Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-182/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh4 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-138/2024 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 16601.56 manat əsas borc, 2757.66 manat faiz borcu və 50.31 manat cərimə borcu olmaqla, cəmi 19409.53 manat borcun tutulması, Cavabdeh4 İddiaçı ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5679.11 manat əsas borc, 1085.69 manat faiz, 34.41 manat cərimə borcu olmaqla, cəmi 6799.21 borcun və ödənilmiş 236.22 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi olunla əsaslandırılmışdır ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən əsasən İddiaçı ASC-nin “Nərimanov” filialından illik 30 faizlə 36 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh4 İddiaçı ASC-dən illik 23% olmaqla 36 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh4 İddiaçı ASC-dən illik 23% olmaqla 30 ay müddətinə 7500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən müqavilə üzrə kreditin müddəti xx.xx.2024-ci ilədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əlavə saziş bağlanmışdır. Lakin borclu müqavilələrin şərtlərini pozaraq borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2023-cü il iyulun 21-dək Cavabdeh4 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 16601.56 manat əsas borc, 2757.66 manat faiz borcu və 201.25 manat cərimə olmaqla, cəmi 19560.47 manat borcu vardır. Cavabdeh4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 201.25 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 50.31 manat məbləğində tələb olunur. 2023-cü il iyulun 21-dək Cavabdeh4 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5679.11 manat əsas borc, 1085.69 manat faiz, 68.81 manat cərimə borcu olmaqla cəmi 3352.01 manat borcu vardır. Cavabdeh4 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 68.81 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 34.41 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Sonradan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 22 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 16.601,56 manat əsas borc, 4.178,43 manat faiz borcu, 1.034,71 manat cərimə borcu olmaqla, ümumilikdə 21.814,70 manat kredit borcunun tutulması, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5.579,11 manat əsas borc, 4.178,41.569,673 manat faiz borcu, 349,54 manat cərimə borcu olmaqla, ümumilikdə 7.498,32 manat kredit borcunun tutulması və ödənilmiş 210 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-138/2024 saylı qətnaməsi ilə (Elşən Abdullayev) iddia qismən təmin edilərək Cavabdeh4n, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 16.601,56 manat məbləğində əsas borc, 2.548,98 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5.579,11 manat məbləğində əsas borc, 944,85 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu və 210 manat mediasiya xərci olmaqla, ümumilikdə 25.954,50 (iyirmi beş min doqquz yüz əlli dörd manat, əlli qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh4 nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin həm əsas borcun, həm də faiz borcunun məbləğində azalmanın olmasını nəzərə alaraq dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 22-MCR-1-621-21/1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh4 23% olmaqla 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən də 25.000 manat kreditin 23%-ni 6000 manat təşkil edir. Lakin qətnamə qəbul edilərkən 6.903.68 manat faiz pulunun ödənilməsinə baxmayaraq əlavə 2.548.96 manat faiz pulunun ödənilməsi təmin edilmişdir. Bu hal məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtı nəzərə alınmamışdır. İddiaçıASC ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 22-MCR-1-621-21/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 23% olmaqla 30 ay müddətinə 7.500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən də 7.500 manat kreditin 23%-ni 1.725 manat təşkil edir. Lakin qətnamə qəbul edilərkən 1.725 manat faiz pulunun ödənilməsinə baxmayaraq əlavə 944.85 manat faiz pulunun ödənilməsi təmin edilmişdir. Bu hal məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtı nəzərə alınmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli iş 2-2(121)-138/2024 saylı qətnaməsinin qəbul edildiyi vaxt iş üzrə ekspertiza tədqiqatına 01 vərəqdən ibarət materialın təqdim edilməsinin nəticəsidir ki, ödənilmiş pulların hesablanmasında faiz pulları düzgün hesablanmamış, əsas kredit borcunun məbləği isə azaldılmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2-2(121)-138/2024 saylı qətnaməsinin qəbul edildiyi vaxt aylıq ödəniş vaxtı artıq ödənilmiş əsas borcun və faiz borcunun ödəniş cədvəli üzrə düzgün hesablanmamasına heç bir əhəmiyyət verilməmişdir. Araşdırılma dəqiqliklə aparılarsa, iddiaçının tələb etdiyi həm əsas borcun, həm də faiz borcunun məbləğində azalmanın qaçılmaz olması faktı üzə çıxacaqdır. Şirvan Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli iş 2-2(121)-138/2024 saylı qətnaməsinin qəbul edildiyi vaxtı istər maliyyə arayışında, istərsə də ekspert rəyində faiz pullarının düzgün hesablanmamasının nəticəsidir ki, aylıq əsas borcların ödənilməsi düzgün hesablanmamışdır. Cavabdeh4 nümayəndəsi Hacıyev Adil Nəcəfəli oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, ümumilikdə 2500 manat məbləğində kredit verilmişdir. 14144 manat məbləğində pul vəsaiti ödənilsə də, ödənilmiş məbləğ faiz borcuna çıxılmışdır. Ödənilmiş məbləğdən 7265 manatı faiz borcuna çıxılmışdır. Kredit 11.5 faizlə verimişdir. Kredit ödənişində heç bir gecikmə halları baş verməmişdir. Ümumilikdə, 14000 manat məbləğində kredit ödönişi ödənilmişdir. Lakin əsas borc azalmamışdır. Sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olmuşdur. Ekspert rəyi ilə razı deyildir. Ekspertə tədqiq etməsi üçün əlavə sənəd təqdim edə bilməmiş, ancaq ümumi hesabatdan narazıdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbi ekspert rəyində əks olunan məbləğə uyğun olmuşdur və rəydəki məbləğlə razıdır. Xəbərdarlıq tarixindən sonra heç bir ödəniş edilməmişdir. xx.xx.2022-ci il tarixdən etibarən iddiaçıya heç bir ödəniş olmamışdır. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya işinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-138/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış 22-MCR1-621-21/1 saylı xx.xx.2021ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, Cavabdeh4 36 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmasına dair tərəflər razılığa gəlmişlər. İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22-MCR-1- 621-21/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 23% olmaqla 36 ay müddətinə 25.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22-MCR-1-621- 21/1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh4 23% olmaqla 30 ay müddətinə 7.500 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z/03032/21 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli 22-MCR-1-621-21/1 saylı kredit limiti müqaviləsi üzrə borclu Cavabdeh4 Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z/03034/21 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, 22-MCR-1-621-21/1 saylı kredit limiti müqaviləsi üzrə borclu Cavabdeh4 Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/20438/22 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli 22-MCR-1-621-21/1 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh4 Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2023-cü il tarixinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 16.601,56 manat əsas, 2.757,66 manat faiz və 201,25 manat cərimə borcu olmaqla, ümumilikdə 19.560,47 manat borcu vardır. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2023-cü il tarixinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5.679,11 manat əsas, 1.085,69 manat faiz və 68,81 manat cərimə borcu olmaqla, ümumilikdə 19.560,47 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22-MCR-1-621- 21/2 saylı kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22-MCR-1-621- 21/1 saylı kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2326 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli 22-MCR-1-621-21/1 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22-MCR-1-621/1 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17.734,98 manat, faiz borcu üzrə 2.548,98 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17.734,98 manat, faiz borcu üzrə 4.384,55 manat, xx.xx.2021-ci il tarixli 22- MCR-621-21/2 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 və İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22-MCR-1-621/2 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5.700,89 manat, faiz borcu üzrə 944,85 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17.734,985.700,89 manat, faiz borcu üzrə 1.535,92 manat müəyyən edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 07 dekabr 2021-ci il tarixli 22-MCR-1-621/2 saylı və 22 iyun 2021-ci il tarixli 22-MCR-1-621/1 saylı kredit müqavilələri üzrə Cavabdeh4 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələrinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh4 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2326 saylı ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 07 dekabr 2021-ci il tarixli 22- MCR-1-621/2 saylı və 22 iyun 2021-ci il tarixli 22-MCR-1-621/1 saylı kredit müqavilələri nəzərə alınmaqla ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu halda, məhkəmə xx.xx.2024-cü il tarixli 9/2326 saylı ekspert rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2326 saylı ekspert rəyi ilə hər iki kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Tərəflər arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli 22-MCR-1-621/2 saylı kredit müqaviləsi üzrə 5.579,11 manat əsas, 944,85 manat faiz borcu və 22 iyun 2021-ci il tarixli 22-MCR-1-621/1 kredit müqaviləsi üzrə 16.601,56 manat əsas, 2.548,98 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Eyni zamanda cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqavilələri üzrə borclu Cavabdeh4 Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Belə ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh4 kredit müqavilələri şərtləri nəzərə alınmaqla alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Habelə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 460.1-ci maddəsinə əsasən dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. MM-in 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. MM-in 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Habelə mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə, tərəflərin apellyasiya şikayətlərində göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-138/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-138/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-182/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-182/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver