Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-20/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham qoşunıəli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s” tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli e-2-2(121)-540/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdehlərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 008R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, həmin krеdit razılaşması üzrə 24166.65 manat krеdit bоrcu, 5771.28 manat faiz bоrcu və 10970.75 manat cərimə olmaqla, ümumilikdə 40908 (qırx bir min doqquz yüz səkkiz) manat 68 (altmış səkkiz) qəpik məbləğində bоrcun, 210 manat mediasiya xərcinin, 12.73 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 26 oktyabr 2017-ci il tarixli 008L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 23 avqust 2019-cu il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 17 aprel 2020-ci il tarixli 008R**********S saylı, 14 sentyabr 2020-ci il tarixli 008R**********SA saylı, 23 fevral 2021ci il tarixli 008R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan və əsas borclu Cavabdeh2 və bank arasında bağlanılmış 27 oktyabr 2017-ci il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 01 dekabr 2021-ci il tarixdən banka qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-5408/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s” tələbinə dair işin icraatına “23 avqust 2019-cu il tarixli 008R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi” hissədə xitam verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-5408/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq 23 avqust 2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə 23783.97 manat əsas borc, 5751.39 manat faiz borcu, 1100 manat cərimə, məhkəmə xərcləri kimi 210 manat mediasiya xərci, 10 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, ümumilikdə isə 30900.36 (otuz min doqquz yüz manat, otuz altı qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olmaqla ümumi sahəsi 162.9 kv.metr olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin 33670 manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan ümumilikdə 30900.36 manat məbləğində borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh2 qaytarılması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması hissəsində ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin real olaraq qiymətləndirilməkdən ötrü təkrar və əlavə əmtəəşünaslıq ekspertiza təyin edilməklə veriləcək ekspert rəyinə uyğun olaraq qanuni və əsaslı qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, məhkəmə işə baxarkən fərdi yaşayış evinin qiymətləndirilməsi barədə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməklə rəyin verilməsini özəl təşkilata həvalə etmiş və həmin təşkilatın yazdığı qiymət isə həmin evin qiymətindən qat-qat aşağıdır. Həmin ərazidə həmin vəziyyətdə olan fərdi yaşayış evləri 60-70 min manat təşkil etməsinə baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 39600 manat məbləğ yazmışdır. Halbuki, məhkəmə iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin etməli iş üzrə ipoteka predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 ha torpaq sahəsinin real bazar dəyərini müəyyən etməli, ipoteka predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə qiymətləndirilərək, evin yerləşdiyi yotpaq sahəsi ilə birlikdə müəyyən edilmiş qimətilə hərraca çıxarılmasını təmin etməli idi. İş materiallarında olan ipoteka müqaviləsindən də göründüyü kimi ipoteka predmeti təkcə fərdi yaşayış evi deyil, onun yerləşdiyi 0.05 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və iddiaçının məhkəmə qarşısında qoyduğu tələbdə də, evə yerləşdiyi torpaq sahəsi ilə birlikdə tutma yönəldilməsindən ibarət olmuşdur. Lakin məhkəmə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin etsə də, fərdi yaşayış evinə fiiziki olaraq baxış keçirilməmiş, vizual, yəni müqavilə bağlanarkən çəkilmiş foto şəkillər əsasında 6 il bundan əvvəl müəyyən edilmiş foto şəkil əsasında qiymətləndirmə aparılmış, həmin qiymətləndirmə də ipoteka predmetinin tam deyil bir hissəsinə münasibətdə, yəni fərdi yaşayış evinə münasibətdə aparılsa da, onun yerləşdiyi torpaq sahəsinin qiyməti müəyyən edilməmiş, həmin evin yerləşdiyi toraq sahəsi bir növ iddiaçıya hədiyyə edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılması və ilkin satış qiymətinin müəyyən olunması hissələrdə ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılması və ilkin satış qiymətinin müəyyən olunması hissələrdə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İddiaçı QSC ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 008L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh2 120 ay müddətinə, 500000 (beş yüz min) ABŞ dolları məbləğində krеdit limiti ayrılmışdır; İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, müqaviləyə əsasən zamin xx.xx.2017-ci il tarixli 008L**********12 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008L**********92 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşması əsasında Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 (qırx beş min) manat məbləğində krеdit götürmüşdür; xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 45000 manat məbləğində kredit verilmişdir; "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə sazişlərdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 oktyabr 2017-ci ildə verilmiş **********0-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 162.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X8 məxsusdur; Nikahıne bağlanması haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 Fərma oğlu ilə X2 arasında nikah 28 fevral 1991-ci il tarixdə Lənkəran şər Nikah Evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilməklə bağlanmış, nikah bağlanandan sonra ərə Lətifov, arvada Lətifova soyadları verilmişdir; Cavabdeh1 tərəfindən xx.xx.2017-ci ildə notariat kontoruna verilmiş ərizədən görünür ki, əri Cavabdeh2 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 162.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı qarşısında götürülmüş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilməsinə etirazının olmadığını bildirmişdir; Tərəflər arasında 27 oktyabr 2017-ci ildə bağlanmış ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 oktyabr 2017-ci ildə verilmiş **********0-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 162.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi 26 oktyabr 2017-ci il tarixli 008L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmişdir; Həmin müqavilənin 2.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin dəyəri 59507 (əlli doqquz min beş yüz yeddi) manat ekvivalentində müəyyən edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 oktyabr 2017-ci ildə verilmiş **********0-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa daşınmaz əmlakın ipoteka yüklülüyü daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır; İddiaçı QSC tərəfindən borc alan Cavabdeh2 və zamin Cavabdeh3 xx.xx.2022-ci ildə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, kredit və zaminlik müqavilələrindən irəli gələn xx.xx.2022 tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması tələb olunmuş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və yaranmış borcun msəcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi nəzərlərinə çatdırılmışdır; İddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir; İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödəmişdir; Maliyyə arayışından görünür ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 24166.65 manat əsas borc, 5771.28 manat faiz borcu, 10970.75 manat cərimə olmaqla, cəmi 40908.68 manat məbləğində kredit borcu vardır; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 22 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı QSC tərəfindən 210 manat məbləğində mediasiya dair xərc ödənilmişdir; İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehin Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 2 mərtəbəli, 114 saylı fərdi yaşayış evinin bazar dəyəri 39600 manat, likvid dəyəri 33670 manat təşkil edir; İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli 9/5067 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023cü il tarixə əsas borcu 23783.97 manat, faiz borcu 5751.39 manat müəyyən edilir; Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024-cü il tarixli 3-16-16/2-9/406-10/330 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 oktyabr 2017-ci ildə verilmiş **********0-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin (yerləşdiyi ərazi nəzərə alınmaqla) və üzərində inşa olunmuş 162.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki şəraitdə likvid dəyəri təqribən 98000 manat mıəbləğində müəyyən edilir. Ekspert rəyindən görünür ki, ekspert tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin təmir vəziyyəti yoxlanılmış, yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun : 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır; 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqvaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-cü maddəsinə əsasən bğu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar; 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 22 iyun 2023-cü il tarixli 02/2023 saylı qərardadında müəyyən edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda qeyd olunmuş qanunvericilik aktı normalarına əsaslanaraq kollegiya hesab edir ki, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş, mülkiyyət hüququ əsasında ipotekaqoyan X6 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 162.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək açıq hərrac yolu ilə satılması, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin evdən çıxarılması və evin boşaldılması hissədə tələbi təmin edən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən kreditor qarşısında icra edilməmiş öhdəliyi yaranmış və kreditor təminat kimi ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satıldıqdan sonra boşaldılması tələbini irəli sürməkdə tam haqlı olmuşdur. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsi xx.xx.2017-ci ildə bağlandığından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 22 iyun 2023-cü il tarixli 02/2023 saylı qərardadında müəyyən edilmiş hüquqi mövqe baxımından “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair hissədə” iddia tələbinə mahiyyəti üzrə baxıb həll edən birinci instansiya məhkəməsi maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Lakin bununla belə, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 33670 manat müəyyən edilməsi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında xx.xx.2017-ci ildə bağlanmış ipoteka müqaviləsinin özündə, 2.4-cü bənddə tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin dəyəri 59507 (əlli doqquz min beş yüz yeddi) manat ekvivalentində müəyyən edilmişdir. 2017-ci ildən qətnamə çıxarılan 2023-cü ilədək keçən 6 il müddətində daşınmaz əmlak bazarında qiymətlərin artma tempinin əhəmiyyətli dərəcədə olması hamıya bəlli olan haldır. Belə olan təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə razılaşdırılmış dəyərindən təxminən 2 dəfəyə yaxın aşağı qiymətlə (33670 manat) hərracdan satışa çıxarılması mübahisənin ədalətli həlli kimi qəbul oluna bilməz. Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilən rəy özünə real vəziyyəti (ipoteka predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazi, fərdi yaşayış evinin təmiri və sair hallar nəzərə alınmaqla) əks etdirdiyindən sübut kimi qəbul edilməli və ipoteka predmetinin həmin rəylə müəyyən edilmiş 98000 (doxsan səkkiz min) likvid qiymətlə hərracdan ilkin satışı təşkil edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət nəfinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.6, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərdən Lətifov X9 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli e-2-2(121)-540/2023 saylı qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakın hərracdan ilkin satış qiymətinin 33670 manat müəyyənləşdirilməsi hissədə dəyişdirilərək, ipoteka predmetinin ilki satış qiyməti 98000 (doxsan səkkiz min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilməsin. İş üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehlər Lətifov X12 və X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-20/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-20/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver