Məhkəmə qərarları › İş №2-2(106)-166/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-166/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-166/2025 14.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-2(121)-12/2025 saylı qərardadından (hakim Zaur Abbasov) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2-2(121)-12/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İş materiallarına əsasən qətnamə İddiaçı QSC-nin elektron kabinetinə 7 mart 2025 tarixində yerləşdirilmiş, cavabdehlərə isə sifarişli poçt göndərişi ilə 17 mart 2025-ci il tarixdə təqdim edilmişdir. 4 aprel 2025-ci il tarixdə İddiaçı QSC qətnamədən apellyasiya şikayəti vermiş, iş materialları 8 aprel 2025-ci il tarixdə apellyasiya şikayətinə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 aprel 2025-ci il tarixli 2-2(106)-101/2025 saylı qərardadı ilə İddiaçı QSC-nin apellyasiya şikayəti mümkün hesab edilərək, məhkəmə baxışına təyin edilmişdir. 21 aprel 2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsi məktubla müraciət edərək qətnamədən iş üzrə cavabdehlərdən Cavabdeh4 Ələkbər oğlu tərəfindən apellyasiya şikayəti verildiyini bildirib, həmin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə iş materiallarının qaytarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8 may 2025-ci il tarixli 2- 2(106)-101/2025 saylı qərardadı ilə iş üzrə 15 aprel 2025-ci il tarixli qərardad ləğv olunaraq, İddiaçı QSC-nin apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, iş materialları cavabdehlərdən Cavabdeh4 Ələkbər oğlu tərəfindən verilən apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmışdır. Cavabdehlərdən Cavabdeh4 Ələkbər oğlu 18 aprel 2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda vəsatətlə müraciət edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 3 mart 2025-ci il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsini aldıqdan sonra apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən bir gün ötürmüşdür. Həmin qətnamə ona 17 aprel 2025-cü ildə rəsmi qaydada təqdim olunmuşdur. Elektron kabinet vasitəsi ilə göndərilməsi və həmin qətnamədən vəkilin xəbərdar olması heç də vətəndaşın ziyanına şərh oluna bilməz. Bu yanaşma qətiyyən düzgün deyil və Konstitusion hüquqları olan məhkəmə aktının yuxarı instansiyada mübahisələndirmək hüququnu pozur. Bəlkə gələcəkdə şikayətçi başqa bir müdafiəçi-vəkillər ilə işi davam etdirmək istəyəcəkdir. Belə olan təqdirdə əvvəlki müdafiəçinin xəbərdar olması heç də şəxsin hüquqlarından istifadə kimi qiymətləndirilə bilməz. Odur ki, bu hal Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinə əsasən ziyanına şərh oluna bilməz. Bundan başqa, çıxarılmış məhkəmə aktından şikayət vermə hüququ vətəndaşa məxsusdur, vəkilə yox. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin və beynəlxalq məhkəmə aktlarının qərarlarına baxmaq kifayət edər. Şirvan Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-2(121)-12/2025 saylı qərardadı ilə cavbdeh Cavabdeh4 Ələkbər oğlunun prosessual müddətin bərpasına dair ərizəsi təmin olunmuşdur. Qərardad onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehə 17 mart 2025-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmış, cavabdeh həmin qətnamədən 18 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasını hüquqlarının müdafiəsi üçün digər vəkilin xidmətlərinə müraciət etməsi ilə əsaslandırmışdır. Qərardaddan İddiaçı QSC şikayət verərək ləğv olunması, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəblərdən ötürülmüşdür və müddətin bərpa edilməsi üçün əsas yoxdur. Hazırki məhkəmə mübahisəsində cavabdeh vəkili vasitəsi ilə təmsil edilir. Məhkəmə iclaslarında vəkil iştirak edib. Şirvan Kommersiya Məhkəməsinin 3 mart 2025-ci il tarixli qətnaməsi cavabdehin vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin cavabdeh elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti təqdim etmişdir. Bu da onun göstərir ki, həm cavabdeh, həm də vəkili qəbul edilmiş qətnamə barədə məlumatlı idilər. Lakin prosessual müddətin bərpası məsələsinə baxan məhkəmə qeyd olunan halları nəzərə almamış, qətnamənin cavabdehin vəkilinin elektron kabinetinə əlavə edilməsini, həmçinin cavabdehin özünün rəsmi qaydada əldə etməsini, lakin müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verməməsi məsələsinə düzgün hüquqi qiymət veməmişdir. Məhkəmə proseslərində cavabdehin vəkili iştirak etmiş, qətnamə çıxarılarkən bu barədə məlumatlı olmuşdur. Vəkilin vəzifəsi təmsil etdiyi tərəfə peşəkar hüquqi yardım göstərməkdən ibarətdir. Cavabdehin apellyasiya şikayəti verilməsi üçün digər vəkilin xidmətlərinə müraciət etməsi ötürülmüş prosessual müddətin bərpasına əsas ola bilməz. İş materiallarından görünür ki, apellyasiya şikayəti cavabdehin özü tərəfindən verilmişdir. Müddət üzrsüz səbəbdən ötürülmüşdür. Qanunla müəyyənedilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Bütün bu qeyd edilənlərə əsasən hesab edirik ki, cavabdehin müddətin bərpası barədə ərizəsində qeyd etdiyi hallar üzürlü səbəb kimi qəbul oluna bilməz. Belə ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri mümkün edən elə haldır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bütün bu qeyd edilənlərə əsasən hesab edirik ki, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür, müddətin bərpası üçün əsas yoxdur, ona görə də qərardad ləğv edilməli və müddət bərpası barədə ərizə təmin edilməməlidir. Qətnamə vəkilin elektron kabinetinə yerləşdirildiyi andan cavabdehə rəsmi şəkildə təqdim edilmiş hesab olunur. Qətnamə 7 mart 2025-ci il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayəti verilməsi üçün müddət də məhz bu tarixdən etibarən hesablanmalı idi. Cavabdehin apellyasiya şikayəti verilməsi üçün digər vəkilin xidmətlərinə müraciət etməsi ötürülmüş prosessual müddətin bərpasına əsas ola bilməz. İş materiallarından görünür ki apellyasiya şikayəti cavabdehin özü tərəfindən verilmişdir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almayaraq əsassız olaraq müddəti bərpa etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli e-2-2(121)-12/2025 saylı qərardadı ilə şikayət təmin olunmamış və iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instasiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla məyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin vaxtında verilməməsi ilə bağlı İddiaçı QSC-nin gətirdiyi arqumentlər üzürlü səbəb kimi qəbul oluna və qərardadın ləğvinin əsasını təşkil edə bilməz. Mülki prosessual qanunvericilikdə məhkəmə aktlarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətlərin bərpası üçün üzürlü səbəblərin qəti siyahısı və ya konkret hallar göstərilməmişdir, bu kimi hallarla bağlı hər bir iş üzrə həmin işin halları nəzərə alınmaqla müddətin buraxılmasının səbəbləri qiymətləndirilərək qərar qəbul edilir. Bu zaman nəzərə alınmalı olan mühüm amillərdən birini, hər bir şəxsin məhkəmə müdafiəsi hüququnu səmərəli şəkildə realizə edə bilməsinə şərait yaradılması təşkil edir. Məhkəmə müdafiəsi institutunun ən mühüm komponentlərindən biri isə məhkəməyə təkrar müraciət etmək hüququdur. Baxılan işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh4 Ələkbər oğlu tərəfindən qətnaməni rəsmən aldığı vaxtdan apellyasiya şikayəti verilməsi müddəti cəmi bir gün ötürmüşdür və sonuncu bunu hüquqlarının səmərəli müdafiəsi üçün başqa vəkilin xidmətlərinə müraciət etməsi ilə əsaslandırmışdır. Buna görə də, məhkəmə müddətin bərpasının müsbət həllini məqbul hesab etmişdir. Kollegiya həmçinin şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsində Cavabdeh4 hüquqlarını Vəkil müdafiə etmişdir. Lakin iş materiallarında qətnamənin vəkilə göndərilməsini təsdiq edən müşaiətedici məktub, yaxud qətnamənin vəkilin elektron kabinetinə yerləşdirilməsini təsdiq edən “Elektron məhkəmə” informasiya sistemindən çıxarış yoxdur. Odur ki, qətnamənin cavabdehin vəkilinə təqdim olunması vaxtından şikayət vermə müddətinin hesablanmalı olmasında dair iddiaçının dəlili təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-2(121)-12/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar