Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-151/2025 08.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" X2rşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli e-2-2(121)-1547/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçıASC) cavabdeh "xxxx" X4 (bundan sonra mətndə "xxxx"ASF) qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əldən çıxmış faydaya görə 79405,83 (yetmiş doqquz min dörd yüz beş manat 83 qəpik) manat məbləğində pulun və 328,21 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "Türkan” ASF arasında bağlanmış 29 aprel 2005-ci il tarixli, LNHS-004 saylı kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi olmaqla 60 ay müddətinə 96000 manat məbləğində turizm məqsədilə kredit ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra edilməmişdir. X5 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli, 255/1-2008 saylı qətnaməsinə əsasən cavabdehdən cəmi 105212 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilmişdir. Lakin sözügedən qətnamə üzrə "Rabitəbank” ASC-nə ödənilməli olan 105212 manat əsas kredit borcu cavabdeh tərəfindən qətnamə qanuni qüvvəsini alandan dərhal sonra ödənilməli olduğu halda, halhazıra qədər ödənilməmişdir. Bu səbəbdən "Rabitəbank” ASC qətnamə qanuni qüvvəsini alandan 12 oktyabr 2023-cü ilə qədər, yəni 5434 gün ərzində icrasını gecikdirdiyi 105212 manat qətnamə borcunun illik 5%-ni, yəni cəmi 79405,83 manat pulu əldən çıxmış fayda kimi cavabdehdən tələb edir. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, sözügedən qətnamə qanun qüvvəsini aldıqdan sonra indiyə qədər banka 79405,83 manat maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh tərəfindən sözügedən qətnamə vaxtında icra olunsydı həmin 105212 manat pul kredit kimi dövriyyəyə verilə bilər və müştərilərə kredit verilə bilərdi. "Rabitəbank” ASC həmin qazancdan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu üçün, hal-hazırda ən azı həmin məbləğin illik 5%-ni, yəni 79405,83 manat maddi ziyanı cavabdehdən tələb edirlər. Cavabdeh "xxxx" ASF iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin qanunsuz və əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bankla firma arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən firmaya 96000 manat kredit verilmişdir. Götürülmüş kredit firma tərəfindən vaxtında ödənilmədiyindən iddiaçı təşkilat firmanı məhkəməyə vermişdir. X5 Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə firmadan 105212 manat pulun alınıb iddiaçı təşkilata verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra şirkət olaraq banka 15000 manata yaxın ödənişlər edilmişdir. Kreditin təminatı olaraq "xxxx" Azad ASF-yə məxsus Türkan Ticarət Mərkəzi ipoteka ilə yüklü edilmişdir. İcra məmuru onları çağırmış və onlara könüllü müddət verərək borcun tam şəkildə bağlanmasını tələb etmişdir. Maddi imkan olmadığından borc hal-hazıradək ödənilə bilinməmişdir. Bu barədə icra məmuru İlkin Həsənova yazılı izahat verilmişdir. Həmçinin icra məmuruna ipoteka ilə yüklü edilmiş əmlakın satılmasına razılıq bildirilmişdir. İcra məmuru ipoteka ilə yüklü edilmiş əmlakı 2019-cu ildə hərraca çıxarmış və əmlakın satış qiyməti 720000 (yeddi yüz iyirmi min) manat təşkil etmişdir. Şirkət əmlakın satış qiyməti ilə razı olduğunu və ipoteka ilə yüklü edilmiş əmlakın iddiaçı təşkilatın mülkiyyətinə keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Sonradan bank qiymətə etiraz edərək yenidən hərracın keçirilməsini icra məmurundan xahiş etmişdir. İcra məmuru da bankın xahişlərini özü üçün əmr bilərək xx.xx.2021-ci il tarixdə əmlakı yenidən hərraca çıxarmışdır. Əmlakın ilkin satış qiyməti 612000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsinə 5 gün qalmış bank tərəfindən icra şöbəsinə və hərrac mərkəzinə məktub göndərilərək hərracın dayandırılması xahiş edilmişdir. İcra məmuru İlkin Həsənovun xx.xx.2021-ci il tarixli qərarı ilə hərracın keçirilməsi dayandırılmışdır. İddiaçı təşkilat xx.xx.2023-cü il tarixdə yenidən Masallı rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək icra işinin davam etdirilməsini xahiş etmişdir. İddiaçı təşkilatın bu xahişi qanunsuz və əsassız olduğu halda, nədənsə icra məmuru İlkin Həsənov xx.xx.2023-cü il tarixdə əmlakın yenidən qiymətləndirilməsi məqsədi ilə qiymətləndirici dəvət etmiş, qərarın icrası "xxxx" MMC-yə həvala edilmişdir. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarından Şirkət tərəfindən şikayət verilmişdir. Şirvan Kommersiya Məhkəməsi qanunsuzcasına icra məmurunun qərarını qüvvədə saxlamışdır. Şirvan Kommersiya Məhkəməsinin qərarından şirkət apellyasiya qaydasında şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-2(106)-1/2023 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixli e-8-2(121)-6/2022 saylı qərardad və icra məmuru İlkin Həsənovun qərarı ləğv edilmişdir. Apellyasiya məhkəməsinin qərarı etiraza əlavə edilmişdir. Qeyd olunanları nəzərdən keçirərək belə bir nəticəyə gəlmək olur ki, borcun tam şəkildə bağlanmasına şirkət tərəfindən heç bir süni maneələr yaradılmamışdır. İpotekada olan əmlakın icra məmuru tərəfindən hərracda satılaraq banka olan borcun bağlanmasına şirkət tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Sadəcə olaraq icra məmuru və bank ipotekada olan əmlakın orta bazar qiymətinə satılmasına süni maneələr yaradırlar. Onlar istəyir ki, əmlakın qiymətini yarı faizindən də ucuz qiymətə satsınlar. Nə yaxşı ki, ədalətli apellyasiya məhkəməsi mövcudur ki, bu qanunsuzluqların qarşısını alır. Bank tərəfindən 6 səhifəlik iddia ərizəsi yazılmış, bir cümlə olsun belə əsaslandıra bilməmişlər ki, axı hansı səbəbə görə şirkətdən 80000 manat yaxın əldən çıxmış fayda istəyir. Bank krediti verərkən etibarlı osun deyə şirkətdən ipotekaya əmlak qoymağı tələb etmişdir. 100000 manata qarşı 800000 manatlıq əmlak ipotekaya qoyulmuşdur ki, əmlak hərracda satılsın banka şirkətin borcu ödənilsin. 16 ildir bankın hüquqşünaslarının səriştəsizliyi nəticəsində şirkət banka borcunu ödəyə bilmir. Şirkətin hazırda maddi vəziyyəti olduqca aşağı səviyyədədir, ödəniş gücü yoxdur, banka olan borcunu indi yox 10 il bundan əvvələ əmlakın satılaraq bağlanmasına razılıq vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2-2(121)-1547/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 443.1, 443.2, 443.7, 448.1, 448.2, 448.4 və 445.7-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, X5 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli 255/1-2008 saylı qətnaməsinin icra olunmamasına iddiaçının hərəkətləri və icra məmurunun qanunsuz qərarları səbəb olmuşdur. Cavabdehin isə belə hərəkətlərə yol verməsi öz təsdiqini tapmamışdır. Buna görə də, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işdə olan sübutlardan yalnız cavabdehin etirazlarına və təqdim etdiyi məhkəmə qərarlarına istinad edərək, 2008-ci ildə çıxan qətnaməni qərəzli şəkildə 2019cu ilə qədər icra etməyən cavabdehin əməllərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız qarşı tərəfin mövqeyini araşdıraraq, bankın tələblərini araşdırmamışdır. Belə ki, bankın tələbinə görə 105212 manat məbləğində pulun cavabdeh tərəfindən qanunsuz olaraq 10 illərlə saxlanılması araşdırılmamış və cavabdehin sadəcə “imkanım olmadığına görə ödəməmişəm” ifadəsi qəbul edilmişdir. Məhkəmə bir sıra məhkəmə qətnamələrini sadəcə sadalamaqla, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin icra məmurunun qərarını ləğv etmə barədə qərardadına istinad etməklə, işin faktiki hallarını dərindən araşdırmamışdır. Məhkəmənin mövqeyinə görə, guya bankın və icra məmurunun təqsirindən qətnamə icra olunmayıb. Məhkəmənin mövqeyindən belə çıxır ki, cavabdeh əlində pul ilə bankın qapısında dayanıb, bank da bunu qəbul etməmişdir. 5434 gün qətnamənin icrasını gecikdirən cavabdeh 105212 manat qətnamə borcunu gündə 20 manat ödəmiş olsa idi, borc çoxdan bağlanmışdı. Məhkəmənin gəldiyi nəticə isə fərqlidir. Əgər təqsirli bank və icra məmurudursa 2008-ci ilin qətnaməsini 2018-ci ilə qədər (əmlaka həbs qoyulana qədər) cavabdeh borcunu bəs niyə icra etmirdi? 2018-ci ildən sonra da cavabdeh dəfələrlə müxtəlif bəhanələrlə iddia tələbi ilə məhkəmələrə müraciət etdiyi üçün qətnamə indiyə kimi icra olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 28 noyabr 2024-cü il tarixli 2-2(106)-201/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən - C.İmanov, hakimlər – P.Əhmədov və F.Hüseynov) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2-2(121)- 1547/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. d) Kassasiya instansiya məhkəməsində icraat. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 24 aprel 2025-ci il tarixli 2-2(102)- 148/2025 saylı qərarı (sədrlik edən – Ç.Əsgərov, hakimlər – R.Qurbanov və B.Qəribov) ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 28 noyabr 2024-cü il tarixli 2-2(106)-201/2024 saylı qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur: Apellyasiya instansiyası məhkəməsi mübahisənin həll edilməsi üçün hazırkı mülki işin hallarını hərtərəfli araşdırmamış, bu isə iş üzrə nəticəyə təsir edən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir; Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, X5 Məhkəməsinin 2008-ci il 25 noyabr tarixli qətnaməsinin icra olunmamasına iddiaçının hərəkətləri və icra məmurunun qanunsuz qərarları səbəb olmuş, cavabdehin isə belə hərəkətlərə yol verməsi öz təsdiqini tapmamışdır. Bu qənaətə gələrkən, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı icra məmurunun hərəkətlərini və iddiaçı tərəfindən qiymətləndirmə prosesinin mübahisələndirilməsini nəzərə almışdır. Halbuki, X5 Məhkəməsinin 2008-ci il 25 noyabr tarixli qətnaməsinin icrası cavabdehin əmlaklarına 2009-cu ildə yönəldiyi halda, 2019-cu il martın 27-də cavabdehə məxsus əmlak üzərində həbsin qoyulmasına qədər qətnamənin icrası məqsədilə hansı tədbirlərin, o cümlədən cavabdeh tərəfindən zəruri hərəkətlərin edilib-edilməməsi araşdırılmalı idi; Lakin, apellyasiya instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş, bunun nəticəsində iddiaçının tələblərini tam həcmdə rədd etmişdir; Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində isə X5 Məhkəməsinin qətnaməsi qəbul edildiyi 2008-ci il 25 noyabr tarixindən əmlak üzərində həbs qoyulduğu 2019-cu il 27 mart tarixinədək bu hərəkətlərin borclu tərəfindən icra edilib-edilmədiyi məsələsinə aydınlıq gətirilmir. Qətnamənin bu qədər uzun müddət ərzində icra edilməməsi və ipoteka predmetinin təqdim olunmaması borclunun hərəkətsizliyinin nəticəsi kimi qiymətləndirilə bilərdi; Bu baxımdan, apellyasiya məhkəməsi işə baxarkən MPM-in 14.1, 88 və 372.7-ci maddələrinin tələblərinə uyğun olaraq işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, MM-in 445.7-ci maddəsini və İpoteka haqqında Qanunun yuxarıda qeyd olunan müddəalarını tətbiq etməklə borclunun qətnamənin icrası istiqamətində öhdəliklərini icra edib-etmədiyini, ipoteka predmetinin təqdim olunmamasının səbəblərini, kreditorun 5% əldən çıxmış fayda tələbinin hüquqi əsaslarını tam və obyektiv araşdırılmalı idi. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdeh hər hansı bir üzürlü səbəblərini bildirmədən məhkəmədə nümayəndələri vasitəsilə təmsil olunmamışdırlar, kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayəti əsasında kommersiya mübahisəsinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görədə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur: İddiaçı ASC-nin cavabdeh "xxxx" ASF-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi,/ borcun tutulması” tələbinə dair iddiası üzrə X5 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli, 255/1-2008 nömrəli qətnaməsindən görünür ki, iddia təmin olunaraq "Rabitəbank” ASC ilə "xxxx" ASF arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, "xxxx" ASF-dən 105212 (bir yüz beş min iki yüz on iki) manat tutularaq "Rabitəbank” ASC-nə verilməsi, cavabdehin maliyyə vəsaiti olmadığından qətnamənin icrası alınmış kreditin təminatı kimi ipoteka qoyulmuş "xxxx" ASF-yə məxsus Masallı rayonunun Qəriblər kəndində yerləşən “İsti Su” sanatoriyasına yönəldilməsi, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 19,8 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsinə əsasən "xxxx" ASF-dən tələb olunan 105212 manat məbləğində borc 96000 manat əsas borcdan, 9212 manat faiz borcundan ibarətdir (iş vərəqi 180); X5 Məhkəməsinin 6 oktyabr 2009-cu il tarixli, 255/1-2008 nömrəli qərardadı ilə qətnamənin icra üsulunun dəyişdirilməsinə dair İddiaçı ASC-nin ərizəsi təmin olunmuş, 25 noyabr 2008-ci il tarixli, 255/1-2008 nömrəli qətnamənin icra üsulu dəyişdirilərək qətnamənin icrası üzrə tutma "xxxx" ASF-yə məxsus əmlaklara yönəldilmişdir (iş vərəqi 182); X5 Məhkəməsinin 6 oktyabr 2009-cu il tarixli, 255/1-2008 nömrəli qərardadı əsasında 2.10.2010-cu ildə müvafiq icra vərəqəsi verilmişdir (iş vərəqi 177); Masallı rayon İcra və probasiya şöbəsinin 26 iyul 2018-ci il tarixli qərarına əsasən, X5 Məhkəməsinin 255/1-2008 saylı 25 noyabr 2008-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair qərardad əsasında verilən icra sənədi üzrə icraata başlanılmış, borclu "xxxx" ASF-in rəhbərliyinə 10 gün müddətində tələbin könüllü icrasına dair bildiriş verilmişdir (iş vərəqi 163); Şirvan Apellyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(106)-28/2019 saylı qərardadı ilə Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru N.İbrahimovun təqdimatı təmin olunaraq, X5 Məhkəməsinin 255/1-2008 saylı 25 noyabr 2008-ci il tarixli qətnaməsinin icrası "xxxx" ASF-na məxsus "xxxx" Ticarət Mərkəzinə yönəldilməklə, üzərinə həbs qoyulmuşdur (iş vərəqi 199-203); Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nail İbrahimov 31 may 2019-cu il tarixli qərarla Şirvan Apellyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(106)-28/2019 saylı qərardadı ilə tutmanın yönəldildiyi "xxxx" Ticarət Mərkəzinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət etmişdir (iş vərəqi 190); Respublika Xammal və əmtəə Birjası "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 95 nömrəli 29 dekabr 2019-cu il tarixli hesabatına əsasən Masallı rayonu Ərkivan kəndində yerləşən "xxxx" Ticarət Mərkəzinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilmişdir (iş vərəqi 185-188); "xxxx" ASF-yə məxsus Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 950.3 kv.metr ümumi sahədən ibarət "xxxx" Ticarət Mərkəzinin açıq hərracdan satılmasına dair Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən Hərrac Mərkəzi "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə sifariş verilmişdir (iş vərəqi-152); İcra sənədi üzrə tələbkar İddiaçı ASC xx.xx.2021-ci il tarixdə RB02/Pk-746 nömrəli məktubla icra şöbəsinə müraciət edərək hərracın keçirilməsi ilə bağlı sifarişin ləğv edilməsini xahiş etmişdir (iş vərəqi-152); xx.xx.2021-ci il tarixdə icra məmuru tərəfindən "xxxx" ASF-yə məxsus əmlakın açıq hərracdan satılmasına dair sifariş "xxxx" MMC-nə verilmişdir (iş vərəqi-152); xx.xx.2021-ci il tarixdə tələbkar İddiaçı ASC icra və probasiya şöbəsinə PK-6635 nömrəli məktubla müraciət edərək “İcra haqqında” Qanunun17.1.10-cu maddəsinə müvafiq olaraq icraatın dayandırılmasını xahiş etmiş, icraatın dayandırılmasına dair qərar qəbul edilmişdir (iş vərəqi-152); İddiaçı ASC xx.xx.2022-ci il tarixdə məktubla icra və probasiya şöbəsinə müraciət edərək icraatın təzələnməsini, icra hərəkətlərinin davam etdirilməsini və əmlakın qiymətləndirildiyi dövrdən 3 il keçməsi ilə əlaqədar yenidən qiymətləndirilməsini xahiş etmişdir (iş vərəqi 152); xx.xx.2024-cü il tarixli "Maliyyə arayışı”na əsasən, borclu "Türkan” ASF-nin xx.xx.2023cü i tarixinə olan borcu - əsas borc üzrə 96000 manat, faiz borcu üzrə 9212 manat, illik 5%-lə 79405,83 manat olmaqla, cəmi 184617,83 manat təşkil edir; İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, X5 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli, 255/1-2008 nömrəli qətnaməsinə əsasən ödənilməli olan 105202 manat məbləğində əsas kredit borcunun ödənilmədiyinə görə xx.xx.2023-cü il tarixə qədər, yəni 5434 gün ərzində gecikdirilmiş borcun illik 5%-nin, yəni 79405,83 manat məbləğində pulun əldən çıxmış fayda kimi ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin tələblə məhkəməyə müraciət olunacağı barədə Türkan” ASF-yə xəbərdarlıq edilmişdir; Yeni apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının 9/3693 saylı, 12 avqust 2025-ci il tarixli rəyindən görünür ki, X5 Məhkəməsinin 25 noyabr 2008-ci tarixli 255/1-2008 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" ASF-dən əsas borca görə tutulmalı olan 96000 manata xx.xx.2008-ci ildən xx.xx.2019-cu il tarixinədək illik 5%lə hesablanan faiz məbləği 49626,67 manat məbləğində müəyyən olunur. Həmçinin qeyd olunan qətnamə ilə cavabdehdən əsas borca görə tutulmalı olan 96000 manata xx.xx.2008-ci ildən xx.xx.2023-cü il tarixinədək illik 5%-lə hesablanan faiz məbləği 71426,67 manat məbləğində müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür(21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır(21.3); 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 443.7-ci maddəsinə əsasən, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur; 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə görə, Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 449cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi ilə müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli qərarında formalaşan hüquqi mövşeyə görə hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli qərarında isə borc müqaviləsinin predmetini təşkil edən pulun inflyasiyaya məruz qalmasının zərər anlayışı ilə əhatə olunub-olunmamasını müəyyənləşdirmək üçün zərər və inflyasiya anlayışlarının mahiyyəti aşağıdakı kimi açılmışdır: Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı. Mülki Məcəllənin 21.2-ci maddəsinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi müddəası digər real zərərlərdə olduğu kimi gecikdirmə müddəti ərzində pulun dəyərinin azalması şəklində ifadə olunan zərər anlayışını da özündə ehtiva edir. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşan hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının kredit müqaviləsindən irəli gələn və cavabdehin ödəməli olduğu 96000 manat məbləğində əsas borca əmlakı üzərinə həbs qoyulduğu xx.xx.2019-cu il tarixinədək keçən dövr üçün illik 5% ilə hesablanan gecikdirmə faizinə görə tələbi ekspert rəyinə əsasən müəyyən olunan 49626,67 manat məbləği hissədə əsaslı olmuşdur. Belə ki, həmin anadək öhdəliyin lazımınca icra edilməməsi və bunun nəticəsində iddiaçının zərərə məruz qalması işin hallarından aşkar görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarından biridir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini qismən tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddianın təmin olunan (49626:79405X100=62.49) 62,5 faiz hissəsinə mütənasib olaraq ödənilmiş 328 manat dövlət rüsumunun 205 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının əyərini təşkil edən 50 manatın 31,25 manatı cavabdehdən, 18,75 manatı isə iddiaçıdan alınarad dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli e-2-2(121)-1547/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 49626,67 manat (qırx doqquz min altı yüz iyirmi altı manat 67 qəpik) faiz borcu və ödənilmiş dövlət rüsumunun 205 manat hissəsi cavabdeh "xxxx" X3 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin 31,25 manat hissəsi cavabdeh "xxxx" X3, 18,75 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: imza Qasım Əliyev Hakimlər: imza Tale Kərimov imza Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2-2(106)-151/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-151/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver