Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-201/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" X4rşı əldən çıxmış faydanın ödənilməsi tələbinə tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2-2(121)-1547/2024 saylı qətnaməsindən (hakim Zaur Abbasov) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" X4rşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Türkan” ASF-dən 79405,83 (yetmiş doqquz min dörd yüz beş manat 83 qəpik) manat əldən çıxmış fayda pulun və ödənilmiş 328,21 (üç yüz iyirmi səkkiz manar 21 qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "Rabitəbank” ASC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "Türkan” ASF arasında bağlanmış 29 aprel 2005-ci il tarixli, LNHS-004 saylı kredit müqaviləsinə əsasən illik 7% (yeddi) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 96000 (doxsan altı min) manat məbləğində turizm məqsədilə kredit ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra edilməmişdir. X11 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli, 255/1-2008 saylı qətnaməsinə əsasən cavabdehdən cəmi 105212 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilmişdir. Lakin sözügedən qətnamə üzrə "Rabitəbank” ASC-nə ödənilməli olan 105212 AZN əsas kredit borcu cavabdeh tərəfindən qətnamə qanuni qüvvəsini alandan dərhal sonra ödənilməli olduğu halda, hal- hazıra qədər ödənilməmişdir Bu səbəbdən "Rabitəbank” ASC qətnamə qanuni qüvvəsini alandan xx.xx.2023-cü ilə qədər, yəni 5434 gün ərzində icrasını gecikdirdiyi 105212 AZN qətnamə borcunun illik 5 (beş) %-ni, yəni cəmi 79405,83 manat pulu əldən çıxmış fayda kimicavabdehdən tələb edir. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, sözügedən qətnamə qanun qüvvəsini aldıqdan sonra indiyə qədər Banka 79405,83 manat maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh tərəfindən sözügedən qətnamə vaxtında icra olunsa idi, həmin 105212 manat pul kredit kimi dövriyyəyə verilə bilər və müştərilərə kredit verilə bilərdi. "Rabitəbank” ASC həmin qazancdan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu üçün, hal-hazırda ən azı həmin məbləğin illik 5%-ni, yəni 79405,83 manat maddi ziyanı cavabdehdən tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi zamanı İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" X6 nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada təqdim etdiyi etiraz ərizəsində iddia tələbini qəbul etmədiklərini, iddia tələbinin əsassız olduğunu bildirmiş və göstərmişdir ki, bankla firma arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən firmaya 96000 manat kredit verilmişdir. Götürülmüş kredit firma tərəfindən vaxtında ödənilmədiyindən, iddiaçı təşkilat firmanı məhkəməyə vermişdir. X11 Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə firmadan 105212 manat pulun alınıb iddiaçı təşkilata verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra şirkət olaraq banka 15000 manata yaxın ödənişlər edilmişdir. Kreditin təminatı olaraq "Türkan” X7 məxsus Türkan Ticarət Mərkəzi ipoteka ilə yüklü edilmişdir. İcra məmuru onları çağırmış və onlara könüllü müddət verərək borcun tam şəkildə bağlanmasını tələb etmişdir. Maddi imkan olmadığından borc hal-hazıradək ödənilə bilinməmişdir. Bu barədə icra məmuru İlkin Həsənova yazılı izahat verilmişdir. Həmçinin icra məmuruna ipoteka ilə yüklü edilmiş əmlakın satılmasına razılıq bildirilmişdir. İcra məmuru ipoteka ilə yüklü edilmiş əmlakı 2019-cu ildə hərraca çıxarmış və əmlakın satış qiyməti 720000 (yeddi yüz iyirmi min) manat təşkil etmişdir. Şirkət əmlakın satış qiyməti ilə razı olduğunu və ipoteka ilə yüklü edilmiş əmlakın iddiaçı təşkilatın mülkiyyətinə keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Sonradan bank qiymətə etiraz edərək yenidən hərracın keçirilməsini icra məmurundan xahiş etmişdir. İcra məmuru da bankın xahişlərini özü üçün əmr bilərək xx.xx.2021-ci il tarixdə əmlakı yenidən hərraca çıxarmışdır. Əmlakın ilkin satış qiyməti 612000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsinə 5 gün qalmış bank tərəfindən icra şöbəsinə və hərrac mərkəzinə məktub göndərilərək hərracın dayandırılması xahiş edilmişdir. İcra məmuru İlkin Həsənovun xx.xx.2021-ci il tarixli qərarı ilə hərracın keçirilməsi dayandırılmışdır. İddiaçı təşkilat xx.xx.2023-cü il tarixdə yenidən Masallı rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək icra işinin davam etdirilməsini xahiş etmişdir. İddiaçı təşkilatın bu xahişi qanunsuz və əsassız olduğu halda, nədənsə icra məmuru İlkin Həsənov xx.xx.2023-cü il tarixdə əmlakın yenidən qiymətləndirilməsi məqsədi ilə qiymətləndirici dəvət etmiş, qərarın icrası "Sərraf-M” MMC-yə həvala edilmişdir. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarından Şirkət tərəfindən şikayət verilmişdir. Şirvan Kommersiya Məhkəməsi qanunsuzcasına icra məmurunun qərarını qüvvədə saxlamışdır. Şirvan Kommersiya Məhkəməsinin qərarından Şirkət apellyasiya qaydasında şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-2(106)- 1/2023 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixli e-8-2(121)-6/2022 saylı qərardad və icra məmuru İlkin Həsənovun qərarı ləğv edilmişdir. Apellyasiya məhkəməsinin qərarı etiraza əlavə edilmişdir. Qeyd olunanları nəzərdən keçirərək belə bir nəticəyə gəlmək olur ki, borcun tam şəkildə bağlanmasına Şirkət tərəfindən heç bir süni maneələr yaradılmamışdır. İpotekada olan əmlakın icra məmuru tərəfindən hərracda satılaraq banka olan borcun bağlanmasına şirkət tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Sadəcə olaraq icra məmuru və bank ipotekada olan əmlakın orta bazar qiymətinə satılmasına süni maneələr yaradırlar. Onlar istəyir ki, əmlakın qiymətini yarı faizindən də ucuz qiymətə satsınlar. Nə yaxşı ki, ədalətli apellyasiya məhkəməsi mövcudur ki, bu qanunsuzluqların qarşısını alır. Bank tərəfindən 6 səhifəlik iddia ərizəsi yazılmış, bir cümlə olsun belə əsaslandıra bilməmişlər ki, axı hansı səbəbə görə şirkətdən 80000 manat yaxın əldən çıxmış fayda istəyir. Bank krediti verərkən etibarlı osun deyə şirkətdən ipotekaya əmlak qoymağı tələb etmişdir.100000 manata qarşı 800000 manatlıq əmlak ipotekaya qoyulmuşdur. Əmlak hərracda satılsın banka şirkətin borcu ödənilsin. 16 ildir bankın hüquqşünaslarının səriştəsizliyi nəticəsində Şirkət banka borcunu ödəyə bilmir. Şirkətin hazırda maddi vəziyyəti olduqca aşağı səviyyədədir, ödəniş gücü yoxdur, banka olan borcunu indi yox 10 il bundan əvvələ əmlakın satılaraq bağlanmasına razılıq vermişdir. İddia ərizəsi əsassızdır, qanunsuzdur və heç bir maddi hüquq normasına istinad edilmədiyindən rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2-2(121)-1547/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işdə olan sübutlardan yalnız cavabdehin etirazlarına və təqdim etdiyi məhkəmə qərarlarına istinad edərək, 2008-ci ildə çıxan qətnaməni qərəzli şəkildə 2019-cu ilə qədər icra etməyən cavabdehin əməllərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız qarşı tərəfin mövqeyini araşdıraraq, Bankın tələblərini araşdırmamışdır. Belə ki, Bankın tələbinə görə, 105212 manat məbləğində pulun cavabdeh tərəfindən qanunsuz olaraq 10 illərlə saxlanılması araşdırılmamış və cavabdehin sadəcə “imkanım olmadığına görə ödəməmişəm” ifadəsi qəbul edilmişdir. Məhkəmə bir sıra məhkəmə qətnamələrini sadəcə sadalamaqla, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin icra məmurunun qərarını ləğv etmə barədə qərardadına istinad etməklə, işin faktiki hallarını dərindən araşdırmamışdır. Məhkəmənin mövqeyinə görə, guya Bankın və İcra məmurunun təqsirindən qətnamə icra olunmayıb. Məhkəmənin mövqeyindən belə çıxır ki, cavabdeh əlində pul ilə Bankın qapısında dayanıb Bank da bunu qəbul etməmişdir. 5434 gün qətnamənin icrasını gecikdirən cavabdeh 105212 manat qətnamə borcunu gündə 20 manat ödəmiş olsa idi, borc çoxdan bağlanmışdı. Məhkəmənin gəldiyi nəticə isə fərqlidir. Əgər təqsirli Bank və İcra məmurudursa 2008-ci ilin qətnaməsini 2018-ci ilə qədər (əmlaka həbs qoyulana qədər) cavabdeh borcunu bəs niyə icra etmirdi? 2018-ci ildən sonra da cavabdeh dəfələrlə müxtəlif bəhanələrlə iddia tələbi ilə məhkəmələrə müraciət etdiyi üçün qətnamə indiyə kimi icra olunmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar kollegiyanın iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür(21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır(21.3). 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən, Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə görə, Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, "kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında isə göstərilmişdir ki, "bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan X11 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli, 255/1-2008 nömrəli qətnaməsinin surətindən görünür ki, 2Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilərək, "Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" X10 arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi, "xxxx" X5 105.212 (bir yüz beş min iki yüz on iki) manat tutularaq "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, cavabdehin maliyyə vəsaiti olmadığından qətnamənin icrası alınmış kreditin təminatı kimi ipoteka qoyulmuş "xxxx" X7 məxsus Masallı rayonunun Qəriblər kəndində yerləşən “İsti Su” sanatoriyasına yönəldilməsi, işə baxılması ilə əlaqədar "Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 19 (on doqquz) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8-2(106)-1/2023 nömrəli qərardadının surətindən görünür ki, icra sənədi üzrə borclu "Türkan” X2i təmsilçisi X3 şikayəti təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2022- ci il tarixli e-8-2(121)-6/2022 saylı qərardadı ləğv edilmiş, borclu "Türkan” X2i təmsilçisi X3 ərizəsi təmin edilmiş, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru İlkin Həsənovun qiymətləndiricinin dəvət edilməsinə dair 03 mart 2022-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "Maliyyə arayışı”nə əsasən, borclu "Türkan” ASF-nin xx.xx.2023-cü i tarixinə olan borcu - əsas borc üzrə 96000 manat, faiz borcu üzrə 9212 manat, illik 5%-lə 79405,83 manat olmaqla, cəmi 184617,83 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, X11 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli, 255/1-2008 nömrəli qətnaməsinə əsasən ödənilməli olan 105202 manat məbləğində əsas kredit borcunun ödənilmədiyinə görə xx.xx.2023-cü il tarixə qədər, yəni5434 gün ərzində gecikdirilmiş borcun illik 5%-nin, yəni 79405,83 manat məbləğində pulun əldən çıxmış fayda kimi ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin tələblə məhkəməyə müraciət olunacağı barədə Türkan” X7 xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi ilə Bank tərəfindən cavabdehə illik 7% dərəcəsi olmaqla 60 ay müddətinə 96000 manat məbləğində turizm məqsədilə kredit ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra edilmədiyinə görə, X11 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli, 255/1-2008 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" X4rşı iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən cəmi 105212 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən öhdəliyin hazırkı vaxta kimi lazımi qaydada icra edilmədiyini bildirərək, müqavilə üzrə borcun tutulması barədə qətnamənin qəbul edildiyi tarixdən xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın tutulmasını tələb edir. Cavabdeh tələbi qəbul etməyərək, borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair məhkəmə qərarının icrasına tərəflərindən hər hansı bir maneə yaradılmadığını, əksinə icranın iddiaçının səhlənkarlığı səbəbindən baş tutmadığını bildirir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borclunun öhdəliklərinin yerinə yetirilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qərarının qəbul edilməsi, lakin qərarın icrasının yubanması halında da, kreditor MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirmə faizinin borcludan tutulması barədə tələb irəli sürə bilər. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.” Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7ci maddəsinə istinadən cavabdehdən müqavilə müddəti bitdikdən və eləcə də borcun ipoteka predmetinə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsindən sonra da gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, yuxarıda adı çəkilən hər iki maddi hüquq normasının (MM-nin 445.7-ci və 449.1-ci maddələrinin) tətbiqinin ortaq cəhəti hər iki halda borclunun təqsirinin müəyyən edilməsinin zəruri olmasıdır. Belə ki, öhdəlik hüququnda borclunun yalnız təqsirli hərəkətlərinə görə məsuliyyət daşıması nəzərdə tutulduğuna görə həm MM-nin 445.7-ci maddəsi, həm də449.1 -ci maddəsinin tətbiqi üçün borclunun hərəkətlərində Mülki Məcəllənin 21, 442, 443 və 448-ci maddələrinə əsasən təqsir müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, baxılan işin mübahisəli halı da məhz iş üzrə cavabdehin təqsirli hərəkətlərə yol verərək mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına maneə yaradıb-yaratmamasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində cavabdeh tərəfindən hansı təqsirli hərəkətlərə yol verilərək mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına maneə yaradılmasını əsaslandırmamış, məhkəmə prosesinin gedişində də buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə qətnamənin icra olunmamasını iddiaçının və icra məmurunun hərəkətləri ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, baxılan işdə tərəflərin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları qiymətləndirərkən işin faktiki hallarına münasibətdə preyudisial xarakter daşıyan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8-2(106)- 1/2023 nömrəli qərardadı ilə müəyyən edilmiş hallar əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8-2(106)-1/2023 nömrəli qərardadı həmin işlə bağlı yekun qərar xarakterində olduğuna görə, MPMnin 13-cü maddəsinə əsasən analogiya tətbiq etməklə, həmin qərardadla müəyyən edilmiş hallar MPM-nin 82.3-cü maddəsinə görə baxılan iş üzrə mübahisələndiriməyən hallar kimi qəbul edilməldir. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş yuxarı instansiya (məhkəmə qərarının icrası məsələləri ilə bağlı son instansiya olan apellyasiya instansiyası) məhkəməsinin qərarı ilə, baxılan iş üzrə araşdırılacaq məsələlərə artıq hüquqi qiymət verildiyini nəzərə alaraq, prosessual qənaət prinsipinə əsasən icra işinin tələb edilməsinə zərurət görülməmişdir. Beləliklə məhkəmə, işin müəyyən edilmiş hallarına və Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8-2(106)-1/2023 nömrəli qərardadına əsasən bu qənaətə gəlir ki, baxılan işdə mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasının cavabdehin təqsiri nəticəsində baş tutumaması faktı öz təsdiqini tapmır. Belə ki, işin mübahisəsiz hallarına əsasən tam sübut olunur ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" X4rşı "kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası X11 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli 255/1- 2008 saylı qətnaməsi ilə təmin olunaraq, "Rabitəbank” ASC ilə "Türkan” X10 arasında bağlanmış 19 aprel 2005-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, "Türkan” X5 105212 (bir yüz beş min iki yüz on iki) manat borcun tutularaq "Rabitəbank” ASC-nə verilməsi, cavabdehin maliyyə vəsaiti olmadığından qətnamənin icrası alınmış kreditin təminatı kimi ipoteka qoyulmuş "Türkan” X7 məxsus Masallı rayonunun Qəriblər kəndində yerləşən "İsti Su” sanatoriyasına yönəldilməsi qət edilmişdir. X11 Məhkəməsinin 06 oktyabr 2009-cu il tarixli 255/1-2008 saylı qərardadı ilə qətnamənin icra üsulu dəyişdirilərək, icrası "Türkan” X7 məxsus əmlaklara yönəldilmiş və həmin qərardad əsasında 02 fevral 2010-cu ildə müvafiq icra vərəqəsi verilmişdir(işin 31-38-ci vərəqləri). Masallı rayon İcra və probasiya şöbəsinin 26 iyul 2018-ci il tarixli qərarına əsasən, X11 Məhkəməsinin 255/1-2008 saylı 25 noyabr 2008-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair qərardad əsasında verilən icra sənədi üzrə icraata başlanılmış, borclu "xxxx" X6 rəhbərliyinə 10 gün müddətində tələbin könüllü icrasına dair bildiriş verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(106)-28/2019 saylı qərardadı ilə Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru N.İbrahimovun təqdimatı təmin olunaraq, X11 Məhkəməsinin 255/1-2008 saylı 25 noyabr 2008-ci il tarixli qətnaməsinin icrası "xxxx" X7 məxsus "xxxx" Ticarət Mərkəzinə yönəldilməklə, üzərinə həbs qoyulmuşdur. Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nail İbrahimov 31 may 2019-cu il tarixli qərarla Şirvan Apellyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(106)-28/2019 saylı qərardadı ilə tutmanın yönəldildiyi "xxxx" Ticarət Mərkəzinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət etmişdir. Respublika Xammal və əmtəə Birjası "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 95 nömrəli 29 dekabr 2019-cu il tarixli hesabatına əsasən Masallı rayonu Ərkivan kəndində yerləşən "xxxx" Ticarət Mərkəzinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən sifarişçi Masallı rayon İcra və probasiya şöbəsinə, tələbkar "xxxx" ASC-nə və borclu "xxxx" X7 23 iyul 2021-ci il tarixdə göndərilən 244/21 saylı hərrac bildirişindən (işin 74-cü vərəqi) görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin 17 iyun 2021-ci il tarixli sifariş məktubuna əsasən "xxxx" X7 məxsus Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 950.3 kv.metr ümumi sahədən ibarət "xxxx" Ticarət Mərkəzi təkrar hərraca çıxarılmışdır, satış qiyməti 612000 manat, hərrac 05 avqust 2021-ci il tarixdə saat 11:00 - da keçiriləcək. "xxxx" ASC tərəfindən Masallı rayon İcra və probasiya şöbəsinə və Hərrac Mərkəzi "xxxx" MMC-nə 30 iyul 2021-ci il tarixdə göndərilən məktuba əsasən, müraciət müəllifi əmlakın 720000 manat dəyərində qiymətləndirilməsinin real bazar dəyərinə uyğun olmadığını, icra məmurunun əmlakın açıq hərracdan satılmasına dair sifarişinin qanunsuz hesab edilməsinə dair məhkəməyə müraciət etdiklərini bildirərək, "İcra haqqında" Qanunun 17.1.10-cu maddəsinə müvafiq olaraq həmin mübahisəyə baxılanadək icraatın dayandırılmasını xahiş etmişdir. Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru İlkin Həsənov tərəfindən 03 avqust 2021-ci il tarixdə qəbul edilmiş qərarla icra sənədi üzrə icraat dayandırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 8-2(121)-13/2021 saylı qərardadından görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmrunun "xxxx" Ticarət Mərkəzinin ilkin satış qiyməti 720000 manat müəyyən edilməklə açıq hərracdan satılmasına dair 16 iyun 2021-ci il tarixli sifarişinin qanunsuz hesab edilməsinə dair tələbkar "xxxx" ASC-nin şikayəti rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 8(106)-113/2021 saylı qərardadından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin noyabr 2021-ci il tarixli 8- 2(121)-13/2021 saylı qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi üzrə tələbkar "xxxx" ASC tərəfindən 14 fevral 2022-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinə verilən məktubdan görünür ki, icra sənədi üzrə icraatın dayandırılmasına əsas olan hal aradan qalxdığından icraatın təzələnməsi və tələbin yönəldiyi əmlakın son qiymətləndirilməsindənil keçdiyi nəzərə alınaraq təkrar qiymətləndirilməsi xahiş olunmuşdur. Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru İlkin Həsənovun 03 mart 2022-ci il tarixli qərarından görünür ki, X11 Məhkəməsinin 255/1-2008 saylı 25 noyabr 2008-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Masallı rayon Ərkivan qəsəbəsində yerləşən "xxxx" Ticarət Mərkəzinin qiymətləndirilməsi məqsədilə qiymətləndirici dəvət edilmiş, qərarın icrası "xxxx" MMC-nə həvalə edilmişdir. İcra sənədi üzrə borclu "xxxx" X10 Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Masallı rayon İcra və probasiya şöbəsinin 03 mart 2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-8-2(121)6/2022 saylı qərardadı ilə borclu "xxxx" X6 Masallı rayon İcra və Probasiya şöbəsinin 03 mart 2022-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan borclu "xxxx" X10 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli e- 8-2(121)-6/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və iş materialları şikayətə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8-2(106)-1/2023 nömrəli qərardadının surətindən görünür ki, icra sənədi üzrə borclu "xxxx" X2i təmsilçisi X3 şikayəti təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-8-2(121)-6/2022 saylı qərardadı ləğv edilmiş, borclu "xxxx" X2i təmsilçisi X3 ərizəsi təmin edilmiş, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru İlkin Həsənovun qiymətləndiricinin dəvət edilməsinə dair 03 mart 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İcra məmurunun mübahisələndirilən qərarının tədqiqindən görünür ki, icra məmuru 31 may 2019-cu il tarixində qəbul etdiyi qiymətləndiricinin dəvət edilməsinə dair qərarı əsasında icra sənədi üzrə tutmanın yönəldildiyi əmlaka dair Azərbaycan Respublikası Xammal və Əmtəə birjasının "xxxx" MMC-nin 29 dekabr 2019-cu tarixli əmlakın qiymətləndirilməsi barədə rəy almasına, həmin rəy əsasında əmlakın açıq hərracdan satılması barədə sifariş verməsinə, əmlaka qoyulmuş qiymətin icra sənədi üzrə tərəflərin məhkəmə qaydasında mübahisələndirməməsinə rəğmən, tələbkarın müraciətini nəzərə alaraq yenidən qiymətləndirilməsini sifariş etmişdir. "İcra haqqında" Qanunun 51.1 -ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göründüyü kimi qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar dəyərinin həqiqiliyi ilə bağlı mübahisələrə məhkəmədə baxılır və yalnız məhkəmənin qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Hazırki halda isə icra məmuru məhkəmənin səlahiyyətini mənimsəyərək, icra sənədi üzrə tələbkarın əmlakın qiymətinin real bazar dəyərinə uyğun olmamasına dair müraciəti əsasında yenidən qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsinə dair qərar qəbul etmişdir. Baxmayaraq ki, icra məmuru əvvəlki qiymətlə əmlakın açıq hərracdan satılması sifarişini vermiş, sonradan tələbkarın müraciəti əsasında icraatı dayandırmışdır. İcraatı təzələdikdən sonra isə əmlakın açıq hərracdan satışı üzrə hərracların keçirilməsinin davam etdirilməsi göstərişini verməli olduğu halda, əmlakın yenidən qiymətləndirilməsi barədə qərar qəbul etmişdir. Bunlardan da başqa nəzərə alınmalıdır ki, icra sənədi üzrə tələbkarın əmlakın açıq hərracdan satışına dair icra məmurunun sifarişinin qanunsuz hesab edilməsinə dair ərizələri məhkəmə qaydasında rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Kollegiya hesab edir ki, əmlakın qiymətləndirilməsinə dair hesabatı icra sənədi üzrə tərəflərdən hər-hansı biri məhkəmə müstəvisində mübahisələndirmədiyindən, icra məmurunun isə qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ olmadığından, şikayət əsaslı hesab edilərək Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-8-2(121)6/2022 saylı qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkət olaraq ərizə təmin olunmalı və Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru İlkin Həsənovun qiymətləndiricinin dəvət edilməsinə dair 03 mart 2022-ci il tarixli qərarı da ləğv edilməlidir.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X11 Məhkəməsinin 25 noyabr 2008ci il tarixli 255/1-2008 saylı qətnaməsinin icra olunmamasına iddiaçının hərəkətləri və icra məmurunun qanunsuz qərarları səbəb olmuşdur. Cavabdehin isə belə hərəkətlərə yol verməsi öz təsdiqini tapmamışdır. Buna görə də, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin araşdırması və gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, idddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı deyil, formal mülahizələrdən ibarətdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas deyil, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən göründüyü kimi iddiaçının qətnaməni mübahisələndirilən hissəsinin dəyəri 10000 manatdan çoxdur. Belə olan halda qətnamədən kassasiya şikayəti vermək hüququ müəyyən edilir. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2-2(121)-1547/2024 saylı qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-201/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-201/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver