Məhkəmə qərarları › İş №2-2(106)-146/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-146/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-146/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s. tələbinə dair kommersiya işi üzrə Açar sözlər: borc tələbi, iddia müddəti. Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (Açıq Səhmdar Cəmiyyətinin) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim Elşən Abdullayev) 30 may 2024-cü il tarixli, e-2-2(121)-14/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.972,80 manat əsas, 1.063,25 manat faiz, 581,50 manat cərimə, 1.364,98 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 12.982,53 (on iki min doqquz yüz səksən iki manat, 53 qəpik) məbləğində kredit borcunun, 29 (iyirmi doqquz) manat dövlət rüsumu və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat məbləğində xərcin tutularaq ləğv prosesində olan "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "Bank”) ilə Cavabdeh (bundan sonra "Cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 14.500 AZN (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 9.972,80 manat əsas, 1.063,25 manat faiz, 581,50 manat cərimə, 1.364,98 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 12.982,53 (on iki min doqquz yüz səksən iki manat, 53 qəpik) borcu mövcuddur. Tərəfilərindən cavabdehə xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün tərəflərindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvana məktub göndərilmişdir, ancaq ilkin mediasiya sessiyasına Cavabdeh gəlməmişdir. Özləri ilkin mediasiya sessiyasına iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin (hakim Elşən Abdullayev) 30 may 2024-cü il tarixli, e-2-2(121)-14/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi üzrə 9.972,80 manat məbləğində əsas borc, 996,71 manat faiz borcu, 35 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.364,98 manat faiz borcu, 100 manat məbləğində mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi 27,63 manat olmaqla, ümumilikdə 12.497,12 (bir on iki min dörd yüz doxsan yeddi manat, on iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçı ləğv prosesində olan "Zaminbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın 66,54 manat faiz borcunun, 546,50 manat cərimə borcunun və 1,37 manat dövlət rüsumunun cavabdehdən tutulması hissələrində təmin edilməmiş, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 250 (iki yüz əlli) manatının Cavabdeh, 50 (əlli) manatının isə iddiaçı ləğv prosesində olan "Zaminbank” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd edir ki, Cavabdeh sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 43 manat məbləğində kredit ödənişi etmişdir. Belə olduğu halda İddiaçı ASC üçün iddia müddətinin axımı xx.xx.2018-ci ildən başlamış olur. Belə ki, Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Qeyd edir ki, İddiaçı ASC üçün xx.xx.2018-ci il tarixdən başlamış 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış olacaqdı. Nəzərə çatdırır ki, xx.xx.2021-ciil tarixdə iddiaçı tərəfindən Cavabdeh ilkin mediasiya prosesində iştirak etməklə bağlı təklif göndərilmiş və bununla da 3 illik iddia müddətinin axımı elə həmin tarixdə dayandırılmışdır. Lakin “ilkin mediasiya sessiasında iştirak edilməmə barədə” arayış Salyan 1 X5 tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Yəni İddiaçı ASC tərəfindən Cavabdeh təklifin göndərildiyindən təxminən 2 (iki) il sonra. Bundan sonra İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Belə olduğu təqdirdə İddiaçı ASC üçün xx.xx.2018-ciil tarixdən başlamış 3 illik iddia müddəti ötürmüş olur. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 24.7-ci maddəsinə əsasən Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Bildirir ki, hazırkı iş üzrə mediasiya prosessin uzadılması ilə bağlı tərəflər arasında nəinki razılaşma, bununla bağlı hər hansı bir danışıq və ya təklif belə mövcud olmamışdır. Belə olduğu təqdirdə də mediasiya prosessi iddiaçının cavabdehə mediasiya sessiyasında iştirak etmək barədə təklifin göndərilməsi ilə, yəni xx.xx.2021-ci il tarixdə başlayır, qanunvericiliyin tələbinə əsasən də mediasiya prosesinin ümumi müddəti 30 gün olduğu üçün artıq xx.xx.2021-ciil tarixdə başa çatmış olur. Belə olduğu təqdirdə artıq iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddətini ötürmüş olur. Çünkü hazırkı iddia tələbi üzrə iddia müddətinin sonuncu günü xx.xx.2021-ci il tarixdə başa çatmış olur. İddiaçı ASC isə hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni hazırkı iddia tələbi üzrə 3 illik iddia müddətinin bitməsindən iki ilə yaxın bir müddət sonra. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almayaraq, mediasiya arayışının gec verilməsində iddiaçının hər hansı təqsirli hərəkətlərinin olmadığını bildirərək iddiaçının iddia tələbini qismən təmin etmişdir. Halbuki məhkəmənin məsələyə bu cür yanaşması əsassızdır. Çünki iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı təklif göndərdikdən sonra öz işinə laqeyd və məsuliyyətsiz yanaşaraq mediasiya prosessinin keçirilməsi, mediasiya arayışının alınması ilə məşğul olmamamışdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehə ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı təklif göndərildikdən sonra iddiaçının hansı tarixdə mediasiya təşkilatına müraciət etməsi halına aydınlıq gətirməmiş, bu halı araşdırmamışdır. Bu halda iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ilkin mediasiya prosesində iştirak etməklə bağlı təklif göndərdikdən sonra öz işinə məsuliyyətsiz yanaşaraq 2023-cü il tarixdə də mediasiya təşkilatına müraciət etmiş ola bilər. Eyni zamanda iddiaçı mediasiya arayışının ona gec verilməsinin həqiqətən ondan asılı olmayan səbəblərdən olmasını məhkəmə də sübuta yetirməmiş, məhkəmə bu halı araşdırmamışdır. Əgər həqiqətən burada iddiaçının məsuliyyətsizliyi yoxdursa, o zaman iddiaçı mediasiya təşkilatına müraciət etdikdən sonra mediasiya prosessinin təyin olunamasını, ona bu barədə məlumat verilməməsini görüb bundan narahat olar, yenidən həmin mediasiya təşkilatına müraciət edər, danışıqlar aparar, lazım gəldikdə isə aidiyyəti orqan və qurumlara şikayət etmiş olardı. Lakin iddiaçı tərəfindən bu addımların heç biri atılmamışdır. Bu da iddiaçının öz işinə laqeyd yanaşdığının, iddia müddətinin ötürülməsində mülki hüquqi məsuliyyətinin olmamasını açıq-aşkar şəkildə sübuta yetirir. Lakin birinci instansiya məhkəməsi bu halı araşdırmayaraq tamamilə əsassız bir qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin dövrdə 8 belə xarakterli işləri mövcud olubdur. Belə ki, həmin zaman Mediasiya xidmətinin yaranmasının ilk vaxtları olmuş, buna görə də mediatorlar tərəfindən onlara gec cavab verilmişdir. Həmin 8 işin 5-i tərəflər arasında barışıq sazişinin təsdiq edilməsi ilə yekunlaşmış, digər 3 işin nə ilə nəticəsini xatırlamır. Bildirmişdir ki, cavabdeh hazırkı mübahisəli kredit müqaviləsi üzrə sonuncu ödənişini xx.xx.2019-cu ildə 1250 manat olmaqla ödəmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Hazırkı işlə bağlı Mediasiya Şurasına xx.xx.2021-ci ildə müraciət etmişlər. Qeyd edilən müraciətlərinə cavab isə xx.xx.2023-cü ildə onlara göndərilmişdir. Bildirmişdir ki, mediasiyaya müraciət edilən vaxt Mediasiya Şurasının yaradıldığı ilk vaxtlar olmuş və Bankda mediasiyaya nəzarət etməli olan şəxslər mediasiya cavabının daha tez alınmasına nəzarət etməli olduqları halda buna vaxtında nəzarət etməmiş və buna görə də göndərilmiş təklifə cavab uzun müddət sonra onlara göndərilmişdir. Hesab edirlər ki, mübahisəli kredit müqaviləsi üzrə müddət ötürülməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət göndərmişdir. Vəsatətdə qeyd edilir ki, iddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 12982,53 manat pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir və həmin məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamədən verdikləri apellyasiya şikayətinə baxılır. Bildirir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. İş materiallarından görünür ki, iddiaçı mediasiya təklifini xx.xx.2021-ci il tarixində cavabdehə göndərmiş və bununla da iddia müddətinin axımı dayandırılmışdır. Lakin iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə yenidən bərpa edilmişdir. Çünki Mediasiya haqqında qanunun 24.7ci maddəsinə əsasən həmin qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Maddi hüquq normasının məzmunundan aydın olur ki, mediasiya prosesi 30 gündən artıq davam edə bilməz. X3 Qanunun 32.1.4-ci maddəsinə əsasən tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə mediasiya prosesinə xitam verilir. Həmin qanunun 24.7-ci maddəsində nəzərdə tutulan müddət isə 30 gündür. Mülki Məcəllənin müvafiq normasında iddia müddətinin axımı mediasiya prosesi müddətində dayandırıldığı qeyd edilmişdir. Beləliklə qanunun tələbinə görə 30 gün müddətində müddətin uzadılması barədə razılaşma yoxdursa mediasiya prosesinə xitam verilir və iddia müddətinin axımını dayandıran mediasiya prosesi mövcud olmur. Mülki Məcəllənin 379.1.6-cı maddəsinə görə iddia müddəti mediasiya prosessi müddətində dayandırılmalıdır. Bu nöqteyi-nəzərdən mediasiya prosessinin müddətinin nə vaxt başlaması, nə vaxt bitməsi və nə qədər davam edə bilməsi mülki məcəllənin qeyd edilən normasının düzgün tətbiq edilməsinin əsas şərtidir. Mediasiya haqqında qanunda isə mediasiya prosesinin tətbiqi müddəti ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Belə ki, həmin qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Həmçinin həmin qanunun 32.1.9-cu maddəsində isə mediasiya prosesinin müvafiq arayışların verilməsi ilə xitam verilməsi qeyd edilmişdir. Bildirir ki, həmin qanunun 21.5-ci maddəsinin məzmunundan məntiqi mühakimə yolu ilə aydın olur ki, mediasiya prosesi 30 gündən çox davam edə bilmədiyinə görə iddia müddətinin axımını da 30 gündən uzun müddətə dayandıra bilməz. Lakin digər normaların məzmunundan aydın olur ki, mediasiya prosesi mediasiya təklifinin göndərilməsi ilə başlayır və həmin qanunun 32-ci maddəsində nəzərdə tutulan hallarda xitam olunur. Məsəslən mediasiya təklifi göndəriləndən 1 il sonra mediasiya 32.1.9-cu maddədə nəzərdə tutulan arayışların verilməsi mediasiya prosesinin bir il davam etməsi və iddia müddətinin axımının 1 il dayandırılması mənasına gəlir. Halbuki həmin qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosessi 30 gündən artıq davam edə bilməz. Ona görə də hesab edir ki, qeyd edilən qeyri-müəyyənliyin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndəriməsi barədə qərardad qəbul edilməlidir Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunauyğunluğunu cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 379.1.6-cı maddəsinə görə iddia müddəti mediasiya prosessi müddətində dayandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, heyvandalığın inkişafı məqsədilə 14.500 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi üzrə onun xx.xx.2021-ci il tarixə banka 9.972,80 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 1.063,25 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 581,50 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 1.364,98 manat faiz borcu olmaqla, ümumi borc 12.982,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziya bildirişindən görünür ki, "Zaminbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 12.982,63 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10055 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh iddiaçı "Zaminbank” ASC-nə borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 10.6131,92 manat, faiz borcu üzrə 996,71 manat, maliyyə arayışı tərtib olunan tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 10.294.22 manat, hesablanmış faiz borcu üzrə 1.196,70 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6892 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh iddiaçı "Zaminbank” ASC-nə borcu xx.xx.2015-ci il tarixə əsas borc üzrə 5.352,19 manat, faiz borcu üzrə 317,29 manat, maliyyə arayışı tərtib olunan tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 5.352,19 manat, hesablanmış faiz borcu üzrə 491,51 manat faiz borcu, faiz borcu 5 %-lə 174.22 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2911 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 0177/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh iddiaçı "Zaminbank” ASC-nə borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 10.631,92 manat, faiz borcu üzrə 996,71 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 10.078,63 manat, hesablanmış faiz borcu üzrə 0 manat faiz borcu, faiz borcu 5 %-lə 1.387,23 manat məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, iddiaçı ləğv prosesində olan "Zaminbank” ASC mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini Cavabdeh təklif etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mediasiya üçün müraciətin surətindən görünür ki, ləğv prosesində olan "Zaminbank” ASC tərəfindən Cavabdeh ilə aralarında olan mübahisənin həlli məqsədi üçün mediasiya sessiyalarının keçirilməsi üçün Mediasiya Şurasına müraciət edilmişdir. İş materiallarında olan "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023- cü il tarixli arayışdan görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşdən görünür ki, "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayış 07 mart 2023-cü il tarixində iddiaçıya təqdim edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 08 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirir. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddia müddəti ötürülmüşdür, birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddətini tətbiq etməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilsə də, əsassız olaraq ərizə təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 1250 manat məbləğində kredit ödənişi etmişdir. Belə olduğu halda İddiaçı ASC üçün iddia müddətinin axımı xx.xx.2019-ci ildən başlamış olur. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddiaçı ASC üçün xx.xx.2018-ci il tarixdən başlamış 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış olur. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə Banka olan sonuncu ödənişini xx.xx.2019-cu ildə edib. Belə olduğu halda mübahisəli kredit müqaviləsi üzrə iddia müddətinin sonuncu günü xx.xx.2022-ci il hesab olunur. İddiaçı qeyd edilən mübahisəli kredit müqaviləsi üzrə yaranmış borcunu xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etməklə tələb etmişdir. Göründüyü kimi iddiaçı Bank cavabdehdən bəhsi keçən kredit müqaviləsi üzrə yaranmış əsas, faiz, cərimə və s. borcunu xx.xx.2022-ci il tarixinədək məhkəməyə müraciət edərək tələb etməli olduğu halda bunu etməmiş və qanunla nəzərdə tutulmuş iddia müddətini ötürərək 1 il 1 ay 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olduğu təqdirdə isə İddiaçı ASC üçün xx.xx.2019-cu il tarixdən başlamış 3 illik iddia müddəti ötürmüş olur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 24.7-ci maddəsinə əsasən həmin qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Həmin Qanunun 32.1.4-ci maddəsinə əsasən tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə mediasiya prosesinə xitam verilir. Həmin qanunun 24.7-ci maddəsində nəzərdə tutulan müddət isə 30 gündür. Mülki Məcəllənin 379.1.6-cı maddəsinin mənasıba görə tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılmalıdır. Göründüyü kimi Mediasiya haqqında qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Həmçinin qanunun 32.1.9-cu maddəsində mediassiyaya mediasiya prosesinin müvafiq arayışların verilməsi ilə xitam verilməsi qeyd edilmişdir. Mülki Məcəllənin müvafiq normasında iddia müddətinin axımı mediasiya prosesi müddətində dayandırıldığı qeyd edilmişdir. Qanunun tələbinə görə 30 gün müddətində müddətin uzadılması barədə razılaşma yoxdursa mediasiya prosesinə xitam verilir və iddia müddətinin axımını dayandıran mediasiya prosesi mövcud olmur. İş materiallarından görünür ki, iddiaçı mediasiya təklifini xx.xx.2021-ci il tarixində cavabdehə göndərmiş və bununla da iddia müddətinin axımı dayandırılmışdır. Lakin iddia müddətinin axımı xx.xx.2021-ci, mediasiya prosesi daha 30 gün uzadılmış olsa idi xx.xx.2021-ci il tarixlərində yenidən bərpa edilmiş olur. Aydın olur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 21.5 və 24.7-ci maddələrinə əsasən mediasiya müddəti (mübahisənin mürəkkəbliyi nəzərə alınmaqla) 60 gün təşkil edir. Bu müddət də iddiaçı tərəfindən ötürülmüş 1 il 1 ay 5 gün müddətindən çıxıldıqda 11 ay 5 gün qalar ki, bu müddətdə də yenə iddiaçı Bank tərəfindən qanunla müəyyən olunmuş müddət ötürülmüş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən də, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehin apellyasiya şikayəti təmin edildiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qanuna uyğundur. İddia tələbi təmin edilmədiyindən ekspertiza xərcinin ödənilməsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2-2(121)-14/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və başqa tələblərinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi- 65 (altmış beş) manat məbləğində pul vəsaiti ləğv prosesində olan "Zaminbank” ASC-dən tutularaq Cavabdeh ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat ləğv prosesində olan "Zaminbank” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar