Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-164/2025 14.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-344/2025 saylı 4 iyun 2025-ci il tarixli qərardadından (hakim Zaur Abbasov) Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 30000 ABŞ dolları məbləğində pulun və 240 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-2(121)-344/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İş materiallarına əsasən qətnamə 4 aprel 2025-ci il tarixdə Cavabdeh məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Qətnamədən qanunla müəyyən olunan müddət ərzində apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Salyan rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vüqar Əliyev tərəfindən 21 may 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 26 may 2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-2(121)-344/2025 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsində işə baxılarkən ona bir dəfə istifadəsində olan mobil telefonla zəng edilərək məhkəməyə gəlməsi barədə məlumat verilmişdir. Lakin, həmin vaxt xəstə olduğu üçün məhkəməyə bu barədə teleqram vuraraq məlumat vermiş və məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Bundan sonra ona məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməmişdir. 22 may 2025-ci il tarixdə ona Salyan rayon İcra və probasiya şöbəsindən zəng gəlmiş və ora dəvət olunmuşdu. Ona bildirilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 344/2025-011 saylı iş üzrə 17 mart 2025-ci il tarixli icra sənədinə əsasən 21 may 2025-ci il tarixdə icraata başlanmışdır. 10 gün müddətində tələbin könüllü surətdə ödənilməsi barədə ona xəbərdarlıq edilmişdir. O, 23 may 2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə gedərək məhkəmə iclasları barədə ona heç bir bildiriş gəlmədiyini söyləmişdir. Ona bildirmişlər ki, güya bildirişlər onun şəxsi kabinetinə yerləşdirilmişdir. Halbuki, onun şəxsi kabineti olmasına baxmayaraq bu xidmətlərindən istifadə etmir. Onu məhkəmə iclaslarına ilk dəfə olduğu kimi telefonla da məlumat verib çağıra bilərdilər. Ona görə də, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 344/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayət vermək istəyir və bunun üçün üzürlü səbəbdən buraxılmış prrosessual müddətin bərpası zəruridir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-344/2025 saylı, 4 iyun 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsi təmin edilməmişdir. Qərardaddan cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2025ciil tarixli 2-2(121)-344/2025 nömrəli qətnaməsi 4 aprel 2025-ci il tarixdə Cavabdeh məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətini “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə 26 may 2025-ci il tarixdə vermişdir. Göründüyü kimi Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2025-ciil tarixli 2- 2(121)-344/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh münasibətdə qətnaməni rəsmi qaydada aldığı 4 aprel 2025-ci il tarixdən etibarən başlamış, həmin müddət 5 may 2025-ci iltarixdə bitmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair elektron ərizə isə 26 may 2025-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Beləliklə müəyyən olunur ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət Cavabdeh tərəfindən ötürülmüşdür. Məhkəmə qeyd edir ki, prosessual müddətin bərpasına dair ərizənin məzmunundan göründüyü kimi ərizəçi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti hansı üzürlü səbəbdən ötürməsinə aydınlıq gətirməmiş, ərizəsində hər hansı bir üzürlü hesab edilə biləcək səbəb göstərməmişdir. Cavabdeh əsas olaraq qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində ona məxsus elektron kabinet mövcud olmasına baxmayaraq, o, eməhkəmə xidmətlərindən istifadə etmir. Ona görə də Şirvan Kommersiya məhkəməsinin 2- 2(121)-344/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayət vermək istəyir və bunun üçün üzürlü səbəbdən buraxılmış prrosessual müddətin bərpası zəruridir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-344/2025 saylı 18 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda cavabdehə münasibətdə qətnamə 4 aprel 2025-ci il tarixində onun elektron kabinetinə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edildiyindən, şikayət vermə müddətinin axımı da həmin gündən hesablanır. Hazırda Cavabdeh nümayəndəsi Vəkil2 şikayətini qətnamənin ona göndərilməməsi və “Elektron Məhkəmə İnformasiya” Sistemində onun adına açılmış elektron kabinetindən istifadə etməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətini vaxtında verilmədiyi üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna və qərardadın ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, cavabdeh qətnamənin ona birinci instansiya məhkəməsi tərəfindən göndərilmədiyini bildirsə də, iş materiallarından görünür ki, qətnamə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin elektron kabinetdən istifadə etməməsi, qətnamənin ona çatırılmaması anlamında qəbul oluna və buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəbə çevrilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-344/2025 saylı 4 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-164/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-164/2025
14.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver