Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-185/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli e-2-2(121)-932/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, 33000 (otuz üç min) ABŞ dolları əsas borc, 1200 manat faiz borcu, 5000 manat mənəvi zərərə görə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci ilin əvvəllərində iddiaçıdan 50000 (əlli min) ABŞ dolları pul borc istəmiş, iddiaçı cavabdehi borcuna, vədəsinə, sözünə sadiq insan kimi yaxşı tanıdığı üçün ona 50000 ABŞ dolları pulu borc vermişdir. Cavabdeh bildirmişdir ki, həmin 50000 ABŞ dolları pulu 2021-ci ilin sonuna qədər tam olaraq qaytaracaq. Bu barədə cavabdeh yazılı qəbz imzalayıb iddiaçıya vermişdir. Buna cavabdehin dayısı olan digər Cavabdeh2 zamin olmuş və həmin qəbzi zamin kimi imzalamışdır. Cavabdeh həmin 50000 ABŞ dolarından 17000 ABŞ dollarını qaytarmışdır (həmin 17 000 ABŞ dollarının 8000 ABŞ dolları şahid X3 iştirakı ilə iddiaçıya qaytarmış və bu qəbzdə qeyd olunub). Cavabdehin iddiaçıya qalan borcu 33000 ABŞ dollarıdır və həmin 33000 ABŞ doları dəfələrlə tələb olunsa da, bu günədək qaytarmamışdır. 2022-ci ilin ortalarınadək müxtəlif vədlər verərək pulu qaytarmağı bildirmişdir. Həmin vaxtdan etibarən də iddiaçıya olan borcunu ödəməkdən qəti imtina edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(073)-1652/2023 saylı qərardadı ilə 2(073)-1652/2023 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsində iddiaçı məhkəmə icraatı dövründə cavabdeh tərəfindən ümumilikdə 6000 ABŞ dolları məbləğində pul qaytarıldığını bildirib, iddianın 27000 ABŞ dolları əsas borc, 1200 manat faiz borcu, 5000 manat mənəvi zərərə görə hesablanmış pulun qaytarılması hissədə təmin olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsində Cavabdeh1 izahatında göstərmişdir ki, cavabdehdən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 50000 ABŞ dolları məbləğində borc pul almış, sonradan həmin puldan 17000 ABŞ dolları və 6000 ABŞ dolları qaytarmışdır. İddiaçı ilə barışıq sazişi bağlamaq istəyir, lakin iddiaçı tərəfindən müəyyən olunmuş müddət qısa olduğundan razılaşmamışdır, qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş edir. Şirvan Kommersiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli e-2-2(121)-932/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 27000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-932/2024 saylı qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Kommersiya məhkəməsi işi tam və obyektiv araşdırmamışdır. Belə ki, İddiaçı ilə təqribən 2018-ci illərdə iş birliyi olub, ondan müxtəlif vaxtlarda hissə-hissə ABŞ dolları məbləğində pulu faizi ödənilməklə götürmüşdür və həmin məbləğdə pullar faizi ilə ona ödənilmişdir. 2020-ci ildən isə Covid-19 virusunun yayılması ilə bağlı tətbiq olunmuş qadağalar səbəbindən satış dayanmış və gəlir əldə edə bilmədiyindən, götürülmüş pulun tam məbləğini iddiaçıya ödəsə də, pulun faizini ödəyə bilməmişdir. İddiaçıdan götürülmüş məbləğdə pul vəsaiti tərəfindən ona verildiyi halda, onun saxta və qanunsuz qaldırmış olduğu iddia əsaslı görünə bilməz. Bu baxımdan Şirvan Kommersiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinə əməl edilmədən çıxarılmışdır. Halbuki, həmin normanın məlum tələbkarlığı ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçrilməsini tələb etmişdir. Bu mənada qeyd edilən norma ciddi pozularaq, məhkəmədə mübahisəyə baxılarkən iddiaçının təqdim etdiyi qəbzlərin əldə olunma vaxtı, qəbzlərin kim tərəfindən yazılıb icra olunması, imzalanması və qəbzdə adı keçən Cavabdeh2 məhkəməyə çağrılıb dindirilməməsi qanun pozuntuları ilə təminat almışdır. Göstərilən səbəbdən də Kommersiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və səhv tətbiq olunması halları mövcud olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-932/2024 saylı qətnaməsindən görünür ki, MPM-in tələbləri pozulmuşdur. Kommersiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, sübutlara nəzər yetirməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-932/2024 saylı qətnaməsində göstərilir ki, iş materiallarında olan qəbzin (əlyazma) surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı 50000 ABŞ dolları məbləğində pul aldıqlarını və 10000 ABŞ dolları xx.xx.2021-ci il tarixdə qaytaracaqları barədə öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin (əlyazma) surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borclu olduğu 35000 ABŞ dollar borcdan 10000 ABŞ dollarını 2021-ci ilin sonunadək verəcəkləri barədə qəbzə imza emtişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Bu məqsədlə iddiaçı cavabdehə 50000 ABŞ dolları borc pul vermiş, cavabdeh isə həmin pulu 2021-ci ilin sonunadək qaytaracağını bildirmişdir. Cavabdeh 50000 ABŞ dolları borcdan 17000 ABŞ dollarını qaytarmışdır. Mübahisə məhkəmə icraatında olarkən cavabdeh tərəfindən 6000 ABŞ dolları iddiaçıya qaytarılmışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Bundan əlavə, Cavabdeh1 xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatında maddi imkanı olmadığından borcunu hissə hissə ödəyə biləcəyini, 33000 ABŞ dolları borcundan ödəniş etdiyini, ümumilikdə 27000 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmişdir. Lakin məhkəmə qəbzlər arasında ziddiyyətləri, iddiaçının faizi ödənilməklə verdiyi borcun verilmə anını, qəbzdə qeyd edilən yazı nümunələrinin kim tərəfindən icra edildiyini, imza nümunələrinin həqiqiliyini, digər qəbzdə qəbzin verilmə tarixinin qeyd edilməməsini və qəbzlərdə olan yazı nümunələrinin kimlər tərəfindən icra edildiyini ümumiyyətlə araşdırmamış və düzgün qiymətləndirməmişdir. Şirvan Kommersiya Məhkəməsi mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə işin düzgün həlli üçün iddiaçının istinad etdiyi qəbzlərin etibarlı olub-olmamasını mütləq qaydada müəyyən etməli idi. Qanunvericilik tələb edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. MPM-də məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan subutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Latın qrafikası ilə yazıb oxumağı bilmir. Məhkəmə baxışından əvvəl və məhkəmə baxışı gedişində İddiaçı hədə qorxu gələrək bildirdi ki, faizlərin ödənilməməsi səbəbindən göstərdiyi borc məbləğini etiraf etməyəcəyi halda, aşağısı 11 il həbs etdirəcəkdir. İddiaçının hədə qorxusundan bərk qorxduğundan məhkəmə baxışında borcu etiraf etməyə məcbur olmuşdur. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi iki qəbzi subut kimi qəbul etmiş, həmin qəbzlərin tətrtib olunduğu anı, qəbzdə olan yazı və imza nümunələrinin kim tərəfindən icra edildiyi araşdırılmamış, məhkəmə sadəcə həmin qəbzləri borcun etirafını özündə əks etdirən subut kimi nəzərə almaqla kifayətlənib, qəbzlərin tətrtib olunduğu anı, qəbzdə olan yazı və imza nümunələrinin kim tərəfindən icra edildiyini obyektiv araşdırmayıb. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi, izahatında göstərdi ki, İddiaçı ilə iş birliyi olub. İddiaçıdan müxtəlif vaxtlarda pul götürmüş və pulun hamısını geri qaytarmışdır. İş materiallarına əlavə olunan qəbzləri digər cavabdeh olan dayısı Çingiz yazıb, o da, imza atmışdır. İddiaçıdan aldığı puldan faizləri verə bilmədiyindən, iddiaçı şikayət edəcəyini, 11 il iş verdirəcəyini ona deyirdi. Bundan sonra iddiaçı ona demişdiki faizdən biraz ver barışıq ərizəsi yazaq. Qorxduğu üçün faizdən ödəmiş lakin, barışıq ərizəsi yazılmamış, iddiaçı onu aldatmışdır. İddiaçı ona hədə qorxu gəlməsi ilə bağlı iş materiallarına səs yazıları var. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçıdan 5 dəfə pul götürmüşdür. Hər dəfə iddiaçıdan 10000 dollar pul götürmüşdür, onun da 1000 dollarını iddiaçı faizə çıxır, 9000 dollar pul ona verirdi. Ümumilikdə iddiaçıdan 45000 dollar pul götürmüşdür. Həmin vaxtı dükanına Türkiyədən mal gəlirdi, hətta iddiaçı da onun mağazasından 12000 manatlıq mal götürmüşdü. Məhkəmədə Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh ümumiyyətlə yazı yaza və oxuya bilmir. Cavabdeh ona zəng edərək demişdi ki, ondan faiz pulundan istəyirlər ki, barışıq ərizəsi versinlər. Cavabdehə onu aldatdıqlarını bildirsə də, cavabdeh həmin faiz pulundan iddiaçıya vermişdi. Ümumiyyətlə iş materialında olan qəbzdə pulun götürülməsi və verilməsi vaxtı məlum deyil. İddiaçıdan pulu digər Cavabdeh2 götürmüşdür. Qəbzlərin heç birini Novruz yazmayıb. Digər cavabdeh Çingizdə deyirki mən yazmışam. Birinci instansiya məhkəməsində sübutlar obyektiv araşdırılmayıb və qəbzlərin qanuni olmasına hüquqi qiymət verilməmişdir. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, Novruzla ilk dəfə görüşəndə bildirirdi ki, Türkiyədə işləyir, fabriklərdən ucuzlaşdırılmış mal alır. Oradan 2 dollara alıb bazarda 8 -10 dollara satır. Deyirdi ki, mənə 200000 manat da pul versən, o pulu geri qaytaracaq. Daha sonra deyirdi ki, sənin maddi imkanın yaxşıdır, gəl o malları Türkiyədən gətirək. Türkiyədəki mallar olan deponun şəklini göstərdi, orada çoxlu mallar var idi, məndə inandım. İddia ərizəsi verəndə Novruzun mənə verdiyi pulları çıxmışam, yerdə qalan borcu isə 33000 dollar edib. Ona görədə 33000 dollarlıq iddia ərizəsi vermişəm. Daha sonra isə puldan ödədi və qaldı 28200 dollar borcu. Bundan sonra isə Novruz mənə dedi ki, mənə biraz o puldan keç. Məndə 1200 dolları keçdim. Şirvan Kommersiya Məhkəməsində Novruz dedi ki, gedib Türkiyəyə gəlim, sənin pulunu verəcəm. Ondan sonra isə məhkəməyə gəlmədi. Mən Novruza hədə qorxu gəlməmişəm, əksinə yumşaq danışıram ki, mənim pulumu geri versin. Daha əvvəl dayısı Çingiz gəldi, mənə 8000 dollar pul verdi və dedi ki, 2000 dolları noyabrın 12-si gətirib verəcəm. Həqiqətəndə elə oldu 2000 dolları gətirib verəndə 200 dolları çatmadı və dedi ki, sabah səhər 200 dollarıda sənə verəcəm və verdi. Ondan sonra Çingiz mənə dedi ki, kartof alveri ilə məşğulam sənin pulunu verəcəm 5000 dollarda verdi. Mənə olan borcları 35000 dollarda dayandı. Daha sonra mənə pul vermədilər. Mən birinci instansiya məhkəməsinə cavabdehin səs yazıları olan fləşkarı təqdim etmişəm. Həmin fləşkartda olan səs yazılarının məhkəmə iclasında dinlənilməsi xahiş edirəm. Həmin fləşkartda olan səs yazılarında Novruza 5 dəfə, hər dəfəsində 10000 dollar pul verməsi sübut olunur. Həmin puldan cəmi bircə dəfə Novruz 1000 dollar pul verib. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər Cavabdeh2 məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etsə də, məzmun etibarı ilə apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin olunan hissədə ləğvinə yönəlikdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yazılı qəbzindən görünür ki, İddiaçı 50000 ABŞ dolları məbləğində pul aldıqlarını və 10000 ABŞ dolları xx.xx.2021-ci il tarixdə qaytaracaqları barədə öhdəlik götürmüşlər. Daha sonra qəbzdə şahid X3 adından qeyd vardır ki, 8 min ABŞ dolları verildi, qaldı 2 min dollar, ayın 13-də veriləcək (işin 86-cı səhifəsi zərfdəki qəbz-əsli); Cavabdeh1 adından verilən xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı borclu olduğu 35000 dollar puldan 10000 dollarını 2021-ci ilin sonunadək verəcəyini, dayısı Cavabdeh2 ona zamin olduğunu qeyd edir (işin 86-cı səhifəsi zərfdəki qəbz-əsli); Şirvan Kommersiya Məhkəməsində 5 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasının protokoluna əsasən Cavabdeh1 iddianı qəbul edərək, imkanı olmadığından hissə-hissə ödəyəcəyini bildirmişdir (işin 117-ci vərəqi); Şirvan Kommersiya Məhkəməsində 4 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasının protokoluna əsasən Cavabdeh1 iddianı qismən qəbul edərək, vaxt verilməsini xahiş etmişdir (işin 132-ci vərəqi); Şirvan Kommersiya Məhkəməsində 27 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasının protokoluna əsasən Cavabdeh1 izahatında bildirir ki, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 50000 ABŞ dolları məbləğində borc pul almış, sonra həmin puldan 17000 ABŞ dolları və 6000 ABŞ dolları qaytarmışdır. İddiaçı ilə barışıq sazişi bağlamaq istəsə də, iddiaçı tərəfindən müəyyən olunan müddət qısa olduğundan, razılıq əldə olunmamışdır. Qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş edir (işin 140-cı vərəqi); Tərəflərin sübut kimi birinci instansiya məhkəməsinə təqdim etmiş olduqları fləşkartlardakı səs yazıları hazırki məhkəmə baxışı zamanı dinlənilmiş, səs yazılarındakı səslərin mübahisə tərəflərinə aid olduğunu tərəflər təsdiq etmişlər. Səs yazılarında iddiaçı cavabdehlərdən pul tələb edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Şirvan Kommersiya Məhkəməsində keçirilən məhkəmə iclaslarında cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıdan 50000 ABŞ dolları məbləğində borc pul aldığını, həmin puldan 17000 ABŞ dolları və 6000 ABŞ dolları qaytardığını etiraf etmiş, iddiaçı ilə barışıq sazişi bağlamaq istəsə də, iddiaçı tərəfindən müəyyən olunan müddətin qısa olması səbəbindən razılıq əldə olunmadığını bildirmişdir. İddiaçı isə öz növbəsində cavabdehin ondan aldığı 50000 ABŞ dolları məbləğində borcdan 17000 ABŞ dolları və 6000 ABŞ dolları qaytardığını təsdiq edərək, 27000 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmişdir. Kollegiya cavadehin birinci insansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında borc məbləğini iddiaçının hədə qorxusu altında etiraf etməyə məcbur olmasından ibarət dəlillərini inandırıcı hesab etmir. Əvvəla ona görə ki, cavabdehin hələ iş Cəlilabad Rayon Məhkəməsinin icraatında olduğu dövrdən hüquqlarını müdafiə edən vəkili olmuşdur və mümkün deyildir ki, belə bir halların baş verməsindən dolayı, cavabdeh atacağı addımları vəkili ilə məsləhətləşməsin. Bundan başqa iş materiallarında olan yazılı qəbzlər, səs yazıları, nəhayət apellyasiya baxışı zamanı cavabdehin özünün iddiaçıdan 5 dəfə, hər dəfəsində 10000 dollar pul götürməsini, onun da 1000 dollarını iddiaçının faizə çıxmasını və 9000 dollar olmaqla, ümumilikdə iddiaçıdan 45000 dollar pul almasını etiraf etməsi, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmasının birbaşa sübutudur ki, bu halda almış olduğu borcun qaytarılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçının qaytardığını etiraf etdiyi 17000 ABŞ dolları və 6000 ABŞ dolları məbləğlərindən savayı pul ödəməsinə dair sübut verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan 5 dəfə, hər dəfəsində 10000 ABŞ dolları məbləğində borc alması və həmin borcu 2021-ci ilin sonunadək qaytarmalı olması iş materiallarına əlavə edilmiş yazılı qəbzlər, səs yazıları, cavabdehin qismən etirafları ilə təsdiqini tapır. İddiaçı isə cavabdehin aldığı pullardan 17000 ABŞ dolları hissəsinin məhkəməyədək olan dövr ərzində, 6000 ABŞ dollarının isə birinci instansiya məhkəməsindəki icraat dövründə qaytarıldığını, qalıq borcun 27000 ABŞ dolları təşkil etdiyini bildirir. Cavabdeh borca aldığı pulları tam olaraq qaytardığını bildirsə də, buna dair hər hansı bir sübutunu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin tərəflər arasında tərtib olunmuş yazılı qəbzləri yazılı müqavilə kimi qəbul edərək, tərəflər arasında formalaşan münasibətlərin borc müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirərək, mübahisyə hüquqi qiymət verən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli e-2-2(121)-932/2024 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-185/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-185/2024
30.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver