Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-175/2024 31.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "AVC Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Qaraqaşlı Broyler” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Qaraqaşlı Broyler” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim E.Abdullayev) 29 mart 2024-cü il tarixli, e-2-2(121)-271/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qaraqaşlı Broyler” ASC-dən 42.663,81 manat məbləğində pul, 4.266,38 manat gecikdirilmiş icra üçün faiz, cəmi 46.930,19 habelə "Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq iddia qaldırmaq üçün ödənilmiş 231 manat dövlət rüsumunun əvəzinin tutularaq "AVC Aqro” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ildən başlayaraq tərəflər arasında yem və yem məhsullarının alqı-satqısı üzrə uzun müddətli tərəfdaşlıq olmuşdur. İddiaçı malları göndərmiş, cavabdeh qəbul etmiş, bunun əsasında elektron qaimələr ünvanlanmış, həmin qəimələr əsasında cavabdeh tərəf ödənişlər etmişdir. Bu illər ərzində cavabdeh daima aldığı məhsulların dəyərindən borclu olsa da, müəyyən ödənişlər edilmişdir. Lakin son 2 il ərzində yalnız sonuncu dəfə xx.xx.2021-ci il tarix olmaqla ödəniş aparılmamışdır. Hazırda cavabdehin İddiaçı MMC-yə ödənilməmiş 42.663,81 manat borcu yaranmışdır. Bundan əlavə mülki qanunvericiliyin tələblərinə görə borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu isə son iki ildə, illik 2.133 manat olmaqla, cəmi 4.266,38 manat təşkil edir. Sonradan iddiaçı "iddia tələbinin həcminin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qaraqaşlı Broyler” ASC-dən 36.505,39 manat məbləğində pul, 3.650,53 manat gecikdirilmiş icra üçün faiz, cəmi 40.155,92 manat, habelə "Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq iddia qaldırmaq üçün ödənilmiş 231 manat dövlət rüsumunun əvəzinin tutularaq "AVC Aqro” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi cavabdeh "xxxx" ASC-dən 42.663,81 (qırx iki min altı yüz altmış üç manat sokksən bir qəpik) manat məbləğində pul, 4.266,38 (dörd min iki yüz altmış altı manat, otuz səkkiz) manat gecikdirilmiş icra üçün faiz, cəmi 46.930,19 (qırx altı min doqquz vüz otuz manat, on doqquz qəpik) habelə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq iddia qaldırmaq üçün ödənilmiş 231 (iki yüz otuz bir səksən səkkiz manat, doxsan üç qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsinə istiqamətlənmişdir. Lakin təqdim edilmiş mühasibatlıq sənədlərinin tədqiqi zamanı məlum olmuşdur ki, cavabdehin əsas borc məbləği daha az miqdardadır (36.505,39 manat), həmçinin ödənilməli olan 2 il üçün illik beş faiz dərəcəsi də cəmi 3.650,53 manat təşkil edir. Odur ki, hazırki iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli, e-2-2(121)-271/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 36.505,39 manat əsas borc, 3.650,53 manat gecikdirilmiş icra üçün faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 40.386,92 (qırx min üç yüz səksən altı manat, doxsan iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hazırkı işdə cavabdeh məhkəmə qətnaməsini tam hissədə mübahisələndirir və bununla bağlı şikayət verir. Məhkmənin nəzərinə çatdırırlar ki, iddiaçı ilə onlar arasında hər hansı müqavilə bağlanmamış, onların təqdim etdiyi və yalnız qəbul etdiyikləri malların dəyərini ödəmişlər. Bir çox hallarda iddiaçı təqdim etdiyi yem əlavələri yolda olanda belə e-qaimə təqdim edilmişdir. Ödənilməyən qaimələrdə qeyd edilən malların əksəriyyəti tələblərə cavab vermədiyi üçün geri qaytarılmışdır. Yenisi ilə əvəz edilməsinə söz verilsədə sonradan bu icra edilməmişdir. İşin hallarından da görünür ki, tərəflər arasında hər hansı yazılı müqvilə olmamış, tərəflər arasında ödəniş və digər hallarla bağlı razılaşmanın olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hansı əsasla borcun yaranmasını və hətta ona illik 5% hesablamasını qeyd etməmişdir. Məhkəmə müqavilənin olmamasını qeyd etsə də, hansı səbəbə guya 2 ildir iddia edilən pul məbləğini gecikdirdiyini qeyd etməmişdir. Məhkəmə Vergi Məcəlləsinə və Nazirlər kabinetinin qərarına istinad edərək işdə iddia tələbinin əsaslı olmasını iddiaçının təqdim etdiyi eqaiməyə istinad etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı və cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş alqı-satqı müqaviləsindən irəli gələn pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra - Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə- fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə- faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, iddianın "illik 5% olmaqla hesablanmış 3.650,53 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan elektron qaimələrdən və hesab vərəqindən görünür ki, "AVC Aqro” MMC tərəfindən 2017-ci il üzrə ümumilikdə 494.555 manat məbləğində gübrə məhsulları "Qaraqaşlı Broyler” ASC-yə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən və hesab vərəqindən görünür ki, 2017- ci il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "Qaraqaşlı Broyler” MMC tərəfindən "AVC Aqro” MMC-yə ƏDV daxil ümumilikdə 441.110,60 manat məbləğində ödəniş ödənilmişdir. Qalıq borc 53.444,40 manat təşkil etmişdir. İş materiallarında olan elektron qaimələrdən və hesab vərəqindən görünür ki, "AVC Aqro” MMC tərəfindən 2018-ci il üzrə ümumilikdə 556.542,92 manat məbləğində gübrə məhsulları "Qaraqaşlı Broyler” ASC-yə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən və hesab vərəqindən görünür ki, 2018- ci il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "Qaraqaşlı Broyler” MMC tərəfindən "AVC Aqro” MMC-yə ƏDV daxil ümumilikdə 537.654,63 manat məbləğində ödəniş ödənilmişdir. Qalıq borc 72.332,69 manat təşkil etmişdir. İş materiallarında olan elektron qaimələrdən və hesab vərəqindən görünür ki, "AVC Aqro” MMC tərəfindən 2019-cu il üzrə ümumilikdə 72.428,31 manat məbləğində gübrə məhsulları "Qaraqaşlı Broyler” ASC-yə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən və hesab vərəqindən görünür ki, 2019- cu il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "Qaraqaşlı Broyler” MMC tərəfindən "AVC Aqro” MMC-yə ƏDV daxil ümumilikdə 84.697,18 manat məbləğində ödəniş ödənilmişdir. Qalıq borc 60.063,82 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən və 2020-ci il üzrə tərtib edilmiş hesab vərəqindən görünür ki, "Qaraqaşlı Broyler” MMC tərəfindən "AVC Aqro” MMC-yə ƏDV daxil ümumilikdə 44.926,52 manat məbləğində ödəniş ödənilmişdir. Qalıq borc 15.137,30 manat təşkil etmişdir. İş materiallarında olan elektron qaimələrdən və hesab vərəqindən görünür ki, "AVC Aqro” MMC tərəfindən 2021-ci il üzrə ümumilikdə 442.729,50 manat məbləğində gübrə məhsulları "Qaraqaşlı Broyler” ASC-yə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən və hesab vərəqindən görünür ki, 2021-ci il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "Qaraqaşlı Broyler” MMC tərəfindən "AVC Aqro” MMC-yə ƏDV daxil ümumilikdə 412.100 manat məbləğində ödəniş ödənilmişdir. Qalıq borc 45.766,80 manat təşkil etmişdir. İş materiallarında olan elektron qaimələrdən və hesab vərəqindən görünür ki, "AVC Aqro” MMC tərəfindən 2022-ci il üzrə ümumilikdə 172.210,50 manat məbləğində gübrə məhsulları "Qaraqaşlı Broyler” ASC-yə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən və hesab vərəqindən görünür ki, 2022- ci il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "Qaraqaşlı Broyler” MMC tərəfindən "AVC Aqro” MMC-yə ƏDV daxil ümumilikdə 181.471,91 manat məbləğində ödəniş ödənilmişdir. Qalıq borc 36.505,39 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı "AVC Aqro” MMC cavabdeh "Qaraqaşlı Broyler” MMC-yə cəmi 42.663,81 manat borcu yarandığını və həmin borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, "AVC Aqro” MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 31 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında gübrə məhsullarının alqı-satqısı üzrə şifahi müqavilə bağlanmış, iddiaçı 2017-2022-ci illər üzrə ümumilikdə 1.244.405,78 manat məbləğində yem məhsullarını cavabdehə təqdim etmiş və bunun əsasında elektron qaimələr tərtib edilmişdir. Həmin qaimələr əsasında iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, aldığı mala görə qismən ödənişlər etsə də iddiaçıya 36.505,39 manat borcu yaranmışdır. Apellyasiya şikayətinin ilk dəlili tərəflər arasında hər hansı yazılı müqvilə olmaması, tərəflər arasında ödəniş və digər hallarla bağlı razılaşmanın olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməməsidir. Kollegiya bununla bağlı qeyd edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, müqavilənin şərtləri iddiaçı tərəfindən tam, cavabdeh tərəfindən isə yerinə yetirilmədiyindən, tərəflər arasında müqavilə bağlanmış sayılır. Belə ki, alqı-satqı müqaviləsinin bağlanması üçün mütləq qaydada yazılı müqavilənin bağlanması şərti qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla kollegiya hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə baş tutmuşdur. Sadalanan xüsusatlara əsasən də kollegiya hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun olaraq cavabdehə təhvil verilmişdir. Bu hal cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlili üzrə dolayısı ilə təsdiq edilir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “məhkmənin nəzərinə çatdırırlar ki, iddiaçı ilə onlar arasında hər hansı müqavilə bağlanmamış, onların təqdim etdiyi və yalnız qəbul etdikləri malların dəyərini ödəmişlər. Bir çox hallarda iddiaçı təqdim etdiyi yem əlavələri yolda olanda belə e-qaimə təqdim edilmişdir. Ödənilməyən qaimələrdə qeyd edilən malların əksəriyyəti tələblərə cavab vermədiyi üçün geri qaytarılmışdır. Yenisi ilə əvəz edilməsinə söz verilsədə sonradan bu icra edilməmişdir.” Göründüyü kimi cavabdeh iddiaçıdam e-qaimələr üzrə yem almasını etiraf etmiş, lakin həmin mallara görə ödənişlər etdiyini qeyd etsə də bunun sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh ödənilməyən qaimələrdə qeyd edilən malların əksəriyyətinin tələblərə cavab vermədiyi üçün geri qaytarılmasını qeyd etsə də həmin malların iddiaçıya geri qaytarılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11 -6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Apellyasiya şikayətinin ikinci dəlili “borcun hansı əsasla borcun yaranmasını və hətta ona hansı əsasla illik 5% hesablamasını qeyd etməmişdir. Məhkəmə müqavilənin olmamasını qeyd etsə də, hansı səbəbə guya 2 ildir iddia edilən pul məbləğini gecikdirdiyini qeyd etməmişdir. Məhkəmə Vergi Məcəlləsinə və Nazirlər kabinetinin qərarına istinad edərək işdə iddia tələbinin əsaslı olmasını iddiaçının təqdim etdiyi eqaiməyə istinad etmişdir.” Kollegiya Apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə aşağıdakıları bildirir. Belə ki, əgər iddiaçı cavabdehə hər hansı mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ya ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə cavabdehin bəhsi keçənlərlə bağlı hər hansı etirazını təsdiq edən sübutlar mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, cavabdeh üzərinə düşən pul öhdəliyini 2 il müddətində icra etməməsi nəticəsində bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlər 2.150,25 manat məbləğində təşkil edir. Belə ki, 36.505,39 manat məbləğində əsas borcun bir illik faiz məbləği 1.825 manat (36.505,39/100x5=1.825,26) məbləğində, 1.825,26 manat məbləğin 2 il üçün faiz məbləği isə 3.650,53 manat (1.825/12x24=3.650,53) təşkil edir. Yuxarıdakılara əsasən də kollegiya hesab edir ki, cavabdeh əsas pul məbləğinin iddiaçıya ödənilməsini gecikdirdiyindən 3.650,53 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddiaçı 3.650,53 manat məbləğində faiz borcunun da cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf buna əsas ola biləcək müvafiq mötəbər sübutlarını birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən üzrə iddianın qiyməti 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "Qaraqaşlı Broyler” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli, e-2-2(121)-271/2024 saylı qətnaməsi cavabdeh "Qaraqaşlı Broyler” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-175/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-175/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver