Məhkəmə qərarları › İş №2-2(106)-18/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-18/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-18/2023 31.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X1 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2-2(121)-2954/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ”Mayak Qrup” MMC-dən və Cavabdeh1 müştərək qaydada 52463.51 manat məbləğində əsas borc və 5431.8 manat faiz borcu olmaqla, cəmi 57895.31 manat və 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, onun faktiki yaşayış ünvanı ünvan 1 Cavabdeh2 MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvan Bakı şəhərindədir. İşin məhkəmə aidiyyətinin pozulması ilə icraata götürülməsi nəticəsində həm onun, həm də digər cavabdehin məhkəmədə iştiraklarının və müdafiə hüquqlarının təmin edilməsində ciddi maneələr yaranır. Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-2(121)-2954/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair Cavabdeh1 vəsatətinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh1 Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-2(121)- 2954/2022 saylı qərardadından verdiyi şikayət həmin məhkəmənin 09 yanvar 2023-cü il tarixli 2-2(121)-142/2023 saylı qərardadı ilə təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə yoxlayıb belə hesab edir ki, Cavabdeh1 Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-2(121)- 2954/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Cəbrayıl və Kürdəmir rayonları Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İşdə olan Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin surətindən onun Cəbrayıl rayonu Mehdili kəndində rəsmi qeydiyyatda olduğu görünür. Habelə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 hüquqi ünvanı Kürdəmir rayonu Kərrar kəndidir. Buna görə də, qanunverciliyin tələbinə görə hazırkı işin baxılması Şirvan Kommersiya Məhkəməsinə aiddir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 vəsatətini rədd etməklə düzgün qənaətə gəlmişdir və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Cavabdeh1 Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2-2(121)-2954/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.Şərh edilənlərə əsasən və MPM-in 35.1, 36.5, 40.1, 45.2-ci və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2-2(121)- 2954/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2-2(121)-2954/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar