Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-16/2023 26.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2- 2(121)-1707/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 5.857,69 manat dəymiş maddi ziyanın və 100,00 manat mediasiya xərcinin - cəmi 5.957,69 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 21 may tarixli 05/01401 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Bildiririk ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 5857,69 (beş min səkkiz yüz əlli yeddi manat altmış doqquz qəpik) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 5.857,69 manat dəymiş maddi ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, yuxarıdakı məzmunda izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli e-2-2(121)1707/2022 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2-2(121)1707/2022 saylı qətnaməsinin ləğv edilərək və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olarab qeyd edilmişdir ki, məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş sübutları hər tərəfli araşdırmamış və düzgün qiymət verməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan hallara dair iddiaçının təqdim etdiyi sənədləri “mötəbər” sübut saymamış, əgər xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti qənaətinə gəlmişdirsə, bununla bağlı ekspertiza elan etməmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə ( Maddə
700. İcarə müqaviləsi) istinad olunması və əmlak kirayə müqaviləsinin kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinə (Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri) əsaslanması işin hallarına uyğun gəlmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunanlara oxşar məzmunda izahat verək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin oldunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 21 may tarixli 05/01401 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək istifadəyə verilmişdir. Sezon dövründə kombayndan istifadə etmiş və həmin kombaynı 1.08.2021-ci il tarixdə iddiaçının razılığı ilə onların qarajına qoyub çıxıb getmişdir. Lakin həmin vaxtdan 2 ay sonra iddiaçı kombaynda güya qüsur olması ilə bağlı aktı tərtib etmiş və ziyanlıq hesablanmışdır. O, qüsur aktını imzalamamış və ondan heç xəbəri belə olmamışdır. Ona maraqlıdır iddiaçı nəyə görə qüsur aktını müqavilənin bitdiyi tarixdən dərhal sonra deyil, təxminən 2 ay sonra tərtib etmişdir. Apellyasiya şikayətini əsassız hesab edərək Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2-2(121)1707/2022 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv olunmasını xahiş etməklə, qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 06/01401 saylı lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn İddiaçı ASC tərəfindən Cavabdeh lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, İddiaçı ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh 06/01401 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 2 saylı aktdan görünür ki, texnika saz vəziyyətdə mexanizator Cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qüsur aktı”nın surətindən görünür ki, Cavabdeh istifadəsində olan 1 ədəd taxılyığan kombayn SR-2045, buraxılış ili 2013, şassi nömrəsi 559943, dövlət nömrə nişanı **-AB-*** olan texnika onun tərəfindən təhvil verilərkən texnikaya baxış keçirilmiş və xeyderin komplekt dəyişdirildiyi müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş “SR-2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışından görünür ki, 5.857,69 manat məbləğində ehtimal xərclər müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, texnikaya dəymiş 5.857,69 manat məbləğində zərər tez bir zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi xahiş edilmiş, əks halda texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 01 iyun 2022-ci il tarixli MŞİH-118131 saylı arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 747.1- maddəyə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-nin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 697.4-cü maddəsinə görə isə kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Apellyasiya şikayətinin dəlillərini icarəyə verilmiş taxılyığan kombayna yetirilən zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunmaması hissədə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçı icarəyə vermiş olduğu kombaynı qüsurlu vəziyyətdə qaytarıldığını bildirərək təmir olunmaları üçün çəkməli olduğu xərcin zərər kimi cavabdehdən tutulmasını xahiş edir. Lakin iş materialarına əsasən iddiaçı tərəfindən texnikanın atəmir-bərpası üçün çəkmiş olduğu xərclərə, real zərərə dair hər hansı bir sübut (öd. qəbzi) verilməmişdir. Bundan başqa qeyd olunan hissədə tələb üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 697.4-cü maddəsini tətbiq edən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Həmin normaya əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Normanın məzmunundan da göründüyü kimi kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. İş materiallarında olan texnikanın iddiaçıya geri qaytarılmasına dair tərtib edilmiş texniki vəziyyət haqqında 2 saylı aktdan görünür ki, texnika 27 oktyabr 2021-ci il tarixində iddiaçıya təhvil verilmişdir və həmin tarixdə tərtib edilmiş qüsur aktı ilə texnikaya zərərin dəydiyi müəyyən olunmuşdur. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 27 oktyabr 2021-ci il tarixində bilmiş, hazırkı iddianı isə 18 iyul 2022-ci ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 9 ay sonra qaldırmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qətnamənin mübahisələndirilən hissəsi on min manatdan azdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2-2(121)1707/2022 saylı qətnaməsi İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.