Məhkəmə qərarları › İş №2-2(106)-180/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-180/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-180/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqı üzrə borcun ödənilməsi və obyektin boşaldılması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli e-2-2(121)-976/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqı üzrə borcunun ödənilməsi və obyektin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 32067,55 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cəmiyyət mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi: 639,6 kvadratmetr) bir hissəsini (158 kvadratmetr) onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 2480,60 manat, 110,60 manat xidmət haqqı (kommunal) ödənişi) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlamışlar. Belə ki, onun müqaviləyə görə, 32067,55 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin (icarə obyekti) təxirəsalınmadan qaytarılması və borc məbləğinin ödənilməsi barədə cavabdehə elektron sistem üzərindən bildiriş ünvanlanmışdır. Obyektdə müqavilə təyinatına uyğun psixoloji, loqopedik, reabilitasiya, məktəbəqədər tədris xidmətləri göstərilir. Ona ödənişin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də bu günə kimi müraciətə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir. Təəssüf ki, cavabdeh icarə müqaviləsinin, o cümlədən icarə ödənişlərinin ödənilməsi qaydası və şərtləri ilə bağlı əhəmiyyətli pozuntulara yol vermişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 29438,82 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli tələbin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-yə qarşı icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində Cəmiyyətə dəymiş 32067,55 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması tələbinə dair məhkəmənin icraatında olan iş üzrə müəyyən ödənişlər edildiyindən iddi tələbinin həcmi azaldılmışdır. Belə ki, bu günkü tarixə cavabdehin iddiaçı qarşısında 29438,82 manat (iyirmi doqquz min dörd yüz otuz səkkiz manat, səksən iki qəpik) borcu var. Ondan 29107,02 manat (iyirmi doqquz min bir yüz yeddi manat, iki qəpik) - icarə üzrə, 1217,38 (bir min iki yüz on yeddi manat otuz səkkiz qəpik) - kommunal, 0,89 (səksən doqquz qəpik) - elektrik enerjisi sərfiyyatı üzrə olan borcdur. xx.xx.2025-ci il tarixdə məhkəmə baxışında iddiaçı yenidən tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 31916,13 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, tələbin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-yə qarşı icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 32067.55 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması tələbinə dair məhkəmənin icraatında olan iş üzrə müəyyən ödənişlər edildiyindən iddi tələbinin həcmi azaldılmışdır. Belə ki, bu günkü tarixə onun iddiaçı qarşısında 31916,13 manat (otuz bir min doqquz yüz on altı manat, on üç qəpik) borcu var. Ondan 31030,55 manat (otuz bir min otuz manat əlli beş qəpik) - icarə üzrə, 885,58 (səkkiz yüz səksən beş manat əlli səkkiz qəpik) - kommunal üzrə olan borcdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli e-2-2(121)-976/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh "xxxx"MMC-dən 31916,13 (otuz bir min doqquz yüz on altı manat, on üç qəpik) manat məbləğində borcun tutularaq İddiaçı MMCnə ödənilməsi, iddiaçı Mida” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılması və cavabdeh "xxxx" MMC-nin həmin obyektdən çıxarılması, cavabdeh "xxxx" MMC-dən 186,2 (bir yüz səksən altı manat, iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə qətnaməsində deyilir: “Beləliklə məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti obyektin mülkiyyətçisi olaraq hazirki iddianı irəli sürmək və cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn borcun ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cavabdeh "xxxx" MMC-dən 31916,13 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir”. Hesab edirlər ki, məhkəmənin bu yanaşması Azərbaycan Respublikası mülki qanunvericiliyin, tərəflər arasında olan icarə müqaviləsinin tələblərinə ziddir. Belə ki, məhkəmə iş materiallarında olan İddiaçı MMC tərəfindən təsdiq edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə olan hesablaşma cədvəli”nə əsasən hesab edib ki, "xxxx" MMC-nin qeyd edilən icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə icarə haqqı və kommunal xidmət haqqına görə borcu 43149,09 manat, ödənişləri ümumilikdə 20378,47 manat, qalıq cəmi borcu isə 31916,13 manat təşkil edir”. Hesab edirllər ki, Məhkəmə təkcə iddiaçı tərəfin verdiyi ödəniş cədvəlinə əsasən cavabdehin 31916,13 manat borcu qaldığını müəyyən etmiş olması, heç bir mühasibatlıq ekspertizasını təyin etməmiş olması qanunvericiliyin tələblərinə, xüsusilə MPM-nin 88-ci, 217-ci və digər normalarına ziddir. Hesab edirlər ki, həmin məbləğ mübahisəlidir və mühasibatlıq ekspertizasının təyin olunması zəruridir. Ona görə də apellyasiya məhkəməsindən xahiş edirik ki, cavabdehin iddiaçıya qalan borcunun müəyyən olunması üçün mühasibatlıq ekspertizası təyin edilsin. Bundan başqa qətnamədə deyilir ki, “Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının tələbi cavabdehin İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq çıxarılması hissəsində də əsaslıdır. Belə ki, iddiaçı müvafiq bildiriş göndərməklə cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “İcarə Müqaviləsi”ni birtərəfli qaydada imtina etməklə məhkəmədən kənar ləğv etdiyindən, həmin müqavilənin və hazırki iş üzrə mübahisə predmeti olan “obyekt”in cavabdehin sahibliyində və istifadəsində qalması üçün hər hansı bir hüquqi əsas artıq mövcud deyil”. Hesab edirik ki, məhkəmənin bu yanaşması qəbul edilən deyil. Belə ki, “bildiriş göndərməklə cavabdehlə iddiaçı aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “İcarə Müqaviləsi”ni birtərəfli qaydada imtina etməklə məhkəmədən kənar ləğv edilməsi” Mülki qanunvericiliyin heç bir tələbi ilə tənzimlənməyib. Bütün bunlardan məlum olduğu kimi, məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü və digər maddələrini pozub. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər təkrərən məhkəmədə nümayəndələri vasitəsi ilə təmsil olunamışlar. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommerisya işi üzrə tərəflərin nümayəndələrinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın isə rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, qətnamənin apellyasiya qaydasında qismən ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsada, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sübutlarla aşağıdakılar müəyyən olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci ildə verilmiş **********15-06301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünanında yerləşən 0.03956 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və yzərində mnşa olunmuş 639.6 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə İddiaçı MMC-yəməxsusdur. İcarəyə verən İddiaçı MMC (iddiaçı) ilə icarəçi "xxxx" MMC (cavabdeh) arasında xx.xx.2022-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiqlənmiş “İcarə Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən Bu Müqaviləyə görə İcarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ş əhər Ərazi İdarəsi tərəfindən verilmiş **********15-06301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi: 639.6 kvadratmetr) bir hissəsini (bundan sonra “Obyekt” adlandırılacaq) İcarəçinin müddəti istifadəsinə verməyi öhdəsinə götürür; -1.2-ci bəndinə əsasən Tərəflər qəbul edirlər ki, bu Müqavilənin 1.1-ci bəndində göstərilən icarəyə verilən obyektin ölçüsü 158,00 kv.metr təşkil edir; -2.2-ci bəndinə əsasən X2 verən və İcraçı arasında 3 (üç) il müddətinə bağlanır. Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 2 (iki ) ay qalmış hazırki Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir; -2.3-cü bəndinsə əsasən, obyekt icarəyə verən tərəfindən təhvil-təslim aktına əsasən bu müqavilə imzalandıqdan sonra 3 iş günü müddətində təhvil verilir. Təhvil-təslim aktı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur; -3.2-ci bəndinə əsasən, icarəyəverən ərazinin abadlaşdırılması, ərazi yolunun təmizlənməsi, tullantıların ərazidən daşınması, digər növ xidmətlərin həyata keçirilməsinə görə xidmət haqqı müəyyən edir. Həmin haqq obyektin hər kv.metri üçün 0,7 manat (yetmiş qəpik) təşkil edir və İcarəçi tərəfindən bu müqavilə bağlandıqdan sonrakı 105 günün tamamından İcarəyəverənə köçürmə yolu ilə hər ay icarə haqqı ilə birlikdə ödəniləcək; -3.3-cü bəndinə əsasən bu müqavilə üzrə icarəçinin ödəyəcəyi aylıq məbləğ, icarə haqqı (ƏDV daxil) və digər ödənişlər (müqavilənin 3.2-ci bəndində qeyd olunan) daxil olmaqla, ümumi olaraq 2480,6 manat, o cümlədən icarə haqqı (ƏDV daxil) 2370 manat və xidmət haqqı 110,6 manat təşkil edir; -10-cu bəndinə əsasən müqavilənin ləğv olunması halları- - 10.1.1-ci yarımbəndinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə, -10.1.3-cü bəndinə əsasən qanunvericilikdə göstərilən hallarda; -10.2-ci bəndinə əsasən icarəyəverən məhkəmədənkənar qaydada 14 gün qabaqcadan icarəçiyə yazılı bildiriş göndərməklə aşağıda göstərilən hallarda Bu müqaviləni icra etməkdən birtərəfli imtina edə bilər- -10.2.1-ci bəndinə əsasən, icarə haqqı və digər ödənişlər il ərzində icarəçi tərəfindən 3 ay ödənilmədikdə, -10.2.3-cü bəndinə əsasən, İcarəçi obyekti təyinatına uyğun istifadə etmədikdə; -10.3-cü bəndinə əsasən müqavilə icarəyəberən tərəfindən bu müqavilənin 10.2-ci bəndində göstərilən əsaslarla ləğv edildikdə, icarəçi əldən çıxmış fayda da daxil olmaqla, dəymiş ziyanı icarəyverənə ödəməyə borcludur; -10.4-cü bəndinə əsasən, müqavilə icarəyəverən tərəfindən əsassız olaraq ləğv edildikdə icarəçi dəymiş ziyanın ödənilməsini tələb edə bilər; -11.1-ci bəndinə əsasən, icarəçi bu müqavilənin müddəti bitdikdə və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, obyekti təhvil-təslim aktına əsasən icarəyəverənə tam yararlı vəziyyətdə, kommunal borc və üçüncü şəxslər qarşısında öhdəlikdən azad şəkildə geri qaytarmalıdır; -11.2-ci bəndinə əsasən, obyekt İcarəyəverən tərəfindən təhvil alınarkən obyektə ziyan vurulması faktı aşkar olunduqda icarəçi öz hesabına həmin ziyanı aradan qaldırmalıdır. İddiaçı MMC tərəfindən təsdiq edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə olan hesablaşma cədvəli”ndən görünür ki, "xxxx" MMC-nin qeyd edilən icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə icarə haqqı və kommunal xidmət haqqına görə borcu 43149,09 manat, ödənişləri ümumilikdə 20378,47 manat, qalıq cəmi borcu isə 31916,13 manat təşkil edir. İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, aralarında bağlanılmış icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC məlumatlandırılmışdır; xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 3267,55 manat məbləğində qalıq borcun (icarə haqqı və kommunal xidmətə görə haqq) ödənilməsi tələb etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Mülki Prosessual Məcəllə 4.1.-ci maddə - bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddə - məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 53-cü maddə - iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 76.1.-ci maddə - tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddə - bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1.-ci maddə - hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə - məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Məcəllə 386.1-ci maddə - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddə - İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə - İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddə - Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 421.1-ci maddə - Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə - Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddə - Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 152.1-ci maddə - Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddə - mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddə - Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin 1-ci bəndinə əsasən İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8-ci madddəsinin 1-ci bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya hesab edir ki, iddiaçı icarə müqaviləsi üzrə ödənişlərin vaxtında və lazımınca edilməməsinə, müqavilə şərtlərinə əsaslanıb müqaviləni birtərəfli qaydada ləğv etməklə, yuxarıda sadalanan maddi hüquq normaları baxımından mülkiyyətində olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə tam haqlı olmuşdur. Yaranan borc məbləğinin müəyyən olunması üçün mühasibatlıq ekspertizasının təyin olunmasının zəruriliyinə dair apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya ilk növbədə qeyd edir ki, borc məbləğinin düzgün hesablanmasını şübhə altına alan hər hansı bir arqumentlər şikayətdə gətirilmir. Bundan başqa birinci instansiya məhkəməsində keçirilən proseslərdən cavabdeh məlumatlı olmuş, hesablanmış borc məbləğinin həqiqiliyini şübhə altına alan əsaslandırmalar verməmiş, ekspertizanın keçirilməsini tələb etməmişdir. Əksinə ilkin verilən tələb üzrə müəyyən ödənişlər etmişdir ki, sonrakı mərhələdə iddiaçı tələbin həcmini borc məbləği hissədə azaltmışdır. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsaslı hesab etmir. Bununla belə birinci instansiya məhkəməsi icarə haqqı üzrə və kommunal xidmətlərə görə tələbin həcminin məhkəmə baxışı mərhələsində artırılmasını nəzərə almadan, həmin hissədə iddianı baxış mərhələsində artırılan həcmdə təmin etməklə MPM-in 53-cü maddəsinin tələblərini pozmuş olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarından biridir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini qismən tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" MMC-dən 31916,13 manat məbləğində borcun tutulması hissədə ləğv olunaraq, tutulacaq borcun məbləği məhkəmə hazırlıq mərhələsində verilən tələbin həcminin azaldılmasına dair ərizəyə uyğun olaraq 29438,82 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli e-2-2(121)-976/2025 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-dən 31916,13 (otuz bir min doqquz yüz on altı manat, on üç qəpik) manat məbləğində borcun tutulması hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 29438,82 (iyirmi doqquz min dörd yüz otuz səkkiz manat səksən iki qəpik) manat borc tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar