Məhkəmə qərarları › İş №2-2(106)-207/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-207/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-207/2025 20.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 20 noyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-2(121)-498/2025 saylı qətnaməsindən (hakim: Z.Abbasov) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 27.163,14 (iyirmi yeddi min yüz altmış üç manat, 14 qəpik) AZN, bundan 11.221,35 (on bir min iki yüz iyirmi bir manat, 35 qəpik) AZN əsas, 8.135,75 (səkkiz min yüz otuz beş manat, 75 qəpik) AZNfaiz, 6.278,80 (altı min iki yüz yetmiş səkkiz manat, 80 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1.527,24 (bir min beş yüz iyirmi yeddi manat, 24 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 171.49 (yüz yetmiş bir manat, 49 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Tikinti məqsədləri” üçün 24 ay müddətinə illik 26% dərəcəsi ilə 11.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 658/15 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısında verdiyi kreditin qalığı 9.956,49 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 36 ay müəyyən edilmişdir. Kredit müqavilsəi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin qalıq məbləği 8.457,10 ABŞ dolları konvertasiya olunaraq (1 ABŞ dolları=1.50 AZN) 12.685,65 (on iki min altı yüz səksən beş manat, 65 qəpik) AZN hesablanmış, 2.466,81 AZN ayrıca dondurulmuş hesabda saxlanılmışdır. Kreditin müddəti 60 ay uzadılaraq, xx.xx.2022-ci il tarixinədək müəyyənləşdirilmişdir. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 27.163,14 (iyirmi yeddi min yüz altmış üç manat, 14 qəpik) AZN təşkil edir. Bundan 11.221,35 (on bir min iki yüz iyirmi bir manat, 35 qəpik) AZN əsas, 8.135,75 (səkkiz min yüz otuz beş manat, 75 qəpik) AZN faiz, 6.278,80 (altı min iki yüz yetmiş səkkiz manat, 80 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1.527,24 (bir min beş yüz iyirmi yeddi manat, 24 qəpik) AZN faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəbdən də onun mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-2(121)-498/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 11221,35 manat məbləğində əsas borc, 6716,26 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra hesablanmış 1527,24 manat məbləğində faiz borcu və 171,49 manat dövlət rüsumu olmaqla, cəmi 19936,34 manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-2(121)-498/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi zaman İddiaçı ASC-nin Beyləqan Filialının fəaliyyət göstərdiyi vaxtı kreditin tam ödənildiyini təsdiq edən kassa möhürü vurulmuş ödəniş qəbzini tələb etməmiş, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı əslində heç bir araşdırma aparmamışdır. Həmçinin bəhs olunan qətnamə qəbul edildiyi vaxt onun iddiaçıya borcunun olmaması ilə bağlı plan hallar, 31 yanvar 2017-ci il tarixli ********* saylı kredit müqaviləsinin mövcudluğuna dair heç bir əhəmiyyət verilməmişdir. Qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixində ona hər hansı bir məbləğdə kredit verilməmişdir. Bu hala da məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-2(121)-498/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 11500 ABŞ dolları məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişin : 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 10910,7 ABŞ dolları təşkil edir. 1.2-ci bəndinə əsasən, müqavilənin 2.3 bəndinə əsasən, kreditin müddəti xx.xx.2017 tarixədək təyin olunur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişin : 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 9956,49 ABŞ dolları təşkil edir. 1.2-ci bəndinə əsasən, müqavilənin 2.3 bəndinə əsasən, kreditin müddəti xx.xx.2018 tarixədək təyin olunur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişin: 1.1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,50 AZN) 12685,65 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 11500 ABŞ dolları məbləğində pul (kredit) verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə əsas borcu 11221,35 manat, faiz borcu 8135,75 manat, cərimə borcu 6278,80 manat, gecikdirilmiş vaxt üçün hesablanmış fazi borcu 1527,24 manat olmaqla, ümumilikdə 27163,14 manat təşkil edir. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2015-ci il tarixli əlavə saziş üzrə son ödəniş tarixi xx.xx.2017-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2015-ci il tarixli əlavə saziş üzrə son ödəniş tarixi xx.xx.2018-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə balanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən yaranmış ümumilikdə 27149,1 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2- 2(121)-498/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1341 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə balanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə əsas borc üzrə 11225,91 manat, faiz borcu üzrə 6716,26 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11225,91 manat, faiz borcu üzrə 8220,84 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh borc (kredit) verməyi, Cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cabadeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri kreditin tam ödənildiyini təsdiq edən kassa möhürü vurulmuş ödəniş qəbzini tələb edilməməsindən, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə heç bir araşdırmanın aparılmamasından, həmçinin bəhs olunan qətnamə qəbul edildiyi vaxt onun iddiaçıya borcunun olmaması ilə bağlı olan hallar, 31 yanvar 2017-ci il tarixli ********* saylı kredit müqaviləsinin mövcudluğunun olub-olmamasına heç bir əhəmiyyət verilməməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 9/1341 nömrəli, xx.xx.2025-ci il tarixli rəylə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə əsas borc üzrə 11225,91 manat, faiz borcu üzrə 6716,26 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11225,91 manat, faiz borcu üzrə 8220,84 manat borcunun olması müəyyən olunur. Həmçinin elektron məhkəmə informasıya sistemindən edilən əldə edilən çıxarışa əsasən cavabdehlə iddiaçı arasında mövcud olan kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşməməsi müəyyən olunmuşdur. Bundan başqa Apellyasiya baxışında apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdehlə iddiaçı arasında mövcud olan kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşüb-düşməməsi ilə bağlı Azərbaycan Mərkəzi Banka və Azərbaycan Kredit Bürosuna (AKB) müvafiq sorğular verilmiş və cavablar alınmışdır. Mərkəzi Bankın 13 oktyabr 2025-ci il 6-1-21/2-15563/2025 saylı cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası xx.xx.2019-cu il tarixinə X1 Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış və müvafiq bankların təqdim etdikləri məlumatlar əsasında formalaşdırılmış məlumat bazasına (PK) əsasən həyata keçirilir. Qeyd edilmişdir ki, barəsində sorğu edilmiş şəxs – Cavabdeh (FİN:xxxxxxx) ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmiş, ona hər hansı kompensasiya məbləği hesablanmamışdır. Problemli kreditlərin kompensasiyası ilə bağlı rəsmi portaldan əldə edilmiş çıxarışda da cavabdehə hər hansı kompensasiyanın hesablanmadığı göstərilmiş və “cəmi hesablanmış kompensasiya” məbləğinin qarşısında 0 manat qeyd edilmişdir. Çıxarışda “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi” xanasının qarşısında göstərilən 4.217,27 manat Fərman qəbul edilənədək kredit təşkilatları tərəfindən cavabdehin xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla məzənnədə artan hissəsinə tətbiq edilən güzəşt məbləğini əks etdirir. Belə ki, cavabdehlə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4.207,31 manat, "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 9,96 manat məbləğində devalvasiya nəticəsində xarici valyutada olan kredit borcunun artım hissəsi müvafiq banklar tərəfindən qarşılanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Kredit müqaviləsi üzrə hazırda ödənilməyən borc məbləğinə gəlincə isə bildirilir ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən 2018-ci il aprelin 1-dən məlumat istifadəçilərinə Mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılmışdır. Həmin Qanunun tələblərinə əsasən məlumat istifadəçilərinə kredit hesabatlarını yalnız kredit büroları təqdim edir. Eyni zamanda bildirilmişdir ki, hazırda ölkədə fəaliyyət göstərən yeganə kredit bürosu Azərbaycan Kredit Bürosudur (AKB). Odur ki, qeyd edilənləri nəzərə alaraq müraciətin göstərilən hissədə cavablandırılması məqsədilə AKB-ə müraciət edilməsi məqsədəuyğundur. Eyni zamanda Azərbaycan Kredit Bürosuna (Büro) ünvanlanmış sorğuya cavab da xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bildirmişlər ki, Büroda məlumat təchizatçılarının (bank, bank olmayan kredit təşkilatı və s.) təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Əlavə olaraq bildirmişlər ki, “Elektron məhkəmə” informasiya sistemi Büronun sisteminə inteqrasiya olunmuşdur. Büroda olan müvafiq məlumatlar elektron qaydada sorğu edilməklə də real vaxt rejimində əldə edilə bilər. Həmçinin Azərbaycan Kredit Bürosu Cavabdeh (AZEAA*******) borclarına dair Bürosunun məlumat bazasından çıxarışı məhkəməyə təqdim etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-2(121)-498/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar