Məhkəmə qərarları › İş №2-2(106)-195/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-195/2024

23.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-195/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mahir Abdulla oğlu Əsədli və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kapital qoyuluşuna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(121)-2996/2024 saylı qərardadından (hakim Zaur Abbasov) iddiaçı "Vətən-2022” MMC tərəfindən verilmiş şikayətə baxaraq, kollegiya müəyyənetdi: İddiaçı "Vətən-2022” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı "kapital qoyuluşuna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçənin kəsişdiyi ərazidə çoxmənsilli yaşayış binasının tikintisi üçün Cavabdeh tərəfindən qoyulmuş 460335 manat pul vəsaitindən qalan 72835 manat pul vəsaitinin Cavabdeh ödənilməsi ilə onun həmin binaya kapital qoyuluşuna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(121)- 2996/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kapital qoyuluşuna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənilmiş 309 manat məbləğində dövlət rüsumunun (Mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılması qət edilmişdir. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, İddiaçı MMC-nin Cavabdeh qarşı “kapital qoyuluşuna xitam verilməsi” tələbinə dair verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Şirvan Kommersiya Məhkəməsinin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin “cavabdehin təsisçi payından azad edilməsi” tələbi ilə “binaya kapital qoyuluşuna xitam verilməsi” tələbinin mahiyyətinin eyni olmasını deməsi qəbul edilməzdir. Təsisçi payından azad edilmə şirkətlə birbaşa əlaqəsinə xitam verilməni özündə əks etdirir. Şirkətin tikdiyi bir binaya kapital qoyuluşuna xitam verilməsi isə şirkətlə əlaqəyə xitam verilməni deyil, şirkətin yalnız bir layihəsi ilə əlaqəsinə xitam verilməni özündə əks etdirir. Məhkəmənin iki aydın tələbi bir-birindən fərqləndirə bilməməsi başa düşülən deyil. Digər tərəfdən iddia ərizəsində qeyd edildiyi kimi, Cavabdeh rəsmi olaraq şirkətin bank hesabına köçürmə yolu ilə 332600 manat, nağd şəkildə isə 127735 manat pul ödəmişdir. Sonra həmin vəsaitdən şəxsi ehtiyacları üçün 4000 manat, 500 manat və 5000 manat olmaqla, 9500 manat pul vəsaitini qoyduğu kapitaldan götürmüşdür. Daha sonra Cavabdeh tikintisi davam edən çoxmənzilli yaşayış binasından 315 kv.m sahəsi olan 4 ədəd mənzili hər kv.m 1200 manatdan sataraq, satışdan əldə olunan ümumilikdə 378000 manat pul vəsaitini şirkətin hesabına ödəməmiş, özünə götürmüşdür. Bu hallar Suraxanı RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında öz əksini tapmışdır. Göründüyü kimi, Cavabdeh Cəmiyyətin manefini düşünmür, Cəmiyyətdə payı olan digər şəxslərin maddi resurslarından istifadə edərək mənfəət əldə etmək məqsədi güdür. Bununla da digər payçılar olaraq iddiaçıların hüquqlarını pozur. Məhkəmə qərardadda qeyd edir ki, qeyd olunan tələb mahiyyət etibarı ilə məhdud məsuliyyətli cəmiyyətin korporativ idarəetməsi ilə bağlı olan, cəmiyyətin nizamnamə kapitalının azaldılması ilə nəticələnə bilən və cəmiyyətin ali idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid hesab edilə bilən tələbdir. Bu tələb cəmiyyətin korporativ idarəetməsi ilə bağlı olan tələb olsa da, əgər cəmiyyət daxilində hər hansı hüquq pozuntusu baş verərsə, onda bu mübahisə məhkəmə müstəvisində öz həllini tapmalıdır. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, e- 2-2(121)-2996/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 23 oktyabr 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(121)- 2996/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini iddianı iddianın yolverilməzliyinə görə geri qaytarmışdır. Məhkəmə qeyd edmişdir ki, iddiaçılar X4 və X6 Cavabdeh qarşı "cavabdehin təsisçi payından azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçənin kəsişdiyi ərazidə çoxmənsilli yaşayış binasının tikintisi üçün Cavabdeh tərəfindən qoyulmuş 460335 manat pul vəsaitindən qalan 72835 manat pul vəsaitinin Cavabdeh ödənilməsi ilə onun təsis payından azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2867/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələb yuxarıda göstərilən tələblə mahiyyət etibarı ilə eyni tələb olmaqla yanaşı, əlavə olaraq aydın olmayan tələbdir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hər hansı bir leqal sahibkarlıq fəaliyyətinə kapital qoyuluşunu həyata keçirməsi və ya bundan imtina etməsi tamamilə könüllülük prinsipləri əsasında həyata keçirilən fəaliyyətdir və şəxsi belə bir fəaliyyətə məcbur etmək və ya bu fəaliyyətinə dövlət məcburiyyət tədbirləri vasitəsi ilə (o cümlədən məhkəmə qərarı ilə) xitam vermək yolverilməzdir. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsində qaldırılan tələb məhkəmə qaydasında baxıla bilməz. Belə ki, qeyd olunan tələb mahiyyət etibarı ilə məhdud məsuliyyətli cəmiyyətin korporativ idarəetməsi ilə bağlı olan, cəmiyyətin nizamnamə kapitalının azaldılması ilə nəticələnə bilən və cəmiyyətin ali idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid hesab edilə bilən tələbdir. Qərardadı iddiaçı tərəf mübahisələndirir və qərardadı əsassız hesab edir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 90.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. 90.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə yol verilmir. 90.5-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. 90.8-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. 91.2-ci maddəsinə əsasən, cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 91.3 və 91.3.1-ci maddələrinə əsasən, cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 93.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2-ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 93.3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 93.4-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur. 95-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. 96.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Beləliklə, yuxarıda şərh olunanları və sadalanan maddi hüquq hormalarının tələblərini nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, ərizə məhkəmə qaydasında baxılması nəzərdə tutulan tələbə aid olmadığına görə yolverilməzliyinə görə qəbulundən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Kollegiya hesab edir ki, hazırkı tələb yuxarıda göstərilən tələblə mahiyyət etibarı ilə eyni tələb olmaqla yanaşı, əlavə olaraq aydın olmayan tələbdir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hər hansı bir leqal sahibkarlıq fəaliyyətinə kapital qoyuluşunu həyata keçirməsi və ya bundan imtina etməsi tamamilə könüllülük prinsipləri əsasında həyata keçirilən fəaliyyətdir və şəxsi belə bir fəaliyyətə məcbur etmək və ya bu fəaliyyətinə dövlət məcburiyyət tədbirləri vasitəsi ilə (o cümlədən məhkəmə qərarı ilə) xitam vermək yolverilməzdir. Kollegiya qeyd edir ki, iddia ərizəsində qaldırılan tələb məhkəmə qaydasında baxıla bilməz. Belə ki, qeyd olunan tələb mahiyyət etibarı ilə məhdud məsuliyyətli cəmiyyətin korporativ idarəetməsi ilə bağlı olan, cəmiyyətin nizamnamə kapitalının azaldılması ilə nəticələnə bilən və cəmiyyətin ali idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid hesab edilə bilən tələbdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı "Vətən-2022” MMC-nin şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(121)- 2996/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar