Məhkəmə qərarları › İş №2-2(106)-157/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-157/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-157/2024 26.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması, tutmanın girov predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi. X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması, tutmanın girov predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(121)-45/2024 saylı qətnaməsindən (hakim Elşən Abdullayev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı - cəmi 25382,10 (iyirmi beş min üç yüz səksən iki ABŞ dolları 10 sent) ABŞ dolları- bundan 7742,65 (yeddi min yeddi yüz qırx iki ABŞ dolları 65 sent) ABŞ dolları əsas, 6730,34 (altı min yeddi yüz otuz ABŞ dolları 34 sent) ABŞ dollarıfaiz, 8655,15 (səkkiz min altı yüz əlli beş ABŞ dolları 15 sent) ABŞ dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2253,96 (iki min iki yüz əlli üç ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 19,45 (on doqquz manat 45 qəpik) AZN dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın girov predmeti olan - 2 ədəd 17.5 qram çəkidə boyunbağı, 4 ədəd 30.7 qram çəkidə qolbaq, 1 ədəd 11,3 qram boyunbağı, 1 cüt 8 qram çəkidə sırğa, 1 cüt 1,6 qram çəkidə sırğa və 1 ədəd 10 qram çəkidə klondan ibarət olan qızıl-ziynət əşyalarını yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh2borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müaciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2arasında bağlanmış 10 iyun 2014-cü il tarixli 69824677 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz olmaqla 12750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. 69824677 nömrəli kredit müqaviləsinə 19 mart 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən kreditorun borcalana 12740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 8857,30 (səkkiz min səkkiz yüz əlli yeddi ABŞ dolları 30 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Cavabdeh2kredit verilərkən Cavabdeh3 və Cavabdeh1ilə Bank arasında 10 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi və 19 mart 2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə Əlavə Saziş bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 xx.xx.2014-cü il tarixli girov müqaviləsi bağlayaraq, mülkiyyətindəki 2 ədəd 17.5 qram çəkidə boyunbağı, 4 ədəd 30.7 qram çəkidə qolbaq, 1 ədəd 11,3 qram boyunbağı, 1 cüt 8 qram çəkidə sırğa, 1 cüt 1,6 qram çəkidə sırğa və 1 ədəd 10 qram çəkidə klondan, ibarət olan qızıl-ziynət əşyalarını Banka girov qoymuşdur. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə MŞS/MT023/2023-00747 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********087 saylı 23 fevral 2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 25382,10 (iyirmi beş min üç yüz səksən iki ABŞ dolları 10 sent) ABŞ dolları təşkil edir. Bundan 7742,65 (yeddi min yeddi yüz qırx ikiABŞ dolları 65 sent) ABŞ dolları əsas, 6730,34 (altı min yeddi yüz otuz ABŞ dolları 34 sent) ABŞ dolları faiz, 8655,15 (səkkiz min altı yüz əlli beşABŞ dolları 15 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2253,96 (iki min iki yüz əlli üç ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahat verərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər birinci instansiya məhkəməsində iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(121)-45/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 10 iyun 2014-cü il tarixli, 69824677 saylı kredit müqaviləsinə əsasən 7.742,65 ABŞ dolları məbləğində əsas borc, 2.852,74 ABŞ dolları məbləğində faiz borcu, 260 ABŞ dolları məbləğində cərimə borcu, illik 5 faizlə hesablanmış 2.214,28 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 13.069,67 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) pulun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 mediasiya sessiyası üçün ödənilmiş 200 manat və dövlət rüsumunun əvəzi 10 manat olmaqla, ümumilikdə 210 manat məbləğində pulun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus xx.xx.2014-cü il tarixli, B219-13 saylı girov (saxlanc) müqaviləsinə əsasən banka təhvil verilmiş 2 ədəd 17.5 qram çəkidə boyunbağıya, 4 ədəd 30.7 qram çəkidə qolbağa, 1 ədəd 11,3 qram boyunbağına, 1 cüt 8 qram çəkidə sırğaya, 1 cüt 1,6 qram çəkidə sırğaya və 1 ədəd 10 qram çəkidə klona yönəldilməsi, Cavabdeh2 məxsus olan 2 ədəd 17.5 qram çəkidə boyunbağının, 4 ədəd 30.7 qram çəkidə qolbağın, 1 ədəd 11,3 qram boyunbağının, 1 cüt 8 qram çəkidə sırğanın, 1 cüt 1,6 qram çəkidə sırğanın və 1 ədəd 10 qram çəkidə klonun orta bazar dəyəri 9.019 manat müəyyən edilməklə açıq hərracda satılması, həmin qızıl-zinət əşyalarının satışından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, həmin qızılzinət əşyalarının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 manatının Cavabdeh2, qalan 50 manatının isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 1.000 manat məbləğində pul vəsaitinin 500 manatının Cavabdeh2, qalan 500 manatının isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia müddətinin ötürüldüyündən iddia tələbinin təmin olunmaması barədə qətnam qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 24 aylıq bağlanmışdır. Yəni kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti də 3 il olduğundan, hazırkı müqavilə üzrə iddia müddəti xx.xx.2017-ci ildə bitir. Sabirabad 1 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bu o deməkdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia müddəti ötürülməklə müraciət edilmişdir. Qeyd olunan səbəbdən hazırkı iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən girov predmeti qızıl-zinət əşyalarının ilkin satış qiymətini ədalətli şəkildə müəyyən etməmişdir. Girov predmetinin həqiqi dəyəri qətnamədə qeyd olunandan xeyli yüksəkdir. Ekspert rəyi açıq-aşkar əsassız olduğundan birinci instansiya məhkəməsi MPM-in 102.2-ci maddəsini əsas tutub təkrar ekspertiza təyin etməli idi. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iş çoxluğunun nəzərə alınaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında B219-13 saylı, xx.xx.2014-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz olmaqla dövriyyə vəsaiti məqsədi ilə 24 ay müddətinə 12.750 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2014-ci il tarixli, ZM-B219-13 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 7.742,65 ABŞ dolları əsas borc, 6.730,34 ABŞ dolları faiz borcu, 2.253,96 ABŞ dolları gecidkirilmiş faiz borcu, 8.655,15 ABŞ dolları cərimə borcu, cəmi 25.382,10 ABŞ dolları kredit borcu vardır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış B219-13 saylı, xx.xx.2014-ci il tarixli girov (saxlanc) müqaviləsinə əsasən, 2 ədəd, 17.5 qram çəkidə boyunbağı, 4 ədəd 0.7 qram çəkidə qolbağı, 1 ədəd 11.3 qram boyunbağı, 1 cüt 8 qram çəkidə sırğa, 1 cüt 1.6 qram çəkidə sırğa və 1 ədəd 10 qram çəkidə klon kreditin təminatı olaraq girov qoyulmuşdur. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun olması, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9293 saylı rəyindən görünür ki, Cavabdeh2 banka olan xx.xx.2017-ci il tarixə əsas borc üzrə 7.746,75 ABŞ dolları, faiz borcu üzrə 2.852,74 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7.746,75 ABŞ dolları, faiz borcu üzrə 2.852,74 ABŞ dolları, faiz borcu üzrə (5%) 2.214,28 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 2 ədəd, 17.5 qram çəkidə boyunbağı, 4 ədəd 0.7 qram çəkidə qolbağı, 1 ədəd 11.3 qram boyunbağı, 1 cüt 8 qram çəkidə sırğa, 1 cüt 1.6 qram çəkidə sırğa və 1 ədəd 10 qram çəkidə klonun bazar dəyəri 9.019 manat təşkil edir. İş materiallarında olan "mediasiya sesiyasında iştirak edilməməsi barədə ” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "Dəmirbank” ASC tərəfindən 200 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Dəmirbank” ASC tərəfindən 19,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 B219-13 saylı, xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ona münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Apellyasiya şikayətinin dəlilindən görünür ki, Cavabdeh2 şikayətində iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş, həmin məhkəminin gedişində iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə təqdim etməmiş, əksinə qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri də məhkəmə tərəfindən təkrar ekspertizanın təyin edilməməsidir. İş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9293 saylı rəyi əldə edilərək işə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki tələb üzrə iddianın qiyməti 10000 manatdan çox olduğundan prosessual qanunvericiliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(0121)-45/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar