Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-164/2022 28.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli e-2-2(121)-813/2022 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 8155.14 manat məbləğində maddi zərərin, 100 manat məbləğində mediasiya xərcinin və 2 manat məbləğində dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək Cavabdeh 05 mart 2021-ci il tarixli icarə müqaviləsi üzrə 2021-ci ilin mart ayı üçün 1000 manat məbləğində icarə haqqı və 180 manat məbləğində ƏDV olmaqla 1180 manat, 2021-ci ilin aprel ayı üçün 1500 manat məbləğində icarə haqqı və 770 manat ƏDV olmaqla 1770 manat, ümumilikdə 2950 manat icarə haqqı və 5005 manat maddi zərər olmaqla, cəmi 7955 manat məbləğində borcun, 100 manat məbləğində mediasiya xərcinin və 2 manat məbləğində dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin tələb və sonradan verilmiş iddianın dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, icarəyə verən “Optimal Elektronika MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli icarə müqaviləsi əsasında X5 qəsəbəsində yerləşən, cəmi 409.8 kv.metr qeyri-yaşayış sahəsini içindəki inventarlarla birlikdə kafe kimi istifadə etmək məqsədilə icarəyə vermişdir. Tərəflər arasında bağlanmış 05 mart 2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, sahənin aylıq icarə haqqı ilk ay üçün 1000 (bir min) manat, növbəti hər bir ay üçün isə 1500 (min beş yüz) manat təşkil edir. İcarə haqqı hər ayın əvvəlində qabaqcadan ödənilən ayın 5-ci təqvim günündən gec olmamaq şərtilə icarəçinin bank hesabına nağd mədaxil və ya köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, icarə haqqına bu müqavilə və sahənin istifadəsi ilə bağlı ödənilən kommunal təsərrüfat xərcləri və digər ödənişlər daxil deyil. Bütün bu xərclər icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi aylıq icarə haqqını vaxtında və tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər gecikdirilmiş günü üçün ödənilməyən aylıq icarə haqqının məbləğinin 0.1% həcmində icarəyə verənə cərimə ödəməyi öhdəsinə götürür. Həmin icarə obyekti olan kafeni icarəyə götürən Cavabdeh yaxın tanışı X4 ilə birlikdə istifadə etməyə başlamışdır. Lakin, icarəçi Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəlikərini icra etməmişdir. Bununla da, Cavabdeh 2021-ci ilin mart ayı üçün 1000 manat məbləində icarə haqqı və 180 manat məbləğində ƏDV olmaqla 1180 manat, 2021-ci ilin aprel ayı üçün 1500 manat məbləğində icarə haqqı və 770 manat ƏDV olmaqla 1770 manat, ümumilikdə 2950 manat məbləğində icarə haqqını İddiaçı MMC-yə ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. ƏDVnin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, icarə müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılması və onların iradəsi əsasında müəyyənləşdirilmişdir. Əlavə dəyər vergisinin müqavilədə müəyyən edilməməsi, onun ödənilməməsi mənasına gəlmir. Əgər tərəflər müqavilə ilə hər hansı şərti müyyənləşdirməyiblərsə, bunun üçün qanunvericilik şərtələri var və onlara əsasən tənzimlənir. Vergilərin ödənilməsi dövlətin tələbidir. Bu müqavilədə müəyyənləşdirilməsə də, ödənilməlidir. Müqavilədə müəyyənləşdirilən məbləğ vergi daxil olmadan göstərilən məbləğdir. Əgər tərəflər “ƏDV daxil” qeyd etsəydilər onda icarə haqqını ödəyən tərəf vergi məbləğini ödəməyə bilərdi. Bundan əlavə, həmin obyektə baxış keçirilmiş və inventarların yoxlanılması zamanı isə 5205 manat 14 qəpik məbləğində 1265 ədəd müxtəlif adda daşınar əşyaların yerində olmadığı aşkar olunmuşdur (16 may 2021-ci il tarixli 093/2021 saylı aktın surəti iş materiallarına əlavə edilmişdir). Həmi obyekti icarəçi Cavabdeh ilə birlikdə işlədən X2 21 may 2021-ci il tarixli izahatında yerində aşkar olunmayan əşyaları təhvil verəcəyi və ya dəyərini 20 iyun 2021-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan əlavə, Cavabdeh bildirmişdir ki, hər ay 600 manat məbləğində pulu borcu tam bağlayana kimi iddiaçıya ödəyəcək. Lakin bu günədək həmin məbləğ iddiaçıya qaytarılmamışdır. Məhkəmə icraatı zamanı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Əvvəlki məhkəmə prosesində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, İddiaçı MMC-nin Cavabdeh ilə icarə müqaviləsi bağlandıqdan sonra həmin qeyriyayayış sahəsini kafe kimi işlətmiş və icarə müqaviləsi üzrə ilkin olaraq 1000 manat məbləğində icarə haqqı ödəmişdir. 2021-ci ilin mart ayı üçün 1180 manat, 2021-ci ilin aprel ayı üçün 1770 manat, cəmi 2950 manat məbləğində hesablanmış icarə haqqını qəbul etmir, lakin 5205 manat məbləində pul vəsaitini qəbul edir və hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan əlavə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qeyd etdiyi hallar üzrə tərəfmizdən araşırma aparılmış və X4 tərəfindən 1000 manat məbləğində icarə haqqının ödənilməsi təsdiq edən heç bir sənəd (qəbz) aşkar edilməmişdir. Lakin, Cavabdeh tərəfindən cəmi 200 (iki yüz) manat məbləində ödəniş etmişdir (qəbz əlavə olunur). Cavabdeh İddiaçı MMC-yə 2021-ci ilin mart ayı üçün 1000 manat məbləində icarə haqqı və 180 manat məbləğində ƏDV olmaqla 1180 manat, 2021-ci ilin aprel ayı üçün 1500 manat məbləğində icarə haqqı və 770 manat ƏDV olmaqla 1770 manat, ümumilikdə 2950 manat və 5005 manat maddi zərər olmaqla, cəmi 7955 manat məbləğində borcu yaranmışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 701.2.2-ci maddəsinə əsasən ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ Dövlət rüsumunun ödənilməsi haqqında məlumat pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin 1-ci bəndinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icraedilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icraedilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək işə iştirakı olmadan təqdim edilmiş iş materialları əsasında baxılmasını, iddanın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X4 məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul etməsini xahiş edərək izahatında göstərmişdir ki, iddia tələbi icarə haqqına münasibətdə iddia əsassızdır. İddiaçı tərəfindən H.Z.Tağıyev qəsəbəsində yerləşən cəmi 409.8 kv.metr qeyri-yaşayış sahəsi içindəki inventarlarla birlikdə Cavabdeh icarəyə verilmişdir, lakin həmin kafeni o işlətmişdir. İcarə müqaviləsi isə tanışı Cavabdehla 05 mart 2021-ci ildə bağlanmışdır. Aylıq icarə haqqı olaraq ilk ay üçün 1000 manat, növbəti hər ay üçün isə 1500 manat ödəmək şərti ilə razılığı gəlmişdilər. İlk ay üçün 1000 manat pulu ödəmişdir. Kafeni 05 mart 2021-ci il tarixində icarəyə götürmüş, may ayında təhvil vermişdir. 2021-ci ilin aprel ayı üçün 1500 manat icarə haqqını ödəməmişdir. 1000 manat icarə haqqını isə iddiaçı "xxxx" MMC-nin Ziya adlı məsul şəxsinin göstərişinə əsasən H.Z.Tağıyev qəsəbəsində yerləşən marketin sahibinə vermişdir. İcarə haqqının ödənilməsinə dair sənədləri təqdim edə bilmir. Cavabdeh X3 birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxış iclaslarında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan təqdim olunan iş materialları əsasında baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli e-2-2(121)-813/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 2500 manat məbləğində icarə haqqı, 100 manat mediasiya xərci və 2 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2602 (iki min altı yüz iki) manat məbləğində pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək iddianın təmin olunmayan hissələrində qətnamənin ləğv olunmasını, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin normalarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, tərəflər icarə müqaviləsini bağlayarakən icarə haqqının məbləğinin ilk ayı üçün 1000 (bir min) manat, növbəti hər bir ayı üçün isə 1500 (bir min beş yüz) manat olması barədə razılığa gəldiyindən və yaranmış mübahisə 05 mart 2021 -ci il tarixli icarə müqaviləsinin şərtləri çərçivəsində həll edilməli olduğundan, iddiaçının 2021-ci ilin mart ayı üçün icarə haqqına hesablanmış 180 manat ƏDV-nin və aprel ayı üçün 770 manat ƏDV-nin tutulması tələbi təmin edilə bilməz. Məhkəmə, eyni zamanda icarə sahəsinə vurulmuş maddi zərərə görə 5005 manat məbləğində pulun tutulması hissəsini də araşdıraraq hesab etmişdir ki, həmin tələb əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 05 mart 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarə müqaviləsi əsasında H.Z.Tağıyev qəsəbəsində yerləşən, cəmi 409.8 kv.metr qeyriyaşayış sahəsi icarəyə verilmişdir. Sonradan icarə obyekti kimi istifadə edilməsi məqsədi ilə 05 mart 2021-ci il tarixli təftiş yoxlamasının nəticələtinə dair akta əsasən müəyyən edilmiş stol-stullar, televizor, elektronika məhsulları, mebellər, qab-qacaqlar ve s. məhsullar istifadəyə yararlı vəziyyətdə icarəyə götürənə təhvil verilmişdir. 07 may 2022-ci il tarixli yoxlama aktından göründüyü kimi, həmin siyahıda qeyd olunan əmlaklar yerində aşkar edilməmişdir. İcarəçi Cavabdeh və X4 həmin əmlakları qayataracaqlarını və ya onun ümumi dəyəri olan 5205 manat məbləğində pul vəsaitini tam şəkildə ödəyəcəklərini bildirmişlər. Cavabdeh həmin məbləğdən cəmi 200 manat ödəniş etmişdir. Dəfələrlə onunla aparılmış söhbətlərdən nəticə çıxarmamış, görüdüyü öhdəliyini yerinə yetirməmişdir. İcarə müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılması və onların iradəsi əsasında müəyyənləşdirilmişdir. Əlavə dəyər vergisinin müqavilədə müəyyən edilməməsi, onun ödənilməməsi mənasına gəlmir. Əgər tərəflər müqavilə ilə hər hansı şərti müyyənləşdirməyiblərsə, bunun üçün qanunvericilik şərtələri var və onlara əsasən tənzimlənir. Vergilərin ödənilməsi dövlətin tələbidir. Bu müqavilədə müəyyənləşdirilməsə də, ödənilməlidir. Müqavilədə müəyyənləşdirilən məbləğ vergi daxil olmadan göstərilən məbləğdir. Əgər tərəflər “ƏDV daxil” qeyd etsəydilər onda icarə haqqını ödəyən tərəf vergi məbləğini ödəməyə bilərdi. Məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, cavabdeh məhkəmədə iştirak etməmişdir və tərəflər bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçının nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri mübahisələndirlilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan 05 mart 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı MMC, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, 01 mart 2019-cu il tarixli, 050/1 №li Tikinti Obyektinin İstismarına İcazəyə əsasən istifadəsində olan Abşeron rayonu, H.Z.Tağıyev qəsəbəsində yerləşən, cəmi 409.8 kv.metr qeyri-yaşayış sahəsini içindəki inventarlarla birlikdə icarəçiyə, yəni Cavabdeh kafe kimi istifadə etmək məqsədilə icarəyə vermişdir. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən sahənin aylıq icarə haqqı ilk ay üçün 1000 manat, nəövbəti hər bir ay üçün isə 1500 manat təşkil edir. İcarə haqqı hər ayın əvvəlində qabaqcadan ödənilən ayın 5-ci təqvim günündən gec olmamaq şərtilə icarəçinin bank hesabına nəğd mədaxil və ya köçürmə yolu ilə ödənilir. İcarə müqaviləsinin 4.2-ci bəndinə əsasən icarə haqqına bu müqavilə və sahənin istifadəsi ilə bağlı ödənilən kommunal təsərrüfat xərcləri və digər ödənişlər daxil deyil. Bütün bu xərclər icarəçi tərəfindən ödənilir. İş materiallarında olan 05-06 mart 2021-ci il tarixli “Təftiş Departamenti” tərəfindən Park Kafe bölməsində keçirilən mal qalığının yoxlanması aktının surətindən görünür ki, aktda göstərilən daşınar əşyalar icarəçiyə təhvil verilmişdir. İş materiallarına əlavə edilən 07 may 2021-ci il tarixli yoxlama aktına əlavə № 1-dən - 93 nömrəli aktın surətindən görünür ki, yoxlamanın sonunda 5205.14 manat dəyərində daşınar əşyaların yerində olmadığı müəyyən edilmişdir. Həmin akt direktor müavini Emin Məlikov, aparıcı mütəxəssis Alik Cəfərov, mütəxəssis Nurlan Qurbanov və X4 tərəfindən imzalanmışdır. İş materiallarında olan X2 21 may 2021-ci il tarixli izahatından görünür ki, o, 5205.14 manat pul vəsaitini 20 iyun 2021-ci il tarixinədək bütün çatışmazlıqları yerinə qaytaracağına, həmin əmlaklar mövcud olmadıqda həmin əmlakların dəyərini tam ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən ümumi sahəsi 508.8 kv.metr olan qeyri-yaşayış binası İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 9041 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı MMC ilə aralarında bağlanmış icarə müqaviləsi və 05 iyun 2021-ci il tarixli Akta əsasən Abşeron rayonu, H.Z.Tağıyev qəsəbəsində yerləşən 409.8 kv.metr qeyri-yaşayış sahəsini içindəki inventarlarla birlikdə İddiaçı MMC-dən təhvil alınmışdır. Həmin icarə müqaviləsi üzrə aylıq icarə haqqı ödənilmədiyindən və bu səbəbdən də icarə sahəsi geri təhvil alınarkən 5205.14 manat inventar əskik gəldiyindən İddiaçı MMC-yə maddi ziyan vurulduğu bildirilmiş və həmin ziyan ödənilmədiyi təqdirdə ziyanın məcburi ödənilməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim olunmuş 24 iyun 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı MMC-nin və Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş borc məbləği 2021ci ilin mart ayı üzrə 1180 manat, 2021-ci ilin aprel ayı üzrə 1770 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC-nin xəzinəsinə Cavabdeh tərəfindən 200 manat pul ödənilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür k, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 100 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur, 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur, 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Kollegiya tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqından savayı 2021-ci ilin mart ayı üçün 180 manat, aprel ayı üçün 770 manat məbləğlərində əlavə dəyər vergisinin tutulmasının təmin olunmaması hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə tədqiq edərək belə qənaətə gəlir ki, həmin dəlillər qeyd olunan hissədə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən sahənin aylıq icarə haqqı ilk ay üçün 1000 manat, növbəti hər bir ay üçün isə 1500 manat müəyyən edilmişdir. Müqaviləsinin 4.2-ci bəndinə əsasən icarə haqqına bu müqavilə və sahənin istifadəsi ilə bağlı ödənilən kommunal təsərrüfat xərcləri və digər ödənişlər daxil deyildir. Bütün bu xərclər icarəçi tərəfindən ödənilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 11 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqe və sadalanan qanunvericilik aktı normaları baxımından hesab edir ki, tərəflər azad surətdə müqavilə bağlayaraq, müqavilə üzrə qarşılıqlı öhdəliklər götürüb məzmununu müəyyənləşdirdiklərindən, mübahisənin müqavilə şərtləri çərçivəsində həllini tapmalı olmasından, iddiaçının müqavilədə nəzərdə tutulmayan öhdəliyin icrası tələbinin təmin olunmasının mümkünsüz olmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini icarə sahəsinə yetirilən zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunmaması hissədə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçı icarə sahəsinə yetirilmiş maddi zərərin əvəzi olaraq cavabdehdən 5005 manat məbləğində pulun tutulması tələbini irəli sürmüş və tələbini obyektə baxış keçirilərək inventarların yoxlanılması zamanı 5205 manat 14 qəpik məbləğində 1265 ədəd müxtəlif adda daşınar əşyaların yerində aşkar olunmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəalarının müvafiq surətdə tətbiqi mümkün hesab edilir. Mülki Məcəllənin 697.4-cü maddəsini tətbiq edən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Həmin normaya əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Normanın məzmunundan da göründüyü kimi kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktından görünür ki, qeyri-yaşayış binası 07 may 2021-ci il tarixində iddiaçıya təhvil verilmişdir. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulmasını 07 may 2021-ci il tarixində bilmiş, hazırkı iddianı isə 12 aprel 2022ci ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 11 ay sonra qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 5455 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-813/2022 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, mühbahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-164/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-164/2022
28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver