Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-162/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e-2-2(121)-2299/2024 saylı qərardadından (hakim E.Abdullayev) iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında 19 sentyabr 2023-cü il tarixdə bağlanmış KM-İM-49/23 saylı icarə müqaviləsinə əsasən 794.84 manat borc, gecikdirilmiş icarə haqqı üçün 399.16 manat cərimə olmaqla, cəmi 1194 manat məbləğində borcun, habelə 32 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(121)-2299/2024 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, 284-4.2-ci maddələrinə istinadla iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququnun olduğu izah edilmiş, həmçinin qərardaddan şikayət verilə bilməməsi iddiaçının nəzərinə çatdırılmışdır. İddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək ləğv olunmasını və iddia ərizəsini icraata qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin 284-4.2-ci maddəsinə istinadla 29 iyul 2024-cü il tarixdə qəbul etdiyi e-2-2(121)-2299/2024 saylı qərardadla şikayət, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilməsinin prosessual məcəllənin qadağan etməsi əsası ilə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi 29 iyul 2024-cü il tarixli qərardaddan şikayət verərək ləğv olunmasını, 24 iyul 2024-cü il tarixli saylı qərardaddan verilmiş şikayət əsaslı hesab edilərək iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı cavabdehlə arasında 19 sentyabr 2023-cü il tarixdə bağlanmış KM-İM-49/23 saylı icarə müqaviləsinə əsasən 794.84 manat borcun, 399.16 manat gecikdirilmiş icarə haqqı üçün cərimə olmaqla cəmi 1194 manat məbləğində borcun, habelə 32 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(113)-2299/2024 saylı 24 iyul 2024-cü il tarixli saylı qərardadı ilə “icarə müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Şirvan Kommersiya Məhkəməsi göstərilən qərardadını belə əsaslandırmışdır ki, icarə müqaviləsi üzrə yaranmış borcun mövcudluğunu təsdiq edən sənədlər ərizəyə əlavə olunmamışdır. İşə sadələşdirilmiş icraat qaydasında yazılı icraat qaydasında baxıldığından ərizəyə tələbin əsaslı olmasını təsdiq edən bütün sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. İddiaçının nümayəndəsi 25 iyul 2024-cü il tarixində şikayətlə məhkəməyə müraciət edərək, 24 iyul 2024-cü il tarixli e- 2-2(121)-2299/2024 saylı qərardadının ləğv edilərək, iddia ərizəsini icraata qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsi e-2-2(113)-2299/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Göründüyü kimi hakim qərardad qəbul edərkən sadəcə öz mülahizələrinə əsasən deyil, tələb tam əsaslandırılaraq və hüquq normalarını rəhbər tutaraq qəbul etməlidir. Lakin, hakim iddiaçı tərəfindən verilmiş şikayətə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, şikayətdə məhkəmə tərəfindən prosessual müddətin ötürülməsi və sübutların düzgün qiymətləndirilməməsi əsaslandırılsa da, məhkəmə tərəfindən həmin əsaslara heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə e-2-2(113)-2299/2024 saylı 29 iyul 2024-cü il tarixli saylı qərardadı ilə MPM 13.4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, şikayət geri qaytarılmalıdır. Lakin hansı anoloji hala istinad etməsi, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı şikayətin verilməsi, düzgün maddi normalara istinad edilməməsi ilə bağlı heç bir münasibət bildirməmiş, sadəcə şablon formada qərardad qəbul etməklə kifayətlənmişdir. Şirvan Kommersiya Məhkəməsinin 6 avqust 2024-cü il tarixli e-2-2(121)-2299/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 284-4.1.3, 284-4.2-ci maddələrinə istinadla “icarə müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbul olunmasından imtina etmiş, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququnun olduğunu izah etmiş, həmçinin qərardaddan şikayət verilməsinin prosessual qanunvericilikdə nəzərdə tutulmamasını iddiaçının nəzərinə çatdırmışdır. Bununla belə, iddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək ləğv olunmasını, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırda mübahisələndirilən 29 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilməsinin prosessual məcəllənin qadağan etməsi əsası ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Hazırki işin materiallarından görünür ki, iddiaçı “icarə müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göründüyü kimi prosessual qanunvericilikdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən iddia ərizəsinin hansı hallarda qəbul olunmasından imtina edilməsinin mümkünlüyü, həmin qərardaddan şikayət verilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Hazırki halda isə iddiaçının nümayəndəsi prosessual qanunvericiliyə əsasən mübahisələndirilməsinə yol verilməyən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən iddia ərizəsinin qəbulundan imtina qərardadından şikayət vermiş və birinci instansiya məhkəməsi tərəfindən şikayət qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət edilmədən verilən şikayətin qaytarılmalı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayəti qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuş, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e-2-2(121)-2299/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-162/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-162/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver