Məhkəmə qərarları › İş №2-2(106)-190/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-190/2025

10.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-190/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iştirakı ilə, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Ərşadxan oğlu və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Ərşadxan oğlu və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiaları üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli e-2-2(121)-1319/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) iddiaçı və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək 52000 manat məbləğində dəymiş ziyanın və 246 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Şatıroba kəndində yerləşən "xxxx" MMC kənd təsərrüfatı əhəmiyyətli şirkətinin rəhbəri olmuş, həmin şirkətin balansında olan 3 ədəd fermada ümumilikdə 50000 ədəd toyuq saxlamışdır. 2019-cu ildən etibarən həmin fermada saxladığı toyuqların yemini “X10”nun Cəlilabad filialının rəhbəri Dəyanət Bağırovdan almış, Dəyanətin tanışı Fariz adlı şəxsin vasitəsi ilə tanımışdır. Fariz Dəyanətin rəhbəri olduğu şirkətin işçisi olmuşdur. Həmin illər ərzində dəfələrlə Fariz və Dəyanətdən yemlər alıb pulunu vaxtı-vaxtında ödəmişdir. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin fevral-mart aylarında Dəyanətdən 135000 manat dəyərində toyuq yemi almış, 34000 manatını ödəmişdir. Həmin yemi toyuqlara verildikdən sonra toyuqların kütləvi ölümü başlamış, ona 52000 manat maddi ziyan dəymişdir. Bu barədə Dəyanətə və Farizə zəng edərək məlumat vermişdir. Onlar şirkətin baytarları ilə birlikdə fermaya gələrək toyuqlara baxıb getmişlər, lakin ona heç bir təzminat ödəməmişlər. Sonradan Dəyanətdən dəymiş ziyanın ödənilməsini tələb etdikdə, Dəyanət heç bir günahının olmadığını, bütün məsuliyyətin “X10”nun rəhbərliyinin üzərində olduğunu bildirmişdir. Bundan sonra “X10”nun rəhbəri Maşalla adlı şəxsi Dəyanətlə birlikdə Bakı şəhərinə çağırmış, Bakı şəhəri, Nərimanov rayonunda “Zoo Park”ın yaxınlığında restoranların birində görüşmüşlər. Həmin vaxt Maşalladan ziyanın ödənilməsini tələb etdikdə, Maşalla ona dəyən ziyanın hissə-hissə ödənilməsi məqsədi ilə bundan sonra alacağı yemləri 5 faiz ucuz qiymətə verəcəyinə söz vermişdir. Sonra Maşalladan bir dəfə təxminən 130000 manat dəyərində cücə yemi almış, lakin həmin yemdə də ziyan etdiyi üçün Maşallaya məlumat vermiş, Maşalla ona heç bir təzminat ödəməsə də o, Maşallaya olan borcunu qaytararaq, hazırda 65000 manat borcu qalmışdır. Bundan sonra Dəyanət ona zəng edərək 101000 manat borcunu istəmişdir. O da heç bir təzminat vermədiyi üçün Dəyanətə olan borcundan ona dəymiş 52000 manat ziyanı silib, yerdə qalan 49000 manat borcundan 35000 manatını qaytarmışdır. Hazırda onun Dəyanətə 14000 manat borcu qalmışdır. Lakin, Dəyanət ona zəng edərək 75000 manat borclu olduğunu bildirmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Məcburiyyət qarşısında qalıb dəymiş 52000 manat ziyanın ödənilməsi ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Ərşadxan oğlu və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələblərinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tam təmin edilməklə 75600 manat əsas borcun, 5670 manat gecikdirmə faizinin, 333 manat iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 640 manat vəsaitin, ümumilikdə 82243 manat məbləğində vəsaitin cavabdeh İddiaçı tutularaq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2la cavabdeh İddiaçı bir neçə dəfə şifahi nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilələrə əsasən satıcılar (iddiaçılar) razılaşdırılmış növdə və miqdarda toyuq yemini alıcı (cavabdeh) cavabdeh İddiaçı mülkiyyətinə ötürməyi, alıcı isə bunun müqabilində razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia ərizəsindən və ona əlavə kimi təqdim edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 14 dekabr 2024-cü il tarixli qərardan da göründüyü kimi İddiaçı da tərəflər arasında bir neçə dəfə toyuq yeminin satışına dair alqı-satqı müqaviləsi bağlandığını və 2023-cü ilin fevral ayında Cavabdeh1 və Cavabdeh2 135000 manat dəyərində toyuq yemi aldığını bildirir. İddiaçı toyuq yeminə görə qarşılıqlı iddiaçılara ödəməli olduğu 135000 manat vəsaitdən 24300 manat, 10000 manat, 25000 manat olmaqla ümumilikdə 59300 manat ödəmişdir. Nəticədə qarşılıqlı iddia üzrə cavabdehin iddiaçılara 75700 manat borcu qalmışdır. İddia ərizəsində İddiaçı ilkin iddia üzrə cavabdehlərə 34000 manatdan əlavə 35000 manat ödədiyini bildirsə də, bu məlumat həqiqəti əks etdirmir. Belə ki, 34300 manatdan (24300 azn + 10000 azn) əlavə 25000 manat ödəmiş və nəticədə 75700 manat borcu qalmışdır. İlkin iddia ərizəsində ziyanla bağlı qeyd edilənlər də, o cümlədən nəzərdə tutulan 52000 manat məbləğində vəsait də öz təsdiqini tapmır. Belə ki, əvvəla İddiaçı satılmış malın qüsuruna dair hər hansı sübut təqdim etməmiş, toyuqlarının kütləvi ölümünü, onların tələf olanlarının sayını, habelə toyuqların ölümü ilə alqı-satqı müqaviləsinin predmeti olan yem arasında səbəbli əlaqəni göstərə bilməmişdir. Tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlandığı üçün Mülki Məcəllənin alqı-satqı müqaviləsini tənzimləyən normaları münasibətə tətbiq edilməlidir. Alqı-satqı müqaviləsi sinallaqmatik, yəni hər iki tərəfə qarşılıqlı öhdəlik yükləyən müqavilə olduğuna görə hər bir tərəf öz öhdəliyinin icrası müqabilində hüququnu tələb edə bilər. Bu səbəbdən müqavilə üzrə satıcı qismində çıxış edən qarşılıqlı iddia üzrə iddiaçılar alıcı qismində çıxış edən cavabdehə təqdim etdikləri toyuq yeminin müqabilində sonuncudan ödənişi həyata keçirməsini istəməkdə haqlıdırlar. Satıcıların (Cavabdeh1 və Cavabdeh2) öz öhdəliklərini icra etməsi alıcının (İddiaçı) imzalayaraq satıcılara göndərdiyi iddia ərizəsi, pretenziyası, onlayn kargüzarlıq sistemindən göndərdiyi iddia ərizəsi, pretenziyası, habelə Şirvan Kommersiya Məhkəməsinə təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Həmin sənədlərə əsasən İddiaçı 2023-cü ilin fevral ayında 135000 manat məbləğində toyuq yemini qəbul etdiyini (Cavabdeh1 və Cavabdeh2 öhdəliklərini icra etdiklərini) bildirir. Göstərilən sənədlərdəki öhdəliyin icrasını təsdiq edən yazılar Mülki Məcəllənin 529.1-ci maddəsində qeyd edilən sənədə bərabər tutulmalıdır. Eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəliyin qismən, yəni ümumilikdə 59300 manat hissədə icra edildiyi də qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən təsdiq edilir. Buna baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh öhdəliyin icrası qismində ümumilikdə 69000 manat məbləğində vəsait ödədiyini iddia etsə də, qarşılıqlı iddia üzrə iddiaçılar bunu qəbul etmir və bu hal öz təsdiqini də tapmır. Digər tərəfdən qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia ərizəsində nisyə alqı-satqı müqaviləsi üzrə ona təhvil verilmiş toyuq yeminin qüsurlu olduğunu və ona 52000 manat məbləğində zərər dəydiyini iddia etsə də, qarşılıqlı iddia üzrə iddiaçılar bunu da qəbul etmir və bu hal da öz təsdiqini tapmır. Məlum olduğu kimi alqı-satqı müqaviləsi üzrə maldakı (toyuq yemi) qüsura dair alıcı tərəfindən iddia irəli sürüldüyü halda sübutetmə yükü alıcının, yəni ilkin iddia üzrə iddiaçının üzərindədir. İlk iddia ərizəsində İddiaçı Maşalla adlı şəxslə münasibətlərinə, yəni Maşalla adlı şəxsin İddiaçı dəyən ziyanın hissə-hissə ödənilməsi məqsədilə müəyyən vədlər verməsinə, ondan 130000 manat məbləğində cücə yemi almasına, daha sonra ona 65000 manat borcu qalmasına və s. iddialarına münasibətdə bildirilir ki, hər hansı üçüncü şəxsin qarşılıqlı iddia üzrə iddiaçılar adından vəd verməsi, təktərəfli iradə ifadəsi ilə hüquqlarını müdafiə etdiyi şəxslər üçün öhdəlik müəyyən etməsi mümkün deyildir və ilk iddia tələbinə aidiyyəti də yoxdur. Beləliklə tərəflərin etirafları ilə öz təsdiqini tapır: a) Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlə bir neçə dəfə şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış və 2023-cü ilin fevral ayında bağlanılmış müqavilə xaric öhdəliklər yerinə yetirilmişdir. b) 2023-cü ilin fevral ayında bağlanılmış şifahi alqı-satqı müqaviləsi üzrə qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən 135000 manat məbləğində toyuq yemi qarşılıqlı iddia üzrə cavabdehə təhvil verilmişdir. c) Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 59300 manat ödəniş həyata keçirilmiş, ancaq onun qarşılıqlı iddia üzrə iddiaçılara 75700 manat borcu qalmışdır. İlk iddia ərizəsində 59300 manatdan əlavə olaraq 9700 manat da ödənildiyinə dair iddia və malın qüsuru nəticəsində 52000 manat məbləğində zərər dəydiyinə dair iddia isə öz təsdiqini tapmamışdır. Mülki prosessual məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki prosessual hüququn “etirafın geri dönülməzliyi” prinsipinə əsasən tərəf etiraf etdiyi faktlardan yalnız təqdim etdiyi mötəbər sübutlarla geri dönə bilər. O cümlədən qarşılıqlı iddia üzrə cavabdehin etirafı yalnız onun hüquqları və öhdəlikləri ilə bağlı olmaqla qanuna uyğundur. Qarşılıqlı iddia üzrə cavabdeh 2023-cü ildə təhvil aldığı toyuq yeminin müqabilində ödənişləri gecikdirməkdədir. Ödəniş etməsi barədə ona dəfələrlə müraciətlər olsa da, ödənişləri etməkdən hələ də yayınmaqdadır. Bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçılar gecikdirməyə görə qanuni faizi də ondan tələb etməkdə haqlıdırlar. Qarşılıqlı iddia üzrə cavabdeh 2023-cü ilin fevral ayında təhvil aldığı toyuq yeminə görə ödəməli olduğu 75700 manat məbləği 2 ildir ki, ödəmir. 2023-cü ilin aprel ayından etibarən borc məbləği ondan tələb edildiyi üçün 1 il 6 ay gecikdirmə nəzərə alınmaqla 2023-cü il üçün 6 aylıq (75600 x 2,5 % = 1890 manat), 2024-cü il üçün isə 1 illik (75600 x 5 % = 3780 manat) olmaqla ümumilikdə 5670 manat məbləğində gecikdirmə faizi də tələb edilir. Qarşılıqlı iddianın məhkəməyə təqdim edilməsi üçün 333 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi X2 ilk iddianı müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş edərək ilk iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, borcun tam olaraq ödənilməsini və satın alınmış yemlərin toyuqların kütləvi tələf olmasına səbəb olmasını təsdiq edən müvafiq sübutları yoxdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Ərşadxan oğlu ilkin iddianı qəbul etməyərək rədd olunmasını, qarpşılıqlı iddianın isə təmin olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı satılan toyuq yemləri əslində Cavabdeh2 məxsusdur. Cavabdeh2 əvvəllər İddiaçı müxtəlif məbləqlərdə cücə yemi satmışdır. Lakin, Ceyhun həmin dövrdə Cavabdeh2 43000 manat borclu olduğu üçün Cavabdeh2 Ceyhuna cücə yemi satmağı dayandırmışdır. Bundan sonra Ceyhun atası ilə birlikdə ondan xahiş edərək Ceyhuna cücə yemi verməyini istəmişdir. O da, bunu Cavabdeh2 xahiş etmiş, Cavabdeh2 da onun xahişi ilə Ceyhuna yenidən nisiyə cücə yemi verməyə başlamışdır. Lakin İddiaçı satın aldığı toyuq yemlərinin pulunu tam olaraq ödəməmişdir. Nəticədə İddiaçı 135000 manat məbləğində borcu yaranmışdır. İddiaçı toyuq yeminə görə ödəməli olduğu 135000 manat borcdan 24300 manat, 10000 manat, 25000 manat olmaqla, ümumilikdə 59300 manat ödəmiş, hazırda onun 75700 manat borcu qalmışdır. Həmin toyuq yemlərinin satılmasını o, Cavabdeh2 xahiş etdiyindən, hesab edir ki, onun da İddiaçı toyuq yemlərinin pulunu tələb etməyə haqqı çatır. Satılan toyuq yemləri şifahi alqı-satqı müqavilələri əsasında satılmışdır və həmin yemlər Cavabdeh2 mülkiyyətində olmuş, “X10”na məxsus olmamışdır. İddiaçı satın aldığı toyuq yeminə görə ödəməli olduğu tarixdən 1 il keçmişdir. Belə ki, İddiaçı satın aldığı toyuq yemlərinin pulunu 2024-cü ilin yanvar ayına kimi ödəməli idi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 qarşılıqlı iddianı müdafiə edib yuxarıda şərh olunan məzmunu ila oxşar məzmunda izahat verərək təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli e-2-2(121)-1319/2025 saylı saylı qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qimsən təmin olunaraq, İddiaçı 75600 manat məbləğində əsas borc, 3780 manat illik 5% ilə hesablanan gecikdirmə faizi olmaqla cəmi 79380 (yetmiş doqquz min üç yüz səksən) manat məbləğində borcun və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat (üç yüz iyirmi) manat xərcin tutularaq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin olunmaması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı deyil. Məhkəmə daha sonra qeyd edib ki, “məhkəmə ilkin iddianı, həmçinin Cavabdeh2 münasibətdə də, əsaslı hesab etmir. Çünki İddiaçı, məhz Cavabdeh2 satın aldığı toyuq yemlərinə görə toyuqların kütləvi tələf olması ilə əlaqədar 52000 manat maddi ziyan dəyməsi hər hansı mötəbər sübutla təsdiq olunmur. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq həmçinin hesab edir ki, İddiaçı borcundan 34000 manat ödədiyini bildirməklə, borcunu etiraf etməklə yanaşı, dolayısıyla satın aldığı toyuq yemlərinin ona məxsus toyuqların kütləvi tələf olmasına səbəb olduğuna dair irəli sürdüyü dəlili inkar etmişdir”. Halbuki, ilkin iddiaçıya məxsus MMC-nin balansında olan toyuq fermasında toyuqların tələf olması mübahisələndirlən qərarda istinad edilən Masallı Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, poils kapitanı Xalid Qurbanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda da əskini tapıb. Eyni zamanda, ilkin iddiaçıya məxsus MMC-nin fəaliyyətinin dayandırmasının əsas səbəbi də məhz ona dəymiş əhəmiyyətli zərər olmuşdur. Məhkəmənin “...İddiaçı borcundan 34000 manat ödədiyini bildirməklə, borcunu etiraf etməklə yanaşı, dolayısıyla satın aldığı toyuq yemlərinin ona məxsus toyuqların kütləvi tələf olmasına səbəb olduğuna dair irəli sürdüyü dəlili inkar etmişdir” nəticəsinə hansı qiymətləndirmə əsasında gəldiyi isə ümumiyyətlə anlaşılmazdır. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, məhkəmə qeyd edib ki, “İddiaçı ilə Cavabdeh2 arasında şifahi formada bağlanmış etibarlı alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğu və İddiaçı 135000 manat dəyərində toyuq yemlərinin alması, işin müəyyən edilən hallarından, eləcə də ilkin iddia ərizəsindən müəyyən olunur. Nəzərə alınmalıdır ki, İddiaçı iddia ərizəsində toyuq yemlərini Cavabdeh1 aldığını göstərsə də, sonuncu həmin toyuq yemlərinin Cavabdeh2 məxsus olduğunu və onun xahişi ilə Cavabdeh2 tərəfindən satıldığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı 135000 manat dəyərində toyuq yemlərinin alması, onun özü tərəfindən də inkar olunmadığından, Cavabdeh2 tərəfindən ona 135000 manat dəyərində toyuq yemlərinin satılması işin araşdırılan halları ilə öz təsdiqini tapır”. Halbuki, əvvəla həmin borc məbləği 135000 manat yox, 104000 manat olub. Belə ki, ilkin iddia üzrə cavabdehlərlə ilkin iddiaçının işgüzar münasibətləri pozulan vaxt borc məbləği 104000 manat təşkil edib. İkincisi, həmin borc məbləği Cavabdeh2 yox, Dəyanət Bağırova olub. Fariz isə Dəyanətin işçisi olub. Digər tərəfdən, ilkin iddiaçı həmin borc məbləğinin 25000 manatını KİA markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil kimi verib, bir dəfə isə 10000 manatı əlbəəl Dəyanətə verib. Belə olan halda isə onun cəmi 69000 (altmış doqquz min) manat borcu qalır (104000-25000-10000=69000). Mübahisələndirilən qətnamədə “toyuq yemlərinə görə, İddiaçı məxsus toyuqların kütləvi tələf olması ilə əlaqədar ona 52000 manat maddi ziyan dəyməsi hər hansı mötəbər sübutla təsdiq olunmadığı” qeyd edilsə də, qarşılıqlı iddia üzrə iddiaçıların tələb etdiyi 75700 manat borcun təsdiq edildiyi bildirilir, ancaq həmin məbləğin hansı sübutlarla təsdiq olunduğuna aydınlıq gətirilmir. İlkin iddia üzrə iddiaçı borcunun olduğunu etiraf etsə də, həmin məbləğin şişirdilmiş olmasını qəbul etmir və bununla bağlı kommersiya mübahisəsinin materiallarında hər hansı sübut növü də yoxdur. Mübahisləndirlən qətanamədə 3780 manat gecikdirmə faizi hesablansa da, ilkin iddiaçının satın aldığı toyuq yemlərinin pulunu bir il ərzində - 2024-cü ilin yanvar ayına kimi ödəməli olduğunun hansı sübutlarla təsdiq edildiyi də məlum deyil. Qətnamə qanunsuz və əsassızdır və ləğv edilməli, ilkin iddia təmin edilməli, qarşıqılı iddia isə rədd edilməlidir. Hazırkı işdə isə Şirvan Kommersiya Məhkəməsi hansı səbələrdən ilkin iddiaçının dəlillərinin qəbuledilməz olduğunu, cavabdeh tərəfin dəlillərinin isə inandırıcı olduğunu əsaslandırmayıb. Mübahisələndirilən qətnamədə ilkin iddiaçının ona dəymiş maddi zərərlə bağlı göstərdikləri rədd edilsə də, borcla bağlı etirafları inandırıcı qəbul edilib. Ancaq məhkəmə bu fərqli yanaşmanın səbəblərini göstərə və bir hissəsinin təsdiq, digər hissəsinin isə rədd edilməsini şərh edə bilməyib. Eləcə də birinci instansiya məhkəməsi Cavabdeh1 və Cavabdeh2 izahatlarına da eyni fərqli münasibəti göstərib. Hər iki şəxsin ilkin iddaçıya vurulmuş zərərlə bağlı dediklərinə heç bir qiymət verməsə də, toyuq yeminin Cavabdeh2 tərəfindən İddiaçı satıldığı nəticəsinə gəlib, ancaq ilkin iddiaçının KİA markalı avtomobili Dəyanətin oğlunun adına sənədləşdiriməsinin və 10000 manat pulu əlbəəl ona verməsinin səbəblərinə toxunmayıb. Birinci instansiya məhkəməsi göstərilənləri iş materiallarında olan digər sübutlar əsasında qiymətləndirməyib və heç bir qanuni əsas olmadan izahatlara selektiv yanaşıb, səbəbini göstərmədən bir hissəsinə inam, digər hissəsinə isə şübhə ifadə edib. Eyni fikri ilkin iddiaçının borc məbləği ilə bağlı bildirmək olar. Bu səbəbdən də iddiaçı üçün birinci instansiyası məhkəməsi tərəfindən ilkin iddia üzrə cavabdehlərin dəlillərinin daha etibarlı olduğunun səbəbləri aydın deyil və o, bu qətnaməni səmərəli mübahisələndirmək imkanından məhrum olub. Şirvan Kommersiya Məhkəməsi qəbul etdiyi qətanaməni əsaslandırmamaqla mübahisəni obyektiv araşdırmadığını nümayiş etdirib və Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması kriteriyalarına cavab verməyib. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 teleqram vuraraq məhşkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, iştirak edə bilməməsinin üzürlü səbəblərə söykənməsinə dair sübut verməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və Cavabdeh1 üzürlü səbəblərini bildirmədən məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommerisya işi üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı və cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, ilkin iddanın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından hər iki tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə aşağıdakılar müəyyən olunmuşdur: Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə VÖEN: ********** verilmişdir. “Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh1 Ərşadxan oğluna xx.xx.2005-ci il tarixdə VÖEN: ********** verilmişdir. “Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə VÖEN: ********** verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, poils kapitanı Xalid Qurbanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə borclu olduğu Dəyanət Bağırovun yanında olan 2 nəfər tanımadığı şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində "Grand" çay evinin qarşısında onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. İddiaçı müraciəti əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığından, tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan həmçinin görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Masallı rayonu, Şatıroba kəndində yerləşən "xxxx" MMC kənd təsərrüfatı əhəmiyyətli şirkətinin rəhbəri olmuşdur. O, həmin şirkətin balansında olan 3 ədəd fermada ümumilikdə 50000 (əlli min) ədəd toyuq saxlayırmış. 2019-cu ildən etibarən o, həmin fermada saxladığı toyuqların yemini "X10" nun Cəlilabad filialının rəhbəri Dəyanət Bağırovdan alırmış. O, Dəyanəti tanışı Fariz adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, Fariz Dəyanətin rəhbəri olduğu şirkətin işcisi olmuşdur. Həmin illər ərzində o dəfələrlə Fariz və Dəyanətdən yemlər almış və pulunu vaxtı-vaxtında ödəmişdir. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin fevral-mart aylarında o, Dəyanətdən 135000 manat dəyərində toyuq yemi almış və 34000 manatını ödəmişdir. O, həmin yemi toyuqlara verdikdən sonra toyuqları kütləvi ölməyə başlamış və ona 52000 (əlli iki min) manat maddi ziyan dəymişdir. O da bu barədə Dəyanətə və Farizə zəng edərək məlumat vermişdir. Onlar şirkətin baytarları ilə birlikdə fermaya gələrək toyuqlara baxıb gediblər. Lakin ona heç bir təzminat verməyiblər. Sonradan o, Dəyanətdən dəymiş ziyanın ödənilməsini tələb etdikdə, Dəyanət heç bir günahinin olmadığını, bütün məsuliyyətin X9 rəhbərliyinin üzərində olduğunu bildirmişdir. Bundan sonra o, X9 rəhbəri Maşalla adlı şəxsi Dəyanətlə birlikdə Bakı şəhərinə çağırmışdır. Onlar Bakı şəhəri, Nərimanov rayonunda "Zoo Park" in yaxınlığında restoranların birində görüşmüşdür. Həmin vaxt o, Maşalladan ziyanın ödənilməsini tələb etdikdə Maşalla ona ziyanın hissə-hissə ödənilməsi məqsədi ilə bundan sonra alacağı yemləri 5 faiz ucuz qiymətə verəcəyinə söz vermişdir. Sonra o, Maşalladan bir dəfə təxminən 130000 manat dəyərində cücə yemi almışdır. Lakin, həmin yemdə də ziyan etdiyi üçün Maşallaya məlumat vermişdir. Maşalla ona heç bir təzminat ödəməsə də o, Maşallaya olan borcunu qaytarmışdır və hazırda 65000 manat borclu qalmışdır. Bundan sonra Dəyanət ona zəng edərək, 101000 manat borcunu istəmişdir. O da ona heç bir təzminat verilmədiyi üçün Dəyanətə olan borcundan 52000 manat silmiş və yerdə qalan 49000 manat borcdan 35000 manatını qaytarmışdır. Hazırda onun Dəyanətə 14000 manat borcu qalmışdır. Lakin,Dəyanət ona zəng edərək, 75000 manat borclu olduğunu bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan həmçinin görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı 2019-cu ildən etibarən tanıyır. Ceyhun "xxxx" MMC kənd təsərrüfatı əhəmiyyətli şirkətinin rəhbəri olmuşdur. O, 2019-cu ildən etibarən İddiaçı müxtəlif məbləqlərdə cücə yemi satmışdır. Lakin Ceyhun sonradan ona 43000 manat borclu olduğu üçün o, Ceyhuna cücə yemi satmağı dayandırmışdır. Bundan sonra Ceyhun atası ilə birlikdə onun obyektini icarəyə götürdüyü Dəyanət adlı şəxsdən xahiş edərək ona cücə yemi verməyini istəmişdir. O da Dəyanətin razılığı ilə Ceyhuna yenidən nisiyə cücə yemi verməyə başlamışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin fevral-mart aylarında Ceyhun ondan 135000 manat dəyərində toyuq yemi almışdır və həmin borcun bir qismini ödədikdən sonra 110700 manat borclu qalmışdır. Sonradan Ceyhun onunla əlaqə saxlayaraq ondan aldığı cücə yeminin təsirindən cücələrinin ölməsini və ona maddi ziyan dəyməsini bildirmişdir. Həmin vaxt o, Ceyhuna yemin keyfiyyatınə cavabdeh olmadığını bildirərək, bu barədə X7 rəhbərliyinə müraciət eməsini bildirmişdir. Sonradan Ceyhuna zəng edərək borcunu istədikdə Ceyhun həmin borcundan KİA markalı **-RV-*** d.q.n-lı avtomobili 250000 manata hesablayaraq ona olan borcundan silməklə Dəyanətin oğlunun adına sənətləşdirmişdir. xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri, Yasamal rayonunda Dəyanətlə görüşərək əlbəəl 10000 manat pulu Dəyanətə vermişdir. Bundan sonra Ceyhunun ona 75700 manat borcu qalmışdır. Lakin həmin müddətdən etibarən onlar neçə dəfə Ceyhuna zənglər edərək borcularını istəsələr də Ceyhun onların zənglərinə cavab vermədiyi üçün xx.xx.2024-cü il tarixdə onunla birlikdə işləyən Tural Haqverdiyev ***-***-**-** saylı mobil nömrəsindən Ceyhuna zəng etmişdir. Ceyhun həmin zəngə cavab verdikdə Tural ona Dəyanətin və onun zənglərini hansı səbəbdən açmadığını bildirmişdir. Bundan sonra Ceyhun telefonu söndürmüşdür. Bir neçə dəqiqədən sonra X6 adlı şəxsin mobil nömrəsindən zəng edərək, Masallı rayonunda olduqlarını bildirmiş və məsələni danışmaq üçün onları Masallı rayonuna dəvət etmişdir. Təxminən 2 saat sonra o, Tural və Dəyanətlə birlikdə Masallı rayonunda yerləşən "Grand" çay evinin qarşısında Ceyhunla görüşmüşdür. Təxminən 2 saata yaxın müddətdə çayxanada oturub söhbət etdikdən sonra birlikdə çay evinin qarşısına düşmüşdür. Yekunda Elgün onlara yaxın günlərdə Bakı şəhərinə gələcəyini və Ceyhunun atası ilə söhbət edərək 75700 manat pulu Ceyhunun atasından alaraq qaytaracağını bildirmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyanın ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışdır. ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 246 manat dövlət rüsumu ödənilmişdir. **********64 nömrəli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 333 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025 tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən vəkil tərəfindən göstərilən hüquqi yardıma görə "QANUNÇULUQ" Vəkil Bürosunun hesabına 320 manat ödəniş edilmişdir. xx.xx.2025 tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən vəkil tərəfindən göstərilən hüquqi yardıma görə "QANUNÇULUQ" Vəkil Bürosunun hesabına 320 manat ödəniş edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdanalmazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, qarşılıqlı iddia üzrə cavabdeh fiziki şəxs olaraq qarşılıqlı iddia üzrə iddiaçı ilə bağlamış olduğu şifahi alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən, qarşılıqlı iddia üzrə iddiaçı satdığı malın dəyərinin ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, ilk idda üzrə iddiaçı birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsində, cavabdehlərə göndərdiyi pretenziyasında, bundan əvvəl isə polisdə aparılan araşdırmalar zamanı verdiyi izahatında 2023-cü ilin fevral ayında 135000 manat məbləğində toyuq yemini qəbul etdiyini bildirmişdir. Alınan yemin dəyərinin tam olaraq ödənilməməsi də ilkin iddia ərizəsi ilə təsdiq olunur, belə ki, iddiaçı aldığı yem məhsuluna görə 101000 manat borcunun qaldığını, məhv olan toyuqalara görə təzminat verilmədiyi üçün borcundan 52000 manat ziyanı silib, yerdə qalan 49000 manat borcundan 35000 manatını qaytardığını, 14000 manat borcunun qaldığını bildirir. Bu zaman nə tyuqların ölümünə, buna səbəb satılan yemin olmasına, ölmüş toyuqların sayına, səbəbli əlaqənin mövcudluğuna, həmçinin sonradan 35000 manat məbləğində ödəniş etməsinə dair sübut vermir. Halbuki mülki prosesdə hər bir tərəf istinad etdiyi halı sübut etməlidir və alqı-satqı müqaviləsi üzrə maldakı qüsura dair alıcı tərəfindən iddia irəli sürüldüyü halda sübutetmə yükü alıcının, yəni ilkin iddia üzrə iddiaçının üzərindədir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəliyin qismən, yəni ümumilikdə 59300 manat hissədə icra edildiyi də qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən təsdiq edilir. Belə olan halda isə alınan yem məhsuluna görə ödənilməmiş qalıq borc (135000-59300=75700) 75700 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 449cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi ilə müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli qərarında formalaşan hüquqi mövşeyə görə hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli qərarında isə borc müqaviləsinin predmetini təşkil edən pulun inflyasiyaya məruz qalmasının zərər anlayışı ilə əhatə olunub-olunmamasını müəyyənləşdirmək üçün zərər və inflyasiya anlayışlarının mahiyyəti aşağıdakı kimi açılmışdır: Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı. Mülki Məcəllənin 21.2-ci maddəsinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi müddəası digər real zərərlərdə olduğu kimi gecikdirmə müddəti ərzində pulun dəyərinin azalması şəklində ifadə olunan zərər anlayışını da özündə ehtiva edir. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşan hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının alqı-satqı müqaviləsindən irəli gələn və cavabdehin 2024-cü ilin yanvar ayına kimi ödəməli olduğu 75600 manat məbləğində borca iddia ərizəsinin məhkəməyə daxil olduğu 2025-ci ilin fevral ayına kimi keçən 1 il müddət üçün illik 5% ilə hesablanan gecikdirmə faizinə görə tələbi 3780 manat (75600 manat x 5%) hissədə əsaslı olmuşdur. Belə ki, öhdəliyin lazımınca icra edilməməsi və bunun nəticəsində iddiaçının zərərə məruz qalması işin hallarından aşkar görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmamasından ibarət apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli e-2-2(121)-1319/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar