 2023-cü il tarixinə hesablanan faiz məbləğini tələb edə bilərdi. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası qarşısında da, məhz həmin tarixə (pretenziyanın göndərildiyi tarixə) hesablanan əsas və faiz borcunun ayrı-ayrılıqda məbləğlərinin müəyyən olunması sualı qoyulmuşdur. Ekspertizanın rəyinə əsasən 02 noyabr 2023-cü il tarixə (pretenziyanın göndərildiyi tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8979,52 manat, faiz borcu üzrə 1018,25 manat müəyyən edilmişdir. Təkrar ekspertizanın rəyinə əsasən 02 noyabr 2023-cü il tarixə (pretenziyanın göndərildiyi tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə eynilə 8979,52 manat faiz borcu üzrə isə 1018,25 manat müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində ekspert rəylərinin əsassızlığını bildirərək, bunu ekspert hesablama aparan zaman kredit borcunun gecikdirilməsi səbəbilə hesablanan və həyata keçirilmiş ödənişlərdən silinən cərimə borclarına aid edilməli olan məbləğləri qismən əsas, qismən faiz borcundan çıxdığı üçün düzgün olmayan nəticəyə gəlməsi ilə izah etməyə çalışmışdır. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılan zaman yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertiza qarşısında apellyasiya şikayətinin dəlillərini əhatə edən suallar qoyulmuşdur. Bununla belə xx.xx.2025-ci il tarixdə verilən 9/3666 saylı ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/21588/81/1 saylı kredit sazişi ilə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 8462,68 manat məbləğində, o cümlədən əsəs borc üzrə 8462,68 manat, faiz borcu üzrə 00,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər aparılan araşdırma zamanı təsdiqini tapmamış, əksinə verilən yeni ekspert rəyi ilə müqavilənin iddiaçı bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi xx.xx.2023-cü il tarixinə əsas borcun qalığı 8462,68 manat, faiz borcu isə 00,0 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçı bank tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni yalnız mübahisələndirilən hissədə təftiş etmək səlahiyyətində olduğundan, kollegiya hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat İddiaçı ASC-dən tutularaq dövlət nəfinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)-24/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-136/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-136/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver