Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-178/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizin qaytarılması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2-2(121)-2777/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə 22890.81 manat məbləğində əsas borcun, 1661.55 manat məbləğində faiz borcunun, cəmi 24552.36 manat borcun və 164 manat dövlət məbləğində ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2-2(121)-2777/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin qaytarılmasına dair nöqsanların aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmamasının iddiaçıya izah edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, elektron iddia ərizəsində qeyd edilmiş dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan və mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) 163 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-2279/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı pul tələbi barədə iddia ərizəsinin geri qaytarılması; İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 163 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Yəni, hazırkı iş üzrə iddiaçı qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməmiş, məhkəmə qərardadı ilə ona qaytarılmış dövlət rüsumu əsasında yenidən məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2-2(121)-2777/2024 saylı qərardadından iddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə qərardadında qeyd olunan nöqsanın aradan qaldırılması məqsədilə geri qaytarılmış dövlət rüsumundan istifadə etməklə, eyni zamanda nəzərdə tutulmuş məbləğdən az ödənilmiş hissənin təmin olunması məqsədilə ilkin 163 manat məbləğində rüsuma əlavə olaraq xx.xx.2024-cü il tarixdə 1 manat məbləğində ödəniş həyata keçirilmişdir. İcra olunmuş ödənişlərin təsdiqi qismində xx.xx.2024-cü il tarixli ********** №-li, xx.xx.2024-cü il tarixli ********** №-li ödəniş qəbzləri iş materiallarına əlavə olunmaqla yenidən məhkəməyə müraciət olunmuşdur. İddia predmetinin dəyərinə uyğun məbləğdə dövlət rüsumu ödənilmiş və müvafiq təsdiqedici ödəniş qəbzləri iş materiallarına əlavə olunmuşdur, lakin xx.xx.2024-cü il tarixli qərardad qəbul edilərkən qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli e-2-2(121)- 2777/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və Şirvan Kommersiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2-2(121)-2777/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını yazılı icraat qaydasında nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2-2(121)-2777/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan əsaslara görə birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytarılması ilə bağlı hazırkı mövqeyi ilə razıdır və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsini aşkar etmir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli e-2-2(121)-2279/2024 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılarkən qərardadın “qərara aldı” hissəsində İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə ödənilmiş 163 manat məbləğində dövlət rüsmunun ona qaytarılması qeyd edilmişdir. Görünür ki, iddiaçı həmin məbləğin əldə edilməsi üçün müvafiq prosedurların həyata keçirilməsinə lüzum görməmiş və 163 manat məbləğində pulun dövlət büdcəsindən alınaraq məhkəməyə başqa yeni bir qəbzlə müraciət etməli olduğu halda, əlavə vaxt itkisinin qarşısını almaq üçün eyni qəbzlə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, əlavə olaraq 1 manat ödəniş edərək yeni qəbzlə birlikdə məhkəməyə müraciət edərək iddia ərizəsinin qısa zaman kəsiyində icraata qəbul ediləcəyini güman etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxa bilməz və iddiaçının şikayətində qeyd etdikləri formal dəlillərdən ibarət olub mövcud qərardadın ləğvi üçün əsas ola bilməz. Habelə MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya eyni zamanda, qeyd edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli e-2-2(121)-2777/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-178/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-178/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver