Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-182/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-2(121)-657/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdehlərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9000 manat borc pulu, həmçinin gecikdirilmiş pul vəsaitinə hesablanmış faiz 3639,12 manat, ödənilmiş 128 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, Qəzli kəndində yaşayan Cavabdeh2 2 il öncə İddiaçı 9000 manat pul istəyərək iddiaçı ilə şərikli heyvan saxlayacağını bildirmişdir. İddiaçı da bu ünvanla Cavabdeh2 ilə razılaşıb 22360 manatlıq 180 baş qoyun alıb Ağamoğlanın Qəzli kəndində yerləşən fermer təsərrüfatına aparmışdır. Cavabdeh2 özü təsərrüfat işləri ilə məşqul olurdu, iddiaçı isə maliyyə hissəsini təmin edirdi. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 təsərrüfatdan əldə olunan gəliri tək götürüb xərcləyirmiş. Bu ünvanla heyvanların sayı azalmağa başlamışdır. 2022-ci ilin may ayında iddiaçı fermada saxlanılan heyvanları Cavabdeh2 şəxsi işləri üçün satıb xərclədiyindən xəbər tutmuşdur və bu səbəblərə görə Cavabdeh2 ayrılmaq qərarına gəlmişdir. İddiaçı cavabdehlərlə birlikdə onlarda olan hesab kitablarını üzləşdirilmiş və nəticədə məlum olmuşdur ki, cavabdehlərin iddiaçıya 13000 manat qalıq borcu var. Bundan sonra 2023-cü ilin avqust ayınadək ümumilkdə cavabdehlərdən biri Cavabdeh1 iddiaçıya 13000 manat borcdan 4000 manat pul qaytarmış, nəticədə cavabdehlər iddiaçıya 9000 manat məbləğində borclu qalmışlar. Tərəflər arasında yaranmış pul mübahisəsinə görə iddaçı DİN-nin “102” qaynar xətt xidmətinə şikayət etmiş, həmin şikayət üzrə Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda yuxarıda qeyd edilən faktlar öz təsdiqini taparaq müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya 9000 manat pul borcu var. Lakin həmin faktları inkar etmədən cavabdehlər müxtəlif bəhanələr edərək qəsdən qalıq 9000 manat borcu ödəməkdən yayınırlar. Cavabdeh2 iddiaya qarşı yazılı etiraz təqdim edərək rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılır ki, Qəzli kəndinin çöl sahəsində 55 ha ərazini əhatə edən torpaq sahəsində fermer təsərrüfatları var. Həmin ferma atası Mirzə Nuriyevə məxsus olmuşdur. İddiaçıla 2021-ci ildə mərhum atası Mirzə Nuriyev razılaşıb birlikdə heyvan saxlamaq qərarına gəlmişlər. Ümumilikdə İddiaçı fermaya ilk dəfə 100 baş qoyun alıb gətirmişdir. O, həmin sürüyə çobanlıq etmişdir. 2022-ci ilin mart ayında atası dünyasını dəyişdiyindən Fuadla yenidən qalan qoyunlarını hesab edib birlikdə işləməyə başlamışlar. 12 iyul 2022-ci il tarixdə fermada 95 qoyun 38 ədəd keçi və 6 ədəd quzu qalmışdır. Həmin 95 qoyun 38 ədəd keçi və 6 ədəd quzu onun çəkdiyi xərclər üçün fermada qalmışdır. Qardaşı Cavabdeh1 onun xəbəri olmadan qoyunların Fuadın olması kimi qeyd etmiş və Fuad Fəriddən həmin qoyunların pulunu istəmişdir. Qardaşı Fərid isə bu qoyunları onun çəkdiyi xərclərin və zəhmətin qarşılığında qalmasını bilməmişdir. Qardaşına yaxınlaşaraq hədə qorxu gələrək, ölümlə hədələyib başına oyun açacağını bildirmişdir. Əlavə olaraq qardaşına bildirib ki, 15000 pul verib başına oyun gətirər. Fuad atası ilə həmin ərazini 5000 manat müqabilində heyvanlarını saxlamaq üçün götürmüşdür. Həmin puldan 2500 manatını vermiş, qalıq qalan 2500 manatını isə qaytarmamışdır. Belə ki, Fuadla heyvanların saxlaması üçün yeri pulu olaraq 1 il müddətinə 3000 manata razılaşmışlar. Bundan sonra 180 dənə qoyuna baxmağı üçün Fuad ona cəmi 4800 manat verəcəyini boyun almışdır. Əlavə olaraq 223 dənə qoyun gətirmiş və bunun da 2 ay saxlanması üçün ayı 600 manat olmaqla cəmi 1200 manata razılaşmışlar. Heyvanların qorunması üçün orada çobanlıq etdiyi dövrdə öz itlərinin qidalanması üçün fermaya 700 manat xərc çəkmişdir. Bundan başqa xırda para xərclər olmuşdur ki, taksi ilə fermaya gəlib getməsi ora müxtəlif yemlər alınması üçün çəkyidi xərclər 1100 manat olmuş, əlavə çəkdiyi xərc 1370 manat olmuşdur. Çünki o olmadığı müddətdə yerinə adam çıxmış və həmin pulu ona xərc çəkmişdir. Ondan 350 manat bir qoç almışdır. Ondan 300 manat ödəmiş və 50 manat qalıq qalmışdır. Cəmi hesablamala görə İddiaçı ona 14720 manat borcu qalmaqdadır. Onun oraya gəlib-getməyini, heyvanlara yaxşı baxmağını və oradan gələn gəlirdən onun xeyrinə qalmamağını hətta itlərin qidalanması üçün onun öz vəsati hesabına pul xərcləməyini məhkəməyə dəvət edəcəyi şahidləri təsdiq edə bilərlər. İddiaçı ona qarşı qərəzli iddia qaldırmaqda niyyəti odur ki, onu özünə borclu saxlasın və qul kimi fermada işlətsin. Fuadın iddiası ilə əsassızdır. Onun fermada olan qoyunlardan doğulmuş quzuları sataraq əsassız olaraq varlanmış və onun guya ona şərik olmasını əsas gətirərkən belə bu halları onun iştirakı olmadan etmiş və onu bu barədə xəbərdar etməmişdir. Halbuki işləri qurarkən onu özünə guya şərik kimi göstərmişdir. Verdiyi vədlərə əməl etməmişdir. Göründüyü kimi, aralarında hər hansı bir alqı-satqı və ya borc müqaviləsi bağlanmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunmasına dair qərarda olan izahatda Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənov tərəfindən izahatı alınarkən bəzi müdəallar qeyd edilməmişdir. Atasına Fuadın borcu olması və onun Fuadla arasında hər hansı bir icarə müqaviləsi və ya borc müqaviləsi olması öz təsdiqini tapmamışdır. İddiaçı pulun verilməsinə əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı əsassız olaraq iddia tələbinin həcmini artıraraq 9000 manat və 3639.12 manat faiz məbləği, ödənilmiş 128 manat dövlət rüsumunu ondan tələb edir. Halbuki İddiaçı bank deyil ki, ondan əlavə faiz tutsun, qaldı ki, əsassız borcun tələbini qoysun. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək rədd olumasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçıya borcu yoxdur, əksinə iddiaçının ona borcu vardır. İddiaçı ilə ayrılanda onun iddiaçıya 5350 manat borcu olmuş, 4000 manat qardaşı Fərid vasitəsilə iddiaçıya vermiş, qalıq borcu 1350 manat təşkil etmişdir. İddiaçı tərəfindən “çoban pulu” kimi ona aylıq 400 manat pul ödənilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda onun ifadəsi düzgün qeyd edilməyib, həmin vaxt o, bildirmişdir ki, onun iddiaçıya deyil, əksinə iddiaçının ona borcu vardır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, onun qardaşı Cavabdeh2 ilə iddiaçının arasında olanlarla əlaqəsi olmamış, sonradan məlumatı olmuş, o, qardaşının verdiyi 4000 manat pulu iddiaçıya vermişdir. O, qardaşı Ağamoğlanın iddiaçıya 12335 manat borcunun olması ilə əvvəllər razılaşmış, lakin sonradan bilmişdir ki, qardaşının iddiaçıya borcu yoxdur, əksinə iddiaçının qardaşına borcu vardır. Məhkəmə baxışında vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu iloə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəf olaraq cavabdeh tərəfindən 4000 manat ödənildiyini qəbul edirlər. Sabirabad Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan da göründüyü kimi cavabdehlər borcunu etiraf etmişlər. Məhkəmə baxışında Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 bildirmişdir ki, hazırki iş üzrə iddianı qəbul etmirlər. İlkin olaraq iddiaçı ilə Cavabdeh2 atası Mirzə Nuriyev razılaşıb birlikdə heyvan saxlamaq qərarına gəlmişlər. Mirzə Nuriyevin vəfatından sonra iddiaçı ilə Cavabdeh2 aralarında razılaşmışlar ki, heyvanların alınıb saxlanmasının maliyyə xərcini iddiaçı çəksin, cavabdeh isə heyvanlara qulluq göstərməklə saxlanmasını təmin etsin. İddiaçı ilə Cavabdeh2 heyvanların birgə saxlanmasına son qoyduqdan sonra Cavabdeh2 fermada qalan heyvanlara görə iddiaçıya olan borcunun 12000 manat olması barədə şifahi razılaşmışlar. Həmin borcun 4000 manatını Cavabdeh2 qardaşı Cavabdeh1 vasitəsi ilə iddiaçıya ödəmiş, 2500 manat cavabdehin icarə haqqına, 4800 manat isə 1 illik əmək haqqı ödənilmədiyindən ona hesablayıb çıxmışdır. Hal-hazırda Cavabdeh2 iddiaçıya olan borcu 700 manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-2(121)-657/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh2 8000 (səkkiz min) manat əsas borcun və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı ilə heyvanların birgə saxlanmasına son qoyduqdan sonra fermada qalan heyvanlara görə iddiaçıya olan borcunun 12000 manat olması barədə şifahi razılaşmışlar. Həmin borcun 4000 manatını qardaşı Cavabdeh1 vasitəsi ilə iddiaçıya ödəmişdir, 2500 manat icarə haqqına, 4800 manat isə 1 illik əmək haqqı ödənilmədiyindən ona hesablayıb çıxmışdır. Hal-hazırda iddiaçıya olan borcu 700 manat təşkil edir. Göründüyü kimi məhkəmə tərəflər arasındakı danışıqlara, tərəflərin qarşılıqlı münasibətlərini, işgüzar adətlər və tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış və aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında borc münasibətinin olmasına dair iddiaçı mötəbər, təkzibedilməz sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi sübutları nəzərə almamış və iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı olaraq bir-biriləri üçün göstərdiyi xidmətlərin nədən ibarət olmasını araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsi ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlrədən Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğvini və həmin hissədə də rəddini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsada, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur. İddiaçı DİN 102 xidmətinə xx.xx.2023-cü il tarixli müraciəti əsasında toplanmış 2984 nömrəli material üzrə Sabairabad RPŞ-in təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Şamxal Həsənov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür: xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Yenikənd kəndində yaşayan İddiaçı DİN-nin 102 xidmətinə, xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-nə ərizə ilə müraciət edib göstərmişdir ki, Qəzli kənd sakini Cavabdeh2 2 il öncə ondan 9 min manat pul alaraq şərikli heyvan saxlayacağını bildirmiş, lakin onu aldatmış, vədinə əməl etməyərək pulunu ələ keçirmişdir; Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh2 həmkəndli kimi tanıyır, onunla əvvəllər ədavəti olmamışdır. Qəzli kəndinin çöl sahəsində onun fermer təsərrüfatı ilə Ağamoğlanın qonşuluqda fermer təsərrüfatı vardır. 2021 -ci ilin may ayında Ağamoğlan çöldə olarkən ona yaxınlaşıb fermer təsərrüfatının boşaldığını və onunla şərikli qoyun saxlamağı xahiş etmiş və bununla bağlı razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən o, fermer təsərrüfatına lazım olan qoyunlar almaq üçün pulun hamısını öz hesabından verməli idi. 2021 -ci ilin mart ayından 2022-ci ilin may ayınadək fermaya öz maddi vəsaiti hesabına 22360 manatlıq 180 baş qoyun və keçilər alıb vermişdir. Aralarında olan razılaşmaya əsasən Ağamoğlan fermanın təsərrüfat işlərinə nəzaərət etməli idi. Ağamoğlanın fermanın xidməti işləri üçün xidmətlərinin qarşlığını ödəmişdir. Ağamoğlan isə fermadan gələn gəlirləri ondan xəbərsiz özü üçün xərcləməyindən xəbər tutmuşdur. 2022-ci ilin may ayında Ağamoğlanın fermada şərikli şəkildə saxladıqları qoyun quzunu öz şəxsi işləri üçün satıb xərcləməsindən xəbər tutduqdan sonra onunla ayrılmaq qərarına gəlmişdir. Bu zaman fermada olan bəzi heyvanlardan satıb əvvəlcədən ferma üçün xərclədiyi 22360 manat puldan çıxmışdır. Bundan sonra onlar fermada birlikdə Fəridin də iştirakı ilə hesab edib etmişlər, hər ikisində olan qeyd kitabçalarına əsasən belə qənaətə gəlmişlər ki, bundan sonra onun fermaya qoyduğu 13000 manat pul hələdə ödənilməyib. Bu zaman fermada 95 ədəd qoyun, 21 ədəd quzu, 40 ədəd keçi və 30 ədəd keçi balası olmuşdur. Ağamoğlanın qardaşı Fərid həmin anda orada olan bütün heyvanların satılmamasını ondan xahiş edərək, qalan 13000 manat borcu bir il ərzində ödəməyi boynuna götürmüşdür. Bundan sonra Fəridin sözünə əsasən onunla razılaşaraq Fermada olan heyvanları satmamışdır, həmçinin fermada olan bütün keçiləri Ağamoğlana zəhmət haqqı olaraq bağışlamışdır. Sonra fermdan ayrılaraq şərikliyini bitirmişdir. Razılaşmaya əsasən onlar 2022-ci ilin oktyabr ayında qaytaracaqdılar. 2023-cü ilin avqust ayınadək Fərid ona ümumilikdə 4000 manat borcdan qaytarsada, qalan 9000 manat borcu müxtəlif bəhanlər gətirərək ödməkdən boyun qaçırmışlar. Bununla bağlı kitabçasında olan qeydləri izahatına əlavə etmişdir; Araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, Qəzli kəndinin çöl sahəsində 55 ha ərazini əhatə edən torpaq sahəsində fermer təsərrüfatı var. İddiaçıla 2021-ci ildə mərhum atası Mirzə Nuriyev razılaşıb birlikdə heyvan saxlamaq qərarına gəlmişdilər. Ümumilikdə İddiaçı fermaya ilk dəfə 100 baş qoyun alıb gətirmişdi. O, həmin sürüyə çobanlıq etmişdi. 2022-ci ilin mart ayında atası dünyasını dəyişdiyindən Fuadla o yenidən qalan qoyunlarını hesab edib birlikdə işləməyə başlamışdılar. 12 iyul 2022-ci il tarixdə fermada 95 qoyun 38 ədəd keçi və 6 ədəd quzu qalmışdı. Fuadına hesabına əsasən Fuada 12000 manat borclu qalmışdır. Keçiləri isə ona zəhmət haqqı olaraq vermişdi. Həmin tarixdə Fuadla aralarında olan razılaşmaya əsasən qalan qoyunların fermada qalmasını və 1 il ərzində ona olan 12000 manat borcunu ödəyəcəyini öhdəliyinə götürmüşdü. Fuadın onun mərhum atasına 2500 manat borcu olmuşdur. Qoyunları saxladığı zaman 37 ədədi tələf olmuşdu. Fuada olan borcundan qardaşı Fərid vasitəsi ilə 4000 manat ödəmişdir. Fermada çobanlıq etməsini də nəzərə alıb Fuada 1600 manat borclu qalmasını hesab edir; Araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, Qəzli kəndinin çöl sahəsində 55 ha ərazini əhatə edən torpaq sahəsində fermer təsərrüfatı var. Cavabdeh2 onun qardaşıdır. 2021-c il tarixdə Qəzli kəndinin çöl sahəsində yerləşən mərhum atasına məxsus fermer ərazisində İddiaçıla qardaşı Ağamoğlan birlikdə şərikli formada qoyun saxlamağa başlamışdılar. Həmin qoyunları ilkin olraq pulunu İddiaçı verdiyini bilirdi. xx.xx.2022-ci il tarixdə fermada Fuadla Ağamoğlan öz aralarında əllərində olan dəftəlrlərə əsasən hesab edib ayrılmaq qərarına gəlmişdilər. Həmin vaxt fermada 95 ədəd yerli cinsə aid ana qoyun, 21 ədəd quzu və sayını bilmədiyim keçilər var idi. İddiaçı fermaya xərclədiyi pullardan satdığı qoyunların pulunu çıxdıqda 12535 manat qardaşının ona borclu olduğu məlum oldu. Bundan snra həmin pulun əvəzinə Fuad və qardaşı Rauf fermada qalan mal qaranı götürüb aparmaq qərarına gəldilər. Onlardan xahiş etmişdi ki, həmin heyvanalar fermada qalsın, 1 il sonra 12535 manat pulu Fuada şəxsən özü ödəməyi öhdəsinə götürür. Bundan sonra Fuad onunla razılaşıb oradan getmişdir. Daha sonra onun və qardaşının şəxsi problemləri olmuşdur, maddi çətinlikləri yaranmışdır. Fermadada vəziyyət o qədər yaxşı olmamış, Fuadın pulunu deyilən vaxtı ödəyə bilməmişdir. 2023-cü ilin yaz aylarında Fuada ümumilikdə 4000 manat borcdan qaytarmışdır. Daha sonra imkanı olmadığı üçün Fuadın qalan pulunu ödəyə bilməmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırki iş üzrə iddianı qəbul etmirlər. Belə ki, Cavabdeh2 aralarında olan razılaşmaya əsasən İddiaçı 12000 manat borcu olmuş, həmin borcdan 4000 manat qardaşı Cavabdeh1 vasitəsi ilə iddiaçıya ödəmiş, 2500 manat cavabdehin icarə haqqına, 4800 manat isə 1 illik əmək haqqı ödənilmədiyindən ona hesablayıb çıxmışdır. Hal-hazırda Cavabdeh2 iddiaçıya olan 700 manat borcu qalmışdır. İş üzrə Cavabdeh1 cavabdeh ola bilməz və iddia tələbi üzrə cavabdehlik daşıyan şəxs deyildir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1.1 Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir, Maddə 1.2 Mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq bu Məcəllənin vəzifələri kimi müəyyən olunmuşdur, Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası), Maddə 11.5 Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz, Maddə 13 Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir, Maddə 14.1. və 14.2.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, Maddə 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır, Maddə 329.3 Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur, Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər, Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır, Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır, Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir, Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunan faktiki hallarına görə tərəflər arasında formalaşan münasibət ortaq iş görmə (şəriklik) müqaviləsi üzərində qurulmuşdur. Cavabdehlərdən Cavabdeh2 Sabirabad rayonu Qəzli kəndinin çöl sahəsində 55 ha ərazini əhatə edən torpaq sahəsində fermer təsərrüfatı var. Tərəflər qazanc əldə etmək məqsədilə həmin fermada xırdabuynuzlu hevanların saxlanması barədə şifahi şəkildə razılaşmışlar. Bu məqsədlə heyvanlar iddiaçı tərəfindən alınmış, cavabdeh isə ferma və onun yerləşdiyi torpaq sahəsində heyvanları bəsləmişdir. Tərəflərin məhkəmədəki, həmçinin iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı qərardakı izahatlarından görünür ki, iddiaçı cavabdeh Ağamoğlanla şərikliklərinə son qoymaq qərarına gəlmiş, birgə apardıqları hesabat nəticəsində Ağamoğlanın 12000 manat borcunun yarandığını müəyyən etmişlər. Sonrakı dövrdə Ağamoğlan qardaşı Fərid vasitəsilə iddiaçıya 4000 manat ödəniş etmiş, borcun qalan hissəsi ödənilməmişdir. Hazırkı mübahisə tərəflərinin həqiqi mülki hüquq münasibətinin ortaq iş görmə (şəriklik) müqaviləsindən yaranan münasibət kimi qiymətləndirməsi yuxarıda sadalanan qanunvericilik aktı normalarının məzmunu ilə ziddiyyət təşkil etmir. Lakin işə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 608, 567, 599.1, 599.3-cü maddələrinə istinadla mübahisəni tərəflər arasında heyvanların alqı-satqısından irəli gələn mübahisə kimi həll etmişdir. Mülki Məcəllənin 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (şəriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud deyildir. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsası yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir. Bir çox xarici yurisdiksiyalarda birgə fəaliyyət (şəriklik) haqqında müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı geniş istifadə olunan müqavilə növüdür. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüquqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir. Belə olan təqdirdə şərikliklə bağlı birgə fəaliyyətdə şərikli kapital kimi əmlak elementi belə fəaliyyətin əsasını yaradır. Digər tərəfdən belə müqavilə mahiyyət etibarı ilə konsensual müqavilə olmaqla bu cür münasibətin iştirakçıları arasında əvəzli münasibətin mövcudluğuna dəlalət etmir, yəni yatırımın (pul və s.) bir iştirakçıdan bilavasitə digərinə ötürülməsini nəzərdə tutmur. Bundan başqa yatırımın həyata keçirilməsi şərikliklə bağlı birgə fəaliyyət müqaviləsinin bağlanması məqsədilə deyil, artıq bağlanmış müqavilənin icrasının təmin edilməsinə yönəlir. O da nəzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliyyət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməməsi və ya lazımınca icra edilməməsi halında) daşıyırlar. Cavabdeh2 ortaq iş görmə (şəriklik) razılaşmasının şərtlərini pozduğundan, iddiaçı tərəfindən alınaraq saxlanması üçün ona verilən hevanlara görə 12000 manat borcunun yarandığını qəbul etdiyindən, sonrakı dövrdə qardaşı Fərid vasitəsilə etmiş olduğu 4000 manat ödəniş nəzərə alınmaqla, 8000 manat məbləğində pul yetirilən maddi zərər kimi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Kollegiya işin yuxarıda sadalanan və müəyyən edilmiş faktiki hallarını, həmin hallar üzrə tətbiq edilməli olan sadalanan maddi hüquq normalarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən hüquqi nəticə işin faktiki hallarına uyğun olsa da, maddi hüquq noqrmalarının düzgün tətbiq edilməməsi əsası ilə qətnamə ləğv olunaraq, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəlincə kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər təsdiqini tapmır. Cavabdeh bir tərəfdən iddiaçı ilə haqq-hesab apararaq ona 12000 manat məbləğində borcunun qaldığını, həmin borcdan 4000 manat hissəsinin qardaşı Fərid vasitəsilə iddiaçıya ödədiyini, digər tərəfdən 2500 manat cavabdehin icarə haqqına, 4800 manat isə 1 illik əmək haqqı ödənilmədiyindən ona hesablayıb çıxdığını, iddiaçıya 700 manat borcunun qaldığını bildirir. Bununla belə cavabdeh iddiaçı ilə son haqq hesab edən zaman qeyd olunan xərclərin hansı səbəbdən nəzərə alınmamasına aydınlıq gətirmir, buna dair sübut verə bilmir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, təmin olunmayan hissələr üzrə əlavə araşdırma aprmağa lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-2(121)-657/2025 saylı qətnaməsi ləğv olunsun. İddia qismən təmin edilsin. Cavabdeh2 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 28 (iyirmi səkkiz) manat hissəsi İddiaçı özünə aid edilsin Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov
Məhkəmə qərarları › İş №2-2(106)-182/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-182/2025
03.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver