Məhkəmə qərarları › İş №2-2(106)-177/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-177/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-177/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X1 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2-2(121)- 42/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, RBLLF-497 saylı kredit müqaviləsi və əlavə razılaşma üzrə əsas borca görə 34653.68 manat, faiz borcuna görə 3002.7 manat, cərimə borcuna görə 484.26 manat olmaqla cəmi 38140.64 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və 205 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, tələbin cavabdehə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 252.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2022-ci il tarixli, RBLLF- 497 saylı kredit müqaviləsi və əlavə razılaşma üzrə cəmi 38140.64 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 256 manat məbləğində pulun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, RBLLF- 497 saylı kredit müqaviləsi və əlavə razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixli, RBLLF-497 saylı kredit müqaviləsi və əlavə razılaşma üzrə əsas borca görə 34353.68 manat, faiz borcuna görə 8424.53 manat, dəbbə borcuna görə 6242.67 manat olmaqla, cəmi 49020.88 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və 238 manat məbləğində ödənilmiş dövlət rüsumu pulunnun cavabdehdən xeyrinə tutulması, tutmanın cavabdehə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 252.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2022-ci il tarixli, RBLLF-497 saylı kredit müqaviləsi və əlavə razılaşma üzrə cəmi 49020.88 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 289 manat məbləğində pulun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, RBLLF-497 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 45000 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixli, RBLLF-497 saylı kredit müqaviləsinə bağlanılmış xx.xx.2023-cü il tarixli əlavə razılaşmaya əsasən bütün şərtlər və girovu qalmaqla 5 ay (mart, aprel, may, iyun və iyul) müddətində 500 manat ödəmək şərti ilə güzəşt müddəti verilmiş və ödənilməmiş qalıq əsas məbləğ borcu müddətin sonuna keçirilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixli, RBLLF-497saylı kredit müqaviləsinə bağlanılmış xx.xx.2023-cü il tarixli əlavə razılaşmaya əsasən bütün şərtlər və girovu qalmaqla 3 ay (avqust, sentyabr və oktyabr) müddətində yalnız faiz və dəbbə borcunu ödəməklə güzəşt müddəti verilmiş və ödənilməmiş qalıq əsas məbləğ borcu müddətin sonuna keçirilmişdir. xx.xx.2022-ci il tarixli, RBLLF-497 saylı kredit müqaviləsinin və əlavə razılaşmanın şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2022-ci il tarixli, RBLLF- 497 saylı kredit müqaviləsindən və əlavə razılaşmadan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 252.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçı qarşısında xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBLLF-497 saylı kredit müqaviləsinə və əlavə razılaşmaya əsasən müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqaviləyə əsasən (borcluya aid hissədə) müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2-2(121)-42/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 34295.64 manat əsas borc, 2809.3 manat faiz borcu, 437 manat dəbbə pulu olmaqla cəmi 37541.94 manat məbləğində kredit borcunun, 15 manat bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 202.63 manat iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ilkin satış qiyməti 42857 manat müəyyən edilməklə yönəldilməsi, açıq hərracda satılması və satışından əldə edilən vəsait hesabına borcun ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatının İddiaçı ASC-dən, 150 manatının isə Cavabdeh alınaraq dövlət büdcəsinə, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 300 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək tam ləğv olunması və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, qətnamə ilə razı deyil. Fərdi yaşayış evinə aşağı məbləğdə qiymət qoyulması evin yerləşdiyi rayondakı daşınmaz əmlakların qiymətləri ilə müqayisədə real bazar qiymətindən qat-qat aşağı olduğu üçün qiymətləndirmənin nəticələri ilə razı deyil və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmənin nəticələri ləğv olunmalıdır. Evə qoyulmuş qiymət evin faktiki vəziyyəti ilə müqayisədə hədsiz aşağıdır, bu qiymət hazırkı real bazar qiymətlərini əks etdirmir. Bundan başqa qətnamə faiz və cərimə məbləği hissəsində qanunsuz və əsassız olduğuna görə qismən ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını və sübütları tam araşdırılmamış, faiz və cərimə borcunun hansı əsasla o qədər olması sübüta yetirilməmişdir. Birinci instansiya məhkəməsi faiz və cərimə borcunun tələb olunan məbləği və ekspert rəyi arasındakı kəskin fərqin olmasına səbəb olan hallar barədə sübutlar tələb etməmişdir. Etdikləri ödənişlər nəzərə alınmamışdır. Şirvan Kommersiya Məhkəməsində İddiaçı ASCnin iddia tələbinə baxılarkən Azərbaycan Respublikası ərazisində olmamış, Türkiyə Respublikasında olmuşdur. Bunlara əsasən məhkəmə islasında iddianın araşdırılmasında iştirak etməmiş, iş üzrə ərizə və vəsatətlərini məhkəməyə təqdim edə bilməmiş, ekspertiza barədə qərar qəbul ediləndə iş üçün əhəmiyyəti olan sualları məhkəməyə təqdim etməmişdir. Məhkəmə bildirişləri qətnamə qəbul ediləndən sonra ona təqdim edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri faiz borcunun və cərimənin müəyyən olunan məbləğləri hissədə qətnamənin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə qismən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. Borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, RBLLF- 497 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik 17% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 45000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə ödəniş qrafikinə əsasən kreditin qaytarılması üçün son müddət 20 aprel 2025-ci il tarixi təyin olunmuşdur. İddiaçı ASC-nin Lənkəran Filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, RBLLF- 497 saylı kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli “Baş Kredit Müqaviləsinin müddətinin uzadılması haqqında” Əlavə Razılaşmaya əsasən, bütün şərtlər və girovu qalmaqla 5 ay (mart, aprel, may, iyun və iyul) müddətində 500 manat ödəməklə güzəşt müddəti verilməsi, ödənilməmiş qalıq əsas məbləğ əlavə razılaşma tarixinə əsas məbləğ üzrə qrafik borcu müddətin sonuna keçirilməsi təyin edilmişdir. İddiaçı ASC-nin Lənkəran Filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, RBLLF- 497 saylı kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli “Baş Kredit Müqaviləsinin müddətinin uzadılması haqqında” Əlavə Razılaşmaya əsasən, bütün şərtlər və girovu qalmaqla 3 ay (avqust, sentyabr və oktyabr) yalnız faiz ödəməklə güzəşt müddəti verilməsi və dəbbə borcunun ödənilməsi, ödənilməmiş qalıq əsas məbləğ borcu müddətin sonuna keçirilməsi təyin edilmişdir. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış RBLLF- 497 saylı, xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 252.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 252.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi onun mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı cavabdehə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərmiş, kredit müqaviləsi üzrə həmin tarixə yaranan 34653.68 manat əsas qalıq borc, 1300.5 manat faiz borcu və 5.02 manat dəbbə pulu olmaqla ümumilikdə 35959.20 manat borcun yarandığını bildirib, məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəldilməsi üçün notariat qaydasında təsdiqlənmiş razılaşma bağlamağı təklif etmiş, kredit müqaviləsi üzrə borcun dərhal ödənilmədiyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyini nəzərinə çatdırmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2023-cü il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Lənkəran Ərazi İdarəsinə müraciət etmiş və bunun üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqını ödəmişdir. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziya məktubları (bildirişlər) göndərmişdir. Arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 34653,68 manat əsas borc, 3002.7 manat faiz borcu, 484.26 manat cərimə borcu olmaqla, cəmi 38140.64 manat məbləğində kredit borcu vardır. Arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 34353.68 manat əsas borc, 8424.53 manat faiz borcu, 6242.67 manat cərimə borcu olmaqla, cəmi 49020.88 manat məbləğində kredit borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4014 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə RBLLF-497 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 30672.97 manat, faiz borcu üzrə 2187.15 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 30672.97 manat, faiz borcu üzrə 3056.22 manat məbləğində müəyyən olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/9630 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə RBLLF-497 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 34295.64 manat, faiz borcu üzrə 2809.3 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 34295.64 manat, faiz borcu üzrə 2825.5 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 34295.64 manat, faiz borcu üzrə 3497.21 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 34295.64 manat, faiz borcu üzrə 6396.14 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMCnin əmlakın dəyərinin müəyyən etmək üçün xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 252.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 50420 manat, likvid dəyəri 42857 manat məbləğində müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi 22 noyabr 2023-cü il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlə müqavilənin birtərəfli qaydada ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almamaqla, təyin etmiş olduğu məhkəmə mühasibatlıq və təkrar məhkəmə mühasibatlıq ekspertizaları qarşısında ilkin maliyyə arayışının tarixinə, yəni 6 mart 2024-cü il tarixinə hesablanan borc məbləğinin müəyyən olunması sualını qoymaqla, sonradan isə ekspert rəyinə istinadla müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faiz borcunun məbləğini müəyyən etməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İddiaçı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlə bütün borcu geri tələb etdiyindən və həmin tarixdən müqavilə onun tərəfindən birtərəfli qaydada ləğv olunmuş sayıldığından, sonrakı dövr üçün cavabdehdən müqavilə faizini və cəriməsini tələb etməsi yolverilməzdir. Kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. İşə baxan birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə almadan təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilə müddətini nəzərə alaraq verilən maliyyə arayışının tarixinə, 6 mart 2024-cü il tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyinə uyğun əsas borc və faiz borcunun məbləğlərini müəyyən etmişdir. Halbuki kreditor borc alana məhkəmədə iddia qaldırılan tarixədək 22 noyabr 2023-cü ildə verdiyi bildirişdə kredit müqaviləsi üzrə yaranan borcun tam ödənilməsini tələb etmiş, məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəldilməsi üçün notariat qaydasında təsdiqlənmiş razılaşma bağlamağı təklif etmiş, kredit müqaviləsi üzrə borcun dərhal ödənilmədiyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyini nəzərinə çatdırmışdır. 28 noyabr 2023-cü il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Lənkəran Ərazi İdarəsinə rəsmən müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bunun üçün qanunla müəyyən olunan məbləğdə dövlət rüsumu ödəmişdir. Belə olan halda kredit müqaviləsi kreditor tərəfindən borc alana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin verildiyi 22 noyabr 2023-cü il tarixindən birtərəfli qaydada ləğv edilmiş hesab olunur. Odur ki, kreditorun ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi verdiyi 22 noyabr 2023-cü il tarixinə hesablayaraq tələb etdiyi borc məbləği əsas götürülməli, birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılan tarixədək edilən ödənişlər nəzərə alınmalıdır. 22 noyabr 2023-cü il tarixli bildirişlə kreditor kredit müqaviləsi üzrə həmin tarixə yaranan 34653.68 manat əsas qalıq borc, 1300.5 manat faiz borcu və 5.02 manat dəbbə pulu olmaqla ümumilikdə 35959.20 manat borcun dərhal ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əsas borc məbləğinin 34295.64 manat müəyyən edildiyini, qətnamənin isə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alan kollegiya hesab edir ki, əsas borcun məbləği həsədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 22 noyabr 2023-cü il tarixindən sonra qətnamə çıxarılan vaxtadək borc alan tərəfindən yalnız bir dəfə 5 aprel 2024-cü il tarixində 300 manat ödəniş edilməsi (eksp.rəyi iş mat 2-ci cild 9-cu vərəq) nəzərə alınaraq kredit müqaviləsində müəyyən olunan qaydada hesablanmış və borc alanın ödəməli olduğu faiz borcunun məbləği (1300-300=1000) 1000 manat, cərimənin məbləği isə 5.02 manat müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlillərini ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır; 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 42857 manat məbləğində müəyyən edilməsi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır. Əvvəla ona görə ki, cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin real qiymətindən aşağı qiymətlə müəyyən edildiyini bildirsə də, dəlilini əsaslandıra biləcək har hansı bir konkret rəyə istinad etməmişdir. Tam əksinə birinci instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi qiymətləndirmə hesabatı inandırıcı olmaqla real vəziyyətə uyğundur. Belə ki, hesabatda fərdi yaşayış evinin təmir vəziyyəti yoxlanılmış (fotoşəkillər əlavə olunub), həmin ərazidə satışa çıxarılan oxşar ölçüdə torpaq sahəsi və yaşayış sahələrinə malik fərdi yaşayış evlərinin qiymətləri ilə müqayisəli təhlil aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2-2(121)-42/2025 saylı qətnaməsi müəyyən olunan 2809.3 manat faiz borcu, 437 manat dəbbə pulu məbləğləri hissədə dəyişdirilərək faiz borcunun məbləği 1000 manat, dəbbə pulunun məbləği isə 5.02 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar