Məhkəmə qərarları › İş №2-2(106)-197/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-197/2025

16.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-197/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 3 iyul 2025-ci il tarixli e-2-2(121)-1477/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 22485 manat məbləğində borcun və 158 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, yaşadığı Ağcabədi rayonu Təzəkənd kəndində kənd təsərrüfatı bitkilərinə aid dərman və digər avadanlıqların satışı mağazası vardır. Cavabdehi tanıyır, onun həmkəndlisidir, münasibəti həmişə yaxşı olub və cavabdeh soğan əkib becərməklə məşğul olur. 2021-ci ilin fevral ayının əvvəllərindən başlayaraq 2022-ci ilin iyul ayının axırlarınadək cavabdeh onun mağazasından ayrı-ayrı vaxtlarda nisyə olaraq 22485 manat məbləğində toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar almış, pulunu isə məhsulu yığıb satandan sonra, yəni 2022-ci ilin son aylarında (noyabr-dekabr) ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh hər dəfə mağazadan toxum və ya digər avadanlıqlar götürdükdə mağazada nisyə dəftərində qeydiyyat aparılmışdır. Cavabdeh məhsulu becərib yığmış və məhsulu satandan sonra dəfələrlə ondan götürdüyü malların pulunu ödəməyi xahiş etmişdir. Lakin hər dəfə bir bəhanə gətirərək məhsulu satdığını, lakin ziyanlıq etdiyini, yəni çəkdiyi xərci götürə bilmədiyini bəhanə edərək, pulunun olmamasını və ona bir az möhlət verməyi xahiş edərək, yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Qonşuluğu nəzərə alıb bir müddət cavabdehi gözləmişdir. Lakin hazıradək cavabdeh borcunu ödəməmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Sonradan cavabdeh Bakı şəhərinə işləmək adı ilə getmişdir. Dəfələrlə telefon vastəsi ilə cavabdehdən borcunu ödəməyi xahiş və tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. 2024-cü ilin mart ayında onu hədələməsi ilə bağlı cavabdeh onun barəsində Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində izahat verərkən guya cavabdehə satılmış bitki dərmanının vaxtı keçdiyinə görə soğan məhsulunun məhv olmasını bildirmiş, ancaq cavabdeh hər dəfə ondan aldığı dərmanı aparılan araşdırma zamanı iddia ərizəsində göstərilən məbləğdə borcunun olmasını bir daha etiraf etmişdir. Ancaq yenə də borcunu ödəməmişdir. Ona görə də cavabdehdən borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin cavabdehin ondan nisyə olaraq soğan toxumu və digər zəruri avadanlıqları almasını həmin vaxtı mağazada satıcı işləyən X11, Cavabdeh qardaşı X5 və sonradan yaranmış mübahisənin şahidi olmuş çox saylı şahidlər təsdiq edə bilərlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iddianı müdafiə edib təmin olunmasını xahiş etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İzahatında həmçinin göstərmişdir ki, mallar nisyə satılarkən cavabdehə elektron qaimə-faktura göndərilməmiş, habelə mallar cavabdehə “malların təhvil-qəbul aktı” üzrə təqdim edilməmişdir. Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, cavabdeh 2018-2019-cu illərdə soğan əkmək üçün toxum, bəzi ləvazimatları iddiaçıdan götürmüşdür. Həmin məbləğin nə qədər olduğunu xatırlamır. Həmin məbləğdə pulu iddiaçının kartına köçürmüşdür. Uzun müddət keçdiyindən ödənişlə bağlı sənədləri təqdim edə bilmir. İddiaçıya borcu qalsaydı iddiaçı cavabdehin barəsində tədbir görülməsindən ötrü hüquq mühafizə orqanlarına idiyədək müraciət edərdi. Hesab edir ki, iddiaçı qərəzli olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı vaxtında məhkəməyə müraciət etsəydi, cavabdeh ödənişlərlə bağlı sübutlarını verərdi. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir, odur ki, iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş edir. Şirvan Kommersiya Məhkəməsinin 3 iyul 2025-ci il tarixli e-2-2(121)-1477/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 373.2-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında münasibətlər malların sonuncu dəfə alındığı vaxtda yəni 2021-ci ildə yaranmış və iddia müddətinin axımı həmin tarixdən başlamışdır. İş materiallarına əsasən iddiaçının mövcud iddia ərizəsi xx.xx.2025-ci il tarixdə, yəni 4 ildən sonra məhkəməyə verilmişdir. İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iddiaçının təqdim etdiyi malların nisyə satış dəftərlərindən çıxarışlardan və məhkəmədə şahid qismində dindirilmiş satıcı X8 izahatından da görsənir ki, cavabdehlə iddiaçının arasında 2022-ci il və sonrakı tarixlərdə də razılaşma ilə nisyə alver olmuş, iddiaçı cavabdehə öhdəliyini yerinə yetirmək üçün vaxt vermiş, aralarında nisyə satılmış pulunun verilməsi ilə bağlı heç bir mübahisə olmamışdır. Cavabdeh 2023-cü ilin son aylarından başlayaraq öhdəliyini icra etməkdən yayınmış, bundan sonra iddiaçı hüquqlarının pozulmasını yəni cavabdehin öhdəliyini ica etmədiyini bilmişdir. Ancaq həmin sübutlar məhkəmə tərəfindən görməzdən gəlinmiş və heç bir hüquqi qiymət verilməmişdir. İddiaçının məhkəmədə sübut kimi təqdim etdiyi Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Cavabdeh həmin tarixdə RPŞ-də verdiyi izahatında və bundan əlavə məhkəmədə iddiaçının təqdim etdiyi cavabdehlə 2023-cü və 2024-cü il tarixlərdə aralarında olan vatçap yazışmalarında cavabdeh borcunun olmasını etiraf etmişdir. Ancaq həmin sübutlar məhkəmə tərəfindən görməzdən gəlinmiş və heç bir hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi yalnız cavabdehin və iddiaçının Ağcabədi RPŞ-nin TB-də araşdırma zamanı verdikləri izahatlarda qeyd etdikləri tarixlərə əsaslanaraq iddia müddətinin bitməsi qənaətinə gəlmişdir. Ancaq tərəflərin arasında həmin müddətdən sonra da alışverişin olmasını, həmin müddətlər əsas götürüldükdə belə bitmədən cavabdeh tərəfindən borcun etiraf edilməsi kimi sübutlara qiymət verilməmiş və birtərəfli mövqe tutulmuş, izahatlar sübut kimi qəbul edilərək, əlavə heç bir dəlil, sübut olmadan qətnamə çıxarmışdır. Beləliklə birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir, maddi hüquq normasını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir tətəfli mövqe göstərmişdir. Məhkəmə iclasları zamanı iddiaçının təqdim ediyi sübutlara qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə həm mülki hüquqlarını, həm mülki prosessual hüquqlarını kobudcasına pozmaqla ədalətsiz və qanunlara söykənməyən qətnamədir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdeh almış olduğu malların dəyərini mövsümün sonunda, yəni 2021-ci ilin dekabrında ödəməli idi. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası təfərlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı həm yeznəsidir, həm də o, iddiaçının Ağcabədi rayonu, Ş.Təzəkənd kəndində yerləşən mağazasında satıcı vəzifəsində işləmişdir. xx.xx.2016-ci il tarixdən uzun müddət onunla birlikdə işləmişdir. Hazırda “Omar atçılıq”da “çapar” vəzifəsində işləyir. Cavabdeh uşaqlıqdan tanıyır. Hazırki işlə əlaqdar isə 2016-cı ildən münasibətləri daha yaxın olmuşdur. Belə ki, Cavabdeh müxtəlif vaxtlarda ondan 22485 manat dəyərində nisyə boru, toxum, dərman və s. almışdır. Lakin hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Halbuki sezon sonunda, 2022-ci ilin payız ayında pulu tam şəkildə ödəməli idi. Sonuncu dəfə isə 2023-ci ildə şərikli soğan əkən zaman nisyə mal almışdır. Mallar nisyə satılarkən cavabdehə elektron qaimə-faktura göndərilməmiş, həmçinin mallar cavabdehə “malların təhvil-qəbul aktı” üzrə təqdim edilməmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar məyyən olunmuşdur: Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Cavabdeh və X2 müraciətləri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə Nazim ondan 22485 manatlıq təsərrüfata aid olan toxum, rezin borular, dərmanlar və s. avadanlıqlar almış və ziyanlıq etdiyini bəhanə gətirərək indiyə qədər ödəməmişdir. 2023-cü ildə Ağcabədi rayonu, Şənlik kənd sakini X4 tanışı vasitəsi ilə tanımışdır. Elmidar Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində müvəqqəti istifadə üçün torpaq sahəsi götürüb soğan əkəcəyini bildirmişdir. Elmidar ondan sadəcə 1000 manatlıq toxumu nəğd ödəniş edib almışdır. Daha sonra isə yenə Elmidar ondan 9661 manatlıq toxum, rezin borular, dərmanları nisyə alıb, soğanı çıxarıb satdıqda pulunu verəcəyini bildirmişdir. Lakin soğan məhsulunu yığıb, satışda borcu ödəməmişdir. Elmidar ona soğanın yaxşı olduğunu və kisəni 12 manatdan satdığını ona demişdir. Lakin vədd etdiyi vaxtda heç bir ödəniş etməmişdir. Ondan dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirmişdir. Son vaxtlar isə Nazim ona vatsap vasitəsi ilə yazaraq pulu onun verəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda isə nə Elmidarın, nə də özünün heç bir ödəniş etməyəcəyini bildirib, onu təhqir edib, hədələmişdir. Hazırda isə onun müraciəti ilə tanış olmuş və Elmidara təhqiqata təqdim etdiyi “rocket” adlı dərmanı satmamışdır. Həmin dərmanın zavodu bağlanmışdır. O, həmin dərmandan sonuncu dəfə 2020-2021-ci illərdə satmışdır. Elmidar və Nazim borclu olduqları pulları istəməsin deyə onu şərləmişdirlər. Nazim və Elmidarın yalnış söylədiyini, onlara həmin dərmanı satmadığını bildirmişdir. Cavabdeh araşdırma zamanı izahatında göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə soğan əkən zaman ondan təxminən 22000 manatdan nisyə boru, toxum, dərman və s. şeyləri almışdır. 2023-cü tarixində X6 ilə Ağcabədi rayonu Kəhrizli kənd ərazisində müvəqqəti təxminən 10 ha yaxın torpaq sahəsi icarəyə götürüb soğan əkmək qərarına gəlmişdirlər. Elmidar İddiaçı 1000 manatlıq soğan toxumu almışdır. Yerdə qalan toxum, boru və dərman məhsullarını Elmidar nisyə götürmüşdür. Elmidarın hazırda Anara 9600 manat borcu vardır. 2023-cü ilin iyul ayında əkdiyi soğana bit düşmüşdür. Elmidar da Anardan dərman alıb gətirmiş və soğana vurulmuşdur. Təxminən 1 həftə içində soğan məhv olmağa başlamışdır. Onlar elə düşünmüşlər ki, həmin dərman soğana əks təsir göstərmişdir. Onlar bu haqda Anara və başqa şəxsə heçnə deməmişlər. Soğanın bir hissəsini satmışlar. Lakin yenə də ziyan etmişlər. Bundan sonra Elmidarla Bakı şəhərinə gedib, usta işləməyə başlamışlar. Lakin Anar ona olan Elmidarın 9600 manat borcuna görə onları narahat etməyə başlamışdır. Hətta “onları tutduracaq” sözünü demişdir. Anar onu təhqir etmişdir. Anar “whats app” vasitəsi ilə səslər ataraq hədələmişdir. Bununla bağlı heç kimin məlumatı yoxdur və Elmidar dərmanı tək nisyə almışdır. Onun Anara 22000 manatdan çox borcu vardır. X6 araşdırma zamanı izahatında göstərmişdir ki, 2023-cü ilin fevral ayında Ağcabədi rayonu, Ş.Təzəkənd kənd sakini Cavabdeh ilə şərik olaraq Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində icarəyə torpaq götürüb, soğan əkmək qərarına gəlmişdir. Onlar həmin sahəyə lazım olan toxum, dərman və borunu Ağcabədi rayon Ş.Təzəkənd kənd sakini İddiaçı götürmüşlər. O, həmin vaxt Anardan 1000 manat ödəniş edib, soğan toxumu almış, qalan malları isə nisyə almışdır. Onun Anara 9000 manatdan çox pul borcu qalmışdır. 2023-cü illin iyul ayında soğana bit düşmüş, o da Anarın yanına gedib bildirdikdə ona “rocket” adlı dərman vermişdir. O həmin dərmanı soğana vermiş, lakin 1 həftə sonra soğanın saralıb məhv olduğunu görmüşdür. O, bu haqda Anara heçnə deməmişdir. Həmin soğan məhsullardan bir qismini isə yığıb satmışdır. Bundan sonra Nazimlə birlikdə Bakı şəhərinə gedib usta işləmişlər. Həmin vaxtdan Anara borcu olan 9000 manatdan çox pulu verə bilmədiyi üçün Anar mütəmadi olaraq zəng edib onu narahat etmişdir. Şəriki Nazimə isə “onu və Elmidarı tutduracaq” deyə bildirmişdir. Anarın ona verdiyi dərmanın istifadə müddəti bitmişdir. O, dərmanı Anarın mağazasında özündən almış, həmin vaxt yanında heç kim olmamış və bu haqda sadəcə şəriki Nazimin xəbəri olmuşdur. Onlar Anarı şərləmir, onun Anara 9000 manatdan çox borcu vardır və Nazimin isə 22000 manat borcu vardır. X11 araşdırma zamanı izahatında göstərmişdir ki, xeyli müdətdir İddiaçı Ağcabədi rayonu Ş.Təzəkənd kənd ərazisində yerləşən təsərrüfat və bitkiçiliyə aid mallar satılan mağazasında işçi işləyir. X6 adlı şəxs 2023-cü il tarixində müxtəlif vaxtlarda mağazadan 9661 manatlıq nisyə mal almış və hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. X9 araşdırma zamanı izahatında göstərmişdir ki, 2023-cü ildə Cavabdehla Elmidar Zeynalovun Ağcabədi rayon Kəhrizli kənd ərazisində yerləşən şərik əkdikləri 9 ha soğan sahəsini təxminən 30 dəfə traktoru ilə dərmanlamışdır. 2023-cü ilin may ayında soğana xəstəlik düşmüşdür və 3 ha soğan saralaraq məhv olmuşdur, həmin vaxt onlar soğanın dərman vurulma nəticəsində məhv olması barədə heçnə deməmişlər. Soğana dərman vurulma nəticəsində məhv olduğunu düşünmədiyini, Nazim və Elmidarın yalan dediyini və həmçinin onların ona 250 manat borcu qaldığını, müxtəlif bəhanələr gətirərək indiyə qədər ödəmədiklərini bildirmişdir. “Nisyə dəftəri”ndən çıxarışdan görünür ki, həmin dəftərdə cavabdehə toxum, bitki dərmanları və s. avadanlıqların nisyə verilməsinə dair müvafiq qeydlər aparılmışdır. “Whats app” vasitəsi ilə yazılan yazışmalarla bağlı çıxarışlardan görünür ki, tərəflər arasında qeyd edilən borcla bağlı yazışmalar aparılmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktub(ları)u göndərilmişdir. Birinci inqstansiya məhkəməsinin sorğusu əsasında Ağcabədi rayon Polis Şöbəsi tərəfindən HK-1/947 saylı material məhkəməyə təqdim edilmişdir. Ağcabədi rayon Polis şöbəsi tərəf tərəfindən məhkəməyə təqdim edilmiş materiallara əlavə edilən Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Cavabdeh və X2 müraciətləri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı izahatında (həmçinin qeyd edilən materiallara əlavə edilmiş əlyazma izahatında) göstərmişdir ki, Cavabdeh onun həmkəndlisidir. 2020 və 2021-ci illərdə Nazim ondan 22485 manatlıq təsərrüfata aid olan toxum, rezin borular, dərmanlar və s. avadanlıqlar almış və ziyanlıq etdiyini bəhanə gətirərək indiyə qədər ödəməmişdir. 2023-cü ildə Ağcabədi rayonu, Şənlik kənd sakini X4 tanışı vasitəsi ilə tanımışdır. Elmidar Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində müvəqqəti istifadə üçün torpaq sahəsi götürüb soğan əkəcəyini bildirmişdir. Elmidar ondan sadəcə 1000 manatlıq toxumu nəğd ödəniş edib almışdır. Daha sonra isə yenə Elmidar ondan 9661 manatlıq toxum, rezin borular, dərmanları nisyə alıb, soğanı çıxarıb satdıqda pulunu verəcəyini bildirmişdir. Lakin soğan məhsulunu yığıb, satışda borcu ödəməmişdir. Elmidar ona soğanın yaxşı olduğunu və kisəni 12 manatdan satdığını ona demişdir. Lakin vədd etdiyi vaxtda heç bir ödəniş etməmişdir. Ondan dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirmişdir. Son vaxtlar isə Nazim ona vatsap vasitəsi ilə yazaraq pulu onun verəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda isə nə Elmidarın, nə də özünün heç bir ödəniş etməyəcəyini bildirib, onu təhqir edib, hədələmişdir. Hazırda isə onun müraciəti ilə tanış olmuş və Elmidara təhqiqata təqdim etdiyi “rocket” adlı dərmanı satmamışdır. Həmin dərmanın zavodu bağlanmışdır. O, həmin dərmandan sonuncu dəfə 2020-2021-ci illərdə satmışdır. Elmidar və Nazim borclu olduqları pulları istəməsin deyə onu şərləmişdirlər. Nazim və Elmidarın yalnış söylədiyini, onlara həmin dərmanı satmadığını bildirmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh araşdırma zamanı izahatında (o cümlədən, göstərilən materiallara əlavə edilmiş əlyazma izahatında) göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 2020 və 2021-ci illərdə soğan əkən zaman ondan təxminən 22000 manatdan nisyə boru, toxum, dərman və s. şeyləri almışdır. 2023-cü tarixində X6 ilə Ağcabədi rayonu Kəhrizli kənd ərazisində müvəqqəti təxminən 10 ha yaxın torpaq sahəsi icarəyə götürüb soğan əkmək qərarına gəlmişdirlər. Elmidar İddiaçı 1000 manatlıq soğan toxumu almışdır. Yerdə qalan toxum, boru və dərman məhsullarını Elmidar nisyə götürmüşdür. Elmidarın hazırda Anara 9600 manat borcu vardır. 2023-cü ilin iyul ayında əkdiyi soğana bit düşmüşdür. Elmidar da Anardan dərman alıb gətirmiş və soğana vurulmuşdur. Təxminən 1 həftə içində soğan məhv olmağa başlamışdır. Onlar elə düşünmüşlər ki, həmin dərman soğana əks təsir göstərmişdir. Onlar bu haqda Anara və başqa şəxsə heçnə deməmişlər. Soğanın bir hissəsini satmışlar. Lakin yenə də ziyan etmişlər. Bundan sonra Elmidarla Bakı şəhərinə gedib, usta işləməyə başlamışlar. Lakin Anar ona olan Elmidarın 9600 manat borcuna görə onları narahat etməyə başlamışdır. Hətta “onları tutduracaq” sözünü demişdir. Anar onu təhqir etmişdir. Anar “whats app” vasitəsi ilə səslər ataraq hədələmişdir. Bununla bağlı heç kimin məlumatı yoxdur və Elmidar dərmanı tək nisyə almışdır. Onun Anara 22000 manatdan çox borcu vardır. Cavabdeh Bayramov X7 rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Sənan Məhərrəmov tərəfindən HK-İ/947 saylı araşdırma materialı üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarından Ağcabədi rayon prokurorluğuna xx.xx.2025-ci il tarixli şikayətlə müraciət edərək, qeyd edilən qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin vəkili Vəkil1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı məhkəmədə cavabdehə qarşı 22485 manat məbləğində pul tələbinə dair iddia qaldırmışdır. Cavabdeh iddiaçıdan 2018-2019-cu illərdə soğan əkmək üçün toxum, bəzi ləvazimatlar götürmüşdür. Cavabdeh həmin məbləğin nə qədər olduğunu xatırlamır, lakin iddiaçının kartına həmin müddətdə ödəmişdir. Uzun müddət keçdiyi üçün həmin məbləğləri ödəməklə bağlı sənədləri təqdim edə bilmirlər. İddiaçıya borcu qalmış olsa idi, iddiaçı bu vaxtadək cavabdehə qarşı hər hansı bir hüquqi tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət edərdi. Hesab edir ki, iddiaçı qərəzli olaraq məhkəməyə müraciət etmişdir. Əgər o, vaxtında məhkəməyə müraciət etsə idi, cavabdeh ödənişlərlə bağlı sübutları məhkəməyə təqdim edərdi. İddiaçı iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarından göründüyü kimi iddia müddətinin axımının dayandırılması üçün heç bir səbəb yoxdur, iddiaçı öhdəliyin icra müddətinin bitməsindən sonra, yəni 2019-cu ilin sentyabr ayından 5 il sonra məhkəməyə müraciət etmiş, üç illik iddia müddətini keçirmişlər, bu halda cavabdehin ödənişlər barədə sübutların məhkəməyə təqdim edilməsini mümkünsüz etmişdir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı 22845 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə iddiasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373 və 375-ci maddələrinə əsasən iddia müddətini tətbiq etməklə, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır; 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh həmkəndlidirlər, yaşadıqları Ağcabədi rayonu Təzəkənd kəndində iddiaçının kənd təsərrüfatı bitkilərinə aid dərman və digər avadanlıqların satışı mağazası vardır. Cavabdeh soğan əkib becərməklə məşğul olmuş və 2020-2021-ci illər ərzində iddiaçının mağazasından ayrı-ayrı vaxtlarda nisyə olaraq 22000 manat dəyərində toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar almış, pulunu isə məhsulu yığıb satandan sonra, yəni 2021-ci ilin son aylarında (noyabr-dekabr) ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh vədinə əməl etməmiş, söz verdiyi vaxtda aldığı malların dəyərini ödəməmiş, ümumiyyətlə heç bir ödəniş etməmişdir. Bu baxımdan iddiaçının hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt 2021-ci ilin noyabr-dekabr aylarıdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2021ci ilin dekabr ayında cavabdehin aldığı malların dəyərini satdığı məhsuldan ödəməli olmasına baxmayaraq, bundan imtina etdiyi vaxtdan üç il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 5 mart 2025-ci ildə hazırki iddia ərizəsini verməklə, iddia müddətini 2 ay 5 gün ötürmüşdür. Tərəflər arasında həmin müddətdən sonra da alış-verişin olmasına, cavabdeh tərəfindən borcun etiraf edilməsi kimi hallara birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında sonrakı tarixlərdə alış-verişin mövcud olmasına dair iş materiallarında sübut yoxdur. Hətta olmuş olsa belə, həmin münasibətin hazırki mübahisənin predmetini təşkil edən alqı-satqı müqaviləsinə aidiyyəti yoxdur. Cavabdeh tərəfindən borcun etiraf edilməsinə yönəlik hərəkətlər (müəyyən hissədə ödəniş, yazılı zəmanət və s.) iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan artıq olduğundan, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 3 iyul 2025-ci il tarixli e-2-2(121)-1477/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar