Məhkəmə qərarları › İş №2-2(106)-177/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-177/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-177/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli e-2-2(121)-929/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, MK/03911/87/16 saylı 8 iyul 2022 tarixli kredit müqaviləsi üzrə 30369.14 manat əsas, 7443.1 manat faiz və 1271.54 manat cərimə borcunun, cəmi 39083.78 manat borcun və 208 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini borc məbləği hissədə dəqiqləşdirib 30361.95 manat əsas, 4448.03 manat faiz, 120 manat məbləğində cərimə borcunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, bankla borc alan X6 arasında 18 dekabr 2020-ci il tarixli L006/2020/16 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “MK/03911/87/16” saylı 8 iyul 2022 tarixli kredit sazişinə əsasən 36 ay müddətinə, illik 18 faiz olmaqla 32500 manat kredit verilmişdir. Lakin kredit alan X6 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla imzalanmış «kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmçinin cаvаbdеh Cavabdeh (zamin) həmin kredit sazişinə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borc alan X6 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borc alan X3 bütün öhdəliklərini icrа еtməlidir. Borc alan X2 34929.98 manat borcun və 194.79 manat dövlət rüsumunun tutulması barədə Şirvan Kommersiya Məhkəməsi tərəfindən 17 yanvar 2024cü il tarixdə e-2-2(121)-47/2024 saylı qətnamə və 6 fevral 2024-cü il tarixdə əlavə qətnamə çıxarılmışdır. Lakin Cavabdeh kredit borcunun tutulması tələb edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli e-2-2(121)-929/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 8 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 30361.95 manat əsas borc, 4448.03 manat məbləğində faiz borcu, 10 manat cərimə və ödənilmiş dövlət rüsumunun 185 manat hissəsinin alınıb İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini və ya iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, bununla bağlı eyni tərəflər arasında,eyni mübahisə predmeti üzrə və eyni əsaslarla məhkəmə qətnaməsi olmuş, həmin qətnamə əsasında borcun ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. İddiaçı buna baxmayaraq, təkrarən ona qarşı eyni tələblə iddia qaldıraraq yenidən zamin durğudu həyat yoldaşının bağladığı müqavilə üzrə borcun ödənilməsini tələb edir. Bank ilə əsas borclu Rafiq Həsənov arasında 8 iyul 2022-ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə tələb olunan borc ipoteka predmetinə yönəldilmiş, əsas borclu borcun ödənilməsi istiamətində bankla danışıqlar aparır. Belə olan vəziyyətdə, bankın ona qarşı ayrıca iddia qaldırması əsassız və qanunsuz olmuşdur. Qanunverciliyn tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdi q olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırda da məhkəmənin 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə həmin borc onlardan tələb edilmiş, məhkəmə də, borcun ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarmışdır. Bank indi ondan nə istəyir axı ? Məhkəmə tərəfindən bankdan əvvəlki kredit dosyesi tələb edilməyib, əvvəlki məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmayıb. Sonda isə əsas borclu Rafiq Həsənovdan məhkəmə qaydasında tutlması tələb olunan borcun yenidən bu dəfə ondan tutulmalı olması barədə yeni qətnamə çıxarılıb. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməli olmasına baxmayaraq, məhkəmə bir dəfə məhkəmə tərəfindən tutulması tələb olunan borcu bu dəfə ayrıca ondan tutur. Gələn dəfə də övladlarından istəyəcək. Bu pulu bir dəfə vermişdirsə, niyə 10 dəfə tələb edir. Onla sahibkarlıq məqsədilə verilən pulu dələduzluq yolu ilə aldadıb əllərindən alıblar. Bütün günü hüquq mühafizə orqanalrının qapılarında yatır və hər gün şiakyət edirlər ki, pulu atan adamı tutsunlar ki, onlar bankın pulunu qaytarıb evlərini girovdan azad etsinlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əslində istədikləri borc məbləğinə dair bank tərəfindən yeni ödəniş qrafikinin tərtib olunaraq, borcun hissə-hissə qaytarılmasına şərait yaradılmasıdır. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin tam əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş borc alan X6 apellyasiya şikayətinin təmin olunmasını xahiş edib, izahatında göstərdi ki, kredit müqaviləsi üzrə borcun ondan tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Şirvan Kommersiya Məhkəməsi tərəfindən 17 yanvar 2024-cü il tarixdə e-2-2(121)-47/2024 saylı qətnaməsi tərəflərindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Bankla borcun qaytarılması, bunun üçün yeni qrafikin açılması istiqamətində danışıqlar aparır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsa da, mübahisə predmeti üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Krdeitor İddiaçı ASC ilə borc alan X6 arasında 18 dekabr 2020-ci il tarixdə bağlanmış L006/2020/16 saylı “Kredit limitinin ayrılması haqqında” müqavilə əsasında cavabdehə 84 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır; Kreditor İddiaçı ASC ilə borc alan X6 arasında L006/2020/16 saylı 18 dekabr 2020-ci il tarixli “Kredit limitinin ayrılması haqqında” müqavilə daxilində MK/03911/87/16 saylı 8 iyul 2022-ci il tarixli kredit sazişi bağlanmışdır. Kredit sazişinə əsasən borc alana illik 18 faiz ödəmək şərti ilə 36 ay müddətinə 32500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, zamin Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə borcalan X3 öhdəliklərinin vaxtında və lazımınca icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür; 8 iyul 2022-ci il tarixli **********424 saylı ödəniş tapşırıqlarının surətindən görünür ki, kreditor İddiaçı ASC tərəfindən borc alan X4 32500 manat məbləğində kredit verilmişdir; Kreditor İddiaçı ASC tərəfindən tərtib edilmiş 7 may 2024-cü il tarixli arayışdan görünür ki, borc alan X3 8 iyul 2022-ci il tarixli müqaviləyə əsasən banka 30361.95 manat əas, 4448.03 manat faiz, 120 manat cərimə borcu vardır; İddiaçı "xxxx" ASC-nin cavabdehlər X6 və Cavabdeh qarşı "kreditin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə bundan öncə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən MK/03911/87/16 saylı 8 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 30369.14 manat əsas borc, 4450.67 manat faiz borcu və 1271.54 manat cərimə olmaqla, ümumilikdə 36091.35 manat məbləğində borcun, 205 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin X4 məxsus olmaqla ünvan 1i ünvanında yerləşən 0.06367 ha torpaq sahəsi və üzərində inşa olunan 239.4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq zərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh əmlakdan çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli e-2-2(121)-47/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, MK/03911/87/16 saylı 8 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 30361.95 manat əsas borc, 4448.03 manat faiz borcu, 120 manat cərimə olmaqla, cəmi 34929.98 manat məbləğində kredit borcunun və 200 manat dövlət rüsumunun (mediasiya xərci) cavabdeh (borc alan) X2 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti kimi çıxış edən, cavabdeh X3 mülkiyyətində olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0.06367 ha torpaq sahəsi və üzərində inşa olunan 239.4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 40698 manat müəyyən edilməklə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın satılmasından əldə edilən vəsaitdən 34929.98 manat məbləğində kredit borcu və 200 manat məbləğində dövlət rüsumunun (mediasiya xərci) İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir; Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024 tarixli e-2-2(121)-47/2024 saylı qətnaməsi əsasında verilən icra sənədi üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 18 mart 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsaslarını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh (borc alan) iddiaçı (kreditor) ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşımışlar. İşin müəyyən olunan hallarına əsasən kreditor bundan öncə eyni kredit müqaviləsi üzrə cavabdeh qismində cəlb etdiyi X6 və Cavabdeh qarşı "kreditin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair məhkəmədə iddia qaldırsa da, kredit borcunun tutulmasını cavabdehlər deyil, cavabdehdən tələb etmiş və məhkəmə həmin iddiaya kreditorun borc məbləğini yalnız borc alandan tələb etməsi kimi baxaraq, mübahisəyə hüquqi qiymət vermişdir. Hazırki halda isə kreditor əvvəlki iddiasında zaminə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürmədiyini bildirməklə, qüvvədə olan qətnamə ilə borc alandan tutulması qət edilmiş borc məbləğinin zamindən də tutulması tələbini irəli sürmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bundan öncə verilən iddiada borc məbləğinin zamindən tutulmasının tələb edilməməsi əsası ilə hazırki iddianı təmin etməkdə haqlı olmuşdur. Bununla belə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsinə dair ərizənin verilməsini, zaminin də məsuliyyətinin borc alana qarşı qəbul edilən qətnamədəki borc məbləği ilə məhdudlaşmasını nəzərə almadan, tələbin dəqiqləşdirilməsinə dair ərizədə cərimənin məbləğinin qüvvədə olan qətnamədəki məbləğlə eyni məbləğdə, yəni 120 manat olmasına baxmayaraq, cərimə məbləği üzrə tələbə ilkin verilən iddiadakı 1271.54 manat kimi baxmaqla, iddia tələbindən kənara çıxmışdır. Bundan başqa eyni kredit müqaviləsi üzrə borc alandan borcun tutulmasına dair qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğunu nəzərə alaraq, hazırki qətnamə ilə cavabdehdən (zamindən) tutulan borc məbləğinə dair qətnamənin icra qaydasını müəyyən etməli olduğu halda, birinci instansiya məhkəməsi bu məsələni diqqətdən qaçırmışdır. Mövcud durumda isə görünən mənzərə ondan ibarətdir ki, eyni kredit müqaviləsi üzrə borc alandan məhkəmə qaydasında tutulan borc məbləği, yenidən zamindən istənilir. Məhz bu baxımdan cavabdeh (zamin) Cavabdeh verdiyi apellyasiya şikayətində borclu Rafiq Həsənovdan məhkəmə qaydasında tutlması tələb olunan borcun yenidən ondan tutulmalı olması barədə məhkəmənin qətnamə çıxarmasını, gələn dəfə kreditorun həmin borcu onun övladlarından istəyəcəyini, kreditorun bir dəfə verdiyi pulu 10 dəfə tələb etdiyini xüsusilə vurğulayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməli, hazırki qətnamə ilə cavabdehdən tutulan borc məbləğinin, eyni kredit müqaviləsi üzrə borc alandan tutulması qət edilmiş borc məbləği ilə müştərək tutulmalı olması kimi qətnamənin icra qaydası müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən ödənilən 208 dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli e-2-2(121)-929/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. MK/03911/87/16 saylı 8 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 30361.95 manat əsas borc, 4448.03 manat faiz borcu, 120 manat cərimə olmaqla, cəmi 34929.98 manat məbləğində kredit borcu və 208 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamənin icrası qaydasında müəyyən edilsin ki, hazırki qətnamə ilə tutulmalı olan 34929.98 manat məbləğində kredit borcuna görə Cavabdeh məsuliyyəti, eyni kredit müqaviləsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli e-2-2(121)- 47/2024 saylı qətnaməsi ilə cavabdeh X2 tutulması qət edilmiş 34929.98 manat məbləğində kredit borcuna görə müştərəkdir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar