Məhkəmə qərarları › İş №2-2(106)-147/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-147/2024

20.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-147/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı "Sabah Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(121)-2219/2024 saylı qərardadından (hakim Elşən Abdullayev) iddiaçı "Sabah Tikinti” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı "Sabah Tikinti” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.200.000 manat pulun Cavabdeh tutularaq "Sabah Tikinti” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(121)-2219/2024 saylı qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı "Sabah Tikinti” MMC-nin nümayəndəsi həmin qərardaddan şikayət verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, iddiaçı "Sabah Tikinti” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Şirvan Kommersiya Məhkəməsinin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iddia ərizəsinə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsi bildirmişdir ki, cavabdeh Səfərov X2 rayonu, Azadkənd kəndində qeydiyyatda olduğu üçün iddia Şirvan Kommersiya Məhkəməsinə verilməlidir. Tərəflərindən artıq dövlət rüsumu ödənildiyi üçün və Bakı Kommersiya Məhkəməsinin qərardadında da aydın göstəriş verildiyi üçün həmin dövlət rüsumu ilə iddianın Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi məhkəmə tərəfindən iddianın geri qaytarılmasına əsas olmamalıdır. Bakı Kommersiya Məhkəməsinin qərardadı əsas verir ki, həmin dövlət rüsumunun qəbzi ilə onlar Şirvan Kommersiya Məhkəməsinə müraciət etsinlər. Ümumiyyətlə ödənilmiş dövlət rüsumları bir xəzinədarlıqda toplanır, hər rayonun ayrı xəzinədarlığı yoxdur. Onda belə çıxır ki, onlar bir iddia üçün iki dəfə dövlət rüsumu ödəməli idilər? Digər məsələyə gəldikdə, tərəflərindən xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmişdir və məktub xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. Hətta cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə pretenziyalarına cavab məktubu yazılaraq bizə göndərilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə cavabdehə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər göndərilmişdir. Lakin cavabdeh tərəfindən bilərəkdən həmin məktub qəbul edilməmişdir. Belə ki, məktubun üstünə nəzər salsalar, tərəflərindən cavabdehin ünvanının altından yazılmış telefon nömrəsi qələmlə qaralanmışdır ki, guya cavabdehi tapmaq mümkün olmadığı görüntüsü yaradılsın və məktub "bu ünvanda yaşamır” adı ilə geri qaytarılmışdır. Bu haldan sonra tərəflərindən cavabdehin elektron vergi kargüzarlığına iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilmişdir. Bununla bağlı sənəd də iddia ərizəsinə əlavə olunmuşdur. Lakin məhkəmə bu sənədi nəzərə almamış və hüquqi qiymət verməmişdir. Bildirirlər ki, tərəflərindən elektron qaydada cavabdehin elektron kargüzarlığına göndərilmiş sənədin cavabdeh tərəfindən oxunmaması onların sənədi çatdırmaması anlamına gəlmir. Belə ki, cavabdehin həmin sənədi məcbur oxunmasını təmini üçün onların nə imkanları, nə də hüquqları vardır. Cavabdehin ona gələn sənədləri oxuması onun iradə ifadəsindən asılıdır. Lakin bu onların bu sözügedən sənədləri ona göndərmədikləri və ya onun tərəfindən alınmadığı kimi qəbul edilə bilməz. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2- 2(121)-2219/2024 saylı qərardadı ilə iddiaçı "Sabah Tikinti” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(121)-2219/2024 saylı qərardadı "mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada vergi ödəyicisi olan Cavabdeh göndərildiyi” hissədə ləğv edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(121)-2219/2024 saylı qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmış və həmin qərardadın ləğv edilməmiş hissəsindən iddiaçı "Sabah Tikinti” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəmə qərardadı "mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada vergi ödəyicisi olan Cavabdeh göndərildiyi” hissədə ləğv edildiyindən, hazırda qərardadın qanunauyğunluğu yalnız dövlət rüsumuna görə iddia ərizəsinin qaytarıldığı hissədə baxılır. Məhkəmə kollegiyası şikayəti əsassız hesab edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlməmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməməsi əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Hazırda iddiaçının şikayəti əsasında işə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; 108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə; 108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə; 108.1.4. məhkəmə əmri haqqında ərizə verildikdə; 108.1.5. müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla); 108.1.6. iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə; 108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; 108.1.8. qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə; 108.1.9. məhkəmə aktlarının surətləri təkrarən verildikdə; 108.1.10. arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizələr verildikdə; 108.1.11. müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə; 108.1.12. arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizələr verildikdə; 108.1.13. yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizələr verildikdə; 108.1.14. xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə təqdim edilərkən, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə qanunvericiliyində tələbindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən, dövlət rüsumunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddia ərizəsi üzrə rüsumun iddiaçı tərəfindən ərizənin verildiyi məhkəməyə ödənilməsi məntiqəuyğundur. İşin hallarından müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı tərəf dövlət rüsumunu Şirvan Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə ödəmişdir. Belə olan halda da, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmişdir. İddiaçı dövlət rüsumunu Şirvan Kommersiya Məhkəməsinə ödəməli olduğu halda, rüsum Bakı Kommersiya Məhkəməsinə ödənilmişdir. Məhkəmə Kollegiyası iddiaçı tərəfin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının şikayətində göstərilənlər əsaslı hesab edilə bilməz, çünki qanunvericiliyin məzmunundan da görünür ki, rüsumun müəyyən edilmiş qaydada ödənilməlidir. İddiaçı şikayətində Bakı Kommersiya Məhkəməsinin qərardadına əsasən iddia ərizəsinin geri qaytarıldığını, həmin qərardadda da Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməsinin göstərildiyini, belə olan halda dövlət rüsumunu 2 dəfə ödəməli olduğunu bildirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, həmin qərardadın nəticə hissəsində də, dövlət rüsumunun iddiaçıya qaytarılması göstərilmişdir. Bu da, iddiaçının iki dəfə dövlət rüsumu ödəməsi qənaətinə gəlməyə əsas verə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "Sabah Tikinti” MMC-nin nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(121)-2219/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar