Məhkəmə qərarları › İş №2-2(106)-158/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-158/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-158/2025 01.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət məhkəmə tərkibində, X3 qzının katibliyi, iddiaçının nümyəndəsi X1, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2-2(121)-788/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 30000 manat əsas borc, 1777.24 manat faiz borcu, 2005.74 manat cərimə və 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2022 il tarixli kredit razılaşmasına əsasən borcalan Cavabdeh1 xx.xx.2023 ilədək qaytarmaq və illik 20% ödəmək şərti ilə aldığı 30000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 30000 manat; b) faizlər üzrə 1777.24 manat; c) cərimə üzrə 2005.74 manat məbləğ təşkil edir. Mübahisənin məhkəməyə qədər həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminə pretenziya göndərilib, lakin borc ödənilməyib. Cavabdeh1 iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianı əsassız hesab etdiyini bildirib rədd olunmasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırır ki, o, 2022-ci il 29 noyabr tarixli kredit razılaşmasına əsasən bankdan götürdüyü 30000 manat krediti 2023-cü il 20 aprel tarixində tam olaraq bağlamışdır. Belə ki, həmin tarixdə banka yaxınlaşaraq krediti bağlamaq istədiyini bildirmiş və ona 30512 manat ödəniş edilməli olduğu bildirilmişdir. O da həmin məbləği ödəmiş və bununla bağlı ona qəbz verilmişdir. Həmin qəbzin təyinat hissəsində də kredit ödənişi qeyd olunmuşdur. Lakin 2023-cü il 31 may tarixində həmin ödədiyi pul vəsaiti vergi sərəncamına əsasən vergi borcu olaraq silinmişdir. Halbuki, o həmin pulu kredit borcu olaraq ödəmiş və ödəniş edilən zaman onun barəsində vergi sərəncamı olmamışdır. Vergi sərəncamı 1 ay 5 gün sonra verilmiş, bundan sonra bank həmin pulu vergi borcu olaraq hesablamışdır. Halbuki o həmin günü "xxxx" QSC-yə saat 12:24-də 50541 manat ödəniş etmiş, daha sonra saat 13:13-də iddiaçıya 30512 manat ödəniş etmişdir. "xxxx" QSC həmin pulu kredit ödənişi kimi qəbul etmiş və borcu bağlanmışdır. Lakin iddiaçı qanunsuz olaraq 1 ay 5 gün sonra pulu vergi borcu kimi silmişdir. O pulu iddiaçıya kredit borcu olaraq ödəmiş, ödənişin növbəliliyini seçmək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 440-cı maddəsinə əsasən onun səlahiyyətinə aid olan məsələdir. Hazırda bank həmin pulu ondan yenidən tələb edir. Məhkəməyə bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da görünür ki, 2023-cü il 20 aprel tarixində ödəniş əsası kredit ödənişi olaraq 30512 manat pul ödənilmiş, daha sonra həmin pul 2023-cü il 31 may tarixində vergi sərəncamına əsasən silinmişdir. Bank əməkdaşı qanunsuz olaraq əməliyyatları düzgün icra etməmiş və ödənilən kredit məbləğini vergi borcu kimi silmişdir. Vergi sərəncamı 2023-cü il 26 may tarixində verilib, kredit ödənişi isə 2023-cü il 20 aprel tarixində ödənilib, belə olan halda həmin sərəncamın geriyə qüvvəsi şamil oluna bilməzdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2-2(121)-788/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 30000 manat əsas borc, 1777.24 manat faiz borcu, 110 manat cərimə və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 32087.24 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, o xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən bankdan 30000 manat kredit götürmüş və həmin krediti xx.xx.2023-cü il tarixdə tam olaraq banka ödəmişdir. Borcun ödənilməsi barədə ona ödəniş qəbzi verilmiş və təyinatında kredit ödənişi olaraq qeyd olunmuşdur. Ödəniş olunduğu gün bank əməkdaşından ümumi borcun nə qədər olduğunu soruşmuşdur və ona 30512 manat borcun olması bildirilmişdir. O, həmin pulu ödəmiş və qəbz almışdır. Həmin vaxt o bank əməkdaşına borcunu tam olaraq bağlamaq istədiyini bəyan edib və buna görə də, bir neçə sənədə imza etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin ödədiyi pul vəsaiti vergi sərəncamına əsasən vergi borcu olaraq silinmiş və daha sonra bank borcumu tam olaraq ödədiyi halda ona qarşı məhkəməyə müraciət edərək həmin pulu ondan tələb etmişdir. Halbuki, bank qarşısında olan öhdəliyi tam olaraq icra etmiş, Mülki Məcəllənin öhdəliklərin icrası ilə bağlı normalarının tələbindən görünür ki, bir neçə öhdəlik üzrə seçim hüququ borcluya məxsusdur. Ümumiyyətlə, xx.xx.2023-cü il tarixdə vergi sərəncamı olmamış, olsaydı belə o ödədiyi pulu kredit ödənişi olaraq banka ödəmişdir. Həmçinin qətnamədə göstərilir ki, bankla bağladıqları müqaviləyə əsasən borcun tam bağlanması kredit verənin razılığı ilə ola bilər. Ödəniş qəbzindən görünür ki, ödənişin təyinatı kredit ödənişidir və 30512 manat banka ödənilmişdir. Hesabdan çıxarış məlumatlarından da görünür ki, həmin günə olan borc 30512 manat olmuş və o borcu tam ödəmişdir. Bu özlüyündə bankın borcun tam ödənilməsinə razılıq verməsi kimi qiymətləndirilməlidir, görüntülərini də bankdan tələb edərdi. Məhkəmə qətnamədə təkcə bir arqumentə istinad edir ki, guya o borcun bağlanması barədə ərizə verməmişdir, buna görə də, pul hesabda qalmışdır. Məhkəmənin yanaşması formal və hərfi yanaşmadır, çünki o pulu ödəyən zaman bir neçə sənədə imza etmişdir, yəqin ki həmin ərizədə bankda saxlanılır, məhkəmə həmin sənədləri bankdan tələb edərək baxış keçirməlidir. Həmçinin məhkəmə hüquq normalarını deyil, müqaviləni rəhbər tutaraq qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə həmin normalara formal olaraq yanaşmalı deyil, müqavilə tərəflərin iradə ifadəsidir, iradə ifadəsi şifahi və ya yazılı qaydada ifadə oluna bilər. O, banka bir dəfəyə 30512 manat pul ödəyirsə, bu o deməkdir ki, onun iradə ifadəsi borcun bağlanmasından ibarətdir və bankda həmin pulu ondan qəbul edib qəbz verirsə, buda bankın borcu bağlamağı qəbul etməsi ifadəsidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 noyabr 2024-cü il tarixli 2-2(106)-149/2024 saylı qətnaməsi (hakimlər P.Əhmədov, T.Kərimov və C.İmanov) ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Şirvan Kommersiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2-2(121)-788/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. d) Kassasiya instansiya məhkəməsində icraat. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 1 may 2025-ci il tarixli 2-2(102)-149/2025 saylı qərarı (hakimlər R.Qurbanov, B.Qəribov və Ə.Xıdırov) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri MM-in 404-cü maddəsinin tələbləri nəzərə alınmaqla təfsir edilməli və cavabdeh İ.Abiyevin 2023-cü il 20 aprel tarixində ödədiyi 30.512 manat məbləğində pul vəsaiti kredit ödənişi kimi qiymətləndirildiyi halda ona münasibətdə MM-in 528-ci maddəsində, Cavabdeh2 münasibətdə isə MM-in 477.0.1-ci maddəsində göstərilmiş nəticələrin yaranıbyaranmaması üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Eyni zamanda, həmin maddələrdə nəzərdə tutulmuş hüquqi nəticələrin yarandığı müəyyən edildiyi halda cavabdeh İ.Abiyevə qarşı irəli sürülmüş tələblərə (vergi sərəncamına əsasən silinmiş 30.512 manat məbləğində) münasibətdə MM-in əsassız varlanmaya aid 58-ci fəslində nəzərdə tutulmuş müddəalar tətbiq edilməklə hüquqi dəyərləndirmə aparılmalıdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəllilərin uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında da qeyd olunduğu kimi akseptsiz qaydada razılığa gəlmişlər. Birinci instansiya məhkəməsinin vergi orqanlarına vermiş olduğu sorğuya əsasən də cavabdehin hər-hansı bir borcun mövcudluğunu öz əksini tapmamışdır. Cavabdeh öhdəliyi bank qarşısında götürmüşdür. Bank pulun saxlanılması ilə bağıl öz üzərinə götürmüş öhdəliyi isə yerinə yetirməmişdir. Əsassız varlanma ilə bağlı müddəalarla razı deyil. Məhkəmədə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, bank təşkilatı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərindən biri odur ki, ödənilən kredit məbləğindən qalıq məbləğin bir faizi miqdarında komissiya ödənilməlidir. Cavabdeh tərəfindən komissiyanın ödəilnməsini təsdiq edən hər-hansı sənəd təqdim edilməmişdir. Odur ki qarşı tərəf müqavilənin şərtlərini gözləməmişdir. Kompleks Bank Xidməti Müqaviləsinin 12.2.7-ci bəndinə əsasən kredit götürən tərəf əvvəlcədən ödənişin təyinatı ilə bağlı məlumat bildirməlidir, hansı ki, qarşı tərəf bunu etməmişdir. Bu da gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün nəzərdə tutulmuşdur. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, işin faktiki hallarını düzgün müəyyən edib tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin müəyən olunan halları aşağıdakılardan ibarətdir: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən sonuncuya illik 20% olmaqla, xx.xx.2023-cü il tarixədək, 6 ay güzəşt müddəti ilə 30000 manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 8-ci bəndinə əsasən borclalan Bank qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq verir. Razılaşmanın 9-cu bəndinə əsasən borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldiyi təqdirdə kreditverən tərəfindən borcalandan ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldiyi təqdirdə isə ödəniləcək məbləğin 1 faizi həcmində komissiya haqqı tələb edə bilər. Razılaşmanın 15-ci bəndinə görə borcalan bu razılaşmanı elektron qaydada borcalan ilə bağlanmış kompleks bank xidmətlərinin göstərilməsinə dair müqavilədə qeyd edilmiş prosedura əsasən təsdiq edəcəyi təqdirdə kreditin kreditverənin rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) və bu Razılaşma ilə nəzərdə tutulmuş şərtlərlə verildiyini və KBXM-nin və bu Razılaşmanın müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olduğunu qəbul edir. Kompleks Bank Xidməti Müqaviləsinin (bundan sonra “KBXM” adlandırılacaqdır) 3.2.1ci bəndinə əsasən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. Həmin müqavilənin 9.2-ci bəndinə görə borcalan kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən borcalanın ödəniş cədvəllərində nəzərdə tutulmuş məbləğdən artıq ödənişlərin aparılması onları növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı qoşulma razılaşmasının 1.4-cü bəndinə əsasən bu razılaşmanı imzalamaqla müştəri Kompleks Bank Xidməti Müqaviləsində qeyd edilmiş bank xidmətlərindən istifadə edilməsi zamanı müştəriyə açılmış hesabları və onlarda olan pul vəsaitləri üzrə nəzarət və sahiblik hüququnun müştəri tərəfindən Daşınar Əmlakın Yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən daşınar əmlakın yüklülüyü ilə bağlı, yüklülük sahibinin göstərişlərinin keçirilməsi məqsədi ilə Banka verilməsini təsdiq edir. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yalnız faiz ödənişləri ödənilməklə əsas borca münasibətdə 6 aylıq güzəşt müddəti tətbiq edilmişdir. Bank hesabından çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən 30000 manat məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixində Cavabdeh1 müvafiq bank hesabına köçürülmüşdür. Həmin bank hesabından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində 15000 manat, xx.xx.2022-ci il tarixində isə 14057.30 manat pul vəsaitini hesabdan məxaric etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 30000 manat məbləğində əsas borc, 1777.24 manat məbləğində faiz borcu, 2005.74 manat cərimə borcu, cəmi 33783.28 manat məbləğində kredit borcu vardır. 20 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, borc alan Cavabdeh1 tərəfindən Bank Respublika ASC-nə 30512 manat məbləğində kredit ödənişi edilmişdir. Bank hesabından çıxarışdan görünür ki, 20 aprel 2023-cü il tarixdə borc alan tərəfindən 30512 manat məbləğində kredit ödənişi edilmişdir. İddiaçı ASC-nin “Masallı” filialına göndərilmiş xx.xx.2023-cü il tarixli, **********8A saylı sərəncamdan görünür ki, Cavabdeh1 dövlət büdcəsinə 41842.75 manat məbləğində borcu vardır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404.1.-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2.-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir; 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür; 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. -ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; 1092.2. -ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. İşin müəyyən olunan hallarına görə Cavabdeh1 2023-cü il 20 aprel tarixində 30512 manat məbləğində pul vəsaitini banka ödəyərkən həmin ödənişlə bağlı cavabdehə ECRTOB**********044545 nömrəli qəbz verilmiş və həmin qəbzdə ödənişin təyinatı kimi kredit ödənişi qeyd edilmişdir. Cavabdeh1 məxsus bank hesabından çıxarışda da ödənişin əsası kimi kredit ödənişi göstərilmişdir. Bundan başqa eyni tarixdə təxminqən 50 dəqiqə əvvəl cavabdeh tərəfindən başqa bir banka (Accessbank) da böyük məbləğdə, 50541 manat məbləğində kredit ödənişi edilmişdir. Qeyd olunanlar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh 20 aprel 2023-cü il tarixində 30512 manat məbləğində kredit ödənişi etməklə, iradə ifadəsi alınan kredit üzrə borcun tam olaraq bağlanmasına yönəlik olmuşdur. Həmin ödənişi qəbzə və hesabdan çıxarışa əsasən kredit ödənişi kimi qəbul edilməsi, bankın buna razılığı kimi ifadə olunur. Belə olan halda cavabdeh iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini tam olaraq icra etmiş olur. Öhdəliyə xitam verilməsindən irəli gələrək bankın zaminə qarşı tələb hüququ qalmır. Bununla belə cavabdehin dövlət büdcəsinə olan 41842.75 manat vergi borcundan 30512 manat hissəsi bank tərəfindən sərəncamın icrası qaydasında ödənildiyindən, cavabdeh ödənilən vergi məbləği həddində bankın hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur ki, əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə ləğv olunmalı və əsaslandırıcı hissədə qeyd olunanlar nəzərə alınmaqla iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2-2(121)-788/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 30512 manat məbləğində pul və 200 manat məbləğində çəkilmiş mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Pərviz Hacıyev Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar