Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-189/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X1 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 26 may 2025-ci il tarixli e-2-2(121)-50/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdehlərdən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 12866.15 manat əsas borc, 2308.02 manat faiz borcu, 283.06 manat cərimə olmaqla cəmi 15457.23 manat məbləğində borcun və 137 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhəliklərin icrasının təminatı olaraq Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin sazişlə zamin kimi öz üzərlərinə məsuliyyət götürmüşlər. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 26 may 2025-ci il tarixli e-2-2(121)-50/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12866.15 manat əsas borc, 1673.10 manat faiz borcu, 20 manat cərimə və ödənilmiş 137 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14696.25 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh4 apellyasiya şikayəti verərək tam ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarında göstərilən ekspert rəyindən məlum olur ki, məhkəmə maliyyə arayışı tarixinə qədər hesablanan faizləri qəbul etmişdir. Halbuki, məhkəmə maliyyə arayışına qədər vaxta hesablanan faizləri deyil, ilkin xəbərdarlıq (pretenziya) məktubuna qədər olan vaxta hesablanan faizləri əsas götürməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına istinad edərək məhkəmə qeyd edir ki, bankın pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olmuşdur. Həmin pretenziya məktubunda kreditor bank müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulmasını tələb etdiyindən, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Analoji işlə bağlı Ali Məhkəmənin 17 mart 2025-ci il tarixli, 2(106)-955/2025 saylı qərarı mövcuddur. Ona görə də borcun dəqiq müəyyən edilməsindən ötrü ekspertiza təyin olunmalı və ilk pretenziya məktubunun göndərildiyi vaxtadək hesablanmış borc məbləği təsdiqini tapmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, Şirvan Kommersiya Məhkəməsi həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutu vardır, iş materiallarındakı mövcud sübutlar tədqiq edilmədiyi üçün əldə edə bilmədiyi yeni sübutlar yoxdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bimldirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın isə təmin olunmamasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin əsas borc və faiz borcunun müəyyən olunan məbləğləri hissədə dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə qismən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. İddiaçı ASC ilə Cavabdeh4 və zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/77510/88/16 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh4 36 ay müddətinə, illik 24% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, MK/77510/88/16 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit ödənişinin son tarixi xx.xx.2025-ci il tarixi olaraq müəyyən edilmişdir və həmin tarixədək borc alan tərəfindən ümumilkdə cəmi 15000 manat əsas, 6193.42 manat faiz borcu olmaqla, cəmi 21193.42 manat məbləğində ödəniş edilməlidir. “Hesabdan çıxarış” və xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli, MK/77510/88/16 nömrəli kredit sazişinə əsasən 12866.15 manat məbləğində əsas borcunun, 2308.02 manat məbləğində faiz borcunun olması hesablanmışdır. İddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” bildirişlərin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/77510/88/16 nömrəli kredit sazişinə əsasən yaranmış 12866.15 manat məbləğində əsas, 1673.1 manat məbləğində faiz, 283.06 mnat cərimə borcunun dərhal ödənilməsi tələb olunmaqla yanaşı, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4890 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/77510/88/16 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2024-cü il tarixə (müqavilənin birtərəfli ləğv edildiyi tarix) əsas borc üzrə 12454.20 manat, faiz borcu üzrə 1387.35 manat, xx.xx.2024-cü il tarixə (Maliyyə arayışında göstətilən tarixə) əsas borc üzrə 12454,20 manat, faiz borcu üzrə 1993,45 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/9882 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/77510/88/16 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 12454.20 manat, faiz borcu üzrə 1387.35 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İddiaçı cavabdehlərə göndərdiyi bildirişlə bütün borcu geri tələb edərək müqaviləni birtərəfli qaydada ləğv etdiyini bəyan etmişdir. İşə baxan birinci instansiya məhkəməsi də məhz Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuşdur. İki dəfə təyin olunmuş mühasibatlıq ekspertizaları xx.xx.2024 tarixinə hesablanan əsas borcun qalığı və faiz borcunun məbləği barədə eyni rəylər versələr də, məhkəmə qətnaməsində həmin rəylərlə razılaşmadağını əsaslandırmadan rəylə müəyyən olunan əsas borc və hesablanan faiz məbləğini deyil, bildirişdə göstərilən məbləği tutmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən olunan əsas borcun qalığı və müqavilənin birtərəfli qaydada ləğv edildiyi tarixə hesablanan faiz borcu məbləği hissələrdə dəyişdirilərək, ekspert rəylərinə müvafiq olaraq ödənilməli olan əsas borcun qalığı 12454.20 manat, faiz borcunun məbləği isə 1387.35 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Borc alan həmçinin zaminliklə təmin olunmuş kredit öhdəliyini icra etmədiyindən zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borc alanla birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası ödənilməsi tələb edilən 283.06 məbləğində cərimə pulunu, bütün əsaslı mənafeləri nəzərə alaraq yüksək hesab edərək, tənasübsüz surətdə azaldıb 05 noyabr 2022-ci il tarixli kredit razılaşması üzrə 20 manat həddində müəyyən edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cı maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 26 may 2025-ci il tarixli e-2-2(121)-50/2025 saylı qətnaməsi 12866.15 manat əsas borc və 1673.10 manat faiz borcu və ümumilikdə tutulacaq məbləğin 14696.25 manat məbləğində müəyyən olunması hissələrdə dəyişdirilərək əsas borcun məbləği 12454.20 manat, faiz borcunun məbləği 1387.35 manat, ümumilikdə tutulacaq məbləğ isə 13998.55(on üç min doqquz yüz doxsan səkkiz manat 55 qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov
Məhkəmə qərarları › İş №2-2(106)-189/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-189/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver