Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-201/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-2(121)-337/2025 saylı (hakim Zaur Abbasov) qətnaməsindən Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52000 manat pulun və 246,40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-2(121)-337/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş və Cavabdeh 52000 manat məbləğində borc və ödənilmiş 246,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 52246,4 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsi Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini kommersiya işi materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Apellyasiya şikayətini nəzərdən keçirdikdə aydın olur ki, cavabdehə göndərilmiş Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qəbul edilməsindən qanunvericiliklə müəyyən olunmuş bir aylıq müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Belə ki, müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsi Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixində yerləşdirilmişdir. (i/v. səh 190). Bundan başqa bəhsi keçən qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh şəxsən özünə də çatdırılmışdır. (i/v. səh 192). Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə müddəti ötürməklə verilmişdir. Həmçinin, cavabdeh bunun fərqində olaraq Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətini də apellyasiya şikayətinin özündə göstərmişdir. X2 Məhkəməsi cavabdehin müddətin bərpası barədə ərizəyə münasibət bildirməyərək apellyasiya şikayətini baxılmasını Apellyasiya instansiyasına göndərmişdir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Şirvan Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-2(121)-337/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-201/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-201/2025
13.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver