Məhkəmə qərarları › İş №2-2(106)-137/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-137/2025

12.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-137/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı - pul tələbi barədə iddiasına dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: sair işlər digər iddiasına, ərizəsinə dair. Şirvan şəhəri, 12 iyun 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı - pul tələbi barədə iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-2(121)-735/2025 saylı qətnaməsindən (hakim: N.Misirzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı - 5.510,98 manat borcun və 75,5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ötən ilin sentyabr ayının 21-də cavabdeh iddiaçıdan 5.510,98 manat dəyərində malları (pvc profil və aksesuarlarını) nisyə alaraq pulunu qısa müddətdə, uzağı bir ay ərzində verəcəyini bildirmişdir. Bununla bağlı akt tərtib edilmiş və cavabdeh də həmin aktı imzalamışdır. Lakin o, həmin müddət ərzində pulu ödəməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirən cavabdeh qeyd olunan malın pulunu bu vaxtadək ödəməmişdir. Bununla bağlı iddiaçı Lənkəran ŞRPŞ-nə müraciət etməli olmuşdur. Ərizə oradan aidiyyəti üzrə Masallı RPŞ-nə göndərilmişdir. Masallı RPŞ-də aparılan araşdırma zamanı cavabdeh həqiqətən də iddiaçıdan qeyd olunan aktda göstərilən dəyərdə nisyə mal almasını bildirmiş, pulunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh yenə də öhdəliyini icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1098/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, 5.510,98 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 75,50 manat məbləğində pul, cəmi 5.586,48 manat Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyərinin Cavabdeh aid edilməsi və ondan 127 manat tutularaq aşağıdakı hesaba köçürülməsi: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE******************** qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 1917/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1098/2024 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianın qismən qəbul edərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qəbzdə “İmza” qrafalarında “X2” yazılarının qarşılarındakı imzalar ona məxsus deyildir. Həqiqətən İddiaçı tərəfindən ona dəyəri 5510,9 manat məbləğində olan PVC materialları və aksesuarları nisyə satılmışdır. Lakin, aldığı malların və aksesuarların bir qismini iddiaçının işçisi Mirsaleh Bağırova qaytarmışdır. Həmçinin, aldığı qeyd edilən malların və aksesuarların dəyərinin bir hissəsini iddiaçının işçisi Nərmin adlı xanıma ödəmişdir. Hazırda onun iddiaçıya 1700-2200 manat arası borcu qalmışdır. Həmin borcu da ödəyəcəkdir. Buna görə də, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-2(121)-735/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 5.510,98 manat məbləğində borc və 75,50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya məhkəməsinin 2-2(121)-735/2025 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Məhkəməsi həm də Şirvan Kommersiya Məhkəməsi iddiaçının ondan tələb etdiyi məbləğ ilə onun iddiaçının işçisi olan Nərmin adlı işçiyə ödədiyi pullar arasında olan fərqi müəyyən etməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda belə bir ekspertiza təyin etməmişdir. Bununla da prosessual pozuntuya yol vermişdir. Məhkəmə özü alınmış rəqəmə münasibətdə ekspert deyildir. Ona görə də iş üzrə mühasibatlıq ekspertiza təyin etməli idi. Eyni zamanda yuxarıda istinad edilən qanunvericilik normalarını pozmaqla qanunvericilikdə göstərilən hallara da münasibət bildirməmiş, həmin sübutlara qiymət verilməməsini də əsaslandırmamışdır. İddianı təmin etdiyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan sübutlara istinad etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İş üzrə təqdim edilmiş sübutların araşdırılmaqla iddianın rədd edilməli olmasına baxmayaraq iddianı təmin etmişdir. İddianı isə təmin edərkən sübutlara yox sadəcə sözlərə istinad etmişdir. Mahkəmə işə baxarkən adi sözləri sübut kimi qəbule dərək heç bir əsas olmadan müəyyən etmiş və qətnamədə qeyd etdiyi halların haradan müəyyən olunması ilə bağlı heç bir əsaslandırma aparmamamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, həqiqətən də iddiaçıdan 5.510,98 manat dəyərində plastik qapı və pəncərə aksesuarları almışdır. Lakin həmin aksesuarların dəyərinin bir hissəsini iddiaçının işçisi Mirsalehə, bir hissəsini isə digər işçisi Nərminə ödəmişdir. Hazırda onun iddiaçıya təxminən 2200-ə yaxın borcu qalar. Birinci instansiya məhkəməsində Mirsalehlə, Nərminin şahid kimi məhkəməyə dəvət etsə də onlar məhkəməyə gəlməmişlər. Birinci instansiya məhkəməsi heç bir sübuta qiymət verməmiş, yalnız tərəflərin izahatlarına əsaslanaraq qətnamə qəbul etmişdir. Həmçinin göstərmişdir ki, 3000 manat pul götürüb iddiaçının yanına getmiş və aralarında olan borcun bağlanmasını ona demişdir. Lakin iddiaçı onunla razılaşmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, cavabdeh ondan 5.510,98 manat dəyərində plastik qapı və pəncərə aksesuarları almış və indiyədək ona 1 qəpik də olsa pul qaytarmamışdır. Cavabdeh ondan 5.510,98 manat dəyərində plastik qapı və pəncərə aksesuarları almasını qəbul edir, lakin həmin borcu qaytarmasını deyir, amma bununla bağlı sübutları məhkəməyə təqdim etmir. Cavabdeh Mirsaleh və Nərminə hər hansı pul məbləği verməyib. Əgər veribsə gedib pulunu onlardan tələb etsin. Əksinə Nərmin borcu almaq üçün cavabdehin evinə getmiş, cavabdeh də buna görə polisə zəng vurmuşdur. Bundan sonra məcbur olub məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdehə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən, Cavabdeh İddiaçı 5.510,98 manat məbləğində borcu vardır. Aktda qeyd olunan borc məbləğini və aktın doğruluğunu tərəflər öz imzaları ilə təsdiq etmişlər. İşdən görünür ki, Masallı rayonu, Köhnə Alvadı kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Polis Şöbəsinə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, aldatma yolu ilə 5.510 manat pulu ələ keçirərək, dələduzluq etmişdir. Odur ki, Cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsinə, onun cinayət məsuliyyətinə cəlb edilərək mənimsənilmiş pulu qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materialında olan Masallı rayonu, Köhnə Alvadı kənd sakini İddiaçı Masallı RPŞnə verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, müraciətinin səbəbi Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh ona 5.510 manat pul borclu olmasıdır. İddiaçı Masallı rayonu ərazisində yerləşən inşaat bazarında sahibkarlıqla məşğuldur və Cavabdeh 4-5 ildir ki, tanıyır. Əvvəllər ondan bir neçə dəfə qapı-pəncərəyə aid olan materiallar almış, pulunu isə ödəmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh inşaat bazarında ondan 5.510 manat dəyərində qapı-pəncərəyə aid olan materiallar götürmüş və borclu olduğu 5.510 manatla bağlı aralarında akt tərtib edilmişdir. Cavabdeh borclu olduğu pulun bir ay müddətinə qaytarmağına söz verməklə tərtib olunmuş aktda qeyd edilərək imzalamışdır. Bir ay keçdikdən sonra İddiaçı Cavabdeh borclu olduğu pulu qaytarmadığına görə onunla dəfələrlə əlaqə saxlayaraq, pulu tələb etmişdir. Lakin o, borclu olduğu pulu etiraf etsə də, tez bir zamanda qaytaracağına söz versədə, hələ də pulu qaytarmamışdır. İşə əlavə olan Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh Masallı RPŞ-nə verdiyi izahatına əsasən, 2023-cü ilin təxminən iyun ayında Masallı rayonu ərazisində yerləşən inşaat bazarında İddiaçı işlədiyi mağazadan Elşən adlı şirkətdən plastik qapıpəncərəyə aid olan materiallar götürmüşdür. Götürdüyü malların çox hissəsini vermişdir. Hal-hazırda 1.700 manat məbləğində pul borcu qalmışdır. Odur ki, İddiaçı işlədiyi mağazaya 5.510 manat pul borcu yoxdur. Barəsində deyilənlər və qeyd olunanlar doğru deyildir. İş materialında olan Masallı rayonu, Köhnə Alvadı kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ünvanladığı müraciətinin yoxlanılmasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Masallı rayonu, Köhnə Alvadı kənd sakini, İddiaçı xx.xx.2023- cü il tarixdə Lənkəran ŞRPŞ-nə ünvanladığı müraciəti xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nə daxil olmuşdur. Yoxlama zamanı Masallı rayonu, Köhnə Alvadı kənd sakini, İddiaçı ilkin müraciətində Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh onun etibarından istifadə edərək 5.510 manat pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Araşdırma zamanı Masallı rayonu, Köhnə Alvadı kənd sakini, İddiaçı izahatı alınarkən izahatında, xx.xx.2023- cü il tarixdə Masallı şəhəri, Digah küçəsində yerləşən tikinti materialları mağazasından, Lənkəran rayonu Boladı kənd sakini Cavabdeh 5.510 manat dəyərində qapı-pəncərəyə aid olan materiallar almış, bir ay müddətinə pulunu ödəyəcəyinə söz versə də, hələdə pulunu vermədiyini bildirmişdir. Araşdırma zamanı Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh izahatı alınarkən izahatında, Masallı rayonu, Köhnə Alvadı kənd sakini, İddiaçı 5.510 manat deyil, 1.700 manat pul borcu qaldığını bildirmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı, Cavabdeh qarşı iddia və tələbi polis orqanlarının səlahiyyətlərinə aid deyildir, mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması barədə rəsmi məktubla bildirilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, qəbzdə müxtəlif materialların adları qeyd edilmiş və qəbzin “Təhvil aldı” hissəsi “Mirsaleh Bağırov” adlı şəxs tərəfindən imzalanmışdır. İşdə olan “Müştəri hərəkət raportu (xüsusi)” adlı sənədin surətindən görünür ki, Cavabdeh verilmiş mallar və aksesuarlar üzrə qalıq borcunun 5.683,68 manat olması müəyyən olunur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 3-16-16/2-4/565 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli qəbzdə “İmza” qrafalarında “X2” yazılarının qarşılarındakı imzaların – Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 127 manat məbləğində təşkil edir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili məhkəmənin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, qətnamənin sübutlar əsasında deyil, tərəflərin izahatı əsasında çıxarılmasıdır. Müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdehin malların və aksesuarların nisyə alınması ilə əlaqədar iddiaçıya 5.510,98 manat borcunun qalması müəyyən edilmişdir. Tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə qapı və pəncərə pvc materialları və aksesuarları nisyə satılmış, lakin, cavabdeh tərəfindən pvc materiallarının və aksesuarlarının dəyəri iddiaçıya ödənilməmişdir. Birinci instansiya məhkəməsində olduğu kimi cavabdeh apellyasiya baxışında da iddiaçıdan 5.510,98 manat dəyərində plastik qapı və pəncərə aksesuarları almasını bildirmiş, həmin aksesuarların dəyərinin bir hissəsini iddiaçının işçisi Mirsalehə, bir hissəsini isə digər işçisi Nərminə ödəməsini bildirmiş, hazırda onun iddiaçıya təxminən 2200-ə yaxın borcunun qalmasını bildirmişdir. Həmçinin göstərmişdir ki, 3000 manat pul götürüb iddiaçının yanına getmiş və aralarında olan borcun birdəfəlik bağlanmasını ona demişdir. Lakin iddiaçı onunla razılaşmamışdır. Göründüyü kimi cavabdeh iddiaçıdan 5.510,98 manat dəyərində plastik qapı və pəncərə aksesuarları almasını bildirmiş, lakin borcundan iddiaçıya müəyyən ödənişlər etdiyini və hazırda iddiaçıya 2200-ə yaxın borcunun qalmasını qeyd etsə də o, 5.510,98 manat dəyərində plastik qapı və pəncərə aksesuarlarının dəyərinin iddiaçıya ödəməsi ilə bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsindən yaranmış 5.510,98 manat borcu cavabdehdən tələb etməkdə və məhkəmə də iddianı tələb etməkdə haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olmadığından hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-2(121)-735/2025 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar