Məhkəmə qərarları › İş №2-2(106)-195/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-195/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-195/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 1 iyul 2025-ci il tarixli e-2-2(121)- 110/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 1 iyul 2025-ci il tarixli e-2-2(121)-110/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İş materiallarında əsasən qətnamə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 məxsus şəxsi elektron kabinetlərə 1 iyul 2025-ci il tarixdə saat 17:09-da yerləşdirilmişdir (işin 251-252-ci vərəqləri). 31 iyul 2025-ci il tarixdə Cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. 4 avqust 2025-ci il tarixdə isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsi yalnız Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq 4 avqust 2025-ci il tarixli müşaiətedici məktubla həmin apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır; 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. İş materiallarına əsasən qətnamədən İddiaçı ASC tərəfindən 4 avqust 2025-ci il tarixdə verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmadan apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə İddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmadan qətnamədən Cavabdeh1 tərəfindən 31 iyul 2025-ci il tarixdə verilmiş apellyasiya şikayətinə baxılması mümkün deyildir. Ona görə də, sonuncunun apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə, iş materialları qətnamədən İddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 360, 364, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin 1 iyul 2025-ci il tarixli e-2-2(121)-110/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları qətnamədən İddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın və nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər icra edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar