Məhkəmə qərarları › İş №2-2(106)-208/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-208/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-208/2025 28.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-447/2025 nömrəli qərardadından (hakim Rəmzi Nəbiyev) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-447/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 16996 (on altı min doqquz yüz doxsan altı) manat məbləğində icarə borcunun və ödənilmiş dövlət rüsumuna görə 140,99 (bir yüz qırx manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş qalan 72,01 (yetmiş iki manat, bir qəpik) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə Şirvan Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2-2(121)-447/2025 saylı qətnaməsinin ləğv edilməsi barədə apellyasiya şikayəti vermişdir. Məhkəmənin qətnaməsi 22 may 2025-ci il tarixdə rəsmi şəkildə elektron sistemə yüklənsə də, texniki nasazlıqla əlaqədar onunla 26 may 2025-ci il tarixdə tanış ola bilmişdir. Apellyasiya şikayəti vermə müddəti rəsmi olaraq 22 iyun 2025-ci il tarixdə başa çatır. Apellyasiya şikayətini qeyd edilən tarixdə hazırlasa da, 3 gün müddət ötürülmüşdür. Elektron poçtunda yaranmış texniki problem üzündən, habelə dövlət rüsumu ödəmək üçün cavabdehin vəsaiti gec ödəməsi səbəbindən apellyasiya şikayətini 3 gün gecikmişdir. Qeyd olunanları nəzərə alaraq, bu müddətin üzrlü səbəb kimi qiymətləndirərək ötürülmüş müddəti bərpa edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-447/2025 nömrəli qərardadı ilə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-447/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-447/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, Cavabdeh tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 101,60 (bir yüz bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun (qəbzin nömrəsi: **********) Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(121)-447/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin dəlilləri əsassız və qanunsuz olduğundan aşağıda göstərilənlərə əsasən hesab edilir ki, Şirvan Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli e-2-2(121)-447/2025 saylı qərardadı ləğv edilməlidir. Cavabdeh tərəf olaraq məhkəmənin qətnaməsindən şikayət vermə müddəti çox az müddət – cəmi 3 gün ötürülmüşdür. Belə ki, məhkəmənin qətnaməsi 22 may 2025ci il tarixdə rəsmi şəkildə elektron sistemə yüklənsə də, şikayətçilərin iş yerindəki elektron sistemdə mövcud olmuş texniki nasazlıqla əlaqədar onunla 26 may 2025-ci il tarixdə tanış ola bilmişlər. Apellyasiya şikayəti vermə müddəti rəsmi olaraq 22 iyun 2025-ci il tarixdə başa çatmış və apellyasiya şikayəti qeyd edilən tarixdə hazırlansa da, 3 gün müddət ötürülmüşdür. Elektron poçtunda yaranmış texniki problem üzündən, habelə dövlət rüsumu ödəmək üçün cavabdehin vəsaiti 3 gün gec ödəməsi səbəbindən apellyasiya şikayəti 3 gün gecikmişdir. Şikayət müddətin bərpa edilməsi barədə vəsatətlə birlikdə Şirvan Kommersiya Məhkəməsinə göndərilsə də, məhkəmə vəsatəti müzakirə etmədən qanunsuz olaraq geri qaytarmış və şikayət məhkəməyə təkrarən göndərilmişdir. Ona gərə də, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə daxil olması barədə məhkəmənin arqumenti tam əsassızdır. Müddətin elektron məhkəmə sistemində nasazlıq olması ilə bağlı ötürülməsinin, habelə cavabdehin maddi çətinlik səbəbindən rüsumu 3 gün gec ödəməsinin üzürlü sayılmaması barədə məhkəmənin gəldiyi nəticə ədalətli və əsaslı sayıla bilməz. Məhkəmə bu arqumenti ilə cavabdeh şəxsin narazı qaldığı məhkəmə qərarına yenidən baxılmasını tələb etmək kimi konstitusyon hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsi şikayətin dəlillərini əsassız hesab etmiş və şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Birinci instansiya məhkəməsi “qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair” ərizənin dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab etmişdir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosesual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə bərpa edir. Göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, bəhsi keçən qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus elektron kabinetinə yerləşdirilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 447/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən məlumatlı olmuş, lakin Apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə daxil olmuş və müddətin üzrlü səbəblərdən ötürülməsinə dair mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti üzürsüz səbəbdən ötürüldüyündən cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsi, həmçinin apellyasiya şikayətini nəzərdən keçirərək, hesab etmişdir ki, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prossesual müddətin bərpa edilməsindən imtina etməklə məsələyə düzgün hüquqi qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətçinin, elektron poçtunda texniki probleminin yaranması, habelə cavabdehin apellyasiya şikayəti verməsi üçün dövlət rüsumunun 3 gün gec ödəməsi ilə bağlı arqumentləri müddətin bərpa edilməsinin əsası kimi çıxış edə bilməz. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir və cavabdehin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(121)-447/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar