Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-139/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Açar sözlər: icarə müqaviləsinin ləğvi və müqavilə üzrə borcun ödənilməsi. X17 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X12 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-2(121)217/2024 saylı qətnaməsindən (hakim Zaur Abbasov) iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və həmin İcarə müqaviləsinə əsasən yaranmış 41.000 manat icarə haqqının, 207 manat ödənilmiş mediasiya xidmət haqqının və 8 manat ödənilmiş dövlət rüsumunun iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin və onun qanuni təmsilçisi X5 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, H.Əliyev prospektində ümumi sahəsi 4136.6 kv.metr olan Əmlak kompleksi kimi müəssisə və 2.1250 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 1000 manat olmaqla 2070-ci il tarixədək İddiaçı2 və İddiaçı1 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsi "xxxx" MMC-nin qanuni təmsilçisi X13 tərəfindən verilən etibarnaməyə əsasən Bakı şəhəri 51 saylı Notariat ofisində təsdiq edilmiş və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində qeydiyyata alınmışdır. Göstərilən Əmlak Kompleksi xx.xx.2019-cu il tarixdə verilmiş reyestrdən çıxarışa əsasən icarəyə verənlərin xüsusi mülkiyyətindədir. İcarə haqqları ödənilmədiyinə görə 28 noyabr 2023-cü il tarixə cəmi 41.000 (qırx bir min) manat borc yaranmışdır. Cavabdeh "xxxx" MMC-yə, eyni zamanda onun qanuni təmsilçisi X7 pretenziya göndərilərək icarə müqaviləsində nəzərdə tutulmuş xx.xx.2023-cü il tarixə olan cəmi 39.000 (otuz doqquz min) manat icarə haqqlarının 10 gün müddətində ödənilməsini təmin edib, həmin müqavilənin ləğv edilməsinə dair Bakı şəhəri 51 saylı Notariat ofisinə rəsmi qaydada müraciət edilməsi xahiş edilmişdir. Lakin, pretenziya rəsmi olaraq qəbul edilsə də, cavabdeh icarə haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsinin ləğv edilməsinə münasibət bildirməmişdir. Bundan sonra AR MPM-də nəzərdə tutulmuş qaydada Mediyasiya Şurasına müraciət edilmiş, lakin cavabdeh çağrışa gəlmədiyinə görə Lənkəran 1 saylı Mediyasiya təşkilatı xx.xx.2023-cü il tarixli arayış təqdim etmişdir. Bundan başqa AR MPM-nin tələbinə uyğun olaraq, cavabdeh "xxxx" MMC-nin elektron məhkəmə sistemində olan elektron kabinetinə və e-taxes.gov.az saytında olan elektron kabinetinə xx.xx.2023-cü il tarixdə elektron qaydada pretenziya göndərilərək icarə müqaviləsində nəzərdə tutulmuş cəmi 41.000 (qırx bir min) manat icarə haqqlarının 10 gün müddətində ödənilməsini təmin edib, həmin müqavilənin ləğv edilməsinə dair Bakı şəhəri 51 saylı Notariat ofisinə rəsmi qaydada müraciət edilməsi xahiş edilmişdir. Cavabdeh elektron qaydada göndərilən pretenziyaya da heç bir cavab verməmiş, icarə müqaviləsinin ləğv edilməsinə və borcun qaytarılmasına əhəmiyyət verməmişdir. Halhazırda isə cavabdeh MMC-nin 28 noyabr 2023-cü il tarixə 41.000 (qırx bir min) manat borcu vardır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, cavabdehlər İddiaçı2, İddiaçı1 ilə iddiaçı ”Aqromal“ MMC arasında bağlanan 27 iyun 2020-ci il tarixli icarə müqaviləsinə görə cavabdehlər mülkiyyətlərində olan İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 4136.6 kv.m ümumi sahəsi olan əmlak kompleksinin 2.1250 ha torpaq sahəsini icarəyə vermişlər .İcarə müqaviləsini İddiaçı2 əvəzində nümayəndə X9 və "xxxx" MMC-nin əvəzində X3 imzalamışlar .Eyni zamanda 29 iyun 2020-ci il tarixdə "xxxx" MMC-nin əvəzində X3 bir tərəfdən, digər tərəfdən X4 qardaşı X8 arasında İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 4136.6 kv.m ümumi sahəsi olan əmlak kompleksinin 2.125 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə imzalamışlar. Cavabdehlər İddiaçı2 və İddiaçı1 ilə iddiaçı ”Aqromal“ MMC arasında bağlanan 27 iyun 2020-ci il tarixli icarə müqaviləsi uydurma əqd olduğundan, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlandığından və yalnız görünüş üçün bağlanmış əqd olduğundan etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC-nin əvəzində X3 27 iyun tarixli icarə müqaviləsini icarəyə götürən olaraq imzalamaqla eyni zamanda 29 iyun 2020-ci il tarixdə "xxxx" MMCnin əvəzində X3 artıq icarəyə verən olaraq bir tərəfdən X4 qardaşı X8 arasında İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 4136.6 kv.m ümumi sahəsi olan əmlak kompleksinin 2.125 ha torpaq sahəsininin icarəyə verilməsində əmlak sahibi olaraq müqavilə imzalamışlar. Belə ki, cavabdehlər İddiaçı2 və İddiaçı1 2020-ci ilin iyun ayında bağlanan müqavilə üzrə icarə haqqını yalnız 2023-cü ilin iyun ayından başlayaraq istəmişdir.Təcrübədə bir çox hallarda icarə haqqı bir qayda olaraq qabaqcadan ödənilir. Bundan başqa bir qayda olaraq icarə müqavilələri bağlanarkən icarəyə veriləcək ərazi, tikili akt bağlanaraq təhvil-təslim edilir. Belə bir aktdan söhbət gedə bilməz. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-217/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi ərizədə, qarşılıqlı iddia ərizəsində göstərilən hallara istinad edərək, əlavə olaraq iddia müddətinin ötürüldüyünü qeyd edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi ərizədə, 27 iyun 2020-ci il tarixli icarə müqaviləsinə görə onlara məxsus olan əmlakın icarəyə verildiyini, icarə müqaviləsinin icarəyə verənlərin adından həqiqətən də etibarnaməyə əsasən X9 tərəfindən imzalandığını, icarəyə götürənin adından isə icarə müqaviləsini imzalayan şəxsin imzasının MMC-nin möhürü ilə təsdiq edildiyini, 2020-ci ilin iyun ayında bağlanan müqavilə üzrə icarə haqqını yalnız 2023-cü ilin iyun ayından başlayaraq istədikləri ilə əlaqədar AR Mulki Məcəlləsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il təşkil etdiyini (Maddə 373.3), göründüyü kimi icarə haqqların qanunla müəyyən edilmiş müddətdə tələb edildiyini, icarə müqaviləsi bağlanarkən icarəyə veriləcək ərazi və tikilinin akt bağlanaraq təhvil-təslim edilməməsi ilə əlaqədar icarə müqaviləsi bağlanandan sonra icarəyə götürən parakəndə ticarətlə məşqul olmaq üçün özlərinə məxsus əmlakları və kassa aparatlarını gətirərək ticarətlə məşqul olduqlarını, icarə obyektində fəaliyyət göstərmək üçün satıcılar götürdüklərini, ehtiyac yaranarsa həmin şahidlərin məhkəməyə gətirilməsinə təminat verdiklərini, digər tərəfdən bağlanan icarə müqaviləsinin Qəbələ rayon 9 saylı Ərazi İdarəsində qeydiyyatdan keçdiyini və icarəyə götürülən obyekdə aparılan ticarətlə əlaqədar müəyyən edilmiş vergilər tutulduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında iddia tələbini müdafiə etdiyini, icarə müqaviləsini görünüş üçün bağlamadıqlarını, müqavilənin bağlanmasında məqsədlərinin icarədən gəlir əldə etmək olduğunu, icarə obyektini cavabdehə təhvil verdiklərini, lakin bu barədə təhvil-təslim aktı tərtib edilmədiyini, hal-hazırda icarə obyektinin özlərinin sahibliyində olduğunu, cavabdehin icarə obyektindən hansı tarixdə çıxdığını dəqiq xatırlamadığını bildirmişdir. Cavabdeh İddiaçı1 xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə lazımi sübutlar, eyni zamanda qarşılıqlı iddia ərizəsinə etiraz təqdim etdiklərini bildirmiş, gəlməməklərinin səbəblərini üzürlü sayıb, həmin mülki işə iştirakları olmadan baxaraq iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğunu, icarə müqavilənin etibarsız əqd olduğunu, icarə obyektinin onlara təhvil verilmədiyini, həmin obyektdən istifadə etmədiklərini bildirdi və iddianın təmin olunmamasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-2(121)-217/2024 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə heç bir əsas olmadan guya əmlakın təhfil verilməməsini əsas tutaraq notariat ofisində təsdiq edilən icarə müqaviləsi üzrə tələbi təmin etməmişdir. İşdə olan sənədlərdən görünür ki, cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsini notariat ofisinndə sub icarəyə vermişdir. İş materiallarından görünür ki, mülkiyyətlərində olan qeyri-yaşayış sahəsi qanunda nəzərdə tutulmuş qaydada təsdiq edilmiş icarə müqaviləsi ilə icarəyə verilmiş və icarəçilər həmin sahəni müqaviləyə uyğun olaraq sub icarəyə vermişlər. Mülkiyyətlərində olan qeyriyaşayış sahəsini icarəyə verdiklərinə görə tərəflərindən istifadə edilməmişdir. Qeyriyaşayış sahəsinin icarədə olması Ərazi üzrə Reyestr Xidmətində qeydiyyata alınmışdır. Məhkəmə isə iş materiallarında olan sübutlara qiymət vermək əvəzinə cavabdehin yanlış məlumatlarına əsaslanmışdır. Halbuki. AR MPM-də göstərilir ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (Maddə 81). Məhkəmə iş üzrə əhəmiyyətli olan halların təsdiq edilməsi üçün lazımi şahidlərin dindirilməsinə şərait yaratmamışdır. İş materiallarına əlavə edilən etirazda qeyd edilmişdir ki, eytiyac yaranarsa cavabdehlərin həmin qeyri-yaşayış sahəsində istifadə etmələri qonşu obyektlərdə işləyən şahidlərlə yanaşı, onlarla işləyən şəxslər təsdiq edə bilər. Göründüyü kimi cavabdehlər uzun müddət mülkiyyətimdə olan əmlakdan istifadə edsələr də, və bunu təsdiq edən, kifayət qədər şahidlərin olmasına baxmayaraq məhkəmə iddia ərizəsini rədd etməklə səhv nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icarə verdikləri obyekti cavabdehə vermişlər. Onlar həmin obyektdə 3 ildən artıq istifadə etmişlər. Obyektin cavabdehə təhvil verilməsi ilə bağlı təhviltəslim aktı tərtib etməmişlər. Cavabdeh obyekti onlardan icarə götürdükdən sonra başqa bir şəxsə də subicarəyə vermişlər. Həmçinin göstərmişdir ki, digər İddiaçı2 apellyasiya baxışından xəbərdar olduğunu bildirmiş və hazırda Türkiyədə müalicə aldığını qeyd etmişdir. İddiaçı2 məhkəməyə tibbi arayışları göndərərək, xəstə olduğunu və Türkiyə Respublikasında müalicə olunduğunu bildirmişdir. Cavabdehin vəkili Vəkil məhkəməyə məktub göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçılar birgə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçılara münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0, 676.0.1, 676.0.2 və 676.0.3-cü maddələrinin birgə tələblərinə görə, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması və üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün kirayəyə verən məsuliyyət daşıyır. Həmin Məcəllənin 677.1.4-cü maddəsinə əsasən, əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Həmin Məcəllənin 684.2-ci maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi (öhdəliyi) icarə obyektini yararlı vəziyyətdə icarəçinin istifadəsinə verməkdən ibarətdir. İcarəyə verənin bu əsas vəzifəsini yerinə yetirməməsi Mülki Məcəllənin 677-ci maddəsində sadalanan nəticələrə səbəb olduğu kimi, icarəyə verəni icarəçidən icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququndan məhrum edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1, 441.2 və 441.3-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.1 və 421.3-cü maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarı ilə bu nəticəyə gəlmişdir ki,”İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.” Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci və 340.2-ci maddələrinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2 və 377.3-cü maddələrinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, İddiaçı1 xx.xx.2019-cu il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, İddiaçı2 xx.xx.2020-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2017-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 4136.6 kv.metr olan daşınmaz əmlak və 2.1250 ha torpaq sahəsi xx.xx.2019- cu il tarixdə **********69-12301 reyestr nömrəsi ilə paylı mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən təqdim olunmuş, İcarəyə verən İddiaçı1 və İddiaçı2 ilə (onların etibarnamə üzrə nümayəndələri X4 şəxsində) "xxxx" MMC (nümayəndə X1 şəxsində) arasında bağlanmış və xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 3-M-789 reyestr nömrəli icarə müqaviləsinin: 1-ci bəndinə əsasən, İcarəyə verən İsmayıllı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 4136.6 kv.metr olan əmlak kompleksi kimi müəssisə və 2.1250 ha torpaq sahəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verir; 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2070-ci ilədək müəyyən edilir; 6-cı bəndinə əsasən, icarəyə götürən "xxxx" MMC icarəyə verilən sahənin istifadəsinə görə icarəyə verənə hər ay 1000 manat icarə haqqı ödəyir; 7-ci bəndinə əsasən, icarəçinin razılığı olmadan icarəyə verən həmin sahəni icarə müddəti ərzində sata və ya başqasına ötürə bilməz; 8-ci bəndinə əsasən, icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər; 9-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İcarəyə verən "xxxx" MMC (nümayəndə X1 şəxsində) ilə X15 arasında bağlanmış və xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 3-M-793 reyestr nömrəli icarə müqaviləsinin: 1-ci bəndinə əsasən, İcarəyə verən "xxxx" MMC subicarə hüququ əsasında istifadəsində olan İddiaçı1 və İddiaçı2 məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 4136.6 kv.metr olan əmlak kompleksinin və 2.1250 ha torpaq sahəsinin müvafiq olaraq 3636,6 kv.metr və 1,525 ha hissələrini icarəçi X8 icarəsinə verir; 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2070-ci ilədək müəyyən edilir; 4-cü bəndinə əsasən, icarəyə götürən X15 icarəyə verilən sahənin istifadəsinə görə icarəyə verən "xxxx" MMC-nə hər ay 1000 manat icarə haqqı ödəyir. İş materiallarında olan iddiaçıların cavabdehə ünvanladıqları xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən 36000 manat məbləğində icarə haqqlarının 10 gün müddətində ödənilməsi, həmin müqavilənin ləğv edilməsinə dair Bakı şəhəri 51 saylı Notariat ofisinə müraciət etməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçıların ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iştirak etməmişdir. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 ilkin mediasiya sessiyasının keçirilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatının hesabına 205 manat vəsait ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında X9 ilə birgə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC tərəfindən Özbəkistan Respublikasından gətirilən malların İsmayıllı şəhərində satışını təşkil etmək barədə razılığa gəldiklərini, bu məqsədlə icarəyə obyekt axtardıqlarını, X9 tərəfindən belə bir qeyri-yaşayış sahəsinin müəyyən edildiyini, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi olaraq iddiaçıların nümayəndəsi X9 ilə icarə müqaviləsi, sonradan isə "xxxx" MMC-nin adından X4 qardaşı X15 ilə subicarə müqaviləsi bağladıqlarını, icarə obyektinin X8 icarəsinə bəzi vergi ödənişlərindən azad olmaq səbəbi ilə verildiyini, lakin icarə obyektinin nə "xxxx" MMC-nə, nədə X6 və X10 təhvil verilmədiyini, icarə obyektində bir gün də olsa fəaliyyət göstərmədiklərini, buna görə də razılaşdırılmış ticarət fəaliyyətinə başlamadan son qoyduqlarını bildirmişdir. Məhkəmə sorğusuna Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, təsəsrrüfat subyekti (obyekti) xx.xx.2019- cu il tarixli çıxarışla İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti ünvanda İddiaçı2 adına **********-54001 kodla xx.xx.2021-ci il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində icarə obyekti kimi uçota alınmışdır. İddiaçı2 **********- 54001 kodla icarəyə götürülmüş şəxslər barədə məlumat cədvəl formasında təqdim edilir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki halı belədir ki, iddiaçılar tərəfindən onlara məxsus olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ilə rəsmiləşdirmişlər. Sonradan tərəflərin qarşılıqlı razılaşması ilə icarə obyektinin ikinci əldən icarəyə verilməsinə dair xx.xx.2020- ci il tarixdə subicarə müqaviləsi bağlanmışdır. İddiaçılar qeyd edilən icarə müqaviləsi üzrə üzərlərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə təhvil verdiklərini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək icarə haqqını ödəmədiyini iddia edirlər. Cavabdeh isə iddia tələbini qəbul etməyərək icarə müqaviləsi bağlansa da icarə obyektinin onların istifadəsinə verilmədiyini, həmin obyektdən istifadə edə bilmədiklərinə görə icarə haqqı borclarının yaranmadığını, bağlanmış icarə müqaviləsinin etibarsız (yalan) əqd olduğunu bildirir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilə üzrə cavabdeh tərəfindən icarə haqqının ödənilmədiyi, icarə obyektinin hazırda iddiaçıların sahibliyində olması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçılar icarə obyektinin cavabdehin istifadəsinə verildiyini, buna görə də cavabdehin icarə haqqı ödəmək vəzifəsinin yarandığını, lakin heç bir ödəniş edilmədiyini, cavabdeh isə icarə müqaviləsi bağlansa da icarə obyektinin onların istifadəsinə verilmədiyini, buna görə də icarə haqqı ödəmək öhdəliklərinin yaranmadığını iddia etdiklərinə görə işin mübahisəli halı icarə obyekti olan qeyri-yaşayış sahəsinin icarəyə verən tərəfindən icarəçinin sahibliyinə, istifadəsinə verilib-verilməməsi barədədir. Məhkəmə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi prinsipini əsas tutaraq hesab etmişdir ki, işin mübahisəli halını təşkil edən icarə obyektinin cavabdehə təhvil verilib-verilməməsini sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşür. Belə ki, icarə obyekti olan əmlakın (əşyanın) digər şəxsin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, həmin əmlakın (əşyanın) mülkiyyətçisi və ya digər qanuni sahibi tərəfindən həyata keçirilə bilən hüquqi hərəkət, davranışdır. Məhkəmə hesab etmişdir ki, icarə obyektinin icarəçinin sahibliyinə (istifadəsinə) verilməsi faktı müxtəlif üsul və sübut vasitələri ilə təsdiq edilə bilər. Bu təsdiq etmə ilk növbədə təhvil-təslim prosesini əks etdirən sənədin tərtib edilməsi ilə, icarəçinin icarə obyektindən istifadə etməsinə dair müvafiq sənədlərlə (vergi ödənişlərinə dair sənədlər, ödəniş qəbzi, kommunal ödənişlərə dair çeklər və s.) və yaxud icarəçinin icarə obyektinə faktiki sahibliyini əks etdirən foto, video görüntülər, şahid ifadələri və bu kimi digər sübut vasitələri ilə həyata keçirilə bilər. Məhkəmə qeyd etmişdir ki, baxılan işdə iddiaçılar icarə obyektinin cavabdehə təhvil verilməsini, bir müddət cavabdehin istifadəsində olduğunu iddia etsələr də, bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Bununla yanaşı İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında hal-hazırda icarə obyektinin özlərinin sahibliyində olduğunu, cavabdehin icarə obyektindən hansı tarixdə çıxdığını dəqiq xatırlamadığını bildirmişdir. Məhkəmə, işin mübahisəli halını təşkil edən icarə obyekti olan qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsinə verilib-verilməməsini müəyyən etmək məqsədi ilə vergi orqanına göndərilmiş sorğuya verilmiş cavaba əsasən aşkar etmişdir ki, mübahisəli qeyriyaşayış sahəsi İddiaçı2 adına **********-54001 kodla xx.xx.2021-ci il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində icarə obyekti kimi uçota alınmışdır. İddiaçı2 mübahisəli qeyri-yaşayış sahəsini 2021, 2022 və 2023-cü illərdə icarəyə götürmüş şəxslər barədə məlumat cədvəlində isə cavabdeh "xxxx" MMC-nin, X1, X4 və X8 adları qeyd olunmamışdır. Bununla da cavabdehin və ya yuxarıda adları çəkilən digər şəxslərin mübahisəli qeyriyaşayış sahəsindən istifadə etməmələri, həmin qeyri-yaşayış sahəsində sahibkarlıq və ya digər fəaliyyəti həyata keçirməmələri tam sübut olunmuşdur. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, icarə obyekti olan qeyri-yaşayış sahəsinin iddiaçılar tərəfindən cavabdehin istifadəsinə verilməsi faktı öz təsdiqini tapmamışdır, bu faktı təsdiq edə biləcək sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi, iddia tələbini iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində əsassız sayaraq qeyd edir ki, işdə olan iddiaçıların cavabdehə ünvanladıqları xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən 36000 manat məbləğində icarə haqqlarının 10 gün müddətində ödənilməsi, həmin müqavilənin ləğv edilməsinə dair Bakı şəhəri 51 saylı Notariat ofisinə müraciət etməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Göründüyü kimi iddiaçılar cavabdehə öhdəliklərinin icrası üçün əlavə vaxt vermiş və həmin vaxtda öhdəlik icra olunmadığı təqdirdə müqavilənin ləğv edilməsi barədə ona xəbərdarlıq etmişlər. Məhkəmə hesab edir ki, iddiaçılar cavabdehə müqaviləyə xitam verilməsi barədə bildiriş (xəbərdarlıq) göndərməklə müqavilədən birtərəfli qaydada imtina etdiklərinə və cavabdeh də icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığına və icarə müqaviləsinin ləğv edilməsinə etiraz etmədiyinə görə artıq məhkəmədən kənar qaydada müqaviləyə xitam verilmişdir. Digər ifadə ilə müqavilədən imtina (müqavilənin ləğvi) bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilmişdir. Bu halda, yəni iradə ifadəsinin digər tərəfə çatdırılması yolu ilə müqaviləyə xitam verildiyinə görə, həmin müqavilənin yenidən məhkəmə qaydasında ləğv edilməsinin tələb edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.1 və 421.3-cü maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Bundan başqa birinci instansiya məhkəməsi, cavabdehin vəkili və nümayəndəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi və iddia tələbinin iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi barədə tələbinə münasibət bildirərək qeyd edir ki, işin araşdırılması nəticəsində müəyyən edilmiş faktiki halları ilə tərəflər arasında bağlanmış icarə müqaviləsinin yalan və ya uydurma əqd olması öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin müqavilə bağlayarkən güddükləri hüquqi niyyət və məqsədləri məhz öz aralarında icarə hüquq münasibətləri yaratmaq olmuşdur. Sonradan digər şəxslə subicarə müqaviləsinin bağlanması həmin nəticəni dəyişməmişdir. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı1 icarə müqaviləsini görünüş üçün bağlamadıqlarını, müqavilənin bağlanmasında məqsədlərinin icarədən gəlir əldə etmək olduğunu bildirmiş, həmçinin iş üzrə şahid qismində dindirilmiş, cavabdehi təmsilən icarə və cubicarə müqavilələrini imzalamış X2 da icarə müqaviləsini birgə ticarət fəaliyyəti həyata keçirmək üçün bağladıqlarını təsdiq etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci və 340.2-ci maddələrinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. İddia müddətinin tətbiqinə dair tələblə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilmədiyi üçün iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi öz hüquqi əhəmiyyətini itirmişdir. Bununla yanaşı işin müəyyən edilmiş hallarından göründüyü kimi, icarə müqaviləsi 2020-ci ildə 70 il müddətinə bağlandığına və iddiaçılar müqavilədən imtina barədə bildirişi xx.xx.2023-cü tarixdə cavabdehə göndərdiklərinə görə iddia müddəti onlar tərəfindən ötürülməmişdir. Apellyasiya baxışında xx.xx.2020-xx.xx.2024-cü il tarixləri üzrə "xxxx" MMC hər hansı fəaliyyətinin olub olmaması, olmuşdursa hər hansı vergi ödənişlərinin edilibedilməməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq sorğu göndərilmiş, sorguya verilmiş cavabda göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Sizin "xxxx" MMC (VÖEN: **********) barəsində məlumatların təqdim edilməsinə dair müraciətinizə baxılmışdır. Bildirmişlər ki, xx.xx.2020-xx.xx.2024-cü il tarixləri üzrə "xxxx" MMC tərəfindən 50.00 manat vergi məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin bildirmişlər ki, "xxxx" MMC-nin vergi ödəyicisi kimi qeydiyyata alınma tarixinin xx.xx.2017-ci il olduğu müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli icarə müqaviləsinin bağlandığı xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixindək "xxxx" MMC tərəfindən cəmi 50 manat vergi məbləği ödənilmişdir. Bu isə o deməkdir ki, həmin müddət ərzində "xxxx" MMC-nin hər hansı fəaliyyəti olmamaışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çoxdur, buna görə də, hazırkı qətnamədən qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu məbləği onların özlərinə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-2(121)-217/2024 saylı qətnaməsi iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-139/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-139/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver