Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-162/2025 30.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət məhkəmə tərkibində, X7 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 may 2025-ci il tarixli e-2-2(121)-65/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, X10 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 008R********** saylı krеdit razılaşması üzrə 28245.84 manat krеdit bоrcu, 4096.61 manat faiz bоrcu və 1604.37 manat cərimə olmaqla, ümumilikdə 33946.82 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 191.84 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması, tutmanın Cavabdeh5 məxsus olan 2007-ci il buraxılış illi, **- OD-*** dövlət qeydiyyat nişanlı “X16” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, X10 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 008L**********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh5 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 11754.16 manat ödəmiş, onun 28245.84 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 415 gün üçün hesablanmış faiz borcu 4096.61 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 415 gün üçün hеsablanmış cərimə 1604.37 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1, X10, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh5 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh5 ilə bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 008M**********01 saylı ipoteka müqaviləsi (Lənkəran 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilib) əsasında 2007-ci il buraxılış illi, “Ford Tranzit” markalı, Ban nömrəsi WF0XXXTTFX7P44730, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş № 142961 saylı çıxarışa əsasən Cavabdeh5 məxsus olan 2007-ci il buraxılış illi, **-OD-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1 - 34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2 - ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə xx.xx.2023-cü il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır. İpoteka verən Cavabdeh5 arvadı X6 xx.xx.2021-ci il tarixində Lənkəran rayon 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh5 məxsus olan 2007-ci il buraxılış illi, **-OD-*** qeydiyyat nişanlı “X16” markalı nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 14 may 2025-ci il tarixli e-2-2(121)-65/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 008R********** nömrəli kredit razılaşması üzrə 28111.59 manat əsas borc, 4096.61 manat faiz borcu, 100 manat cərimə və ödənilmiş 191.84 manat dövlət rüsumu olmaqla, cəmi 32500.04 manat məbləğində pulun cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, X10 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh5 məxsus olan 2007-ci il buraxılış illi, **-OD-*** dövlət qeydiyyat nişanlı “X16” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin ilkin satış qiyməti 19600 manat müəyyən olunaraq açıq hərracdan satılması və satışından əldə edilən vəsaitin İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, X10 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, "xxxx" MMC-nin xidmət haqqı xərcləri olan 250 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, X10 və Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərfli araşdırılmadan, sübutlarla təsdiq edilmdən, hüquqi əsası olmadan qətnamə qəbul edilib. Məhkəmənin qətnamədə müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Bildirmək istəyir ki, qətnamədə qeyd edilən faiz borcu həddən artıq şişirdilmişdir. Habelə iddia müddəti ötürülmüşdür. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olmasını məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə nəzərə almayıb. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmişdir. Qəbul edilən qətnamə ilə hüququ kobud şəkildə pozulmuşdur. İddia ərizəsində qeyd edilən məbləq ağlabatan məbləğ deyil, çünki həmin məbləğin hesablanmasını göstərən heç bir mötəbət sübut əlavə edilməmişdir. Qətnamədən həmçinin Cavabdeh5 vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şkayəti verərək qətnamənin tam ləğv edilməsini, poteka predmeti olan 2007-ci il buraxılışlı **-OD-*** dövlət qeydiyyat nişanlı “X16” nəqliyyat vasitəsinin real olaraq qiymətləndirilməkdən ötrü təkrar və əlavə əmtəəşünaslıq ekspertiza təyin edilməklə veriləcək ekspert rəyinə uyğun olaraq işin halları araşdırılmaqla qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən avromaşının qiymətləndirilməsi barədə əmtəəşünaslıq ekspertizası təyin etməklə rəyin verilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmiş və həmin Mərkəzin yazdığı qiymət isə avtomaşının qiymətindən yarısı qədər aşağıdır. Həmin vəziyyətdə olan avtomaşınların dəyərinin 27-30 min manat təşkil etməsinə baxmayaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 19000 manat dəyərində qiymətləndirilmişdir. Baxmayaraq ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (müstəqil qiymətləndirmə şirkəti) 27000 manat məbləğ qiymətləndirilmiş və həmin rəyin məhkəməyə təqdim edilməsinə, eyni ildə verilmiş rəylər arasında 8000 manat fərq olmasına baxmayaraq, məhkəmə həmin rəylər atasında olan fərqin aradan qaldırılması üçün təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Eyni zamanda işə heç bir aidiyyəti olmayan və iş materiallarında olmayan rəyin verilməsi üçün "xxxx" MMC-yə də 250 manat pulun cavabdehlərdən tutulmasını qeyd etməklə, həmin rəyin nə vaxt və kim tərəfindən verilməsi, ümumiyyətlə həmin iş üzrə "xxxx" MMC tərərfindən rəy verilib verilməməsini qətnamədə əsaslandırmamışdır. Halbuki, məhkəmə iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin etməli və ipoteka predmeti olan avtomaşının real bazar dəyəri müəyyən edilməklə həmin qiymətlə hərraca çıxarılmasını təmin etməli idi. İş materiallarında olan ipoteka müqaviləsindən də göründüyü kimi ipoteka predmeti eyni vaxtda ayrı-ayrı qitmətləndiricilər tərəfindən bir-birindən 8000 manat fərqlə qiymətləndirilməsi halları araşdırılmalı və hyəmin fərqin aradan qaldırılması üçün təkrar ekspertiza təyin edilməli idi. Eyni zamanda məhkəmə ipoteka predmetinin qiymətini hansı əsaslar üzrə dəyərindən qat-qat aşağı qiymətləndirilməsinin qanuniliyini əsaslandırmamış, iş üzrə təkrar qiymətləndirmə aparmaq əvəzinə aparmamış və buna hansı əsaslarla ehtiyacın olmamasını da qətnamədə əsaslandırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh3 nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, qətnamə ilə müəyyən olunan borc məbləğini şübhə altına ala biləcək hər hansı bir arqumentin gətirilmədiyini, ipoteka predmetinin açıq hərracdan satışının likvid qiymətlə deyil, bazar qiyməti ilə təyin olunmasına rəğmən tərəflərindən apellyasiya şikayətinin verilmədiyini bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər üzürlü səbəblər olmadan məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətlərində qətnamənin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehlərin (borc alan və zamin) apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. İddiaçı QSC ilə borc alan Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh5 illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən olunmaqla 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən verilən hər kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. İddiaçı QSC ilə zamin Cavabdeh2 Hafiz oğlu arasında xx.xx.2021-ci il, zamin Cavabdeh3 arasında xx.xx.2021-ci il, zamin Cavabdeh1 arasında xx.xx.2021-ci il, zamin X10 arasında xx.xx.2021-ci il tarixlərində bağlanmış zaminlik müqavilələrindən görünür ki, sonuncular bankla borc alan Cavabdeh5 arasında xx.xx.2021-ci ildə bağlanmış 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsi üçün bank qarşısında öhdəlik götürmüşlər. Həmin müqavilələrin hər birində veriləcək kreditin maksimum məbləğinin 500000 manat, müqavilə müddətinin 120 ay və faiz dərəcəsinin yuxarı həddinin 28% təşkil etməsi xüsusi şərt olaraq qeyd edilmişdir. İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008R********** saylı nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 40000 manat olan krediti aylıq faiz dərəcəsi 1.6667% olmaqla 36 ay müddətinə kredit alana verir. Kreditin verilməsinə (köçürmə) dair qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh5 bank hesabına xx.xx.2021-ci il tarixdə 40000 manat məbləğində pul (kredit) köçürülmüşdür. “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 008R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiq olunan ipoteka müqaviləsindən görünür ki, 2007-ci il buraxılış illi, Ford Tranzit markalı, Ban nömrəsi WF0XXXTTFX7P44730, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008L**********77 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 10000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişlə xx.xx.2024-cü il tarixinə yaranan kredit borcunun ödənilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka borclu olduqları 28245.84 manat əsas kredit borcu, 4096.61 manat faiz borcu və 1604.37 manat cərimə olmaqla ümumilikdə 33946.82 manat məbləğində borcun məcburi alınması məqsədilə məhkəməyə müraciət ediləcəyi nəzərlərinə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 008R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə əsas borc 28245.84 manat, faiz borcu 4096.61 manat, cərimə 1604.37 manat olmaqla, cəmi borc 33946.82 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 33946.82 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7379 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh5 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 28111.59 manat, faiz borcu üzrə 6871.72 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/777 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 2007-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, 280374 km yürüşlü, mühərrik tutumu 2400 kub.sm, “X16 minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtobilin real bazar və hazırki orta bazar qiyməti təxminən 19600 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2024 tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan 2007-ci il buraxılışlı, ağ rəngli, mühərrik tutumu 2400 kub.sm, “X16 minik” markalı, **- OD-*** dövlət qeydiyyat nişanlı avtobilin bazar dəyəri 13000 manat, likvid dəyəri 10000 manat təşkil edir. Ödəniləcək ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil edir. İpoteka qoyan Cavabdeh5 tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx"MMC-nin xx.xx.2024 tarixli mütəxəsis rəyinə əsasən 2007-ci il buraxılışlı, “X16 minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtobilin bazar dəyəri 27000 manat müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdə olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh5 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının cavabdehə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh5nın əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı 15.02. 2024-cü il tarixinə hesablanan faiz və cərimə məbləğini tələb edə bilərdi. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası qarşısında da, məhz həmin tarixə hesablanan əsas borc və faiz borcunun məbləğlərinin müəyyən olunması sualı qoyulmuşdur. Ekspertizanın rəyinə əsasən xx.xx.2024-cü il tarixinə əsas borcun qalığı 28111.59 manat, faiz borcu 6871.72 manat müəyyən edilmiş, məhkəmə də, məhz ekspert rəyinə müvafiq olaraq, eyni zamanda MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq əsas borcun məbləğini ekspert rəyində olduğu kimi 28111.59 manat (iddiada 28245.84 manat istənilirdi), faiz borcunun məbləğini isə iddiada istənilən 4096.61 manat (ekspert rəyində 6871.72 manat müəyyən olunub) müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlillərini cərimə məbləğinə aid hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərini zaminlərə aid hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. İş materialları ilə müəyyən olunur ki, həm uzun müddətli kredit müqaviləsində, həmdə ona istinadla bağlanan zaminlik müqavilələrində kreditin verilmə müddəti, maksimum məbləği və illik faiz dərəcəsinin yuxarı həddi göstərilmişdir. Zamin olaraq cavabdehlərin kreditor qarşısında məsuliyyətlərini istisna edən hal işdə yoxdur, birinci instansiya məhkəməsi iddianı zaminlərə münasibətdə təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlillərini ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun : 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır; 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 19600 manat məbləğində müəyyən edilməsi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə də, əsassızdır. Belə ki, tərəflər arasında xx.xx.2021-ci ildə bağlanmış ipoteka müqaviləsinin 2.5-ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin dəyəri 10000 (on min) manat ekvivalentində müəyyən edilmişdir. Nəqliyyat vasitələrinin qiymətinin onun istismarda qaldığı müddətin artması ilə azalana doğru dəyişməsi hamıya bəlli olan haldır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunan qiymətləndirmə ekspertizaları üzrə verilən rəylərlərdəki qiymətlərin müqayisəli təhlilini aparan kollegiya hesab edir ki, hazırki halda ipoteka predmetinin ilkin satış qiyməti likvid qiymətlə müəyyən olunmalı olduğu halda, ən yüksək müəyyən olunan bazar dəyəri ilə miüəyyən edildiyindən, qeyd olunan hal daha çox ipoteka saxlayanın maraqlarına uyğun gəlmir. Bununla belə ipoteka saxlayan qətnamə ilə razılaşmış və onu mübahisələndirilməmişdir. İpoteka qoyanın özü tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul etməyən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya yuxarıda qeyd olunanlar baxımından razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətlərində gətirdiyi dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 may 2025-ci il tarixli e-2-2(121)-65/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2-2(106)-162/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-162/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver