Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-198/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: şifahi alqı-satqı müqaqviləsi üzrə pul tələbi. Şirvan şəhəri, 16 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X9 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, e-2-2(121)-1476/2025 saylı qətnaməsindən (hakim Namidar Misirzadə) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı – 9.661 manat məbləğində borcun və ödənilmiş 117 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Ağcabədi rayonu Təzəkənd kəndində kənd təsərrüfatı bitkilərinə aid olan dərman və digər avadanlıqların satışı mağazası vardır. Cavabdehi tanıyır, onunla münasibəti həmişə yaxșı olub və cavabdeh soğan əkib becərməklə məşğul olur. 2023-cü ilin fevral ayının əvvəllərindən başlayaraq 2023-cü ilin iyul ayının axırlarınadək cavabdeh onun mağazasından ayrı-ayrı vaxtlarda nisyə olaraq, 22.485 manat məbləğində toxum, bitki dərmanları və s. avadanlıqlar almış, pulunu isə məhsulu yığıb satandan sonra, yəni 2023-cü ilin son aylarında (noyabr-dekabr) ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh hər dəfə mağazadan toxum və ya digər avadanlıqlar götürdükdə mağazada nisyə dəftərində qeydiyyat aparılmışdır. Cavabdeh məhsulu becərib yığmış və məhsulu satandan sonra o, dəfələrlə cavabdehdən götürdüyü malların pulunu ödəməyi xahiş etmişdir. Lakin hər dəfə bir bəhanə gətirərək məhsulu satdığını, lakin ziyanlıq etdiyini, yəni çəkdiyi xərci götürə bilmədiyini bəhanə edərək, pulunun olmamasını və ona bir az möhlət verməyi xahiş edərək, yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Tanışlığı nəzərə alıb, bir müddət cavabdehi gözləmişdir. Lakin hazıradək cavabdeh borcunu ödəməmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh ondan əvvəlcə nisyə mal istədikdə o, razı olmamış, ancaq bundan bir neçə gün sonra həmkəndlisi Fərman Bayramov cavabdehlə birlikdə onun yanına gəlmişlər. Fərman Bayramov şifahi olaraq zamin durduğu üçün o, cavabdehə toxum və digər avadanlıqlar vermişdir. Lakin həmin məhsul yığımından sonra cavabdeh hər dəfə bir bəhanə ilə borcunu ödəməkdən yayınmışdır. Dəfələrlə telefon vastəsi ilə cavabdehdən borcunu ödəməyi xahiş və tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabdehin dostu Nazim Bayramov 2024-cü ilin mart ayında Nazimlə Elmidarı hədələdiyi ilə bağlı onun barədə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində izahat verərkən cavabdeh iddiada göstərildiyi məbləğdə borcunun olmasını bir daha etiraf etmişdir. Ancaq yenə də borcunu ödəməmişdir. Ona görə də cavabdehdən borc tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Həmçinin cavabdehin ondan nisyə olaraq soğan toxumu və digər zəruri avadanlıqları almasını həmin vaxtı mağazada satıcı işləyən X10, X3 və sonradan yaranmış mübahisənin şahidi olmuş çox saylı şahidlər təsdiq edə bilərlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, onun iddiaçıya olan 9.661 manat borcdan 7.500 manatını Ağcabədi rayonu Ş.Təzəkənd kəndində yerləşən və iddiaçıya məxsus olan mağazada satıcı işləyən X6 vermişdir. Qalan 2.161 manat məbləğində borcu isə, onun şəriki X5 ödəməlidir. Belə ki, X2 ona borcu olduğundan, həmin məbləği İddiaçı özü ödəyəcəyini bildirmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə olunan “whatsapp” vasitəsi ilə yazılan yazışmalar həqiqətən də onunla iddiaçı arasında aparılmışdır. Lakin, qeyd edilən yazışmalar 2023-cü ilin sentyabr ayında olmuş, həmin yazışmalardan sonra, təxminən qış aylarında 9.661 manat borcdan 7.500 manatını mağazada satıcı işləyən X6 ödəmişdir. Belə ki, onun iddiaçıya hər hansı bir borcu qalmamışdır. Odur ki, iddia əsassızdır. Buna görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 07 iyul 2025-cü il tarixli e-2-2(121)-1476/2025 saylı qətnaməsi ilə İddia təmin edilmiş və 9.661 manat məbləğində pul vəsaiti və 117 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə bu normanın tələblərinə əməl etməmiş, sonda əsassız nəticəyə gəlmişdir. Məhkəmə nisyə malların yazıldığı və iddiaçının çıxarış etdiyi dəftərin tədqiq edilməsi üçün tələb etməli idi. Sübutetmə yükünü onun üzərinə atan məhkəmə nəzərə almamışdır ki, o məhkəmə prosesində üzrlü səbəbdən iştirak etməyərək, sübutlarını təqdim edə bilməmişdir. Bir gün əvvəl Rusiya Federasiyasından Bakı şəhərinə gəlmiş, sabahı gün məhkəməyə gəlmişdir və praktiki olaraq məhkəməyə sübut təqdim etmək mümükünsüz olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, onun məzmunu ilə oxşar məzmunda izahat verərək şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Göstərmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixdə RF-dan Azərbaycana gəlmiş, xx.xx.2025-ci il tarixdə isə Şirvan Kommersiya Məhkəməsində məhkəmə iclasında iştirak edərək iddiaçıya 9661 manat borcunun olmasını etiraf etmişdir. Belə ki, iddiaçı cavabdehin ölkəyə qayıtmasını bilən kimi ona zəng edərək ona olan borcunu etiraf etməsi ilə bağlı ona hədə-qorxu gəlmiş, bu səbəbdən də cavabdeh məhkəmədə iddiaçıya 9661 manat borcunun olmasını etiraf etmişdir. Çünki iddiaçı cavabdehi polisə verməklə hədələmişdir. Ümimiyyətlə Polisdə araşdırma aparılan zaman cavabdeh ölkədə olmamışdır. Polisdə aparılan araşdırma materiallarında olan izahatlar cavabdeh tərəfindən yazılaraq imzalanmamışdır. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, ilk dəfə polisə o şikayət etməmişdir. Şikayəti cavabdeh özü etmiş, Nizami və Elmidarın şikayəti əsasında araşdırma aparılmışdır. Onu polisə dəvət edəndə Elmidar özü orada olmuşdur. O, heç bir halda cavabdehə hədə-qorxu gəlməmiş, ona təsir etməmişdir. Cavabdeh polisdəki izahatında ona 9000 manatdan çox borcunun olmasını yazılı olaraq qeyd etmişdir. X4 məhkəməsinin iclasında da ona 9661 manat borcunun olmasını etiraf etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X5 və Cavabdeh müraciətləri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, X5 onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə Nazim ondan 22.485 manatlıq təsərrüfata aid olan toxum, rezin borular, dərmanlar və s. avadanlıqlar almış və ziyanlıq etdiyini bəhanə gətiərək indiyə qədər ödəməmişdir. 2023-cü ildə Ağcabədi rayonu, Şənlik kənd sakini Cavabdeh tanışı vasitəsi ilə tanımışdır. Elmidar Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində müvəqqəti istifadə üçün torpaq sahəsi götürüb soğan əkəcəyini bildirmişdir. Elmidar ondan sadəcə 1.000 manatlıq toxumu nəğd ödəniş edib almışdır. Daha sonra isə yenə Elmidar ondan 9.661 manatlıq toxum, rezin borular, dərmanları nisyə alıb, soğanı çıxarıb satdıqda pulunu verəcəyini bildirmişdir. Lakin soğan məhsulunu yığıb, satışda borcu ödəməmişdir. Elmidar ona soğanın yaxşı olduğunu və kisəni 12 manatdan satdığını ona demişdir. Lakin vədd etdiyi vaxtda heç bir ödəniş etməmişdir. Ondan dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirmişdir. Son vaxtlar isə Nazim ona vatsap vasitəsi ilə yazaraq pulu onun verəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda isə nə Elmidarın, nə də özünün heç bir ödəniş etməyəcəyini bildirib, onu təhqir edib, hədələmişdir. Hazırda isə onun müraciəti ilə tanış olmuş və Elmidara təhqiqata təqdim etdiyi “rocket” adlı dərmanı satmamışdır. Həmin dərmanın zavodu bağlanmışdır. O, həmin dərmandan sonuncu dəfə 2020-2021-ci illərdə satmışdır. Elmidar və Nazim borclu olduqları pulları istəməsin deyə onu şərləmişdirlər. Nazim və Elmidarın yalnış söylədiyini, onlara həmin dərmanı satmadığını bildirmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh araşdırma zamanı izahatında göstərmişdir ki, 2023-cü ilin fevral ayında Ağcabədi rayonu, Ş.Təzəkənd kənd sakini X5 ilə şərik olaraq Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində icarəyə torpaq götürüb, soğan əkmək qərarına gəlmişdir. Onlar həmin sahəyə lazım olan toxum, dərman və borunu Ağcabədi rayon Ş.Təzəkənd kənd sakini İddiaçı götürmüşlər. O, həmin vaxt Anardan 1.000 manat ödəniş edib, soğan toxumu almış, qalan malları isə nisyə almışdır. Onun Anara 9.000 manatdan çox pul borcu qalmışdır. 2023-cü illin iyul ayında soğana bit düşmüş, o da Anarın yanına gedib bildirdikdə ona “rocket” adlı dərman vermişdir. O həmin dərmanı soğana vermiş, lakin 1 həftə sonra soğanın saralıb məhv olduğunu görmüşdür. O, bu haqda Anara heçnə deməmişdir. Həmin soğan məhsullardan bir qismini isə yığıb, satmışdır. Bundan sonra Nazimlə birlikdə Bakı şəhərinə gedib usta işləmişlər. Həmin vaxtdan Anara borcu olan 9.000 manatdan çox pulu verə bilmədiyi üçün Anar mütəmadi olaraq, Elmidara zəng edib onu narahat etmişdir. Şəriki Nazimə isə “onu və Elmidarı tutduracaq” deyə bildirmişdir. Anarın ona verdiyi dərmanın istifadə müddəti bitmişdir. O, dərmanı Anarın mağazasında özündən almış, həmin vaxt yanında heç kim olmamış və bu haqda sadəcə şəriki Nazimin xəbəri olmuşdur. Onlar Anarı şərləmir, onun Anara 9.000 manatdan çox borcu vardır və Nazimin isə 22.000 manat borcu vardır. Göstərilən qərardan eyni zamanda görünür ki, X5 araşdırma zamanı izahatında göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə soğan əkən zaman ondan təxminən 22.000 manatdan nisyə boru, toxum, dərman və s. şeyləri almışdır. 2023cü tarixində Cavabdeh ilə Ağcabədi rayonu Kəhrizli kənd ərazisində müvəqqəti təxminən 10 ha yaxın torpaq sahəsi icarəyə götürüb soğan əkmək qərarına gəlmişdirlər. Elmidar İddiaçı 1.000 manatlıq soğan toxumu almışdır. Yerdə qalan toxum, boru və dərman məhsullarını Elmidar nisyə götürmüşdür. Elmidarın hazırda Anara 9.600 manat borcu vardır. 2023-cü ilin iyul ayında əkdiyi soğana bit düşmüşdür. Elmidar da Anardan dərman alıb gətirmiş və soğana vurulmuşdur. Təxminən 1 həftə içində soğan məhv olmağa başlamışdır. Onlar elə düşünmüşlər ki, həmin dərman soğana əks təsir göstərmişdir. Onlar bu haqda Anara və başqa şəxsə heçnə deməmişlər. Soğanın bir hissəsini satmışlar. Lakin yenə də ziyan etmişlər. Bundan sonra Elmidarla Bakı şəhərinə gedib, usta işləməyə başlamışlar. Lakin Anar ona olan Elmidarın 9.600 manat borcuna görə onları narahat etməyə başlamışdır. Hətta “onları tutduracaq” sözünü demişdir. Anar onu təhqir etmişdir. Anar “whats app” vasitəsi ilə səslər ataraq hədələmişdir. Bununla bağlı heç kimin məlumatı yoxdur və Elmidar dərmanı tək nisyə almışdır. Onun Anara 22.000 manatdan çox borcu vardır. Qeyd edilən qərardan həmçinin görünür ki, X10 araşdırma zamanı izahatında göstərmişdir ki, xeyli müdətdir, İddiaçı Ağcabədi rayonu Ş.Təzəkənd kənd ərazisində yerləşən təsərrüfat və bitkiçiliyə aid mallar satılan mağazasında işçi işləyir. Cavabdeh adlı şəxs 2023-cü il tarixində müxtəlif vaxtlarda mağazadan 9.661 manatlıq nisyə mal almış və hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Həmin qərardan eyni zamanda görünür ki, X7 araşdırma zamanı izahatında göstərmişdir ki, 2023-cü ildə X8 Zeynalovun Ağcabədi rayon Kəhrizli kənd ərazisində yerləşən şərik əkdikləri 9 ha soğan sahəsini təxminən 30 dəfə traktoru ilə dərmanlamışdır. 2023-cü ilin may ayında soğana xəstəlik düşmüşdür və 3 ha soğan saralaraq məhv olmuşdur, həmin vaxt onlar soğanın dərman vurulma nəticəsində məhv olması barədə heçnə deməmişlər. Soğana dərman vurulma nəticəsində məhv olduğunu düşünmədiyini, Nazim və Elmidarın yalan dediyini və həmçinin onların ona 250 manat borcu qaldığını, müxtəlif bəhanələr gətirərək indiyə qədər ödəmədiklərini bildirmişdir. İş materiallarına əlavə edilən “nisyə dəftəri”ndən çıxarışdan görünür ki, həmin dəftərdə cavabdehə toxum, bitki dərmanları və s. avadanlıqların nisyə verilməsinə dair müvafiq qeydlər aparılmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktub(ları)u göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında ifadə verərək göstərdi ki, İddiaçı həm yeznəsidir, həm də o, iddiaçının Ağcabədi rayonu, Ş.Təzəkənd kəndində yerləşən mağazasında satıcı vəzifəsində işləmişdir. xx.xx.2016-ci il tarixdən uzun müddət onunla birlikdə işləmişdir. Hazırda “Omar atçılıq”da işləyir. Cavabdeh 2023-cü ildə müxtəlif vaxtlarda mağazadan 9.661 manat dəyərində nisyə mal almış və hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Halbuki sezon sonunda pulu tam şəkildə ödəməli idi. Həmçinin, cavabdeh həmin borcdan ona 7.500 manat məbləğində ödəniş etməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar (toxum, bitki dərmanları və s. avadanlıqlar) nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən malların dəyəri iddiaçıya tam şəkildə ödənilməmişdir. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Həmçinin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə 9.661 manat dəyərində malların (toxum, bitki dərmanları və s. avadanlıqlar) nisyə satılması ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir. Çünki, xüsusatlar həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Belə olan halda, cavabdeh 9.661 manat dəyərində malların ona nisyə satılmasını etiraf etdiyindən iddiaçı iddia tələbinin bu halı sübut etmək yükündən azad olmuş, həmin borcun ödənilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili nisyə dəftərinin məhkəmə tərəfindən tələb edilərək tədqiq edilməməsi və cavabdehin məhkəmə prosesində üzrlü səbəbdən iştirak etməyərək, sübutlarını təqdim edə bilməməsi olmuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin ona 9661 manat borcunun olmasını qeyd edir. Cavabdeh isə xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı üzrə vermiş olduğu izahatında onun iddiaçıya 9600 manatdan borcunun olmasını qeyd etmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçıya 9661 manat borcu olmuş, həmin borcdan 7500 manatını nəqd şəkildə iddiaçıya qaytardığını, lakin qalan 2161 manat borc məbləğini isə şəriki X5 tərəfindən ödənilməli olduğunu bildirmişdir. (i/v. səh 106). Göründüyü kimi cavabdeh iddiaçıya 9661 manat borcunun olmasını etiraf etmiş, lakin həmin məbləğdə pul vəsaitinin iddiaçıya qaytarılması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda isə sübutetmə yükü baxımından 9661 manat pul vəsaitinin iddiaçıya qaytarılmasını sübutetmək vəzifəsi cavabdehin öhdəsində qalmışdır. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin elektron məhkəmə portalından əldə edilərək işə əlavə edilmiş cavabdehə məxsus sərhədkeçmə məlumatlarından görünür ki, cavabdeh ölkədən xx.xx.2024-cü il tarixdə Moskva istiqamətində çıxış etmişdir. Belə olan halda müəyyən edilir ki, cavabdeh xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixindək ölkə ərazisində olub. Polisdə araşdırma isə xx.xx.2024-cü ildə aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, e-2-2(121)-1476/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Göstərilənlər isə ona dəlalət edir ki, cavabdeh nisyə götürdüyü malın dəyəri olan 9.661 manatı iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir. MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iş üzrə iddianın qiyməti on min manatdan azdır və ona görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, e-2-2(121)-1476/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-198/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-198/2025
16.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver