Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-196/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehlərdən Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 30 iyun 2025-ci il tarixli e-2- 2(121)-392/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 9564,75 manat əsas borc, 1244,1 manat faiz borcu, 734,97 manat cərimə olmaqla cəmi 11543,82 manat məbləğində borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini azaldaraq 9564,75 manat əsas borc, 277,37 manat faiz borcu olmaqla, cəmi 9842,12 manat məbləğində borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh1 və Cavabdeh3 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 30 iyun 2025-ci il tarixli e-2-2(121)-392/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 2732,17 manat əsas borc, 143,89 manat faiz borcu olmaqla cəmi 2876,06 manat kredit borcunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək dəyişdirilərək iddia tələbinin tam təmin olunması üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə araşdırması səthi aparılmış, iddiaçının işin halları ilə bağlı mövqeyi nəzərə alınmamış, işin obyektiv və ədalətli qaydada deyil, yalnız formal həllinə nail olunmuş, nəticədə hüquq və mənafelərinin pozulması ilə nəticələnən yekun akt qəbul edilmişdir. Göstərilən dəlillərə əsaslanaraq Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ciil tarixli, 2-2(121)- 392/2025 saylı qətnaməsində ifadə olunan mövqe ilə razılaşmırlar. Məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/1700 saylı rəyi ilə müəyyən edilən hallar və ekspertizanın aparılması zamanı təbiq edilən tədqiqat metodu iddiaçıda ciddi suallar doğurduğundan xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş əsaslandırılmış vəsatətlə iş üzrə rəy vermiş məsul ekspertin məhkəmə iclasına dəvət olunması xahiş olunmuşdur. Lakin ekspert məhkəmənin çağırışına məhəl qoymayaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olduğu təqdirdə təqdim edilmiş ekspert rəyində əks olunan, xx.xx.2025-ci il tarixli əsaslandırılmış vəsatətdə xüsusilə vurğulanmış ciddi pozuntuların aradan qaldırılması mümkün olmamış, birinci intansiya məhkəməsi yalnız işin formal həllinə nail olmaqla kifayətlənmiş, mübahisənin ədalətli həllinə yönələn prosessual imkanlarından istifadə etmək istiqamətində hərəkətsizlik nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində ekspert rəyinin “qeyd” hissəsində əks olunan Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına istinad edərək yekun rəyin sübutetmə mahiyyətini əsaslandırmışdır. Lakin həm ekspert, həm də məhkəmə bu göstərişlərin mahiyyətini düzgün tədqiq və tətbiq etməyərək tamamilə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 №-li qərarı ilə təsdiq edilən Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər yerli və beynəlxalq maliyyə institutlarının/təşkilatlarının maliyyə hesabatlarının elementlərini və hesabların xüsusiyyətlərini təsvir edir, habelə bank əməliyyatlarının bu hesablarda uçotuna dair metodoloji əsasları müəyyənləşdirir. Ekspert bank tərəfindən təqdim edilmiş cari və cərimə hesablarından çıxarışları tədqiq edərkən “2434” saylı hesabı gecikdirilmiş “rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları”, “7061” saylı hesabı “alınmış cərimələr, peniya, dəbbə pulu və s. məbləğlər – milli valyutada” kateqoriyasına aid etmiş, göstərilənlərə əsaslanaraq cərimə borcunun hesablanıb silinmədiyini bildirmişdir. Qeyd olunan kredit hesabı üzrə 2434 saylı formalaşmış, ümumilikdə 3 ədəd hesab mövcuddur: 1. 2434000MK4619526A83hesablanmış faiz borcları; 2. 2434000MK4619526A83L(LATE) – vaxtı keçmiş faiz borcları; 3. 2434000MK4619526A83P(PENALTY) – hesablanmış cərimə borcları. Ekspert təqdiqat üçün təqdim olunmuş 2434000MK4619526A83Psaylı peniya hesabına mədaxil olunmuş məbləğləri təyinat üzrə üzrə tamamilə yanlış nəticəyə gələrək 2434000MK4619526A83L hesabının təyinatına aid etməklə, ümumilikdə 5412.4 (beş min dörd yüz on iki manat qırx qəpik) manat vəsaiti əsassız olaraq ödəniş sayılmayan hesablararası əməliyyatlara aid etmişdir. Peniya hesabının, həmin hesaba mədaxil edilmiş vəsaitlərin mövcudluğu və göstərilənlərin ekspert tərəfindən müəyyən olunması konteksində sonda bu vəsaitlərinin cəmi həcminin əsas və faiz borclarına aid olunması kontradiksiya yaratmaqla ağlasığmazdır. Məhkəmə iddiaçının bu yöndə izahatını və mövqeyini ümumiyyətlə nəzərə almamış, qətnamədə qeyd olunan xüsusatlara münasibət bildirməmiş, ziddiyyətli rəyi tədqiq edilməsi yaxud rəyin əsaslılığının müəyyən olunması üçün ekspertin dəvət olunması üzrə təşəbbüs göstərməmiş, nəticədə həm istinad olunan normanın tələbləri, həm də iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə tərəfindən mülki işin həlli üçün əhəmiyyət kəsb edən hal və faktları düzgün müəyyən etməyən rəyin tədqiqat üsulları, əldə olunmuş nəticəyə gəlinməsinə səbəb olan hallar aydınlaşdırılmamış, iddiaçının qeyd olunanların müəyyən olunmasına yönələn müraciətləri və prosessual cəhdləri nəticəsiz qalmışdır. Mülki iş üzrə qətnamədə ifadə olunan hallar yalnız aşkar şəkildə qeyri-dəqiq, məhkəmənin gəldiyi nəticənin düzgün hesab edilə bilməsi baxımından etibarlılığı sual altında olan ekspert rəyi ilə əsalandırıldığından sübut edilməmiş hesab olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən tam ətraflı araşdırma aparıldığını, təyin olunmuş ekspertizanın rəyinə müvafiq qərar verildiyini bildirib apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər cavabdehlər məhkəmədə üzürlü səbəblər olmadan iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə həmin cavabdehlərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğvini, iddianın tam təminini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış MK/46195/83/26 saylı kredit sazişi əsasında cavabdehə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin Şirvan Filialından kredit müqaviləsinə əsasən 29999 manat məbləğində pul vəsaiti alınmışdır. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024cü il tarixinə qeyd edilən müqavilə üzrə 9564,75 manat məbləğində əsas, 1244,1 manat məbləğində faiz borcu və 734,97 manat cərimə borcu vardır. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024cü il tarixinə qeyd edilən müqavilə üzrə 9564,75 manat məbləğində əsas, 277,37 manat məbləğində faiz borcu olmaqla, cəmi 9842,12 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi (ləğv edilməsi) və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tartixli xəbərdarlıq məktubları (bildirişlər) göndərmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/1700 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli MK/46195/83/26 saylı kredit sazişinin şərtləri üzrə Cavabdeh2 banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 4578,74 manat, faiz borcu üzrə 259,46 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 4578,74 manat, faiz borcu üzrə 433,45 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2732,17 manat, faiz borcu üzrə 29,14 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 2732,17 manat, faiz borcu üzrə 143,89 manat təşkil edir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlardan “AZ03JBBK2434000MK4619526A83P” saylı hesabda cərimə faizlərinin silindiyi əks olunmuşdur. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “2434” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları”na, “7061” saylı hesabın isə “Alınmış cərimələr, peniya, dəbbə pulu və s. məbləğlər - milli valyutada” aid olduğu müəyyən edildi. Belə olduğu halda, xx.xx.2021-ci il tarixli, MK/46195/83/26 nömrəli kredit sazişi üzrə Cavabdeh2 cərimə borcu hesablanıb silinməmişdir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarında olan Cavabdeh1 birinci instansiya məhkəməsinə ünvanladığı ərizədən görünür ki, iddianı 2732,17 manat əsas borc və 143,89 manat faiz borcunun ondan tutulması hissədə qəbul edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İddiaçı cavabdehlərə göndərdiyi 26 avqust 2024-cü il tarixli bildirişlə bütün borcu geri tələb edərək müqaviləni birtərəfli qaydada ləğv etdiyini bəyan etmişdir. İşə baxan birinci instansiya məhkəməsi də məhz Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi tarixə, yəni 26 avqust 2024 tarixinə hesablanan borcun, sonradan edilən ödənişlər nəzərə alınmaqla ekspertizanın təyin olunduğu qərardadın tarixinə, yəni 12 fevral 2025-ci il tarixinə qalıq borcun müəyyən olunması süallarını qoymuş və verilən ekspert rəyinə uyğun əsas borc və faiz borcunun məbləğlərini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna, dəyişdirilə bilməz. Belə ki, iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına ala biləcək dəlillər müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın mübahisələndirilən hissədə qiyməti (9564,75+277,37=9842,12 ; 2732,17+143,89=2876,06 ; 9842,12-2876,06=6966,06) 6.966,06 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 may 2025-ci il tarixli e-2-2(121)-264/2025 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2-2(106)-196/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-196/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver