Məhkəmə qərarları › İş №2-2(106)-187/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-187/2024

24.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-187/2024 24.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: nisyə alqı-satqı üzrə pul tələbi, sübut edilmir. X13 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2-2(121)-481/2024 saylı (hakim Zaur Abbasov) qətnaməsindən İddiaçı Urşad qızı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9718 (doqquz min yeddi yüz on səkkiz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Masallı rayonunun Qodman kəndində qeydiyyatda olmaqla orada yaşayır. 1987-ci ildə həmkəndlisi Ramiz Əliyev ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə Fəqan və Fərman adlı iki oğlan övladları dünyaya gəlmişdir. Həyat yoldaşı Ramiz 1996-cı il tarixdə 32 yaşında zəhərlənmədən vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra azyaşlı övladlarını boya başa çatdırmaq üçün hər cür əzaba, zəhmətə qatlaşmalı olmuşdur. Bir tikə çörək əldə etmək üçün evlərə təmizliyə getmişr və kənd əhalisindən süd yığaraq süd toplanış məntəqələrinə vermişdir. İllərlə tədarük etdiyi südü əsas alıcı kimi "süd-pendir tədarükü sexi” olan Masallı rayonunun Ərkivan qəsəbə sakini Cavabdeh təhvil verib pulunu almışdır. Lakin bir müddət belə davam etdikdən sonra Cavabdeh təhvil verilmiş südün pulunun ödəməsini gecikdirməyə başlamışdır. Bir müddət belə davam etdiyindən iddiaçı cavabdehə müraciət edərək süd pulunun ödəniləmədiyini bildirərək, pulun ödənilməsini xahiş etmişdir. Cavabdeh əvvəlcə belə bir halın mümkün olmadığını bildirsə də, iddiaçının təkidlərindən sonra süd toplanışına dair "dəftərləri” təftiş edərək, həmçinin bu işə məsul olan işçiləri dindirərək tələbinin haqlı olduğuna qənaət gətirmiş və tezliklə məsələnin həll ediləcəyini söyləmişdir. Lakin ödəmələrin gecikdirilməsi davam etdiyindən və iddiaçı süd tədarük etdiyi insanlar qarşısında borclu vəziyyətinə düşdüyündən, məcburən yenidən cavabdehə müraciət etmişdir. Lakin, iddiaçı pulu almaq üçün hər dəfə ona müraciət etdikdə, o, işlərinin zəif olduğunu, yaxın zamanlarda daha yaxşı olacağını və iddiaçıya bütün ödəmələrini həyata keçirəcəyini bildirmiş, həmçinin süd gətirilməsinin davam etdirilməsini xahiş etmişdir. Yeganə qazanc yeri olduğu üçün, iddiaçı ödəmələrin ediləcəyi ümidi ilə çarəsizlikdən cavabdehlə əlaqəni kəsməyərək ona süd təhvilini davam etdirmişdir. Nəticədə cavabdehlə aralarındakı borcun məbləği 21702 (iyirmi bir min yeddi yüz iki) manatadək artmışdır. İddiaçının süd aldığı və borclu olduğu insanlar əvvəllər ona mərhəmətlə yanaşsalar da, sonradan hər kəs haqlı olaraq haqqını tələb etməyə başlamışdır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək yığılan borcu ödəməsini istəmişdir. Dəfələrlə müxtəlif insanlar, ağsaqqallar vasitəsilə ondan xahiş-minnət etmişdir. Nəticədə cavabdeh iddiaçının süd təhvilini davam etdirməsini, özünün isə borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. İddiaçı çarəsizlikdən onunla razılaşmış və Cavabdeh 22 may 2022-ci il tarixə kimi iddiaçıya olan borcunun boyük bir hissəsini kiçik məbləğlərdə, hissə-hissə ödəyərək, borcun məbləğini 9718 (doqquz min yeddi yüz on səkkiz) manatadək azaltmışdır. Lakin sonradan cavbadeh qalan pulu ödəyəcəyini bildirsə də, halhazıra kimi həmin pulu ödəməmişdir. Cavabdeh razılaşmadan yayındığı üçün, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehlə əməkdaşlıq etdikləri müddətdə ona təqribi 31000 manat dəyərində süd tədarük etdiyini, qarşılığında cavabdehin ona hissə-hissə olmaqla cəmi 21000 manat məbləğində ödəniş etdiyini, qalan məbləği ödəməkdən yayındığını, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş üzləşmə aktından məlumatının olmadığını, həmin aktın tərtib edilməsində özünün və övladlarının iştirak etmədiyini, aktdakı imzaların ona və övladı X8 aid olmadığını bildirdi və həmin məsələnin araşdırılması üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirak etdiyi məhkəmə iclaslarında iddianı qəbul etmədiklərini, iddiaçıya olan borcun tam şəkildə ödənildiyini, bu barədə tərəflər arasında üzləşmə aktının tərtib olunduğunu, həmin aktla da borcun tam ödənildiyinin təsbit olunduğunu bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirimiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq ekspert rəyi ilə razı olmadıqlarını, təkrar ekspertiza keçirilməsini xahiş etdiklərini, üzləşmə aktında olan imza onlara aid olmasa da, həmin aktın məzmunundan cavabdehin onlara borclu olduğunun müəyyən edildiyini, cavabdehin işçisinin onlara verilən südün miqdarı və məbləği barədə dəftərdə qeydlər apardığını, son olaraq xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən onlara 500 manat məbləğində pul verildiyini bildirdi və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, cavabdehin iddia tələbini qəbul etmədiyini, iddianın tamamı ilə əsassız və qanunsuz olduğunu, cavabdehin iddiaçıya heç bir borcunun olmadığını, iş materiallarına əlavə edilmiş ekspert rəyinin də bunu tam şəkildə sübuta yetirdiyini, iş üzrə şahid qismində dindirilmiş Fərman Əliyevin məhkəmə iclasında bilə-bilə yalan ifadə verdiyini bildirmiş və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini və X5 barəsində xüsusi qərar çıxarıb prokurorluğa göndərilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2-2(121)-481/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, e-2-2(121)-481/2024 saylı əlavə qətnaməsi ilə ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********1, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: İddiaçı X9 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin 22 avqust 2024cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Şirvan Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən yeganə maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci (Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”) istinad edərək mövqeyini əsaslandırmış, lakin bu zaman qeyd edilən maddi hüquq normasının hazırkı mübahisənin ədalətli və obyektiv həlli üçün nə kimi əhəmiyyət daşıdığını göstərməmiş, yalnız maddənin yazılı qeydini verməklə kifayətlənmişdir. Məhkəmənin, qətnamə qəbul edərkən, mübahisə üzrə təyin edilmiş xəttşünaslıq ekspertizasınım nəticəsi olan, ekspert rəyini əsas tutması və onun təkrar ekspertiza təyin edilməsi barədəki vəsatətinə tam obyektiv, hüquqi müstəvidə yanaşmaması, məhkəmənin ədalətli olmasını şübhə altına alır. Məhkəmə prosesi zamanı təyin edilmiş xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/803 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən “mülki işin 39-cu vərəqində olan xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı”ndakı“Ş.Həşimova” sözlərinin qarşısındakı imzanın və aktın aşağı hissəsində yazılmış “X15” sözlərinin və həmin sözlərin altındakı imzanın X11 tərəfindən icra olunduğu göstərilmişdir. Məhkəmə mübahisə üzrə araşdırma apararkən tərəflərin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarla bağlı mövqeyində ardıcıl olmamış, yalnız cavabdehin nümayəndəsinin, şahid qismində dindirilmiş, cavabdehin oğlu X2 göstərdiklərinə uyğun öz hüquqi mövqeyini formalaşdırmışdır. Cavabdehin nümayəndəsinin istinad etdiyi halları onun mövqeyini əsaslandıran qəti sübut kimi dəyərləndirən məhkəmə, onun arqumentlərindən də cavabdehin mövqeyini əsaslandırmaq üçün istifadə etmiş, bu zaman onun irəli sürdüyü və əsaslandığı dəlillərə mübahisənin yekun həllində mühüm əhəmiyyət kəsb etdiyindən birtərəfli deyil, obyektiv yanaşaraq ədalətli araşdırma aparmalı olduğu halda bunu etməmiş, natamam məhkəmə araşdırması və dəyərləndirmə apararaq yekun nəticəyə gəlmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdiyindən qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2004-cü il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə sahibkarlıq subyektləri kimi qeydiyyata alınmışlar. İş materiallarında olan Cavabdeh, X11 və Ş.Haşimi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli "Üzləşmə aktı”na əsasən, həmin aktla təsdiq edilir ki, xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək hissə-hissə olmaqla Cavabdeh tərəfindən İddiaçı ümumilikdə cəmi 10010 manat məbləğində pul ödənilib və borc tamamlandıqdan sonra tərəflərin keçmiş və gələcək dövrlər üçün bir-birinə heç bir iddiaları yoxdur. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, həmin məktubda cavabdeh tərəfindən təhvil verilmiş süd məhsuluna görə yaranmış 21.702 manat borcdan ödənilməmiş qalan 9718 manat borcun 3 gün müddətində iddiaçıya ödənilməsi tələb edilmişdir. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. X1 verdiyi ifadəsində atası Cavabdeh (cavabdeh) tərəfindən İddiaçı ümumilikdə cəmi 10000 manat pul verildiyini, üləşmə aktı tərtib olunarkən orada iştirak etdiyini, özünün də həmin aktı imzaladığını, iddiaçının oğlu X6 orada iştirak etdiyini və iddiaçı tərəfindən aktı imzaladığını bildirmişdir. X5 verdiyi ifadəsində üzləşmə aktını imzalamadığını, aktda ad, soyadı və ata adının onun tərəfindən yazılmadığını və imzanın da ona məxsus olmadığını bidirmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-481/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli, 4/803 nömrəli rəydə bildirilir ki, ekspertizaya təqdim edilmiş mülki işin 39-cu vərəqində olan xx.xx.2022-ci il tarixli Üzləşmə aktındakı "Ş.Həşimova” spzlərinin qarşısındakı imza, aktın aşağı hissəsində yazılmış "X15” sözləri və həmin sözlərin altındakı imza X11 tərəfindən icra olunmuşdur. Məhkəmə Kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçı şikayətində qeyd etdiyi halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, iddiaçı ümumi dəyəri 21702 və ya 31000 manat məbləğində süd məhsulunu cavabdehə təhvil verdiyini iddia etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı təhvil verdiyi məhsullara görə cavabdehin ödənilməmiş 9718 manat məbləğində borcunun qaldığına dair tələbini də heç bir mötəbər sübutla əsaslandıra bilmir. Cavabdeh isə işdə olan üzləşmə aktına əsasən iddiaçıya olan borcunu tam şəkildə ödədiyini sübut edə bilmişdir. Belə ki, həmin aktın məzmunundan göründüyü kimi, cavabdeh və iddiaçının oğlu X11 aktı imzalayaraq iddiaçıya cəmi 9510 manat pul verildiyini, borc qalığının 490 manat təşkil etdiyini təsdiq etmişlər. İddiaçının nümayəndəsi Nümayəndə isə məhkəmə iclasında son olaraq xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən onlara 500 manat məbləğində pul verildiyini bildirmişdir. Üzləşmə aktının mötəbərliyi iddiaçı tərəfindən mübahisələndirisə də, təyin edilmiş ekspertizanın nəticəsinə dair rəydə iddiaçının həmin tələbinin əsassız olduğu müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Həmin dəlillər iş üzrə mübahisələndirilən qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddia tələbində cavabdehdən cəmi 9718 manat borc tələb etmişdir. Göründüyü kimi iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi qanunvericiliyə əsasən nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2-2(121)-481/2024 saylı qətnaməsi İddiaçı Urşad qızının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar