Məhkəmə qərarları › İş №2-2(106)-184/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-184/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-184/2024 14.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: müqavilə borc pul tələbi, sübutetmə X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(121)-543/2024 saylı qətnaməsindən (hakim Zaur Abbasov) iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15300 (on beş min üç yüz) manat borcun və 305 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Kazımov X3 rayonu, Düzyurd kəndində qeydiyyatdadır və yaşayır. İddiaçı obyektində usta kimi işləyən Cavabdeh aralarında yaranan səmimi münasibətdən istifadə edərək İddiaçı 15.300 manat pula ehtiyacı olduğunu və ona həmin məbləğdə borc pul verməsini xahiş etmişdir. Elşəndə öz növbəsində etiraz etməyərək Cavidə notariat kontorunda kredit müqaviləsi əsasında borc verə biləcəyini bildirmiş və aralarında 3 saylı Bakı "Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə Cavid borcu xx.xx.2020-ci il tarixədək qaytaracağını bildirmişdir. Lakin, bir neçə ay keçməsinə baxmayaraq borcu qaytara bilməmişdir. Bununla bağlı Elşən Cavidə dəfələrlə şifahi müraciət etmiş və həmçinin Elşən Gədəbəy rayon Polis şöbəsinə şikayət etmişdir. Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli 198- 12351K-3222 nömrəli məktubunda şikayətin mülki xarakterli olduğu bildirilmiş və həmin müraciətlə bağlı rayon məhkəməsinə müraciət etmək tövsiyyə edilmişdir. Elşən pulun qaytarılması ilə əlqədar Cavidə və atası Cəmşidə dəfələrlə zəng edilib borcun qaytarılması tələb edildikdə pulu qaytaracaqlarını bildirmişlər. Lakin, bu günədək pulu qaytarmamışlar. İddiaçı borcun qaytarılması ilə əlaqədar 2022-ci ilin noyabr ayında məhkəməyə müraciət etsə də, Cavid məhkəmədən sənədləri geri götürməsini və pulu qısa müddətdə qaytaracağını bildirmişdir. Həmin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmədən geri götürülsə də, Cavid borcunu qaytarmamışdır. Belə oduğu təqdirdə pretenziya qaydasına əməl olunaraq həmin pulun qaytarılması barədə Cavidə məktub göndərilmiş, lakin onun tərəfindən heç bir hərəkət olmamışdır. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,425.1,739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinad edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə onun arasında iddiaçıya məxsus obyektdə elektrik işlərinin görülməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Razılaşmaya əsasən o, iddiaçıya məxsus olan obyektdə bütün növ elektrik işlərini həyata keçirməyi, bünun üçün tələb olunan mal və materialları özünün alacağını öhdəsinə götürmüşdür. İddiaçı isə görülən işlərin qarşılığında ona ümumilikdə 55000 manat haqq ödəyəcəyini vəd vermişdir. İddiaçı ilkin olaraq zəruri materialların alınması üçün ona 15300 manat pul vermiş, lakin verdiyi pulu təminat altına almaq üçün onunla borc müqaviləsi bağlamışdır. O, aldığı vəsaitlə zəruri materialları alaraq işə başlamışdır. Lakin pandemiya səbəbindən işin icrası gecikmiş, bu isə iddiaçıda narazılıq yaratmışdır. Müəyyən fasilədən sonra o, işi yekunlaşdırdıqda iddiaçı borcunun qalan hissəsini də, yəni 55000 manatdan 15300 manat çıxdıqdan sonra qalan məbləği ona vermişdir. İddiaçı qalan məbləği ona verməmişdən əvvəl razılaşdıqları bütün məbləğə, yəni 55000 manat pula dair borc qəbzi tərtib edərək ona imzalatmışdır. Bunun səbəbini isə belə izah etmişdir ki, iş keyfiyyətsiz olarsa əlində sənəd olacaq. O, işinin keyfiyyətinə şübhə etmədiyi üçün həmin qəbzi də imzalamışdır. Əslində həmin məbləğ də ona borc kimi verilməmişdir. Sonradan isə iddiaçı görülən işlərin tam başa çatmadığını əsas gətirərək polisə şikayət ərizəsi vermişdir. O, iddiaçıdan borc pul almamışdır, aldığı pullar gördüyü işin haqqı olaraq ona ödənilmişdir. İddiaçı aralarında yaranmış mübahisəyə görə belə bir addım atmış, borc müqaviləsindən istifadə edərək ondan almadığı borcu tələb etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə verilmiş 15300 manat məbləğində pul borc olaraq verilmişdir, tərəflər iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsində təmir işlərinin aparılması ilə bağlı görüləcək işin ümumi məbləğinin 55000 manat təşkil edəcəyi barədə razılığa gəlmişlər, cavabdeh tərəfindən işlər yekunlaşdırılmış və iddiaçı razılaşdırılmış 55000 manat pulu cavabdehə tam şəkildə vermişdir. Həmin iclasda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatı ilə eyni məzmunda ifadə verdi və əlavə olaraq iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(121)-543/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia tələbi üzrə Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 15.300 manat borc pul götürmüş və müqavilə üzrə müəyyən olunan müddətdə ödəməmişdir. Göründüyü kimi borcalan götürdüyü borcu vaxtında qaytarmadığı üçün məhkəməyə müraciət edib tələb etmək məcburiyyətində qalmışdır. Baxmayaraq ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində borcu qaytardığını qeyd etmişdir. Qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi heç bir əsas olmadan həmin müqaviləni etibarsız əqd hesab edərək, bunun tərəflər arasında podrat münasibətlərindən irəli gələn münasibətlər üçün bağlandığını qeyd etmişdir. Lakin, iş materillarında bunu sübut edəcək heç bir tutarlı əsas yoxdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ilk öncə iddia ərizəsi üzrə iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsini xahiş etsə də sonradan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə notarial qaydada vermiş olduğu 15300 manat pul məbləği cavabdeh tərəfindən iddiaçının üç mərtəbəli obyektində görüləcək elektrik, kamera nəzarət və s, işlərin görülməsi üçün verilmiş ilkin ödəniş olmuşdur. Bu hal iddiaçının Gədəbəy PŞ-də vermiş olduğu izahatından aydın olur. Həmin izahatda iddiaçı aydın şəkildə qeyd etmişdir ki, “onlar arasında sövdələşmə ondan ibarət olmuşdur ki, o 2020-ci ilin yanvar ayında iddiaçıya məxsus obyektdə elektrik işlərinin görülməsi üçün 15300 manat pulu cavabdehə borc olaraq vermişdir.” İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçıya məxsus obyektdə elektrik, kamera və s, işlərinin görülməsi üçün cavabdehlə 55000 manata razılaşmış, cavabdeh iddiaçıdan 55000 manat pulun alınmasına dair qəbz yazaraq iddiaçıya vermiş və həmin 55000 manat pul məbləği görülmüş işlərin dəyəri kimi mtam şəkildə cavabdehə ödənilmişdir. Bütün qeyd edilənlərə əsasən də apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və ədalətli hesab etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Kommersiya işinə tətbiq edilən hüquq: Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), Həmin Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2018-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə sahibkarlıq subyektləri kimi qeydiyyata alınmışlar. İş materiallarında olan İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış və 3 saylı Bakı "ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli "Kredit müqaviləsi”nin 1 -ci və 2-ci bəndlərinə əsasən, "Borc verən” "Borc alana” 15300 manat 00 qəpik məbləğində pul borc verir, "Borc alan” krediti xx.xx.2020-ci il tarixədək "Borc verən”ə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixdə tərtib edildiyi qeyd olunan "qəbz”in mətnindən görünür ki, Cavabdeh həqiqətən xx.xx.2021 -ci il tarixdə İddiaçı 55000 manat borc pul aldığını təsdiq edir və həmin pulu 1 ay müddətinə qaytaracağına söz verir. Məhkəmənin sorğusuna əsasən Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş Gədəbəy rayonu Düzyurd kənd sakini İddiaçı müraciəti əsasında toplanmış materiallardan görünür ki, Cavabdeh ona pul borcunun olması barədə müraciətinin mülki xarakterli olması və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi İddiaçı izah edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə aldığı 15300 manat məbləğində borc pulun 7 gün müddətində İddiaçı qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə sorğusuna cavab olaraq Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş İddiaçı müraciəti əsasında toplanmış materiallardan görünür ki, İddiaçı yazdığı şikayət ərizəsində xx.xx.2021-ci il tarixdə Cavabdeh 55000 manat məbləğində pul verdiyini, həmin pulun ona qaytarılmasını polisdən xahiş etdiyini bildirmişdir. Bundan başqa, yenə həmin materiallarda olan yazılı izahatında İddiaçı bildirilmişdir ki, Cavabdeh ilə elektrik işlərinin görülməsi üçün sövdələşmişlər və bunun üçün Cavabdeh 2020ci ilin yanvar ayında Bakı şəhərində ASAN Xidmət Mərkəzində 15300 manat pulu borc qismində vermişdir. İşin faktiki müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ona məxsus olan qeyriyaşayış sahəsində təmir işlərini aparan cavabdehin xahişi ilə ona notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən 6 ay müddətində qaytarmaq şərti ilə 15300 manat məbləğində borc pul verdiyini, lakin cavabdehin borcu ona qaytarmaqdan imtina etdiyini iddia edir, cavabdeh isə iddiaçı ilə aralarında iş (qeyr-yaşıyaış sahəsində elektrik və təhlükəsizlik kamera quraşdırılması) görülməsi ilə əlaqədar münasibətlər yarandığını, iddiaçının ona gördüyü işlə əlaqədar mal-material alması üçün ilkin olaraq 15300 manat məbləğində pul verdiyini, lakin verdiyi pulu təminat altına almaq üçün onunla borc (kredit) müqaviləsi bağladığını, sonradan işin təhvil verilməsindən sonra iddiaçının ona ümumi olaraq ödədiyi 55000 manat pula dair də borc qəbzinə imza atdırdığını, aldığı pullara görə üzərinə düşən işləri yerinə yetirdiyini, bu işlərin görülməsi üçün iddiaçı tərəfindən 15300 manat pul da daxil olmaqla ona razılaşdıqları kimi 55000 manat pulun ödənildiyini və buna görə də iddiaçıya hər hansı borcunun olmadığını bildirmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında iş görülməsi (podrat) müqaviləsi üzrə hüquq münasibətlərinin mövcud olması, iddiaçı tərəfindən cavabdehə 15300 manat məbləğində pulun verilməsi, iş görülməsi münasibətləri üzrə cavabdehə ümumilikdə 55000 manat məbləğində pul verilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli hal isə iddiaçının 15300 manat məbləğində pulu cavabdehə borc verdiyini, cavabdeh isə həmin pulu borc olaraq deyil, gördüyü işin qarşılığında aldığını bildirməsidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə istinad edir. Həmin müqavilədən görünür ki, həqiqətən iddiaçı tərəfindən cavabdehə 15300 manat məbləğində pul borc olaraq verilmişdir. Lakin cavabdeh adı çəkilən kredit müqaviləsinin onun işitrakçılarının əsl niyyətlərini ifadə etmədiyini, kredit müqaviləsinin tərəflər arasında həqiqətdə mövcud olan iş görülməsi (podrat) münasibətləri üzrə 15300 manat məbləğində avans vəsaitin iddiaçı tərəfindən ona verilməsini təsdiq etmək məqsədi ilə bağlandığını iddia edir. Buna görə də məhkəmə hesab edir ki, adı çəkilən kredit müqaviləsinə əsaslanaraq irəli sürülmüş iddia tələbinin düzgün hüquqi həlli üçün ilk olaraq istinad olunan müqavilənin (əqdin) etibarlı olub-olmaması müəyyən edilməlidir. Belə ki, iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması halında həmin müqavilə üzrə hər hansı bir hüquqi nəticənin əmələ gəlməsindən (əqdin etibarsızlığın nəticələrinin tətbiqi ilə bağlı məsələlər istisna olunmaqla) və iddiaçının həmin müqavilədən irəli gələn subyektiv hüququnun mövcudluğundan söz gedə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, kredit müqaviləsinin etibarlılığı onun iştirakçısı olan cavabdeh tərəfindən mübahisələndirildiyinə görə yalnız kredit müqaviləsinin məzmununa hüquqi qiymət verməklə kifayətlənməyərək, tərəflərin məhkəməyəqədər olan proseslərdə və məhkəmə iclaslarında verdikləri izahatları, işin müəyyən edilmiş digər halları nəzərə alınaraq, adı çəkilən müqavilə münasibətlərinə daxil olarkən tərəflərin əsil iradələrinin, hüquqi niyyətlərinin müəyyən edilməsini və həmin iradə ifadələrinin etibarlı hüquqi nəticə yarada bilməsi imkanının araşdırılmasını zəruri hesab etmişdir. Birinci instansiya məhkəməsi bu istiqamətdə aparılmış araşdırma nəticəsində tərəflərin müqaviləyə qədərki və müqavilədən sonrakı hərəkətlərinə, işdə olan sənədlərə hüquqi qiymət verərək işin müəyyən edilmiş həqiqi halları ilə bağlı bu qənaətə gəlmişdir ki, kredit müqaviləsi bağlanarkən tərəflərin əsil niyyətləri və iradə ifadələri borc münasibətlərini rəsmiləşdirməyə deyil, aralarında mövcud olan podrat müqaviləsi üzrə ödənilən muzdun təminat altına alınmasına yönəlmişdir. Məhkəmə qeyd etmişdir ki, əvvəla tərəflər arasında etibarlı şəkildə bağlanmış podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur və tərəflər görülən işin haqqı olaraq cəmi 55000 manat məbləğində muzdun ödənilməsi barədə razılığa gəlmişlər. Mübahisəli kredit müqaviləsinin yalan əqd olmasını şərtləndirən işin hallarından biri də odur ki, Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixdə tərtib edildiyi qeyd olunan iddiaçıya 55000 manat borc pul aldığını etiraf etdiyi "qəbz”in həqiqəti əks etdirmədiyi, həmin qəbzin, kredit müqaviləsində olduğu kimi görülən işin müqabilində muzd olaraq cavabdehə ödənilmiş pulun təminatı olaraq tərtib olunduğu hər iki tərəfin izahatları ilə təsdiq edilmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya 55000 manat məbləğində borcunun olması haqqında qəbzin həqiqəti əks etdirmədiyi, həmin pulun əslində hissə-hissə cavabdehə gördüyü işin qarşılında muzd olaraq verildiyi iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarında bir neçə dəfə təsdiq edilmişdir. Lakin buna baxmayaraq məhkəmə sorğusuna cavab olaraq Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş İddiaçı müraciəti əsasında toplanmış materiallardan da görünür ki, İddiaçı yazdığı şikayət ərizəsində xx.xx.2021-ci il tarixdə Cavabdeh 55000 manat məbləğində pul verdiyini, həmin pulun ona qaytarılmasını polisdən xahiş etdiyini bildirmişdir. Bundan başqa, yenə həmin materiallarda olan yazılı izahatında İddiaçı bildirilmişdir ki, Cavabdeh ilə elektrik işlərinin görülməsi üçün sövdələşmişlər və bunun üçün Cavabdeh 2020-ci ilin yanvar ayında Bakı şəhərində ASAN Xidmət Mərkəzində 15300 manat pulu borc qismində vermişdir. Məhkəmə, mübahisəli kredit müqaviləsinin etibarsız əqd olmasını işdə olan sənəd və tərəflərin izahatlarına əsasən müəyyən etməklə yanaşı, 2020-ci ilin yanvar ayında 6 ay müddətində qaytarılması şərti ilə verdiyi borcu ala bilməyən iddiaçının sonradan cavabdehə gördüyü işin müqabilində razılaşdırılmış muzdu tam ödəməsini ağlabatan mühakiməyə uyğun olmaması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə imzalanmış kredit müqaviləsi, onun iştirakçılarının əsl niyyətini və iradə ifadələrini əks etdirmədiyinə və əslində tərəflər arasında mövcud olan podrat müqaviləsi üzrə muzdun bir hissəsinin ödənilməsi məqsədini güddüyünə, yəni başqa əqdi pərdələmək niyyəti ilə bağlandığına görə əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə yaratmadığına görə hazırki iş üzrə iddiaçının həmin əqddən, yəni kredit müqaviləsindən irəli gələn tələb hüququ da yaranmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı deyil, formal mülahizələrdən ibarətdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas deyil, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən göründüyü kimi iddiaçının qətnaməni mübahisələndirilən hissəsinin dəyəri 10000 manatdan çoxdur. Belə olan halda qətnamədən kassasiya şikayəti vermək hüququ müəyyən edilir. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(121)-543/2024 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar