Məhkəmə qərarları › İş №2-2(106)-20/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-20/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-20/2023 15.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli e-2-2(121)-2016/2022 saylı qətnaməsindən (hakim İ.Cabbarov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müaviləsi üzrə əsas borca görə 4371.28 manat, faiz borcuna görə 94.05 manat, cərimə borcuna görə 3000 manat olmaqla cəmi 7465.33 manat məbləğində kredit üzrə borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun, mediasiya xidmətinə ödənilmiş 100 manat məbləğində vəsaitin, cəmi 235 manat pulun Cavabdeh1 tutulması, tutmanın Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.30 kv.metr olan və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müqaviləsi üzrə 7465.33 manat borcun və 235 manat ödənilmiş dövlət rüsumlarının iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.30 kv.metr olan və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəsinin cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müqaviləsinə əsasən illik 5 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müaviləsi üzrə borcunun məbləği, əsas borca görə 4371.28 manat, faiz borcuna görə 94.05 manat, cərimə borcuna görə 3000 manat olmaqla, borcun cəmi məbləğində 7465.33 manat təşkil edir. 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.30 kv.metr olan və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC qarşısında 08 avqust 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı baş kredit müqaviləsinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda, girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəmə iddianı əsas və faiz borcuna münasibətdə qəbul etmiş, hesablanmış cərimənin çox olduğunu qeyd edərək azaldılmasını, qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli e-2-2(121)-2016/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1dan 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müqaviləsinə əsasən 4371.28 manat əsas borc, 94.05 manat faiz borcu, 300 manat cərimə və 100 manat mediasiya xərci olmaqla, ümumilikdə 4865.33 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, Mülki məcəllənin 467-ci maddəsi baxımından işin hallarını nəzərə alaraq ödənilməsi tələb edilən cərimənin 3000 manat məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsi ədalətli və məqsədə müvafiqdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 08 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviənin 3-cü bəndinə əsasən bu müqavilə ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında Lənkəran şəhərində bağlanmış 08 avqust 2016-cı il tarixli RBLLF-422 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklər təmin edilir. Göründüyü kimi 08 avqust 2019-cu il tarixli RBLLF-422 saylı sonrakı ipoteka müqaviləsi 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müaviləsinin təminatı kimi bağlanmamışdır. 08 avqust 2019-cu il tarixində əsas öhdəlik mövcud olmadığı halda, yəni iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 19 avqust 2019-cu il tarixində imzalandığından, əsas öhdəlikdən əvvəlki tarixə mövcud olmayan öhdəliyin təmini üsulu kimi ipoteka müqaviləsinin bağlanması mümkün deyil. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin təmin edilən daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş təqdiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nə ödənilməsi hissəsində dəyişdirilərək, həmin pulun Cavabdeh1 alınaraq "xxxx" MMC-nə ödənilməsi, qətnamənin təmin edilməyən hissəsində qismən ləğv edilərək, tələbin Cavabdeh2 qızma tam mülkiyyət hüququ ilə məxsus olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.30 kv.metr olan və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, apellyasiya şikayəti üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.30 kv.metr olan və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC qarşısında 08 avqust 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə ipoteka predmetinin likvid qiymətinin qanunauyğun olaraq məhkəmənin yekun qərarında müəyyən edilməsi üçün qiymətləndirilmə ekspertizası təyin edilsə də, iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Bu isə qətnamədə ipoteka müqaviləsinin kredit müqaviləsindən 11 gün əvvəl bağlanması ilə əsaslandırılmışdır. Lakin, sənədləşmə işi üçün cavabdehin özünün xahişi ilə ipoteka müqaviləsi əvvəl imzalanmışdır. Belə ki, cavabdehlə İddiaçı ASC arasında 2016-cı il tarixində 13000 manat məbləğində kredit verilməsi barədə müqavilə imzalanmış və həmin kredit müqaviləsinin təminatı olaraq, sözügedən əmlak İddiaçı ASC-nin xeyrinə 2016-cı il tarixində ipoteka ilə yüklü edilmişdir. Belə ki, cavabdeh 2019-cu il tarixinin avqust ayında yeni 15000 manat məbləğində kredit almaq üçün müraciət etdiyi zaman adında tam ödənilməmiş kredit borc olduğu və yeni götürəcəyi kredit üzrə yaranacaq öhdəliyə təminat vermək məqsədilə əvvəlcədən iradəsini bildirərək, həmin ipoteka predmetini yenidən yüklü etməyə razılıq vermişdir. Bu məqsədlə 08 avqust 2019-cu il tarixində ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsində kredit müqaviləsinin tarixi texniki olaraq səhv göstərilsədə, kredit müqaviləsinin nömrəsi, verilən kreditin məbləği, kreditin verilmə müddəti düzgün göstərilmişdir. Onu da qeyd etməliyik ki, İddiaçı ASC-də müqavilə nömrələri (RBLLF-422) unikaldır, yəni təkrarolunmazdır. Həmçinin ipoteka predmetinin yüklülüyünə dair çıxarışın qeydiyyat tarixi 06 sentyabr 2019-cu ildir və 36 ay müddətinə yüklülük qeydə alınmışdır. Bu isə ipoteka müqaviləsində kredit müqaviləsinin tarixinin texniki səhv olaraq 08 avqust 2016 kimi yazıldığını göstərir. Həmçinin 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müqaviləsinin 6.4-cü bəndində kredit üzrə təminat qoyulmuş əmlak kimi sözügedən əmlak göstərilmişdir. Bütün bunlar ipoteka müqaviləsində kredit müqaviləsinin tarixinin texniki səbəblərdən səhv yazıldığını göstərir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.4-cü maddəsində qeyd edilir ki, “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir”. İpoteka müqaviləsində kreditin şərtləri, məbləği düzgün göstərilmişdir. Yəni bu maddədən aydın olur ki, ipoteka müqaviləsinin kredit müqaviləsindən əvvəl imzalanması qanunazidd deyildir. Kredit müqaviləsinin tarixinin 08 avqust 2016 kimi yazılmasının texniki səhv olduğunu yüklülük çıxarışından da görmək olar. Belə ki, qeyd edildiyi kimi 2019-cu il tarixində 36 ay müddətinə sözügedən əmlak yüklü edilmişdir. Qətnamədə yazılan “əsas öhdəlikdən əvvəlki tarixə mövcud olmayan öhdəliyin təmini üsulu kimi ipoteka müqaviləsinin bağlanması mümükün deyil” ifadəsi birbaşa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.4-cü maddəsinə ziddir. Həmin əmlakın sözügedən kredit üzrə ipoteka ilə yüklü edildiyinə dair mülki iş materiallarında bir çox əsaslı sübut vardır və məhkəmə tərəfindən bu halların heç biri aydınlaşdırılmamışdır. Məhkəmə gedişatı zamanı ipoteka predmetinin qiymətləndirilməsinin iş üçün mühüm əhəmiyyəti olduğu əsas gətirilərək “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun ”39.3.3.-cü maddəsinə əsasən mülki iş üzrə 14 sentyabr 2022-ci il tarixli qərardadla əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş və nəticədə rəy verilmişdir. Lakin tələbləri ipoteka predmetinə yönəldilməmişdir. Məhkəmə qərardadında ipoteka predmetinin qiymətləndirilməsinin iş üçün mühüm əhəmiyyəti olduğu bildirilsə də, tarix məsələsinin texniki səhv olub-olmadığı araşdırılmadan, tələblərinin ipoteka predmetinə yönəldilməməsinə dair qətnamə qəbul edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X1 ərzə ilə məhkəməyə müracət edərək tərəflərindən verilmiş apellyasiya şikayətinə dair məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmənin ünvanına teleqram vuraraq mövsümi qriplə xəstələndiyini, bu səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə ləğv olunmasını, məhkəmə xərclərinin cavabdehə aid edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, mübahisələndirilən hissədə tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir və tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2019cu il tarixli RBLLF-422 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 5 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarılması şərti ilə 15000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. Kredit Müqaviləsinin 6.4-cü bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 məxsus Lənkəran şəhəri, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.3 kv.metr olan və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə çıxış edir. İş materiallarında olan 19 avqust 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 26 iyul 2022-ci il tarixli RB-02/PK-5048 saylı maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müqaviləsi üzrə cavabdehin 22 iyul 2022-ci il tarixə banka əsas borc üzrə 4371.28 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 94.05 manat, cərimə borcu 3000 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 7465.33 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2019cu il tarixli RBLLF-422 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus olmaqla Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.3 kv.metr və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.5-ci bəndindən görünür ki, ipoteka predmeti üzərində hazırki müqavilənin imzalandığı tarixə yalnız "xxxx" ASC ilə X3 arasında 03 noyabr 2016-cı ildə Lənkəran şəhərində bağlanmış ipoteka münaviləsi üzrə ipoteka yüklülüyü mövcuddur. İpoteka müqaviləsinin 3-cü bəndinə əsasən bu müqavilə ilə "xxxx" ASC ilə Cavabdeh1 arasında Lənkəran şəhərində bağlanmış 08 avqust 2016-cı il tarixli RBLLF-422 saylı kredit müqaviləsinə əsasən yaranmış aşağıdakı öhdəliklər üzrə təmin edilir: 3.1.1 - 15000 manat təşkil edən kredit məbləği; 3.1.2 - 36 ay təşkil edən kreditin qaytarılma müddəti, 12 ay güzəşt müddəti; 3.1.3 - 5 faiz təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi. İş materiallarında olan 08 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus, Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.3 kv.metr və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklülüyü Dövlət qeydiyyatına alınmışdır. Yüklülüyün müddəti 08 avqust 2019-cu ildən 36 ay təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 19 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsi üzrə borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 19 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı müqavlə əsasında aldığı kredit üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 28 aprel 2022- ci il tarixli “bildirişin dövlət qeydiyyatı barədə” məktubun surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş tutmanın ipoteka prdemetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun təsdiqetmə bildirişindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 15 manat və 120 manat olmaqla, ümumilikdə 135 manat rüsum ödəmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə qiymətləndirici "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixinə fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli RBLLF-422 saylı ipoteka müqaviləsinə əsasən, Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.3 kv.metr və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 148000 manat, likvid dəyəri isə 140600 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən qiymətləndirmə haqqı 500 manat təşkil etmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ASC ödəmişdir. İş materiallarına əlavə olunan müvafiq ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC apellyasiya şikayətinin verilməsi üçün 50 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur, 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir, 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir, 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir, 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir, 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir, 307.6-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır, 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir, 317.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər, 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka), 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur, 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir, 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır, 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur, 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir, 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər, 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır, 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqvaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar, 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Kollegiya iş materiallarını sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqe baxımından tədqiq edərək belə nəticəyə gəlir ki, tutmanın ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal iş materialları ilə müəyyən olunmur. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsində bütün mühüm zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmiş, ipoteka müqaviləsi notariat qaydada təsdiq olunmuş və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehlərə də bununla bağlı müvafiq bildirişlər verilmişdir. Kollegiya 08 avqust 2019-cu il tarixli RBLLF-422 saylı sonrakı ipoteka müqaviləsinin 19 avqust 2019-cu il tarixli RBLLF-422 saylı kredit müaviləsinin təminatı kimi bağlanmamasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, ipoteka müqaviləsində 08 avqust 2016-cı il tarixli RBLLF-422 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təmin olunduğunun qeyd edilməsi bir texniki səhvlik kimi qəbul edilməlidir. Əvvəla ona görə ki, elə həmin ipoteka müqaviləsinin özündə, 1.5-ci bənddə ipoteka predmetinin əvvəlki yüklülüyünə dair qeyd vardır və həmin yüklülük yalnız "xxxx" ASC ilə X3 arasında 03 noyabr 2016-cı ildə Lənkəran şəhərində bağlanmış ipoteka müqaviləsi üzrə yaranmışdır. İş materiallarından tərəflər arasında 08 avqust 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin olduğu müəyyən olunmur. Digər tərəfdən 08 avqust 2019-cu il tarixli RBLLF-422 saylı sonrakı ipoteka müqaviləsi ilə təmin olunan öhdəlik tərəflər arasında 19 avqust 2019-cu ildə bağlanan RBLLF-422 saylı kredit müaviləsindən irəli gələn öhdəlik olmuşdur, çünki ipoteka ilə təmin olunan kredit öhdəliyinin bütün mühüm zəruri şərtləri müqavilədə öz əksini tapmışdır. Bundan başqa Mülki Məcəllənin 307-cü maddəsinə müvafiq olaraq ipoteka müqaviləsində gələcəkdə müəyyənləşdirilməli olan öhdəliyin müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri də göstərilə bilər. Odur ki, apellyasiya şikayəti qeyd olunan hissədə əsaslı hesab edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracdan satılması və boşaldılması hissələrdə ləğv olunaraq, iddia həmin hissələrdə təmin edilməli, tutma ipoteka qoyan Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.30 kv.metr olan və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə ilkin satış qiyməti (likvid qiymət) 140600 (bir yüz qırx min altı yüz) manat müəyyən edilməklə yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə yaranan borc ödənilməli, ipoteka predmetinin satışından əldə edilən vəsaitin qətnamənin icrası üçün tələb olunan məbləğdən artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh2 verilməli, tutma ipoteka predmetinə yönəldikdən və o satıldıqdan bir ay sonra boşaldılaraq hərracın qalib alıcısına təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün təfsir və tətbiq edilməməsi, mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə qismən ləğv olunmalı və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddianın təmin olunan (4865.33X100:7465.33=65.17) 65 faiz hissəsinə mütənasib olaraq məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 500 manatın 325 manat hissəsi Cavabdeh1, 175 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən alınaraq "xxxx" MMCnə ödənilməlidir. Tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumlarının iddianın təmin olunan 65% hissəsinə mütənasib olan 87.75 manat və 32.5 manat hissələri Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməli, qalan hissələri isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Hazırki iş üzrə iddianın qiyməti 7465.33 manat təşkil etsə də, təmin olunan hissə 4865.33 manat təşkil etmişdir. Tərəflər borc məbləği hissədə qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişlər. Cavabdehlərə münasibətdə iddianın mübahisələndirilən hissədə qiyməti 4865.33 manat, iddiaçıya münasibətdə isə bu məbləğ 2600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti hər iki tərəfə münasibətdə beş min manatdan azdır, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli e-2-2(121)-2016/2022 saylı qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə iddianın təmin olunmayan tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracdan satılması və boşaldılması, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nə ödənilməsi hissələrdə ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Tutma ipoteka qoyan Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olmaqla Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180.30 kv.metr olan və 0.4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə ilkin satış qiyməti (likvid qiymət) 140600 (bir yüz qırx min altı yüz) manat müəyyən edilməklə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə yaranan borc ödənilsin. İpoteka predmetinin satışından əldə edilən vəsaitin qətnamənin icrası üçün tələb olunan məbləğdən artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh2 verilsin. Tutma ipoteka predmetinə yönəldikdən və o, açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmeti boşaldılaraq hərracın qalib alıcısına təhvil verilsin. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 500 manatın 325 manat hissəsi Cavabdeh1, 175 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-nə ödənilsin. Tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumlarının iddianın təmin olunan hissəsinə mütənasib olan 87.75 manat və 32.5 manat hissələri Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin, qalan hissələri iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar