Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-149/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-2(121)-788/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 30000 manat əsas borc, 1777,24 manat faiz borcu, 2005,74 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2022 il tarixli kredit razılaşmasına əsasən borcalan Cavabdeh1 xx.xx.2023 ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə aldığı 30000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 30000 manat; b) faizlər üzrə 1777.24 manat; c) cərimə üzrə 2005.74 manat məbləğ təşkil edir. Mübahisənin məhkəməyə qədər həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminə pretenziya göndərilib, lakin borc ödənilməyib. Cavabdeh1 iddiaya dair etiraz ərizəsi təqdim edərək, iddianı əsassız hesab etdiyini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-2(121)-788/2024 saylı saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia qismən təmin edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 30000 manat məbləğində əsas borc, 1777,24 manat məbləğində faiz borcu, 110 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 32087,24 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsini, iddianın 1895,74 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarınnı tələblərini pozmuşdur. Belə ki, o xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən bankdan 30000 manat kredit götürmüş və həmin krediti xx.xx.2023-cü il tarixdə tam olaraq banka ödəmişdir. Borcun ödənilməsi barədə ona ödəniş qəbzi verilmiş və təyinatında kredit ödənişi olaraq qeyd olunmuşdur. Ödəniş olunduğu gün bank əməkdaşıdan ümumi borcun nə qədər olduğunu soruşmuşdur və ona 30512 manat borcun olması bildirilmişdir. O, həmin pulu ödəmiş və qəbz almışdır. Həmin vaxt o bank əməkdaşına borcunu tam olaraq bağlamaq istədiyini bəyan edib və buna görə də, bir neçə sənədə imza etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin ödədiyi pul vəsaiti vergi sərəncamına əsasən vergi borcu olaraq silinmiş və daha sonra bank borcumu tam olaraq ödədiyi halda ona qarşı məhkəməyə müraciət edərək həmin pulu ondan tələb etmişdir. Halbuki, bank qarşısında olan öhdəliyi tam olaraq icra etmiş, Mülki Məcəllənin öhdəliklərin icrası ilə bağlı normalarının tələbindən görünür ki, bir neçə öhdəlik üzrə seçim hüququ borcluya məxsusdur. Ümumiyyətlə, xx.xx.2023-cü il tarixdə vergi sərəncamı olmamış, olsaydı belə o ödədiyi pulu kredit ödənişi olaraq banka ödəmişdir. Həmçinin qətnamədə göstərilir ki, bankla bağladıqları müqaviləyə əsasən borcun tam bağlanması kredit verənin razılığı ilə ola bilər. Ödəniş qəbzindən görünür ki, ödənişin təyinatı kredit ödənişidir və 30512 manat banka ödənilmişdir. Hesabdan çıxarış məlumatlarından da görünür ki, həmin günə olan borc 30512 manat olmuş və o borcu tam ödəmişdir. Bu özlüyündə bankın borcun tam ödənilməsinə razılıq verməsi kimi qiymətləndirilməlidir, görüntülərini də bankdan tələb edərdi. Məhkəmə qətnamədə təkcə bir arqumentə istinad edir ki, guya o borcun bağlanması barədə ərizə verməmişdir, buna görə də, pul hesabda qalmışdır. Məhkəmənin yanaşması formal və hərfi yanaşmadır, çünki o pulu ödəyən zaman bir neçə sənədə imza etmişdir, yəqin ki həmin ərizədə bankda saxlanılır, məhkəmə həmin sənədləri bankdan tələb edərək baxış keçirməlidir. Həmçinin məhkəmə hüquq normalarını deyil, müqaviləni rəhbər tutaraq qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə həmin normalara formal olaraq yanaşmalı deyil, müqavilə tərəflərin iradə ifadəsidir, iradə ifadəsi şifahi və ya yazılı qaydada ifadə oluna bilər. O, banka bir dəfəyə 30512 manat pul ödəyirsə, bu o deməkdir ki, onun iradə ifadəsi borcun bağlanmasından ibarətdir və bankda həmin pulu məndən qəbul edib qəbz verirsə, buda bankın borcu bağlamağı qəbul etməsi ifadəsidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-2(121)- 788/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı qoşulma razılaşmasının 1.4-cü bəndinə əsasən bu razılaşmanı imzalamaqla müştəri KBXM-də qeyd edilmiş bank xidmətlərindən istifadə edilməsi zamanı müştəriyə açılmış hesabları və onlarda olan pul vəsaitləri üzrə nəzarət və sahiblik hüququnun müştəri tərəfindən Daşınar Əmlakın Yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən daşınar əmlakın yüklülüyü ilə bağlı, yüklülük sahibinin göstərişlərinin keçirilməsi məqsədi ilə Banka verilməsini təsdiq edir. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yalnız faiz ödənişləri ödənilməklə əsas borca münasibətdə 6 aylıq güzəşt müddəti tətbiq edilmişdir. Bank hesabından çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən 30000 manat məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixində Cavabdeh1 müvafiq bank hesabına köçürülmüşdür. Həmin bank hesabından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində 15000 manat, xx.xx.2022-ci il tarixində isə 14057,30 manat pul vəsaitini hesabdan məxaric etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışlarından görünür ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixinə 30000 manat məbləğində əsas borc, 1777,24 manat məbləğində faiz borcu, 2005,74 manat məbləğində cərimə borcu, cəmi 33783,28 manat məbləğində kredit borcu vardır. İddiaçı ASC-nin “Masallı” filialına göndərilmiş xx.xx.2023-cü il tarixli **********8A saylı sərəncamdan görünür ki, Cavabdeh1 dövlət büdcəsinə 41842,75 manat məbləğində borcu vardır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı QSC tərəfindən 200 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Belə ki, qətnamənin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasının şərtlərini araşdırarkən müəyyən olunur ki, həmin razılaşmanın 8-ci bəndinə əsasən cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq vermişdir. Qeyd olunan Razılaşmanın 9-cu bəndinə görə borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldiyi təqdirdə kredit verən tərəfindən borcalandan ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldiyi təqdirdə isə ödəniləcək məbləğin 1 faizi həcmində komissiya haqqı tələb etmək hüququ vardır. Sözügedən Razılaşmanın 15-ci bəndinə görə borcalan bu razılaşmanı elektron qaydada borcalan ilə bağlanmış kompleks bank xidmətlərinin göstərilməsinə dair müqavilədə qeyd edilmiş prosedura əsasən təsdiq edəcəyi təqdirdə kreditin kreditverənin rəsmi saytında “PDF” və ya “ASANDOC” formatında yerləşdirilmiş və özündə kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) və bu Razılaşma ilə nəzərdə tutulmuş şərtlərlə verildiyini və KBXM-nin və bu Razılaşmanın müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olduğunu qəbul etmişdir. Habelə cavabdeh üçün məcburi hüquqi qüvvəyə malik olan kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən KBXMnin 3.2.1-ci bəndinə əsasən Bank müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. Həmin KBXMnin 9.2-ci bəndinə əsasən borcalan kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşması və KBXM-də kreditin vaxtından əvvəl qaytarılması proseduru konkret olaraq göstərilməklə cavabdehin kreditin bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə yalnız iddiaçının razılığı ilə vaxtından əvvəl ödəyə bilməsi şərtləndirilmişdir. Tərəflər sözügedən razılaşmaları imzalamaqla bu barədə sərbəst iradələrini ifadə etmişdir. Hazırkı işdə isə iddiaçının belə bir razılığının olması müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləcə, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik hüquq (borc) münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-2(121)- 788/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmamalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-2(121)-788/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-149/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-149/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver